E Ş AT O
(uzun
hekayə)
Nəsrəddin
kişi yaxşı bilirdi ki, eşşək
ata tay ola bilməz. Yəni, onun kimi kişnəyə,
qaça bilməz. Onun kimi idman və
savaş meydanı aça bilməz. Heç
duruşları, gözəllikləri də müqayisəyə
gəlməz. At bütün hərəkətlərində
ona tamaşa edənləri heyran etmək istedadına malikdir.
Bədbəxt eşşəyin isə
içini çəkə-çəkə anqırmaqdan
başqa əlindən nə gəlir?!
Ağnamağı da lap əttökəndir. Təkcə
dodaqlarının ucunda su içməyi mədəniyyət
nümunəsi sayılır. Bu qabiliyyət
atda da olduğundan müqayisədə heç olmasa bircə
cəhətinə görə fərqlənə bilmir. Ona görə də at öz cəmiyyətinin
elitarı, eşşək isə sıravisi hesab olunur. Ona görə də at öz dövrünün
Qoç Koroğlusu, eşşək isə kasıb Nəsrəddin
kişisi ilə bir yerdə olub. Elə
indinin özündə də belədir.
Bütün bunlar müqayisədə belə
görünür. Atalar deyib ki, qoyunu qoyun, keçini
keçi ayağından asmaq lazımdır. Yəni, malı mala qatmaq düzgün deyil. Qatanda həsrətində olduğumuz ədalət
meyarı pozulur. Belə olan surətdə
ümidsizliyə qapılmağa ehtiyac yoxdur. Ən
doğru yol: eşşəkləri öz aralarında
yarışa qoşmaq, müsabiqələrini təşkil
etmək gərəkdir. Belə sınaqlar
onların qabaqcıllarını, liderlərini
aydınlaşdırmağa kömək edər. Bundan sonra müxtəlif nominasiyalar üzrə təltifə
təqdim etmək asan olar. Bundan sonra lap
riskə varıb eşşəyi atla da müqayisə etmək
olar. Nəticədən asılı
olmayaraq seçmələrin yarışına tamaşa etməyə
dəyər.
Kasıb Nəsrəddin kişinin var-dövlət
sarıdan bir papağı, bir də eşşəyi
vardı. Eşşək sahibini belinə, sahibi də
papağını başına mindirərdi. Nəsrəddin
kişi vaxtaşırı zəhmətkeş
eşşəyini qayğı ilə qaşovlayar, qoyun dərisindən
olan qıvrım tüklü papağını ehtiyatla
çırtmalayıb tozunu alardı. Onlar
bir-birini yaxşı başa düşür, tərcüməçisiz
danışa bilirdilər. Dolanışıqları
çıxmaza dirənmişdi. Bu
ağır vəziyyətdən necə qurtulacaqdılar?
İnsan insan, heyvan heyvan ağlı ilə elə
hey bu barədə fikirləşirdilər. Bircə o aydın idi ki, çıxış yolunu
birlikdə tapmalıydılar.
İnsanla ünsiyyətdə olan, bir-birinin
ehtiyacını ödəyən heyvanlara rəğbət
nişanəsi sayılan adlar qoyublar. İndinin özündə
də bu adət davam edir. Bu adların əksəriyyəti
əzizləyici məna daşıyır. Nəsrəddin
kişi də adətin tələblərinə
qəlbən qoşuldu və vəfalı, sevimli eşşəyinə
dərindən-dərin fikirləşib Eşato adını
yaraşdırdı. Bundan sonra kimi itinə Saymaz, kimi
pişiyinə Məstan, kimi atına Kəhər, kimi inəyinə
Mərcan deyən kimi, o da fəxrlə ağ gün arzulu -
qara gün nəsibli eşşəyinə analoqu olmayan
"Eşato" deyə səslənəcəkdi. Bu ad təxəllüsü
ilə birlikdə daha təsirli olacaqdı - Eşato
Qaragözlü!
Eşatonun nəsildən-nəslə keçən tərcümeyi-halı
ağlı-qaralı bir şəcərə təşkil
edir. "At igidin qardaşıdır" deyiblər.
Amma eşşəyi elədən-elə, belədən-belə
istismar edən, hər cür əşya ilə yükləyənlər
yazıq, bəxtsiz eşşəyə qardaş deməyiblər.
Bir tərifin qarşısında yüz təhqirlə
mükafatlanıb. Zaman keçdikcə
Allahdan qorxanlar, onun ölçülü-biçili
yaradışına hörmət edənlər
inkarçıları üstələyiblər. Qəbul ediblər ki, xəlq xaliqin
yaratdığına qulp qoymaq, irad tutmaq qüdrətində
deyil. Buna cəhd edən kəs günah
qapısını öz üzünə açmış
olur. Bülbül cəhcəhinin
qarşısında qarğa qarıltısı, at kişnərtisinin
müqabilində eşşək anqırtısı, fil
hegemonluğunun o tərəfində qarışqa zəifliyi
var. Bu rəngarənglik, bu şaxəlilik təbiətin
bir-birini tamamlayan harmoniyasıdır. Onun qəbulunda
subyektiv zövq - təklif edən, obyektiv ağıl isə qərar
verəndir.
Aylar, illər ötdükcə dinc və zəhmətkeş
eşşəyin kimliyi tanınmağa başlandı. Hətta o, bəzi məkanlarda
hörmət pilləsinə qaldırıldı: adına mahnı yazıldı, bəzi
partiyaların simvoluna çevrildi, bəzi dövlətlərin
gerbində yer aldı, şərəfinə yarışlar,
müsabiqələr təşkil edildi. Deməli,
Eşatonun xəcalət çəkməyə, elə bir əsası
yoxdur. Kimsə bu məsələdə
inadkarlıq göstərsə, Tanrının işlərinə
qarışmış sayılar və onun qəzəbinə
düçar olar.
Bunların hamısı məlum. Yenə sinəsindən
geri itələnməsi mümkün olmayan bir əmma ilə
üz-üzə qalırıq. Gözlə
görünəni necə danmaq olar? Kim nə deyir desin,
pişik itdən, at eşşəkdən
ağgünlüdür.
O
qaragünlülük Eşatonun da alnına
yazılmışdı. Dəyirmana dən, təndirə,
sobaya odun, çırpı daşımaqdan beli yağır
olmuşdu. Hələ yazığın
tikinti materiallarının ağırlığı
altında necə inildədiyini demirəm. Velosipedi, minik maşınını əvəz etməsi
isə sanki əzəli öhdəliyi idi. Yeməyi də nə olsa yaxşıdır?
Menyusunda üç yemin adı vardı: arpa, yonca, bir də
saman. Onun da biri tapılanda o biri
tapılmazdı. Doyumluq yemədiyindən
günü-gündən Eşatonun gücü-qüvvəsi
tükənirdi. Mal və maldar tez-tez
baş-başa verib çıxış yolu
arayırdılar. Görəsən, xilas
yolu vardımı? Vardısa, bu yol nədən
və ya haradan keçirdi?
Eşato:
- Ey
insaflı sahibim, qarnımı doyurmasan, halıma
yanmasan, tapşırığını yerinə yetirib
üzünü ağarda bilməyəcəyəm. "Ölmə, eşşəyim, ölmə; yaz gələr,
yonca bitər" təsəllisini elə mənim
üçün deyiblər. Yaşıl
Obadakı yoncalıq öhdəmdə olsaydı, səndən
nə arpa umardım, nə də saman.
Nəsrəddin
kişi:
- Ey vəfalı
köməkçim, düşmən geri çəkilərkən
Yaşıl Obanı başdan-başa minalayıb. Həftədə,
on gündə bir televizor, radio bəd xəbər yayır:
"...Bununla 17 məktəbli, 6 çoban, onlarla mal-qara minaya
düşüb həyatlarını itirmişdir".
Eşato
həsrətlə köksünü ötürdü:
- O
torpaqda çox şirəli yonca bitir. Bir
ağız alsam, yeddi dağ aşaram. Bəs
bunun axırı necə olacaq?
Nəsrəddin
kişi tozlu papağını ehtiyatla əlində
hərləyib bir çırtma vurdu. Narın toz havada əridi:
-
Başımız Ərzaq Komitəsinə bağlıdır.
Komitə həm mənim, həm də sənin
üçün minimum istehlak zənbilini müəyyənləşdirib.
Cədvəldə bir ayda və ya bir gündə
nə qədər ot-ələf, saman, arpa yeyəcəyin
müəyyənləşib. Ona uyğun
da hərəkət etməliyik. Qənaət
bizim şüarımız olmalıdır. İsrafçılığa qurşansaq, tezliklə
bankrot olarıq.
Eşato Ərzaq
Komitəsinin istehlak zənbilindəki rəqəmlərə
gözucu baxıb istehza ilə gülümsündü:
- Daha
deginən sağ ikən gedib qəbrimizi qazıyaq... O istehlak
zənbilinin çəkisi və çeşidi
günü-gündən azalır.
Nəsrəddin
kişi:
- Sənin
bilmədiyin bir şey var - ona inflyasiya deyirlər. İnflyasiya çoxaldıqca məhsul azalır,
qiymətlər qalxır.
Eşato
həyəcanlandı:
- Sən
insansan! Sənin başın mənimkindən
yaxşı işləyir. Çıxış yolu tap.
Nəsrəddin
kişi tozlu papağına bir
çırtma da vurdu:
- Mən
çıxış yolu barədə hər gün fikirləşirəm.
Sənin bu həyəcan təbili çalan
sözlərindən sonra daha dərindən götür-qoy edərəm.
Ertəsi
gün Nəsrəddin kişi qara
günün qardaşı (bu yerdə "qardaşı"
sözü yerinə düşdü) sevimli Eşatonu
muştuluqladı:
-
Çıxış yolunu tapmışam! Gecə
televizorda heyvanlarla bağlı maraqlı bir verilişə
baxırdım. İradəmiz çatsa, bəxtimiz gətirsə,
kasıblığın daşını ata bilərik!
Eşatonu maraq bürüdü, antena-qulaqları
sağa-sola, aşağı-yuxarı fırlandı, müəmmalı
xoş bir hisslə qəlbi döyündü. Sanki
ağzına göy yonca dəymiş, ya da belinin
yağırları sağalmışdı.
- Nədən
ibarətdir şad xəbərin?
Nəsrəddin
kişi sınayıcı nəzərlərini
tərəf-müqabilinə dikdi:
- İlk
növbədə mənzilin dəyişəcək! Daha sən zirzəmi-tövlədə deyil, bərkgedən
atlara məxsus sər tövlədə yaşayacaqsan.
Uşaqlar şəninə mahnı oxuyacaqlar: "Eşato, səni
sər tövlədə bağlarıq; Ayağını
qızıldan, gümüşdən nallarıq!"
Eşato uzun qulaqlarına dəyən bu qısa, lakin məstedici
sözlərdən xoşhal oldu. Çox vaxt kədərin yuva
saldığı ürəyi sevinic seli ilə doldu:
- Bu
xoş günlərə nə vaxt qovuşacağıq?
Nəsrəddin
kişinin sifətindəki işıqlı təbəssümü
ciddilik əvəzlədi:
- Mən
layihə verənəm, sən icra edən. Bu
xoşbəxtliyin baş tutması əsasən səndən
asılı olacaq. Bizim ehtiyat büdcəmiz
yoxdur. Gördüyün kimi, biz təyin
olunanla yaşayırıq. Ancaq bizə
ehtiyat sərmayə lazımdır. Ruhdan
düşmə. Mümkün olmayan
şey yoxdur. Bir də əl-ələ
verib müşkülü mümkün eləyə bilərik.
Bunun üçün xeyli çətin
sınaqlara hazır olmalısan.
Eşatonun
antena-qulaqları şübhəli dalğalar qəbul edirdi:
- O
hansı sınaqlardır elə? De, bilim.
Bəlkə, öhdəsindən gələcəyəm...
Nəsrəddin
kişi indiyədək gizli
saxladığı məqsədini açıqladı:
- Sən
heyvan, mən insan kimi istehlak zənbili civarında
yaşamağa məhkumuq. Arzumuzu
reallaşdırmaq üçün bizə kifayət qədər
pul lazımdır. Pula doğru
açılan yollar isə üzümüzə
bağlıdır.
Cazibəli
plan Eşatonun yaxasını buraxmırdı:
-
Doğrudanmı bütün imkanlar tükənib?
Ağlına bir az da güc ver, bəlkə,
bir şey alındı.
Nəsrəddin
kişi təəssüflə
köksünü ötürdü:
- Təşəbbüs
üçün çox gecikmişik. Girov qoyulası
elə bir daşınmaz varımız yoxdur ki, əvəzində
bolluca kredit götürək.
Eşato
inad göstərdi:
- Ola bilməz
ki, bütün imkanlar əldən çıxsın. Bir də fikir dəryasına baş vur.
Nəsrəddin
kişi:
-
Bütün variantları ələk-vələk eləmişəm.
İşıq yeri görmürəm. Bax, kreditdən əlimiz üzülüb. İqtisadi blokadaya alınmışıq. Hər şey cirəynən verilir. Sənin, yolun qırağındakı otu da
qırpmağa, qədərindən artıq su içməyə
ixtiyarın yoxdur. Çünki
hamısının sahibi var.
Nəsrəddin
kişidən fərqli olaraq Eşato zülmətdə
işıq axtarmaq inadını davam etdirdi:
- Bulaq,
çay, artezian suyu olmasın, yağış suyu olsun. Yağış suyuna da qadağa qoyublar?
Nəsrəddin
kişi eşşəyinin sadəlövhlüyünə
acı-acı güldü:
- Ay
yazıq, sənin dünyadan xəbərin yoxmuş ki?! Bəs bilmirsən ki, gözləri yer sərvətindən
doymayanlar göydə buludları da özəlləşdiriblər?
İndi qarın, yağışın ancaq icazə
ilə yağmağa ixtiyarı var - özü də hara və
nə qədər.
Eşato
harın, acgöz tamahların qapsama ərazisinin miqdarına və
genişliyinə heyrətləndi:
- Bu, başdan-başa haqsızlıqdır! Aşağı zümrəyə məxsus olanların hüququnun açıq-aşkar pozulmasıdır. Heç olubmu ki, belə haqsızlığa qarşı etirazını bildirəsən?
Tam şüurlu insan yarımşüurlu heyvan tərəfindən yaman yerdə yaxalandı. Nəsrəddin kişi kölgəli gözlərini aşağı dikib tükü qıvrım papağına yüngül bir çırtma vurdu. Astadan həmsöhbətinə dedi:
- Haqsızlığa qarşı etiraz cəsarət tələb edir. Yox! Olanımdan qaça bilmərəm! O barədə səndən yuxarı sinfə məxsusun dişi tayı kimi bir şeyəm.
Sahibinin xəcalətli etirafı Eşatonu çaşdırdı:
- Başa düşmədim...
Nəsrəddin kişi uzun yolu kəsə keçdi:
- Yəni,
o barədə madyanam.
Vay!... Vay!... Vəziyyət erkəyi
necə də dişiləşdirir!.. Görünür, bu da zamanın yaranmış
paradoksa ironiyasıdır.
Araya üzücü sükut çökdü. Tez, lap tez
araya girən bu xoşagəlməz söhbətdən
uzaqlaşmaq lazımıydı. Heç
bir şey olmamış kimi əvvəlki çək-çeviri
davam etdirmyə başladılar.
Axırda
Eşato təşəbbüslərinin çidarlanması ilə
barışmalı oldu:
-
Bunları bildim. Hər halda səndə vəziyyətdən
çıxış yolu mövcuddur. Olmasaydı,
məni muştuluqlamazdın.
Nəsrəddin
kişi:
-
Özünü ələ al, təklifimin mübarək
lentini kəsirəm. Bəlkə də, təlaşa
ehtiyac yoxdur. Əzabkeş, zəhmətkeş
eşşək zümrəsi hər cür zülmə
alışıqlıdır. Onu nə ilə təəccübləndirmək
olar ki...
Dirənişli
Eşato var gücünü topladı:
-
Dözüm qalxanımı qaldırmışam. Sən arxayınca sınaq qılıncını
endirə bilərsən.
Nəsrəddin
kişi bu sözlərdən sonra qətiyyətlə
dilləndi:
(Ardı var)
Ədalət.-2014.-26 iyul.-S.15.