"Mətbuatımızın hazırkı durumu bizi o qədər də razı salmır"

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov Yap.org saytına müsahibə verib. Adalet.az həmin müsahibəni təqdim edir.

 

Şanlı tarixi keçmişimizin yaşantılarını canlandıran Azərbaycan milli mətbuatı iyulun 22-də növbəti ildönümünü - 139 yaşını qeyd edəcək 139 yaşın üstünlükləri nələrdən ibarət olub? Mətbuatımızın ictimai həyatımızdakı missiyasının nə kimi özəllikləri var? Bu və digər məqamlarla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla söhbətləşdik.

- Azərbaycanda mətbuatın yarandığı dövr ictimai həyatın nisbətən durğun vaxtına təsadüf edir. Həmin mərhələdə çar Rusiyasında müəyyən canlanmaların baş verməsinə baxmayaraq, prosesin milli ucqarlarda geniş əks-səda doğurduğunu birmənalı qaydada söyləmək mümkün deyil. Əlbəttə, o zaman üsyan zəminində gerçəkləşmiş bəzi hərəkatları unutmaq olmaz. Hər bir halda mətbuatın, qəzetçiliyin tam şəkildə ictimai-siyasi, sosial-iqtisadi həyatın aktivliyi fonunda meydana çıxdığını, bilavasitə cəmiyyətin sosial sifarişi olaraq yarandığını demək yerinə düşmür.

Müqayisəli yanaşsaq, Avropada orta əsrlərdə qəzetçiliyin formalaşmasını iqtisadi amillər zərurətə çevirmişdisə, yəni ticarət, əmtəə-pul münasibətlərinin genişlənməsi öz təsirini göstərmiş və mövcud xüsusda informasiyanın yayılmasına ehtiyac yaranmışdısa, Azərbaycanda tamamilə fərqli yol gedilmişdi. Mətbuat iqtisadi münasibətlərin artım tepminin doğurduğu reallıq kimi yox, sırf maarifləndirici missiya daşıyan, özü də bu işi çox incə şəkildə etmək məcburiyyətində qalan mərkəz kimi təşəkkül tapmışdı. Düşünürəm ki, bu cəhət mətubatımızın sonrakı strukturuna, iş ahənginə təsirsiz ötüşmədi. Fəaliyyət dəst-xəttindəki incəlik ona tarixin ən sərt sınaqlarından çıxmaq imkanı verdi.

Digər tərəfdən, indinin özündə də mətbuatımızın kommersiya yükü olduqca zəifdir. Əlbəttə, hazırkı mənzərədə obyektiv amillər öz sözünü deyir. Amma ilk növbədə mətbuatımızın təbiətinə xas cəhətləri, məxsusilikləri vurğulamaq lazımdır. 139 yaşın gətirdiyi dividentlərə nəzər salarkən onlardan, ilk növbədə maarifçiliyə, məfkurəçiliyə söykənən məqamlardan söz açmaq lazımdır. O məqamlardan ki, xalqı qəflət yuxusundan ayıltdı, milli şüurunu oyatmaqla ona öz haqlarını qaytardı və ən nəhayət insanları müstəqilliyə səslədi. Bu onun şübhəsiz üstünlüyüdür.

1875-ci ildə Həsən bəy Zərdabi «Əkinçi» qəzetinin çapına başladıqdan 43 il sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə son dərəcə böyük tarixi missiya reallaşdırılmış oldu. Bunu ona görə qeyd etdim ki, həmin zaman kəsiyinə diqqət yetirsək, cəmiyyətin avanqard qüvvəsi qismində məhz ayrı-ayrı mətbuat orqanlarının fəaliyyətini ön plana çıxarmaq zərurəti yaranır. Onların hər biri eyni hədəfə doğru aparan yolun ən müxtəlif istiqamətlərini cızırdılar. Hansındasa satirik dəst-xətt, hansındasa tənqid güclüydü, bir başqası sırf ideoloji mərkəz funksiyası daşıyırdı.

Mətbuatımız totalitar sovet hakimiyyəti illərində ənənələrə sadiqliyini qorudu. Azərbaycanın ikinci dövlət müstəqilliyinə aparan yolu da müəyyənləşdirən başlıca qüvvə oldu. Bütün bunlar və sadalamadığım bir çox cəhətlər ötən 139 ili şanlı tarixi keçmişimiz kimi anmağa imkan verir.

- Əflatun müəllim, Avropada qəzetçiliyin formalaşması ilə Azərbaycanda mətbuatın yaranma səbəbləri arasında müqayisələr apardınız. Qərbdə mətbuatın kommersiya yükü üzərində dayandınız. Mətbuatı müəyyən iqtisadi münasibətlərdən doğan reallıq kimi xarakterizə etdiniz. Azərbaycanda əlbəttə, fərqli yol seçilmişdi və bu yolu müəyyənləşdirən şəxsiyyətlər də var idi…

- Həmin şəxsiyyətlərdən birinin adını çəkdik. Milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabi Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, İslam dünyasının ilk təbiətşünas alimi olmuşdu. «Əkinçi» qəzetini min əziyyətlər bahasına başa gətirmişdi. Əli bəy Hüseynzadə bütövlükdə türk dünyasının böyük şəxsiyyəti, türkçülüyün atası sayılır. Əhməd bəy Ağaoğlu «Difai» təşkilatını, «İrşad» qəzetini yaratmaqla millətçi fikirlərdən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab vermişdi. C.Məmmədquluzadənin "Molla Nəsrəddin” jurnalında təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları nəşrə ümumxalq məhəbbəti, eyni zamanda beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdı. Bu mənada əlbəttə, şəxsiyyət amili üzərində dayanmaq mümkündür. Adlarını çəkdiyim şəxsləri sanki Tanrı özü xalqımıza müəyyən tarixi mərhələni gerçəkləşdirmək üçün bəxş etmişdi.

Ümumən Azərbaycanın ictimai fikir tarixində, milli dövlətçilik ideologiyasının formalaşmasında ziyalılar, düşüncə adamları həmişə böyük rol oynayıblar. Azərbaycanın XIX əsrin sonu XX əsrin əvvəllərindəki vəziyyətinə diqqət yetirməklə bu rolun tarixi əhəmiyyəti barədə söz açmaq mümkündür. Həmin dövrdə insanların həyatına mənfi təsir göstərən imperiya idarəçilik üsulu xalqın milli özünüdərk meyllərinin qarşısını alır, mövcud istiqamətdəki azacıq inkişafı belə əngəlləyirdi. Hər cür çətinliklərə baxmayaraq, ziyalılar nəsli də yetişir və həmin nəsil imperiya daxilində baş verən proseslərdə xalqın mənfəətini ön plana çıxara bilirdi. Bu mənada 1875-ci ildə «Əkinçi» qəzetinin nəşrini həyata keçirməklə Azərbaycanda milli mətbuat ənənələrinin əsasını qoymuş Həsən bəy Zərdabinin böyük fədakarlığını qeyd etməyə xüsusi ehtiyac var. Həsən bəy Zərdabinin «Əkinçi»də məişət zəminində ortaya qoyduğu reallıqlara sosial-ictimai məzmun gətirən sonrakı ziyalı nəslinin nümayəndələri qısa zaman kəsiyində istiqlal məfkurəsi davasının öncüllərinə çevrildilər. Onların özlərinin birbaşa əməyi nəticəsində yaranmış dövri nəşrlər Azərbaycan həyatına ictimai nəfəs verdi. İstiqlal yollarına bir növ, hənirti gətirən həmin nəfəs adlarını çəkdiyim parlaq şəxsiyyətlərin yaradıcılıqlarının qayəsini təşkil etdi. Xalqın milli oyanışı zəminində baş verən proseslərdə 1918-ci ilin dövlət müstəqilliyinə aparan yol müəyyənləşdi.

Həmin dövr tarixi şəxsiyyətlərimizin dərin dünyagörüşünə əsaslanmış həyat və fəaliyyətləri Azərbaycanın XX əsrin sonlarına doğru ikinci dəfə dövlət müstəqilliyinə qovuşmasında misilsiz istiqamətverici örnək rolunu oynadı. Hazırkı dövrdə isə bu adamların keçdikləri ömür yolunun təbliği müstəqil Azərbaycanın həm tarixi keçmişini yaşatması, həm mətbuatın quruculuq proseslərindəki missiyasını ön plana çəkmək, həm milli vətənpərvərlik ideyalarının təbliği, həm də dövlətçilik ənənələrimizə ehtiram baxımdan önəmlidir. Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanın ictimai fikir tarixində müstəsna rolu olan şəxsiyyətlər barədə "Milli mətbuatımız, istiqlaliyyət yolumuz” silsiləsindən sənədli filmlərin çəkilməsinə başlayıb.

- Əflatun müəllim, müasir Azərbaycan mətbuatı 139 illik tarixə malik ənənəyə sadiq fəaliyyət göstərə bilirmi?

- Sualınıza birmənalı cavab vermək çətindir. Müəyyən obyektiv və subyektiv cəhətlər var ki, onlara görə mətbuatımızın hazırkı durumu bizi o qədər də razı salmır. Amma hər cür çatışmazlıqlara və hətta xoşagəlməzliklərə rəğmən demək olmaz ki, mətbuatımız Zərdabi ənənələrindən uzaqdır. Jurnalistikamız müstəqillik ruhunun daşıyıcısı kimi çıxış edə bilir. Düşünürəm ki, bu, son dərəcə vacib məsələdir.

Hazırkı dövrün reallıqlarını və tələblərini də nəzərə almaq lazımdır. Bəzən hadisə və proseslərin çatdırılması üçün həddən artıq operativlik tələb olunur. Bu cür fəaliyyət zərurətinin doğura biləcəyi vəziyyətlərin tənzimləməsində peşəkarlıq son dərəcə vacib göstəricidir. Medianın transformasiyası, yəni fəaliyyət üsullarını və vasitələrini dəyişdiyi, ənənəvi mediadan onlayn mediaya keçidin gerçəkləşdiyi bir dönəmdə «Azərbaycan jurnalistikası ənənələrə sadiqdirmi sualı da daha çox verilir. Zənnimcə, hər cür çatışmazlıqlara baxmayaraq, ümumən mətbuatımızın ictimai fikir institutu kimi özünü təsdiqləməsində tarixi sələflərimiz olan nəşrlərin missiyaları ilə bənzərlik var. Demək, ənənələrə sadiqlik də var.

- Bir qədər öncə peşəkarlıqdan söz açdınız. Ümumən Azərbaycan jurnalistikasının hazırkı durumunu necə qiymətləndirirsiniz?

- Məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, əlbəttə, hələlik istədiyimiz jurnalistikaya malik deyilik. Deyək ki, əcnəbi dildə danışa bilməmək amili var. Azərbaycan mediasının dünyanın media məkanına inteqrasiyası üçün jurnalistlərimizin xarici dildə mükəmməl danışa və yaza bilmələri şərtdir. Qarşımızda duran mühüm vəzifələrdən biri də media təmsilçilərimizin ixtisaslaşmalarına nail olmaqdır. Ümumən bu sayaq məsələləri kifayət qədər sadalamaq mümkündür və diqqət yetirsək, görərik ki, ötən illərlə müqayisədə problemlərin bir çoxu aradan qalxıb.

İkinci cəhət isə arzuladığımız jurnalistikaya nail olmaq istiqamətindəki yolun müəyyənləşməsidir. Hazırkı inkişafın səviyyəsi qənaətbəxş olmasa da, inkişaf sürəti və işə yanaşma göstəricisi gələcəyə inamla yanaşmaq üçün kifayət qədər ciddi əsaslar verir. İndiyədək görülmüş tədbirlər, ən əsası bundan sonra görüləcək işlər üçün ortada istəyimiz, həmçinin dövlətin iradəsi var. Bu gün media sahəsindəki istənilən təşəbbüs Azərbaycan dövləti tərəfindən qiymətləndirilir. Təşəbbüslərin dəyərləndirilməsində başlıca prioritet kimi söz, fikir, ifadə azadlığının daha da dərinləşdirilməsi zərurəti götürülür. Dövlətin iradəsinin nəticəsidir ki, Azərbaycan Respublikasında «Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Kosepsiyası» kimi fundamental səciyyə daşıyan sənəd qəbul olunub. Konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond dövlətin prioritet kimi müəyyənləşdirdiyi sahələrə dair həm KİV-lərin layihələrini maliyyələşdirir, həm də ayrı-ayrı jurnalistlərin yaradıcılıq məhsullarını qiymətləndirir, onların fəaliyyətini bir növ, stimullaşdırır. Bütün bunlar məsələyə sistemli yanaşmanın nəticəsidir.

- Əflatun müəllim, Azərbaycan mediası hazırkı səviyyəsi etibarilə söz və ifadə azadlıqlığının başlıca atributu kimi cəmiyyətə nə dərəcədə örnəkdir?

- Məsələyə iki aspektdən yanaşmaq istərdim. Birincisi, Azərbaycanda media orqanları tam azaddır. Onları istədikləri mövzunu gündəmə gətirmək sərbəstliyinə malikdirlər. Bəzən mövzu rəngarəngliyinin ifrat nəticələr doğurduğunun da şahidi oluruq. Hər bir halda düşünürük ki, azad cəmiyyətdə yaşayırıqsa, belə hallar da olmalıdır. İkinci aspekt nəyin olmamasına söykənir. Söz və ifadə azadlıqlarının verdiyi imkanların düzgün dəyərləndirilməsində yetərincə çətinliklər var. Xüsusən də internet medianın geniş vüsət aldığı indiki dövrdə problemlər özünü daha qabarıq şəkildə göstərir.

Azərbaycan mətbuatı ildən-ilə irəliyə gedir. Ölkəmiz özü də inkişafdadır. Əsas məsələ medianın inkişafının dinamikasındadır. Mətbuatımız bir ictimai institut olaraq ölkənin ümumi axarına adekvat reaksiya vermək gücündədirmi? Onun ümumi iqtisadi tərəqqidən götürdüyü pay rifahı təmin edə bilirmi? Məncə, bu gün üzərində dayanmalı olduğumuz əsas məqamlar bunlardır. Mövcud müstəvidəki problemlər aradan qalxdıqca mediamızı cəmiyyətə örnək edən göstəricilər də çoxalacaq.

- Bu göstəricilərin artması üçünsə əlavə tədbirlərə ehtiyac var. Sizcə, hazırkı dövrdə mətbuatımız qarşısında duran və həlli vacib olan vəzifələr hansılardır?

- Bir sıra problemlərdən söz açdıq. Görülmüş işlərdən də həmçinin. Jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması önəmlidir. Bu mənada ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün yaşayış binasının tikintisi böyük hadisə idi. Düşünürəm ki, gələn il tikilməkdə olan yeni binanın istifadəyə verilməsi qələm sahiblərinin sosial yükünün azaldılması nöqteyi-nəzərdən mühüm əhəmiyyət daşıyacaq.

Ümumən medianın iqtisadi cəhətdən özünü təmin edə bilməməsi, bu xüsusda reklam bazarının zəifliyi, jurnalistlərin sosial təminat səviyyəsinin aşağılığı. Bunlar medianı asılı hala salır, jurnalistin özünü ayrıca götürsək, onun yaradıcılıq imkanlarını da məhdudlaşdırır.

Əlbəttə, görüləsi işlər çoxdur. Hesab edirəm ki, «Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası»nda nəzərdə tutulan məsələlərin sistemli şəkildə həyata keçirilməsi ilə əsaslı irəliləyişlərə nail olmaq mümkündür.

Jurnalist peşəkarlığından söz açdıq. Peşəkarlığı doğuran başlıca cəhət peşəyə sevgidir. Mövcud anlamda 2013-cü ilin noyabrında dövlət başçısının jurnalistlərlə keçirdiyi görüşdə səslənmiş təkliflərin həyata keçirilməsinə yönələn işlər böyük əhəmiyyətə malikdir. Artıq ali məktəblərin jurnalistika fakultələrinə qəbulda qabiliyyət imtahanı tətbiq edilir. Düşünürəm ki, bu işin gələcəkdə daha sistemli şəkil almasına ehtiyac var. Eyni zamanda jurnalistikanın tədrisi sahəsində islahatların aparılması da aktual səciyyə daşımaqdadır.

Azərbaycanda diffamasiyaya görə azadlıqdan məhrum edilən jurnalist yoxdur və bu, müsbət haldır. Ancaq hər bir halda jurnalistin yazdığı materiala görə həbsin nəzərdə tutan müddəaların Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qalmasını istəməzdik. Buna görə də diffamasiya ilə bağlı fəaliyyətin davam etdirilməsi də vacibdir. 

 

Ədalət.-2014.-22 iyul.-S.3.