Tarixdə Azərbaycan xalqının
qürür duyacağı böyük fatehləri olub
Müsahibimiz "Azərbaycan Nadir
Əfşar dövləti" kitabının müəllifi Cahangir
Hüseynovdur
Azərbaycanın şərəfli tarixi haqqında daha bir kitab işıq üzü gördü. Bu tarix ona görə şərəfli
hesab edilir ki, bəhs edilən dövr dünya fatehi, Səfəvilərdən
sonra Azərbaycanın ərazilərini dəfələrlə
böyüdən və ölkəyə inkişaf gətirən
Nadir şah Əfşarinin həyat və döyüş
yolunu əhatə edir. Kitabın müəllifi, Milli Məclisin
sabiq deputatı, istefada olan polis polkovniki, hüquq elmləri
üzrə fəlsəfə doktoru, professor, Qarabağ
müharibəsi veteranı Cahangir Hüseynovdur. Müəlliflə müsahib olub kitabın
yazılma səbəbini soruşduq.
-Cahangir müəllim, ötən ay
sizin müəllifi olduğunuz "Azərbaycan Nadir
Əfşar dövləti" kitabınızın ictimai təqdimatı
keçirildi. Belə bir kitabın sizin tərəfinizdən
yazılmasına nə səbəb oldu?
-Əvvəla
deyim ki, Əfşarların bizim söy-kökümüzlə
bağlılığı var. Sovet dövründə Azərbaycan
tarixi haqqında, xüsusən də Nadir şah Əfşari
barədə geniş danışmaq qadağan olunmuşdu deyə,
ortaya bu barədə obyektiv yazı materialı
çıxartmaq mümkün deyildi. Müstəqillik
qazandıqdan sonra isə tariximiz araşdırılmağa,
xalqımızın həqiqi dostlarını və
düşmənlərini, eyni zamanda, fatehlərimizi
tanımağa nail olduq. Sovet dövrünün
kitablarında Nadir İran şahı kimi
tanıdılırdı və o erməni, rus və fars tarixçiləri tərəfindən azərbaycançılıqdan,
türkçülükdən kənarlaşdırılmışdı.
Nadir şahın həqiqi dəyərini vermək
üçün bu kitabın yazılmasını istədim.
Həmçinin bu böyük fatehin 325 illik
yubileyi yaxınlaşır və bu münasibətlə də
bu kitabın yazılmasını özümə borc bildim.
Nadir şah haqqında xarici ölkələrdə
- Almaniyada, İngiltərədə, Amerikada, Rusiyada,
İranda, Türkiyə və sairədə yüzlərlə
əsərlər mövcuddur. Kitabı yazanda həmin əsərlərlə
də tanış olaraq onlara istinad etdim. Bu tarixi yazanda bir daha fəxr etdim ki, mən azərbaycanlıyam
və xalqımızın belə bir böyük şəxsiyyəti
olub. Ona görə ki, araşdırma
zamanı məlum oldu ki, 18-ci əsrdə Yer kürəsində
Nadir şah Əfşar qədər əzəmətli,
böyük şəxsiyyət olmayıb.
-Nadir Əfşarın tarixi şəxsiyyət
və böyük sərkərdəliyi barədə konkret
tarixi faktlar nədən ibarətdir?
- Qeyd edim
ki, 16-cı əsrdə Səfəvilər kimi böyük
bir imperiya mövcud idi və o dövrdə Azərbaycan tamamilə
birləşdirilərək vahid dövlət halına gətirildi.
Paytaxtı da Təbriz şəhəri oldu.
Səfəvilərin 250 illik hakimiyyətləri zəifləyəndə
bu imperiya demək olar ki, ruslar, əfqanlar, osmanlı
və ərəb şeyxləri tərəfindən tamamilə
dağıdıldı. Onların paytaxtı
İsfahana köçürülmüşdü. İsfahan isə əfqanlar tərəfindən
tutuldu və hətta şahın anası başda olmaqla hərəmxanası
da əsir götürüldü. Şah
Hüseyn qaçdı və onun oğlu İkinci Şah Təhmasib
Mazandaranda özünü şah elan etdi. Bu
dövrdə artıq Birinci Pyotr bütün şərqi Azərbaycanı-Dərbəndi,
Salyanı, Bakını tutaraq Gilana çatmışdı.
Rus çarı ikinci Şah Təhmasibə
şərt irəli sürdü ki, sən bu torpaqları
bağışlamalısan Rusiyaya və buradakı Azərbaycan
əhalisi köçürülməklə ermənilərə
həmin ərazidə çarlıq verilməlidir. Şah Təhmasib bu şərtlərə
razılaşmaq məcburiyyətindəykən 1722-ci ildə
Nadir Əfşar başına ordu yığır və
öz doğulduğu yeri özbəklərdən, Məşhədi
əfqanlardan azad edir. Şah onun
gücünü görüb özünə ordu komandanı
təyin edir. Ordu komandanı olan Nadir
qısa müddətdə osmanlılarla müqaviləni ləğv
edib onları geri oturdur, sonra Rusiyaya ultimatum verir ki,
torpaqları qaytarmasanız sizinlə müharibə edəcəm.
Bu artıq Pyotrun ölümündən
sonrakı çariça Yelizavetanın dövründə
idi. Ruslar anlayırlar ki, onlar Nadirlə
bacarmayacaqlar. Ona görə də tezliklə
Bakını, Dərbəndi azad edib, Gilandan geri çəkildilər.1732-ci
ildə Təhmasibin Osmanılı dövləti ilə
müharibədə uğursuzluğa düçar olması,
müqavilə ilə Azərbaycanın qərb hissəsini
Osmanlılara verməsi Nadiri məcbur edir ki, onu hakimiyyətdən
salsın. Təhmasibi hakimiyyətdən kənarlaşdıran
Nadir onun iki yaşlı oğlunu şah elan edib özü də
onun naibi olur. Məhz 1736-cı ildə Azərbaycanın
bütün ərazisi işğalçılardan təmizlənir.
Eyni zamanda, Nadir ruslara elə bir dərs vermişdi ki, ondan
sonra ruslar 70 il Azərbaycana girməyə
cəsarət etməmişdilər.
Bu təmizləmədən sonra 1736-cı ildə
bütün İran əhlinə məktub göndərib
Muğanda-Şirvanla Muğanın kəsişdiyi
Suqovuşanda, yəni indiki Sabirabadla Saatlının ərazisində
böyük bir qurultay keçirir. Dünyanın bir
çox yerindən qurultaya nümayəndələr dəvət
edilir. 12 min çadır qurulur və
qurultayda iştirak edən 100 min insana burada xidmət edilir.
Qurultayda o özünü şah elan edir.
Sonra o İranı dörd bəylərbəyliyinə
bölür: Burada Azərbaycan bəylərbəyliyi, Fars bəylərbəyliyi,
İraq bəylərbəyliyi və Şərqi Xorasan bəylərbəyliyi.
Bunlardan ən böyüyü və
güclüsü Azərbaycan bəylərbəyliyi olur və
qardaşı İbrahim xanı bəylərbəyi təyin
edir. Azərbaycan bəylərbəyliyinə
Gürcüstan, Şimali Qafqaz, Dağıstan, Cənubi Azərbaycan
və İranın xeyli hissəsi tabe idi. Bu
qüdrətli bəylərbəyliyinə məhz
qardaşını rəhbər təyin etməklə bir daha
nümayiş etdirir ki, Azərbaycan ətrafında İran
dövlətini birləşdirir. Paytaxt da
Məşhəd şəhərini seçir. Məşhəd şəhəri də o dövrdə
İmam Rzanın məqbərəsi ilə bağlı şiələrin
dini mərkəzi idi. Mən burada digər
bir faktı da qeyd etmək istəyirəm ki, heç bir
Türk sultanı və İran şahı başqa
xalqların dini inanclarına qarşı olmayıb, əksinə
məscidlər kimi kilsələrin də fəaliyyətinə
şərait yaradılıb. Bu isə
onların tolerantlığının bariz nümunəsi idi.
Nadir gücünə və hərbi istedadına güvənən
bir şəxsiyyət olmaqla yanaşı, həm də təəssübkeş
bir türk oğlu idi. O özündən əvvəlki türkdilli
şahların hakimyyətinə yaxşı bələd idi və
öz fəaliyyəti ilə ululardan miras qalmış ərazilərin
hamısını geri qaytara bildi. Nəticədə
doğma Azərbaycan da Nadirin yaratdığı nəhəng
dövlətin tərkibinə daxil olmaqla onun nüvəsini təşkil
etdi.
Nadir sox güclü hafizəyə malik olmuşdur. O bütün sərkərdələrinin,
ünsiyyətdə olduğu döyüşçülərinn
adlarını, onların yaxşı xidmətlərini
yaddında saxla bilirdi.
Nadirin məşhur bir sözü də onun
böyüklüyndən xəbər verir. O deyirdi: "Əgər mən
Singiz xan və Əmir Teymurla birgə yaşasaydım
Çingiz xan səltənət başçısı,
Əmir Teymur vəzarət başçısı və mən
qoşun başçısı olsaydım, bütün
dünyanı biz üçümüz fəth edərdik".
Ümumiyyətlə, Nadir şah haqqında, onun
böyüklüyü, məğlubedilməzliyi haqqında
günlərlə, aylarla danışmaq olar. Onun qəhrəmanlıqlarını
nəinki bir yazıya, hətta kitablara belə
sığdırmaq mümkün deyildir. Ona
görə də mənə elə gəlir ki, Nadir Şah
Əfşarın böyüklüyünü anlamaq
üçün onun haqqında yazılmış kitabları
oxumaq lazımdır.
-Cahangir müəllim, siz ixtisasca
hüquqşünassınız. Amma tarixlə
bağlı yazırsınız və tarixi araşdırmalar
aparırsınız. Bəs peşəkar
tarixçi alimlərimiz sizin bu araşdırmalarınız
haqqında hansı fikirdədirlər?
-Mənim
atam da hüquqşünas olub və 1945-1950-ci illərdə
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini
fərqlənmə ilə bitirib. 1952-ci ildə
yenidən universitetin tarix fakültəsinə daxil olub. Bu dövrdə atam Ulu Öndərlə bir fakültədə
oxuyub. Mən atamdan soruşanda ki, sən
hüquqşünas idin, nə üçün yenidən
tarix fakültəsinə daxil oldun. O deyirdi ki, oğul, hər
bir vətəndaş ölkəsinin, dövlətinin və
xalqının tarixini dərindən bilməlidir. Atam uzun müddət respublikanın müxtəlif
rayonlarında hakim işləyib. O, məni həmişə
tarixi öyrənməyə, tarixi faktlardan səmərəli
istifadəyə çağırırdı. O, tez-tez bu məşhur
bir deyimi mənə xatırladırdı: tarixini bilməyənin
gələcəyi olmaz.
Mən özüm də uzun müddət
hüquq-mühafizə orqanlarında
çalışmışam, amma tarixi öyrənməyi də
unutmamışam. 2005-ci ildə isə siyasi fəaliyyətimə
son verdikdən sonra tarixi araşdırmalarımı davam
etdirmək imkanı qazandım. Belə ki,
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan
Hüquqları İnstitutunda elmi işlər üzrə
direktor müavini və Elmi Şuranın sədri oldum. Burada tarixi araşdırmalarımı məqalələr
və kitablar şəklində hazırladım. Xüsusən Nadir şah Əfşar ilə səcərə
bağlılığım məndə onun fəaliyyətini
araşdırmağa maraq yaratdı. Sanki
onun dövrü bir ağzıbağlı, ancaq içərisi
daş-qaşla dolu zəngin sandıq idi.
Araşdırdıqca xalqım və ölkəm adına qürur duyacaq, fəxr ediləcək
tarixi faktlarla qarşılaşdım. Mən bu institutda
türkün 4 min illik tarixini oxudum, böyük fatehlərimizin
həyat və siyasi fəaliyyətləri ilə yaxından tanış oldum.
Mənim Nadir şah Əfşara həsr etdiyim
kitabımın ictimai təqdimatında iştirak edən
ölkə tarixçilərinin və ziyalılarının
kitab haqqında müsbət fikirləri söyləndi. Eyni zamanda, mən bu
kitabımı AMEA-nın Bakıxanov adına
Azərbaycan Tarix İnstitutuna, Bakı Dövlət
Universitetinin və Azərbaycan Dövlət Pedaqogi
Universittetinin Azərbaycan tarixi kafedralarına təqdim etdim. Tarixçilərimiz ktiabı oxuyub böyük və
müsbət rəy yazaraq mənə zəng edib minnətdarlıqlarını
bildirdilər. Həmçinin onlar
araşdırmalarımda yeni faktların olduğunu söyləyərək
onun davamlı olmasını da təklif etdilər. Bu gün tarixçilərimiz ölkə mətbuatında
mənim bu kitabımla bağlı öz xoş ürək
sözlərini yazırlar ki, bu da məni qürurlandırır.
Mən bir mühüm faktı da qeyd etmək istəyirəm
ki, ölkə Prezidenti cənab İlham Əliyev tariximizin
yenidən, həm də tarixi gerçəkliyə uyğun
yazılması və tariximizin saflaşması barədə
alimlərimizə dəyərli göstərişlər
veribdir. Artıq tarix institutumuz türkiyəli tarixçilərlə
birlikdə Azərbaycan tarixini yenidən araşdırır və
yazırlar. Bizim həqiqi tariximizə
qovuşmağımız üçün diqqət və
qayğısını əsirgəməyən cənab
Prezidentə minnətdarlığımı bildirirəm.
Elçin Zaman
Ədalət.-2014.-24 iyul.-S.4.