Müdriklik zirvəsinə çağıran kitab

 

Yaradıcılıq çox vaxt zəruri ictimai məğzlərlə xarakterizə olunur. İstedadlı şair Tahir Rzanın "Rübailər" kitabının əsas ədəbi-ictimai qayəsi də bu ənənədə birləşir. Bu yaxınlarda Musa Ələkbərlinin redaktorluğu ilə "Şur" mətbəəsində işıq üzü görmüş kitab ictimai müstəvidən həyati gözəlliklərə bir təşnəlik ehtiva edir. Topluda müəllifin müxtəlif vaxtlarda yazdığı rübailər oxuculara təqdim olunur. Hər rübaidə bir doğmalıq, bir səmimiyyət, bir ülvilik var. Bu da müəllifin həyata qəlbən bağlılıq əzmindən, vətən məhəbbətindən, yurd sevgisindən irəli gəlir. Ovqat təzələyən bu rübailərdə əsasən ata-ana, övlad, Vətən, torpaq məhəbbəti geniş anlamda, həm də şirin bir dillə təsvir edilir.

Rübai formaca asan, məzmun və mənaca çətin şeir janrlarından biridir. Xüsusən də Şərqdə daha çox yayılmış bu lirik şeir forması cəmi dörd misradan ibarət olsa da özündə bitkin məna və ideyaca mühüm, dərin fəlsəfi fikirlər ifadə edir. Məlumdur ki, Qazi Bürhanəddin, Məhsəti Gəncəvi ideyaları, Ömər Xəyyam dahiyanəliyi rübai modernçiliyinə bir ictimailik də nəsib etmişdir. Və onu da bilirik ki, rübainin ən klassik nümunələrini dünya şöhrəti qazanmış mütəfəkkir şair Ömər Xəyyam yaratmışdır. Onun fəlsəfi dərinlik və emosional bir istedadla yazılmış rübailərində böyük həyat sevgisi, mənəvi təmizlik, həqiqətpərəstlik, mövhumata qarşı kəskin üsyankarlıq və s. tərənnüm olunur. Sevindirici haldır ki, əsrlərdir bu ənənə müxtəlif söz adamları tərəfindən uğurla davam etdirilir.

Xoş haldır ki, klassik ənənəçilikdə qərar tuta bilmək, onu inkişaf etdirib daha yüksək sənət zirvəsinə qaldırmaq Tahir Rza yaradıcılığı üçün də səciyyəvi bir xüsusiyyətdir. Onun "Rübailər" incisi bu prosesin məntiqi davamı kimi başa düşülə bilər. Bu mənada adıçəkilən kitabdakı bitkin fikirlər ədəbiyyata, ictimai fikrə xidmət fonunda təzahür edir. Buradakı sətirarası səsləşmələr, fikirdaxili ümumiləşmələr kitabın bədii məziyyətləri barədə müfəssəl fikir ifadə etməyə əsas verir.

 

Yaxşını yamandan seçməsə bəşər,

Dünyanın başına oyun açar şər.

Nadanlar, zalımlar törəyib artar,

Qananlar qanmazla dəyişik düşər.

 

Səmimi deyək ki, "Rübailər" kitabında duyğu və düşüncə, səmimi çağırışlar əsas göstəricidir. Bu kodeks, məqsəd aydınlığı, xoş məram kitaba daxil edilmiş bütün rübailəri əhatə edir. Yaradıcılıq qayəsi Vətən məhəbbəti olan şair özünün ruhsal yanaşmasında bu prosesi mövzudaxili poetikliyə cəlb edir, oxucunu xoş ovqatla, yeni-yeni arzu və istəklə üz-üzə qoyur. Müəllif həmçinin, yeni kitabında bədii fikrin təntənəsinə, müasir ədəbi hissiyyatlara diqqət çəkməklə əsas məğzi lirik ovqatlara bükür.

 

Pul olsa dünyanın dəyəri əgər,

Can alıb verərdi dövlət, qızıl, zər.

Ağıllı adamlar xalqa, torpağa,

Tanrıya baş əyər hər axşam-səhər.

 

Məni duymaq üçün qəlbimi oxu,

Əlini hissimə, duyğuma toxu.

Mən qələm tutanam, müdrik sözləri,

Yazdıran Tanrımdır, mən kiməm axı?!

 

Bu misralarda Tanrı-insan münasibətləri, ağıl, nəsihət, tövsiyyə xarakterli fikirlər bitkin formadürüst məzmun fonunda tərənnüm edilir. Bu da oxucuda əminlik, həyata inam, ovqatyüksəltmə, insanları xeyirxahlığa, müdriklik zirvəsinə çağırış əhval-ruhiyyəsi yaradır. Beləliklə, onu demək istəyirik ki, xoşovqatyanaşma, insanları xeyirxahlığa, müdrikliyə çağırış Tahir Rzanın yaradıcılıq cəhdlərindən biridir və əsasən də o, məqsədinə nail olub. Bu rübailərin çoxunda atalar sözü, öyüd-nəsihət və ibrətamiz yanaşmalar yerli-yerində işlədildiyindən ibrətamizdir, oxunaqlıdır, yaddaqalandır.

"Rübailər" kitabında hər bənddən, hər misradan ürəklərə bir təbəssüm, xoş əhval-ruhiyyə bəxş olunur. Kitaba doğmalıq bəxş edən əsas keyfiyyətlər də bəlkə elə bu zərurətlə bağlıdır. Hər halda müəllif qələmə aldığı hadisəni (və ya hadisələri) bir süjet əsasında cəmləşdirə bilib. Şair üçün bundan vacibola bilər?

Xoşovqat həyata bağlanmaq israrçı iddiaya sahib olmaqdan daha sərfedicidir. Çoxlarından fərqli olaraq Tahir Rza bu axar boyu yetkin baxışlara fikir qızdıra bilir. Onun ictimai-fəlsəfi xarakterli "Rübailər" kitabı klassik rübaiçilik fəlsəfəsinə yöndəmsiz yanaşmaya mübtəla iddialılara bir dərs ola bilər.

 

Dünyanın sirrindən baş açmaq üçün,

Gərəkdir çəkəsən minbir dağ, düyün.

Dərdlilər dərk edər yaxşını, pisi,

Dərdsizlər nə bilir nədir ömür-gün.

 

Ananın bətnində tərbiyə alan,

Uşaqdan heç kimə gəlməz bir ziyan.

Toxum halallıqla böyüdülərsə,

Barı şirin olar, sevilər hər an.

 

Göründüyü kimi, kitabda məqsəd və məslək ülvi xarakterlərlə əks olunur. Müəllif həmçinin ağsaqqal-ağbirçək sözünə etiqad, dərketmədə boşalmalara zəminyaratma, düşüncədə çevriliş etməyə cəsarətlilik və s. fikirlərin ideyaçı qayəsini və məqsədini oxucuya tam aça bilmişdir.

Milli Məclisin deputatı, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən istedadlı şair Tahir Rza çoxdan tanıdığımız qələm sahibidir. Onun bir-birindən maraqlı kitablarını oxumuşuq və şeirlərindəki işıqlı fikirlərinə daim məhəbbət sərgiləmişik. Bu dəfə də o, bizimlə görüşə klassik üslubun-şifahi nitqin yazı ənənəsi olan rübailəri ilə gəlmişdir. Kitabda insan-tale münasibətlərinə, milli dəyərlərimizin qorunub saxlanılması və s. məsələlərə geniş yer vermişdir. Müəllifin poetik fikirləri taleyə qarşı əks çevrilmədə səmimi və inandırıcıdır. Bu əminliklə ovxarlı münasibətlər qələmə alınır ki, bunu da oxucu aydın görə bilir.

Kitabın bir qayəsi də ucalığa cəhddir, mənəvi saflığa çağırışdır. Tahir müəllimin özünün dediyi kimi:

 

Məsləkin yolunda uca dağam mən,

Haqqın qapısında üzüağam mən.

Allah qismətinə şükr edəcəyəm,

Nə qədər dünyada canı sağam mən.

 

Biz inanırıq ki, bundan sonra da Tahir Rzanın canı sağlam, fikirləri həmişə nurlu və mənalı olacaq. "Rübailər" kitabında yazdığı kimi.

 

Polad Qasımov, Əməkdar mədəniyyət işçisi

 

Ədalət.-2014.-22 iyun.-S.4.