LİRİKA - 2013
(əvvəli ötən şənbə
sayımızda)
Gənc şair Emin
Pirinin "Sağ qalan varmı?!" şeiri müharibənin doğurduğu bəlalardan
söz açır və onun daha
bir neçə şeiri elə bu ruhdadır. Eminin müharibə ilə bağlı şeirlərində nə
çağırış var, nə də
döyüş marşlarını
xatırladan misralar...
Bu şeirlərdə kəsilmiş ayaqlar, itirilmiş qollar, şəhid məzarları,
"mərmilərə atılan
ana fəryadları",
"torpaqdan dən yerinə barıt dənləyən sərçələr"
görünür. Eminin müharibə
şeirlərindəki kədər
onun ağrılarını
impulsiv şəkildə
yaşayan bir fərdin duyğularını
ifadə edir. Bu duyğuların ifadəsində də yeni poetik çalarlar,
bədii təsvir vasitələri diqqəti
cəlb edir. Emin Piri deyəndə
ki: "çiçək
açırdı torpağa
basdırılan minalar
toxunanda ayaqlar" - bu, tamam yeni
bir metaforik düşüncə tərzidir.
Daha sonra: "Yaralar anaların yuxusuna qaçırdı.
Yuxular qara xəbərin ardınca qaçırdı.
Qəlbinə qara xal düşən qızların
gözünün altından
öpüş yerini səhər eşitdiyi xəbərlər yuyar"
- bunlar da təzədir. Amma "Ayağım
özümdən qeyrətli
çıxdı" şeirində
ən orijinal məqam vurulmuş - döyüşdə itmiş
ayağın kədərli
nağılıdır.
O da cəbhədəydi
mərmilər qucaqlamışdı
sağ ayağının
addımını.
arxada can verən
addım səsinə
qayıdıb
itmiş ayağını
aldı əlinə.
Bir vaxt sevgilisinə
gül verən əllər
bugün nə aparacaqdı?
cəbhədə qalan sağ ayağının
təqaüdünü də
sol ayağı alıb xərcləyir!
danlayar özünü
hər səhər-axşam
əlini başına,
dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən
qeyrətli çıxdı.
Müharibə ovqatı iyirmi yaşlı Ramil Əhmədin şeirlərində
də öz poetik ifadəsini tapır. Əgər Emin Piri müharibənin dəhşətlərini,
davanın doğurduğu
ağrı-acıları təsvir
edirsə, bütün
bunları sanki gözləriylə görübmüş
kimi canlandırırsa,
Ramil Əhməd atəşkəsdən sonra
talelərdə, ürəklərdə,
ailələrdə bitməyən
müharibələrdən söz açır.
Onun "Müharibə"
silsiləsi müharibə
vaxtı doğulan uşaqların, yəni iyirmi-iyirmi beş
yaşlıların hisslərini,
duyğularını ifadə
edir. Bu münasibətin
özü poeziyamızda
yenidir. Yaxşı ki, yeni nəsil üçün də müharibə bitməyib, davam edir və nə
qədər kədərli
notlarla qarşılaşsaq
da, bütün bu hisslərin, duyğuların reallıqdan
doğduğuna şübhə
eləmirik.
Hər gün süfrəyə dördüncü
boşqab da qoyulur - bu divarda
şəkli asılan
kişinin boşqabıdır. Amma o yoxdur,
qəhrəmancasına şəhid
olub. Həyat isə davam edir:
Biz atamızın
ayaqqabısına,
köynəklərinə,
dolabda tozlanan
siqaret qoxulu boz
pencəyinə baxıb
böyüdük.g
"Ata!"
dedik divardan baxan şəklə,
Şəkil kimi yaraşıqlıydı
atamız,
şəkil atamız!..
Ramilin həmin silsilədə "Müharibədən sonra", "Əvvəl insanlığı, sonra insanları əzib keçdilər", "Metamorfoz", "Üçü birində", "Kasıb komalarından qalxan tüstülər" şeirlərində də müharibənin hələ bitmədiyini, atasız, yetim və şikəst uşaqların, dul qadınların taleyində davam etdiyini görürük. Cavan şairin real, həyati müşahidələri ayrı-ayrı süjetlərdə reallaşır. Şeirdə əhvalat danışmaq mənzuməçilikdir, yəni hekayənin şeir halına salınmasıdır. Burada poeziya uduza da bilər. Amma elə əhvalat var ki, o, nəql edilsə də, şeirdə ifadə olunan poetik hissin, duyğunun hökmündədir. Ramilin şeirlərində də belədir.
Balaca qızcığaz
gizlənpaç oynayırdı ki,
gözlərini açanda atasını tapsıng
Sürəyya deyirdi:
"Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan
sonra atan gələcək".
O üç gün gəlib çıxmadı-
Qızcığaz saymağı
bacarmırdı çünki...g
Bu, kədərli bir əhvalatdır və bu əhvalat 90-cı illərin acı həyat lövhələrinin bir parçasıdır - "tifilləri ac qalan Sürəyya pəncərə önündə çarmıxa çəkilmişdi, yardım maşınını gözləyirdi. Qurdlu ciyər, qaralmış ət, iylənmiş ürək satan qəssab Qulam deyirdi: "Bu üç yetimi necə dolandırır, bəlkə, ürəyini satır xəbərimiz yoxdu?"
Ramil Əhməd başqa bir şeirində bir insanın - Sona adlı qadının faciəsini qələmə alır və bu şeirdə cavan şairin poetik istedadı doğrudan da bizi sevindirir. Müharibənin şiddətli bir anı -düşmən qovur - qadınlar, uşaqlar, qocalar qaçırlar. Sonanın qucağında da uşaq var, o ağlayır və Sonaya deyirlər ki, at bu uşağı, təzəsini doğarsan. Və budur:
Uşaq yaşamağa utandı vəg
öldü!
Qismətə, taleyə yazdılar,
körpənin qəbrini
anasının qucağında qazdılar.
Sonanın başı
başdaşıydı bu qəbrin,
sinəsi sinə daşı,
göz yaşları qəbir
üstündəki yazıydıg
Ağlayırdı Sona!
Poeziyanın yaddaşında Qarabağ yaşayır və bu gün Azərbaycan şairləri bu yaddaşa yeni səhifələr bəxş etməlidir ki, itməsin, silinməsin o yaddaş. Tənqidimizin sonuncu korifeyi Yaşar Qarayev yazırdı ki: "Millət-genetik səviyyədə, yaddaş-ağrı səviyyəsində dərk olunmuş vəhdətdən və bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var. Əslində, nəinki təbiət və insan. Ekologiya və poeziya da yaddaşdır. Şəhid-ölümü ilə, şair-ağrısı ilə yaddaşa qaynayıb-qovuşur".
ÖMÜR ŞEİRLƏRİ
"Xalq şairi" deyil, Xalqın şairi Musa Yaqubun "Azərbaycan" jurnalının 2013-cü il 4-cü nömrəsində bir silsilə şeirləri ilə tanış olduq. İnana bilmədiyimiz 77 yaşına gəlib çatan Musa Yaqub "Ömür şeirləri" ilə həyatının, yaşadığı ayların, günlərin, illərin xatirələrini dilə gətirir və nostalji duyğularla deyir ki: "Hanı bu dünyanın sevgi tərəfi? İnsanın insana ərki tərəfi?", "Hanı dan üzünün ağ tərəfləri, Dövranın qızılı cağ tərəfləri?", "Hanı bu dünyanın ruh tərəfləri? Gəmi tərəfləri, Nuh tərəfləri?"
Böyük şairimizi bu misralarına görə qətiyyən pessimist adlandırmaq fikrində deyilik. Bunlar ömürdən-gündən rəncidə olan bir şairin duyğularımı, - yox, doğru olmaz. Bunlar bu günün mürəkkəb, ziddiyyətli, təzadlı hadisələrindən, olaylarından doğan, rahatlıq tapmayan narahat bir şair qəlbinin haraylarıdır. Siz Musa Yaqubun 90-cı illərə qədər yazdığı şeirləri arayın, axtarın, bir də oxuyun. O şeirlərdə həyatın, sevginin, dünyanın gözəllikləri öz poetik ifadəsini tapırdı və bununla yanaşıghəmin o gözəlliklərə əks olan meyllər, neqativ hallar da tənqid atəşinə tutulurdu.
Təbii ki, Musa Yaqub indi 77 yaşının şeirlərini yazmalıdır və bu yaşda "Daha mən xatirə çözələmirəm Köhnə dərdlərimi təzələmirəm" desə də, fikri-xəyalı ötən illərə qayıdır və o illərin səfası içindən getmədiyi üçün deyir ki: "Könlüm viran qalıb, güllərim həşəm, Mən səndən gül əkib xəzan dərmişəm".
Amma bütün bunlarla yanaşı, Musa Yaqubun şair ömründən o zərifliyin, o incəliyin ətri çəkilib getməyib və o, yenə də təbiət aşiqi kimi deyir ki:
A səkkizləçəyim, zərif çiçəyim!
Bəlkə göydən enib sarı mələyim?
Günəşdən bir parça yanğıdı, vallah,
İlahi sarıyan sarğıdı, vallah,
Sinəmə doluşan duyğudu, vallah.
A baxışı kobud, o tərəfə bax,
Qoparma könlümdən ləçəklərimi,
Uçurma çiynimdən mələklərimi.
Getdi ağrılarım, keçdi
göynəyim,
Qoy bu gül bədənlər olmasın həşəm.
Aşıq Ələsgərdə sarı köynəyim,
Aşıq Qurbanidə zərif bənövşəm.
Sən allah, çox
sıxma nazik əllərin,
Sıxılar barmağı, tökülər
zəri.
İlahi,
mehrində saxla zərifi,
Bir həzin mehində saxla zərifi,
O büllur şehində saxla zərifi..!
(ardı
gələn şənbə
sayımızda)
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Ədalət.-2014.-26 iyul.-S.14.