"Öz xalqımın gələcəyi ilə bağlı bütün gözəl arzularımı qardaş özbək xalqına da ünvanlayıram"

 

-Ədəbiyyatın milləti olmaz, eyni zamanda yazar və şairlərin də. Bu kontekstdən yanaşsaq, deyə bilərik ki, Azərbaycanın məşhur şairi R. Rövşəni də özbək oxucu öz sairi deyə bilir. Elə isə bu dəyərli şəxsiyyətin kitabla həyatda qazandiğı nailiyyətləri barədə söz açsaq...

- Özbək oxucusunun məni öz şairi saydığını eşitmək çox xoşdur. Təbii ki, poeziya da din kimi ayrı-ayrı xalqlara, toplumlara deyil, insanlara ünvanlanır. Şair və oxucu münasibəti kifayət qədər qapalı, mərhəm bir münasibətdir. Niyə oxucular başqa şairləri yox, məhz bu şairi sevirlər? Bu sualın cavabını tapmaq bəzən həmin o sevilən şairin özü üçün də çətin olur. Və bu cavabı tapmağa bəlkə heç ehtiyac da yoxdur. Çünki bu sualın cavabını tapan şair yəqin ondan sonra hər dəfə şeir yazanda bilə-bilə həmin oxucu sevgisinə yarınmağa çalışacaq. Və beləcə öz yerində saya-saya həmin sevgini də yavaş-yavaş itirəcək.

Mən şeir yazarkən heç vaxt oxucu haqqında düşünməmişəm, amma oxucu sarıdan da heç vaxt korluq çəkməmişəm. Bununla belə, mən o fikirdə deyiləm ki, şeirlərimi oxuyub sevənlərin, hətta əzbər bilənlərin hamısı o şeirlərdə mənim demək istədiklərimi olduğu kimi anlayıblar. Şair yazdığını yazır, oxucu oxuduğunu oxuyur. Anna Axmatova deyirdi ki, ən yaxşı şeir o şeirdi ki, oxucu onu öz sözü kimi qəbul edir, "elə bil dilimin ucundaydı" deyir. Təbii ki, bu oxucu təsəvvürü aldadıcıdır, amma bu sözdə bir həqiqət payı da var. Çünki, şair təkcə öz duyduqlarını yox, başqalarının da duyduğu, amma sözlə ifadə edə bilmədiyi hissləri, sıxıntıları, ağrı və iztirabları sözə çevirə bilir və hansı mənadasa o adamları bu sıxıntıdan xilas edir. Bu baxımdan, "ədəbiyyat insanı tənhalıqdan qurtarır" deyən Lev Tolstoy haqlı idi. O ki qaldı kitablara... Mənim kitablarım oxucularımla görüş yerimdir.

-Hansı kitablara heyrət edirsiniz?

- Doğrusu, məni heyrətləndirən kitabları daha çox uşaqlıqda, gənclikdə oxumuşam. Çoxdandır ki, Nazim Hikmət demişkən, söz məni sərxoş edə bilmir. Nə özümünkü, nə də özgəninki... Görünür, bunun bir səbəbi də mənim təkcə oxucu yox, həm də yazıçı olmağımdadır. Mən oxuduqlarımı istər-istəməz peşəkar gözüylə oxuyuram, o ədəbi mətnlərin (şeir, hekayə, roman və s.) təkcə özünü yox, astar üzünü də görürəm; yazıçı bicliklərini, nəyin haradan gəldiyini və hara gedəcəyini...

Yeri gəlmişkən deyim ki, mən həm də peşəkar kinossenaristəm, yazdığım ssenarilər əsasında bir çox bədii filmlər çəkilib. Amma bununla belə, mən hansısa kinoya bir peşəkar kimi yox, adi tamaşaçı kimi baxmağa özümü kökləyə bilirəm. Və bütün kəm-kəsirlərinə baxmayaraq, bəzən hansısa ortabab bir filmdən hətta təsirlənməyim də olur. Amma bir oxucu kimi mən daha qəddaram və görünür, bu da bədii sözə daha qısqanc yanaşmağımdandır. Bununla belə, məni yazıçı fantaziyasının qəribəliyi və gözlənilməzliyi ilə ən çox təsirləndirən sonuncu əsər təxminən 25 il bundan əvvəl oxuduğum alman yazıçısı Züskindin "Parfümer" ("Əttar") romanı olub. Təəssüf ki, o romanın əsasında çəkilən eyniadlı film məni o qədər də tutmadı.

-Dünyanın məşhur yazıçısı E. Heminguey öz şagirdinə oxuması vacib olan təxminən 15-ə qədər əsərlərin siyahısını vermişdir. Siz də ustad olaraq bu günki gənclərə hansı əsərləri oxumağı tövsiyə edərsiniz?

- Məncə, kiməsə hansısa kitabları oxumağı məsləhət görmək, kiməsə hansısa dərmanları içməyi məsləhət görmək bir şeydir. Eyni dərman kimi, eyni kitab da müxtəlif adamlara müxtəlif cür təsir göstərə bilər. Amma hər halda mən cavan yazıçılarımıza əvvəlcə özümüzü tanımağı, şərqin və türk dünyasının böyük sənətkarlarını oxumağı məsləhət bilərdim; Mövlanənin "Məsnəvi"sini, Nizaminin və Nəvainin "Xəmsə"lərini, Yunis İmrənin şeirlərini, Füzulinin qəzəllərini... Əsərləri həm sətirüstü, həm də sətiraltı mənalarla, çoxmərtəbəli təşbeh və bənzətmələrlə zəngin olan bu sənətkarlardan bu gün də çox şey öyrənmək mümkündür. Eyni zamanda, bu şeirlərin tam əksi olan, heç bir bər-bəzəksiz, ibarəsiz, mübaliğəsiz, sadə və yalın bir dillə yazılmış, bir neçə misra ilə hissin mənzərəsini, bütöv bir poetik lövhəni yarada bilən Çin poeziyasının intibah dövrü şairlərinin (Li Bo, Van Vey, Du Fu) şeirlərini, yapon xokkularını oxumağı da məsləhət görərdim; az sözlə çox şey demək ustalığını öyrənmək üçün. Ümumiyyətlə, dünya poeziyasında sevdiyim, bəzilərini də ana dilimizə tərcümə elədiyim şairləri saysam çox böyük siyahı alınar. Odur ki, o şairlərdən mən də 15-nin adını yazmaqla kifayətlənirəm; Şarl Bodler, Artur Rembo, Pol Verlen, Pol Eluar, Giyom Appoliner, Rayner Maria Rilke, Emil Verxarn, Robert Frost, Federiko Qarsia Lorka, Pablo Neruda, Vyaçeslav Nezval, Boris Pasternak, Osip Mandelştam, Anna Axmatova, Marina Svetayeva.

-Aydındır ki, bu gün informasiya bolluğu genişləndikcə, insanin ağılına, ürəyinə və şüuruna mənfi təsiri olan xəstəliklərin də çoxaldığı bir zamanda yaşamaqdayıq. Elə isə kitabın gücü bu vəziyyətdən insanin gözəl mənəvi dünyasını qurtara bilərmi?

- Bildiyiniz kimi, hava, efir əslində maddi, toxunulası, ələ gələsi bir şey deyil. Min illər boyu belə düşünürdülər ki, efir-ruhun ərazisidir. XX əsrdə radionun, televiziyanın və nəhayət internetin kəşfi ilə efir zəbt edildi. Yəni, ruhun ərazisi işğal olundu.

Biz əvvəllər Sovet İttifaqında yaşayarkən bu işğalın təsirini o qədər də hiss etmirdik. Çünki, Sovet İttifaqı qapalı ölkə idi. Qapalı ölkədə yaşamaqsa konserv qutusunda olmaq kimi bir şeydir. Havasızlıqdan sıxılırsan, boğulursan, amma çürümək təhlükəsi yoxdur.

İndisə, biz dünyaya açığıq, Qazax şairi Muxtar Şaxanov demişkən; qərbə inteqrasiya edirik, amma bunu "çerez kanalizasiya" edirik. Hər tərəfdən üstümüzə cürbəcür informasiya axını gəlir və bu çirkli havada çürümək təhlükəsi də var. Bu baxımdan, qazandıqlarımız hələ şübhə altında olsa da, itirdiklərimiz göz qabağındadır. Mən bunu deyərkən təkcə mənəvi, əxlaqi baxımdan itkilərimizi nəzərdə tutmuram. Qəribədir, sovet vaxtı itirməkdən qorxduğumuz, üstündə əsə-əsə qoruduğumuz ana dilimiz də get-gedə çirklənməkdədir. Ən qəribəsi də, bəzi şairlik, yazıçılıq iddiasında olanların dilə münasibətidir. Adını unutduğum bir cavan şairin haçansa bir jurnalda dillə bağlı dediklərini hələ də unutmamışam. Bu cavan şair dilimizi sterilləşdirmək, doğub-törəmək qabiliyyətindən məhrum etmək iddiasında idi. Bu təxminən qayıqla dənizdə üzmək istəyən adamın dənizi qurutmaq iddiası kimi gülməli bir şey idi. Gülməli olmayan isə o cavanın öz ana dilinə qarşı o cürə düşmənçiliyi, nifrəti idi. Və bu gün ana dilimizdə olan gözəl kitabları oxumaq bizə bu dilin geniş imkanlarını, böyüklüyünü və gözəlliyini bir daha duymaq üçün lazımdır. Mən didaktik ədəbiyyatı, oxucusuna dərs verən şair və yazıçıları heç vaxt sevməmişəm. Amma min illər boyu yaranmış dünya ədəbiyyatının ən gözəl nümunələri bizə bir dərs verir; sevgi dərsi. Böyük ilahi sevgidən adi insani sevgiyəcən.

Bir çox illər bundan əvvəl Yaponiya ilə bağlı qəribə bir xəbər oxumuşdum. Ekoloji cəhətdən havası çox çirkləndiyinə görə Tokio şəhərində telefon budkalarına bənzər "hava budkaları" quraşdırılmışdı. Hər bir adam o budkaya girib pul atmaqla heç olmasa bir neçə dəqiqəliyə təmiz havayla nəfəs ala bilərdi. Bu gün təkcə təbii yox, mənəvi ekologiyası da həddən artıq çirklənmiş dünyamızda gözəl kitabları oxumaq, həmin o təmiz, saf havayla nəfəs almaq kimidir.

-Sənətkarın birinci qanadi, təbii ki, istedaddır. Sizə görə, onun ikincisi nədir? Etiqadmı, elmmi, yoxsa saf ürəkmi?

- Saydıqlarınızın hamısı sənətkar üçün vacibdir. Hətta safqəlbli, yaxşı adam olmaq da. Böyük rus şairi Boris Pasternaka hansısa şairi tərifləyəndə təəccüblə soruşmuşdu: "Axı o necə yaxşı şair ola bilər? O ki, pis adamdır."

Amma şair üçün istedaddan sonra ən vacib keyfiyyət məncə səmimiyyətdir. Özü də, oxucuya qarşı səmimiyyətdən daha çox şairin özünə qarşı səmimiyyəti. Şair öz daxili vəziyyətini şeirlərində səmimi şəkildə ifadə eləyərkən, həm də onu bu vəziyyətə salmış mühitin mənzərəsini vermiş olur. Bu baxıımdan, bəzən ən şəxsi, intim mövzularda yazılan şeirlər də istər-istəməz ictimai məzmun qazanır. Şopenhauer deyirdi ki, əsl poeziya öz dövrü haqqında tarix kitablarından daha dürüst təsəvvür yaradır.

Və deməli, özünə qarşı səmimi olmayan, yalan yazan şairlər təkcə ədəbi yox, həm də tarixi saxtakarlıqla məşğuldur.

-Bəzi alimlər kəşfləri çarəsizlikdən tapılmış çarə adlandırırlar. Sizə görə, alimlər kəşf üçün çətinliyəmi rast gəlməlidirlər?

- Bir məşhur ifadə var: "Öz yurdunda peyğəmbər yoxdur". Öz dövründə qədri-qiyməti bilinməyən, ehtiyac və səfalət içində yaşayan dahilər az olmayıb. Və doğrudan da, bir çox sənətkarın öz dövrüylə, mühitiylə konflikti, toqquşması dünya ədəbiyyatında bir çox böyük əsərlərin yaranmasına səbəb olub. Bu, təxminən dişli çarxların iç-içə, dartışa-dartışa bir-birini hərəkətə gətirməsinə bənzəyir. Amma istedad öz yaradıcılıq gücünü yalnız əzab-əziyyətdən, ehtiyac və yoxsulluqdan alsaydı, onda gərək Lev Tolstoy adlı yazıçı olmayaydı. Əslinə qalsa, bütün əlavə qayğılar, o cümlədən də məişət qayğıları yaradıcı adama yalnız mane olur. Bu mənada, Markesin bir fikrilə tam razıyam ki, şairlər, yazıçılar haqqında o cür düşünənlərin, "yaxşı yazmaq üçün pis yaşamaq lazımdır" deyənlərin özlərini pis yaşamağa məcbur etmək lazımdır ki, görsünlər bu necə olur.

-Qərb yazari Jemes Joyesin yaradıcılıq sirri ilə bağlı "Hər bir yazarin qələmində bir romana çatacaq mürəkkəb olar" -deyə bir sözü vardır. Şairin poetik ruhu, şeirlə, kağızla üz-üzə gəlmə vəziyyəti, təbii ki, heyrətli vəziyyətdir. Bir şeiri yazan şair diger lirik vəziyyətə keçərkən mütləq digər ruhi vəziyyəti hiss edər. Buna görə bütün yaradıcılığından yalnız bir əsər yazmaq, yəni üslub, əslində, "sənətkarın özüdür" - mənasındakı yukaridaki fikir haqqında nələr deyə bilərsiniz?

- Üslub, əslində, hər bir şairin, yazıçının özünü ifadə formasıdır. Dünyanın böyük sənətkarlarını oxuyarkən, biz özünü ifadə etməyin müxtəlif yollarını və formalarını görürük. Amma sən özün maraqsızsansa, heç bir gözəl üslub, forma səni maraqlı edə bilməz. Mən forma axtarışlarıyla daha çox cavanlıqda, xüsusən 60-cı illərin axırlarında məşğul olmuşam. O illər mənim üçün özünütəsdiq dövrü idi. Sənətdə də, həyatda da fərqli görünməyə, bənzərsiz olmağa çalışmaq; fərqli yazmaq, fərqli geyinmək. Amma söhbət əsl poeziyadan gedirsə, hər bir şeir öz ifadə formasını, ahəngini, intonasiyasını özü ilə gətirir. Və şairin fərqliliyi, bənzərsizliyi onun dünyaya necə görünməyində yox, dünyanı necə görməyindədir.

-Gəncliyin yazacağı öz mövzuları - seirləri vardır. Eyni sırada böyümək, inkişaf dövrü sayılan, həyat haqqında dərin düşüncəylə deyilən seirlər də vardır. Müqəddəs kitablarda, "Ruh ölməzdir" - deyilir. Sairin ruhu, seirin ruhu - bizim bu fani dünyada necə başa düşülür?

- Şeirdə, musiqidə, ümumiyyətlə mədəniyyətdə bir ilahi başlanğıcın olması şübhəsizdir. Qədim Latınca mədəniyyət sözü ikimənalıdır: "kultura agri" (yəni, torpağı becərmək) və "kultura Dei" (yəni, Allahı dərk etmək). İstedad Allah vergisidir. Onu heç nəylə almaq, qazanmaq mümkün deyil. Aristotel şairləri "tanrı divanəsi" adlandırırdı. Tanrı ölümsüz olduğu kimi, mayasında ilahi eşq olan poeziya da ölümsüzdür. Biz SSRİ adlı ali məktəblərində Allahsızlıq ("elmi ateizm") dərsi keçirilən bir ölkədə böyüyüb təhsil alsaq da, Allahsız olmadıq. Əgər 60-cı illər bizim poeziyamızda forma axtarışları, dünyaya açılış dövrü idisə, 70-ci illər özünə qayıdış dövrü oldu. İnqilabdan sonrakı poeziyamızdan bədxassəli şiş kimi kəsilib götürülmüş olan metafizik düşüncə, Allah və insan münasibətləri məhz bu illərdə yenidən poeziyamıza qayıtdı. Və qərbin ekzistensial fəlsəfəsi ilə şərqin sufi düşüncəsinin qəribə, bənzərsiz bir sintezi yarandı. Təəssüf ki, bu poeziya vaxtında layiqincə tərcümə olunub dünyaya çatdırıla bilmədi. İnanıram ki, gec-tez bu da olacaq. Yeri gəlmişkən, mənim də dəvət olunduğum, Avropa şairlərinin sentyabr ayında Riqada keçiriləcək görüşü də metafizik poeziya mövzusuna həsr edilib.

Hələ İsa peyğəmbər "mənsiz heç nə yarada bilməzsiz" deyirdi. Təəssüf ki, biz bu gün "yaradıcılar dünyasında" yox, istifadəçilər dünyasında yaşayırıq. Və bunun bir nümunəsi də bu gün kifayət qədər geniş yayılmış postmodern ədəbiyyat və mədəniyyətdir. Müxtəlif janrlarda özünə qədər yaradılmışları, mayasına bir qədər ironiya qatıb müxtəlif formalarda, maraqlı və ya maraqsız şəkildə "təkrar istehsal edən" bu mədəniyyətin nəsrdən və kinodan fərqli olaraq poeziyada heç bir ciddi uğur qazana bilməməsinin bir əsas səbəbi var; poeziya süni mayalanma yolu ilə yaranmır və şeir təkcə dil hadisəsi, sözlərin müxtəlif kombinasiyaları deyil. Ən əsası o cansız sözlərə nəfəs verən poetik ruhdur. Amma bu proses necə baş verir? Bu suala cavab vermək çox çətindir. Çünki bu artıq ədəbiyyat yox, kimyagərlikdir. Böyük dramaturqumuz Mirzə Fətəli Axundovun bir pyesində məsxərəyə qoyduğu kimi misdən qızıl düzəltmək cəhdidir. Və qəribə burasıdır ki, poeziyada bu mümkündür.

-Seirdə ən vacib şey nədir? Təbii ki, asagidaki səbəblərin hər birini

istedad və məhəbbətlə bağlayaraq söyləyə bilərik: bədiilik, dərin fikir, fəlsəfi xülasələr, ruhi mənzərələr, azad yaşam tərzi. Sizcə, bunlarin hansı birinə ön sıraya qoymaq lazımdır?

- Şeirə resept vermək çox çətindir. Hansısa şeirdə saydığınız bütün məziyyətlər artıqlamasıyla ola bilər, amma o şeir sizin bir tükünüzü də tərpətməz. Və bütün bu məziyyətlərin heç birisinin olmadığı, 2*2=4 qədər sadə bir şeir sizi sarsıda bilər. Ümumiyyətlə, istedad sadə şeyləri qəliz demək yox, ən qəliz, mürəkkəb şeyləri sadə demək bacarığıdır. Böyük şairlərin yaradıcılığına baxsanız, onların get-gedə necə sadələşdiyini görəcəksiniz. Hətta Pasternak kimi çox mürəkkəb bir şairin də son şeirləri ağılagəlməz dərəcədə sadəliyi ilə seçilir. Əslində, təcrübə bizə yazmaqdan daha çox pozmağı öyrədir. "Poeziya musiqi olmağa can atır". Bu məşhur deyimdə böyük həqiqət var. doğrudan da, şeir özünün ən yüksək nöqtəsində musiqiyə çevrilməyə, bütün artıq şeylərdən, hətta sözdən də azad olmağa can atır. Amma təəssüf ki, bu mümkün deyil.

-Əlişir Nəvainin "Xəmsə"si cəmi 300 nüsxə imiş. Halbuki ki, bu əsər bütün Turan və Xorasanda məşhur idi. Bu gün isə Nobel mükafatı namizədi olan yazıçıları da tanımırıq və ya adini o mükafatı aldıgı zaman öyrənirik. Hətta çox tezliklə də o adları unuduruq. Sizə görə, məşhurlaşmaq sözünün sair taleyində necə yeri var?

- Məşhurluq, populyarlıq istedadın əsas göstəricisi deyil, populyar olmayan istedadlı şairlər də var. Amma populyar olmaq üçün də, hər halda istedad lazımdır. Çünki populyarlıq bizim şeirlərimizin oxucu qəlbindən gələn əks-sədasıdır. Və soyuq, məzmunsuz şeirlərlə kiminsə ürəyini tərpətmək çətin məsələdir. Bir sözlə, populyarlıq şair üçün hər şey demək deyil, amma populyarlığı guya heç nə sayan şairlərin də səmimiyyətinə mən inanmıram. Çünki, belələrinin xırdaca bir oxucu diqqətindən necə sevindiklərini çox görmüşəm.

-Yazmadiğınız günlərin əvəzini necə çıxırsınız? Ruh düşgünlüyünəmi qapılırsınız, yoxsa sənətkar hər gün yazmalıdırmı?

- Mən şair işləmirəm. Və təbii ki, şeir yazmadığım günlər şeir yazdığım günlərdən qat-qat çoxdur. Cavanlıqda şeirə, sözə çevrilmək istəyən heç bir fikri, hissi, duyğunu əlimdən buraxmazdım. İndi sözə daha xəsisəm. Əslində, nəyəsə poetik tərif vermək, hansı sözlərdənsə poetik kombinasiyalar qurmaq o qədər də çətin iş deyil. Bu dünyanın tozundan ulduzunacan hər şey dil açmaq, danışmaq, sözə çevrilmək istəyir. Və mənə elə gəlir ki, bizim yazdığımız şeirlər bizsiz də mövcud idi. Və bundan sonra yazacağımız şeirlər bizsiz də mövcuddur. Sadəcə, biz o şeirləri görə də bilərik, görməyib yanından ötə də bilərik. O şeirləri görmək üçün həmişə şeir havasında yaşamalısan. Məişət qayğıları şairi əzəndə burnunun ucundakı şeiri də görməyə bilər. Belə təsəvvür var ki, insan qocaldıqca qayğıları azalır, onun qayğısını çəkməyə başlayırlar. Amma mənim gördüyüm mənzərə əksinədir; qocaldıqca sanki qayğılarımız da artır. Təbii ki, bu dediklərim az yazmağın bəraəti deyil. Bir də ki, az və ya çox yazmaq anlayışı da şərtidir. Məsələ nə qədər yazmaqda yox, nə yazmaqdadır. Cavanlıqdan fərqli olaraq, mən bu gün beynimdən keçən, yazılmaq istəyən bütün şeirləri yox, yalnız yazmaq istədiyim şeirləri yazıram. Bunu da etiraf edim ki, indiyəcən yazdığım yüzlərlə şeirin heç biri sözün tam mənasında mənim yazmaq istədiyim şeir deyil. Hər dəfə yazmaq istədiyimlə yazdığımın arasında nəsə bir itkinin, çatışmazlığın olduğunu hiss edirəm. Və hərdən mənə elə gəlir ki, o itirdiyim bəlkə də yazmaq istədiyimin ən gözəl hissəsidir.

-Sizin "Süd dişinin acisi" adlı dastanınızı və bir çox şeirlərinizi özbək oxucu yaxşı bilir. Bəli, onların hamısı da Ramiz Rövşən adlı böyük bir dərdin, iztirabın, ayrılığın, məhəbbətin, ümumən, canli və həssas ürəyin nərələrini dinləmişlər. Bəs bu gün sairi nələr narahat edir?

- Bizim bütün yazdıqlarımızda, hətta ən absurd, mücərrəd əsərlərdə belə öz tərcümeyi halımızdan irəli gələn bir çox məqamlar olsa da, şeirlərində ifadə etdiyi bütün ağrıları, acıları mütləq şairin özünün yaşadığını düşünmək səhv olardı. Hələ 500 il bundan əvvəl böyük Füzuli deyirdi: "Dərd çox, həmdərd yox". Şairlik təkcə dərd çəkmək deyil, həm də dərd çəkənlərə həmdərd olmaqdır. "Ədəbiyyat həyatın güzgüsüdür" deyirlər. Amma ədəbiyyat təkcə həyatda gördüklərimizi, duyduqlarımızı yazmaq, təsvir etmək deyil, həm də həyatda itirdiklərimizi bədii təxəyyülün gücünə təzədən varaq üzərində diriltmək, yaşatmaq cəhdidir.

"Haçansa yaşadığımız yerlərə təzədən qayıtmaq mümkün olsa da, yaşadığımız illərə təzədən qayıtmaq mümkün deyil". 90-cı illərə, Qarabağ müharibəsinə qədər bu fikir mənə aksioma kimi görünürdü. Amma bu gün, haçansa yaşadığım, gəzdiyim, sevdiyim yerlərə qayıtmaq, haçansa yaşadığım illərə qayıtmaq qədər imkansızdır. Və bu imkansızlıq mənim dərdlərimin sırasında yeni bir dərddir.

-Əgər deyilsə ki, on ildən sonra Ramiz Rövşən kimi bir sair doğulacaq, Siz ona hansı öyüdləri verərdiniz?

- Əgər haçansa Ramiz Rövşən kimi bir şair doğulardısa, mən ona ikinci Ramiz Rövşən olmaqdansa, birinci Özü olmağı məsləhət bilərdim.

-İki qardaş elin gələcəyi, dostlugu, inkişafı yolundakı ədəbi əlaqələri haqqında nələr deyə bilərsiniz? Bu yolda daha nələr edilməliir?

- Məncə, sovet dövründə əlaqələrimiz daha sıx və möhkəm idi. Bu, təxminnən bir evdə, bir ailədə yaşayan qardaşların münasibətinə bənzəyirdi. Müstəqillik qazanandan sonra hər qardaşın öz evi, öz ailəsi oldu və təbiii ki, əlaqələrimiz də bir az seyrəldi. Bu gün həmin əlaqələri möhkəmlətməyə ehtiyac var və bunu sovet dövrünün gözəl bir ənənəsini davam etdirməkdən, Bakıda Özbəkistanın, Daşkənddə isə Azərbaycanın ədəbiyyat və mədəniyyət günlərini keçirtməkdən başlamaq lazımdır. Sonrası öz-özünə gələcək.

-Özbək elinə- xalqına diləkləriniz.

- Öz xalqımın gələcəyi ilə bağlı bütün gözəl arzularımı qardaş özbək xalqına da ünvanlayıram.

 

Ramiz Rövşənlə söhbətləşdi Xasiyət Rüstəm

(Özbəkistan)

 

"Kitab dünyası" qəzeti 11 iyun 2014-cü il

( Daşkənd)

Tərcümə etdi: Almaz ÜLVİ

ədalət.-2014.-26 iyul.-S.9.