E Ş A T O

(uzun hekayə)

 

 - Sən qənaət üsuluna keçməlisən! Gündə bir qədər istehlak zənbilindən kənara qoymalısan. Biz bu artıqları toplayar, pula çevirib məqsədimizə çata bilərik.

Bu sözləri eşidən Eşatonun qulaqları palma yarpağı kimi yana düşdü, beyni dumanlandı, qara gözlərindən şıppır-şıppır axan iri damlalar yanaqlarını islatdı. İçini çəkib zarıya-zarıya dilləndi:

- Bildim. Aqibətimin necə olacağı aydınlaşdı. Baban Molla Nəsrəddin də eşşəyini qənaətə öyrədirdi. Zavallı heyvan sonda qənaət sınağına dözməyərək canını tapşırdı. Görürəm ki, sən də babanın üsulu ilə mənim axırıma çıxmaq istəyirsən. Yox, mən son ucu ölüm olan qənaət variantından imtina edirəm!

Nəsrəddin kişinin səsində hələ inam notları səngiməmişdi. Əlində şəstlə hərlədiyi papağının tozunu bir çırtmalıq da aldı:

- Ey vəfalım, "yox" deməyə tələsmə. Nəvə Nəsrəddin baba Nəsrəddinin buraxdığı acınacaqlı səhvdən yan keçəcək. Bunu sənə əminliklə deyirəm.

Eşatonun yaşlı gözləri işığa gəldi:

- Necə?

Qələbəsinə əmin-arxayın olan Nəsrəddin kişi:

- Deyim də!..

Bu əsnada bərk partlayış gurultusu eşidildi. Təlaşlanan Eşato sahibinin üzünə baxdı. Sahibi onun baxışlarının nə soruşduğunu anladı:

- Düşmən əməlinin nəticəsidir. Yaşıl Obada mina partladı. Kiminsə nahaq qanı töküldü. Kaş uşaq olmayaydı.

Gərginliyin ötməsi xeyli çəkdi. Yəqin itkinin nəticəsini televizorun axşam xəbərlərində səsləndirəcəklər. Özünə qayıt, zəhmətkeş heyvan. Özünə vəziyyətə uyğunlaşmaq hissləri aşıla. Yoxsa, sənin üçün çətin olar. Eşato silkinib üzücü kədərin basqısından çıxdı. Necə olursa-olsun, nikbinliyə doğru! Yoxsa ölümün əlini vaxtından əvvəl sıxmalı olarsan. Eşato sorğusunu təkrarladı:

- Necə?

Nəsrəddin kişi də gümrahlığı çox uzaqlaşmağa qoymadı:

- Deyim də!..

Eşato nikbinlik ab-havasını zorla da olsa, saxlamağa çalışdı:

- Hə, de! De!..

Nəsrəddin kişi fikrini toplayıb söhbətini davam etdirməyə başladı:

- İndi vəzifə də, şöhrət də, pul da idman və incəsənət yarışlarındadır. Hərə öz çəkisi, öz sahəsi üzrə yarışlara qoşulur. Qaliblik gərgin məşqlərdən, davamlı mübarizədən keçir. Çempionlar qədərli pulla və fəxri adlarla, titullarla mükafatlandırılır. Pulun olandan sonra biznes aləminə qoşulur, firavan həyata qovuşursan. Bundan sonra "Əlvida, kasıblıq!" deyə sinə dolusu hayqırırsan.

İlğım kimi görünən cazibəli həyat arzusu Eşatonun gözünü qamaşdırdı:

- Sənin sözlərindən belə çıxır ki, mən də məməsindən pul sağılan o yarışlara qoşula bilərəm?

Nəsrəddin kişi:

- Niyə də qoşulmayasan!.. Çağdaş zamanımızda dünya əhli heyvanatla bağlı maraqlı yarışların şahididir. Eşitməmisən ki, müxtəlif qitələrdə fillərin, şirlərin, ayıların, meymunların, atların, xoruzların, itlərin, pişiklərin yarışı keçirilir?

Eşato heyrətlə soruşdu:

- Pişiklərin də?

İynəsi tikiş tutmuş Nəsrəddin kişi boğazını arıtlayıb bəlağətlə cavab verdi:

- Hətta tarakanların da!.. İndi isə eşşəklərin yarışı dəbə minib.

Eşato qeyri-iradi:

- Bu ki, aləm oldu! Yiyəmiz olsa, arxamızda dayanan sponsor tapa bilsək...

Nəsrəddin kişi sevincdən qabağa sıçrayanı geri oturtdu:

- Bu planlı bir layihədir. İlk pillə məndən başlayır.

Eşato sadəlövhlüklə:

- Aydın məsələdir ki, sən mənim sahibimsən, arpamın, samanımın qayğısına qalansan.

Nəsrəddin kişi:

- Maliyyə xərclərini təmin edə bilsək, xaricə çıxış üçün viza ala bilsək, mən daha iki vəzifə ilə yüklənəcəyəm. Yerişinə, yürüşünə, yükçəkmə qabiliyyətinə bələdəm. Sən tenorda oxuyursan. Bir anqır görüm səsin yerindədirmi?

Eşato xahişə əməl etdi. İçini çəkə-çəkə var gücü ilə anqırdı. Onun möhtəşəm səsi dağlarda, daşlarda əks-səda verdi:

- İ-aaa!... İ-aaa!.. İ-aaa!..

Şövqə gələn Nəsrəddin kişi papağın tozunu çırtmaladı:

- Əla!.. Yarışlara qoşulmaq üçün əsas göstəricilərə malikik!.. Qalır köməkçi yardımlar...

Həyəcanlanmış Eşato dözmədi, hövlnak soruşdu:

- Sən bayaq əlavə vəzifələrindən danışdın. Onlar hansılardır?

Nəsrəddin kişi sanki istifadəyə veriləcək təzə bir obyektin açılış lentini kəsirdi. Maestrolara məxsus bir əda ilə yeni vəzifələrinin izahına keçdi:

- Mən sənin güc yarışlarında məşqçin, səs yarışlarında prodüsserin olacağam! Səni çətin, şərəfli və mükafatlı yarışlara hazırlayacağam! Bu vəzifələri başqasına etibar edə bilmərəm. Qərəzlilik, ədalətsizlik ən nümunəvi yarışlarda belə olur.

Ədalətli Eşato ürəyində ədalətsizləri, pula və tapşırığa satılanları qınadı:

- Doğrudanmı inanılmışlar da ədalətsizliyə yuvarlanırlar?

Nəsrəddin kişi hər ehtimala qarşı Eşatonun bəsirət gözünü açmağa çalışdı və fikrini çəkdiyi misalla möhkəmləndirdi:

- Qarışıq - iştirakçıları həmcins olmayan yarışlarda yol verilən qəbahət müqayisənin köməyi ilə daha kobud görünür. El şairi Tahir Yadigar (Allah ona rəhmət eləsin) bu hala aşağıdakı misraları ilə etirazını belə bildirir:

Qarğa qarıldayıb mükafat aldı,

Bülbülün səsinə yer verilmədi.

Eşato örnək olunası fikrə iradını bildirməkdən qalmadı:

- Bülbülün də günahı ondadır ki, özündən zəiflə yarışa girib asan qələbə qazanmaq istəyirmiş.

Nəsrəddin kişi də öz mövqeyində qaldı:

- Orası elədir. Ancaq münsiflər heyətinin gözlənilən və gözlənilməz ədalətsizliyinə, tərəfkeşliyinə qarşı hazır olmaq gərəkdir. Bunun üçün rəqibindən qədərindən artıq üstün olmalısan ki, birinciliyini şübhə altında qoymayasan. Yəni, bal hesabı ilə üstünlüyü aşıb hamının aksiom kimi qəbul etdiyi təmiz qələbəyə can atmalısan.

Hər ikisinin sözlərində kifayət qədər həqiqət payı vardı. Mübahisədən adlamaq, məqsədə doğru hərəkət etmək dəmi çatmışdı. Sahibindən daha çox darıxan Eşato dilləndi:

- Ey ağlı dərya sahibim, indi de görək, nədən başlayaq?

Nəsrəddin kişi döyüşqabağı gərginlik keçirənlər sayaq bir az fikrə daldı, sonra tozlu papağının buruq tüklərinə bir çırtma vurub sözünə başladı:

- Şükürlər olsun ki, bütün istiqamətlər üzrə razılığa gəlmişik, aramızda fikir ayrılığı yoxdur. Nəzərdə tutulan qələbələrin həm şöhrətinə, həm də dövlətinə ortağıq. Səhvə yol verməmək üçün məqsədyönlü mərhələləri düzgün sıralamalıyıq. Hələlik qənaət üsulu ümid gözlədiyimiz yeganə mənbədir. Sonrasına baxarıq...

Eşatonun proqnoz qulaqları bir az sallandı:

- Yenə ehtiyac zənbilini ortaya çəkirsən?

Nəsrəddin kişi:

- Bəli, mənim gözəl arkadaşım. Biz Ərzaq Komitəsinə yenidən müraciət etməliyik. Cazibəli məqsədimizlə onları ətraflı tanış etməliyik. Və xahiş etməliyik ki, istisna hal kimi mənim insan, sənin heyvan olaraq ehtiyac zənbilimizin çəkisini və dəyərini bir neçə qat artırsın. Xahişimiz tutularsa, biz çoxdan çox qənaət etmək imkanı qazanarıq.

Eşato heyvan başını işə saldı:

- Burada əsas ağırlıq mənim üstümdədir. Fürsətdən istifadə edib, sən də öz dağarcığını ortaya çəkirsən. İşin xatirinə öz umacağından vaz keçə bilərsənmi?

Nəsrəddin kişi qəti etiraz etdi:

- Bu layihənin mühəndisi, məşqçisi, prodüsseri mən; fəhləsi, idmançısı, müğənnisi sənsən. Mən göstərənəm, sən icra edən. Nədən tərəfin biri layihənin nəticəsindən faydalanmasın? Bu onun ana südü kimi halal haqqıdır.

Heyvan olanda nə olar... Eşato məntiqin qarşısında geri çəkildi:

- Nə deyirəm... Amma müsbət cavab sarıdan ağlım bir şey kəsmir. Günü-gündən azalanı necə artıra bilərlər?

Nəsrəddin kişi arxadaşına ürək-dirək verdi:

- Ümidsiz olma, ehtiyatımda alternativ variantım da var.

Baş-başa verib yazdılar. Arada bir vəkilə də müraciət edib məsləhətlər aldılar. Ancaq Ərzaq Komitəsindən nə həvəskarların, nə də mütəxəssislərin məktublarına cavab gəlmədi. Məktublardan sanballı hesab etdiklərini ara qəzetlərinin birində də dərc etdirdilər. Mətbuatın da sözü təsirsiz ötüşdü. Ancaq proqram cədvəl üzrə davam etdirilirdi. Baş bilən Nəsrəddin kişi alimanə bir diqqətlə yavaş-yavaş qənaəti artırır, ərzağı azaldırdı. Eşato dözmədi:

- Bu qənaət üsulu mənim axırıma çıxacaq. Günü-gündən arıqlayır və heydən düşürəm.

Nəsrəddin kişi arxadaşının sözü ilə barışmadı:

- Elə demə. Əksinə, günü-gündən qıvraqlaşır və cavanlaşırsan. İdmançılar həmişə yarışqabağı yeməyə, suya qənaətə keçib çəki atırlar. Bu da onların qələbəsində mühüm rol oynayır.

Eşato sahibinin gətirdiyi əsaslı dəlillərin qarşısında susdu. Susmaq razılaşmaq əlamətiydi.

Günlər həftələrə, həftələr aylara çevrildi. Pozulmaz qənaət recimi davam edirdi. Artıq onlar qənaət olunmuş arpa və samanın hesabına nəzərə çarpacaq ehtiyat toplamışdılar. Bu pul yerli əhəmiyyətli yarışa kifayət edərdi. Bəlkə, nə vaxtsa sərbəst, ixtiyarı özündə olan sponsorla rastlaşacaqlar. Onda beynəlxalq yarışlarda iştirak etmək iddiasına düşmək olardı. Yeri gələndə iradə maliyyənin demədiklərini deyə bilir. Arxadaşlar inanırdılar ki, gün gələcək, gözlənilməz parlaq nəticələri ilə onlara bu çətin mərhələdə əl uzatmayan müəmmalı Ərzaq Komitəsini və təmənnalı imkanlıları utandıracaqlar.

Birdən nəzərə almadıqları imic məsələsi ortaya çıxdı. Həm mədəniyyət, həm də idman sahəsinin öz tələbləri vardı. Eşato qotur qiyafəsində yarışlara qoşula bilməzdi. Necə olursa-olsun, iddiaçının geyimində, görkəmində modelyerlər iş aparmalıydılar. Səhnə və meydan geyimi mütləq lazımıydı. Yenə nəzərdə tutulan kiçik miqyaslı məhəlli yarışın taleyi pula dirəndi. Yeni tələblərdən sonra toplanmış pul kifayət etməyəcəkdi.

Düz deyiblər ki, xəstə sağalası olsa, təbib qarşı gələr. Gözlənilmədən qaranlığın qapısı açıldı, həyatverici işığın müşayiətilə Allahın göndərdiyi bir sponsor onlara qarşı gəldi. Sponsor vəziyyətlə tanış olduqdan sonra yüngül şərtlər əsasında xeyirxahlığını əsirgəmədi:

- Sınaq üçün mən sizə pul buraxacağam. Qazanc təmənnasında olmayacağam. Yarışın nəticəsindən asılı olmayaraq, verdiyim pulu geri alacağam. Pul işə inamla girişməyin təkanverici qüvvəsidir. İnam nə qədər güclü olsa da, pulsuz qalib gələ bilməz. Əsas tanınmaqdır. Tanınandan sonra sizə qarşı gələn çox olacaq.

Razılaşdılar. Niyyət müqaviləsi imzalayıb notariatda təsdiq etdirdilər. İddiaçıların riskə getməkdən başqa ayrı əlacları yox idi: ya batmaq, ya çıxmaq!..

Pul pula qarışdı. Kiçik həcmli nəqd pul, böyük həcmli nisyə borc pulla çulğaşdı. Modelyerlər də işlərini tamamladılar.

Təkəbbürlü görkəm alan Eşatonun kəpənək misallı ağ bant boğazını, qara məxməri palan belini, gümüşü kəmərlər əndamını, platin çalarlı nallar ayaqlarını bəzədi. Bəs noxta? O da düşünülmüşdü. Əbəs yerə o, "Qızıl Noxta" kuboku üzrə ağırlıqgəzdirmə yarışlarına qoşulmamışdı. İnanırdı ki, qalibiyyət qazanmaqla həmin kəsiri təntənəli surətdə ödəyəcəkdi.

Ağırlıqgəzdirmə yarışında iştirak etmək üçün qırx eşşək qeydiyyatdan keçdi. Hər bir iştirakçı heyvan yetmiş kilo yüklə iki min metr hündürlüyə boy verən Süngər dağına qalxıb enəcəkdi. Yarışın təsisçiləri bu maneəli məsafəni daha az müddətə qət edənləri xüsusi prizlər, diplomlar və hədiyyələrlə mükafatlandıracaqdılar. Sonda hamıdan üstün olana orkestrin təntənəli sədaları altında "Qızıl Noxta" mükafatı təqdim ediləcəkdi.

İdmançı və məşqçi yarışqabağı qayğılı halda baş-başa verib dərdləşirdilər.

Məşqçi:

- Məsuliyyətli və ağır sınaqdır. Fiziki hazırlıqdan başqa, burada mənəvi durum da əhəmiyyətli rol oynayır. Sən bunun öhdəsindən gələ biləcəksənmi? Yadından çıxartma ki, sponsorumuz səbirsizliklə nəticəni gözləyir.

İdmançı:

- Qələbə çalmağıma şübhən olmasın. O tikdirdiyin evlərin daşını, torpağını kim daşıyıb? Günkeçməz meşəni kim yarıya çatdırıb? Dəninizi dəyirmana, ununuzu evinizə kim aparıb-gətirib? Uşaqlarınızı məktəbə, böyüklərinizi işə kim vaxtında çatdırıb? Əlbəttə, mən! Yarışın nəzərdə tutulan ağırlığı məni heç də qorxutmur.

Məşqçi:

- Qələbəni təmin etmək üçün bunlar yetərlidirmi?

İdmançı:

- Bunların hamısını üstələyəcək bir güvənc yerim də var.

Məşqçi:

- O hansıdır elə?

İdmançı:

- Borc məsələsi. Biz sponsorumuza borc qaytarmalıyıq. Mən özümlə birlikdə səni də zərbə altında qoya bilmərəm. Borcu qaytarmaq şüarı yarış müddətində beynimdə ildırım sürətilə fırlanacaqdır. Onda mənim gücüm birə on qat artacaqdır.

Məşqçi məhz indi arxayın nəfəs alıb Eşatonun başını tumarladı:

- Bax indi qələbəmizə tam inandım! Bax indi bütün əyaniliyi ilə "Qızıl Noxta" sənin ağıllı başında görürəm!

Elə bu vaxt Yaşıl Oba tərəfdən partlayış səsi eşidildi. Şübhəsiz ki, mina partlamışdı. Şübhəsiz ki, insan və ya heyvan tələfatı vardı. "Xəbərlər"də deyəcəkdilər. Niyə ANAMA - mina təmizləyən təşkilat sahəni vaxtında minadan təmizləmir? Deyilənə görə, maddi vəsaitləri çatmır. İçində gəzişən qəzəbli hiss dalğasından Eşatonun nigaran gözləri həlqələndi, burun pərləri titrədi:

- Kaş itkiyə məktəbli məruz qalmayaydı...

Arxadaşının sorğulu gözlərinə baxa bilməyən Nəsrəddin kişi dinməzcə papağının tozuna bir çırtma vurdu.

Üç gündən sonra ağırlıqgəzdirmə üzrə yarış başladı. Gərgin keçən bu mübarizədə çoxlarının gözləmədiyi nəticə əldə olundu - Eşato "Qızıl Noxta" yarışında birinciliyə yiyələnib həmcinsləri arasında çempion oldu. Bu uğura üç maraqlı tərəf daha çox sevindi - Eşato, Nəsrəddin kişi və bir də onları maliyyələşdirən sponsor. Yarışmanın təşkili, gedişi və yekunu barədə qəzetlər yazdı, televiziya kanalları göstərdi, radiolar xəbər yaydı.

 

Borc son qəpiyinə qədər ödənildi. Qənaət də xərcləndi. Qazanılan ilk qələbə ilk itkini neytrallaşdırdı. Sponsorun ağzı xeyirliyə açıldı:

- Siz namuslu tərəfdaş olduğunuzu sübuta yetirdiniz. Bundan böyük sınaqlara da hazıram, az faizlə qazancım olmaq şərtilə. Çalışın beynəlxalq yarışlara girişin. Onda qazancınız mənimkindən qat-qat çox olacaq.

Uğurun birinci mərhələsi başa çatdı. Artıq onlar xeyli təcrübə qazanmışdılar. İkinci mərhələyə başlamaq üçün yenidən nəticəsiz yarışmalar başladı. İstər-istəməz bu yol keçilməliydi, qoy üz qaralığı Ərzaq Komitəsində qalsın. Yenə qənaət üsuluna əl atmalı oldular. Məmurlar Eşatonun arpa-samanını mənimsəməsəydilər bu iş axarınca olardı. Neyləməkg Gücün çatmayanla barışmağa məcbursan.

***

- İ-aaa!.. İ-aaa!.. İ-aaa!..

Eşato səsini başına atmışdı. O, yeni müsabiqəyə şövqlə hazırlaşırdı. Nəsrəddin kişi bir prodüsser olaraq Avropada keçiriləcək "Şık-Şlyager" müsabiqəsinin təşkilat komitəsinə müraciət etmişdi. Müsabiqənin şərtləri məqbul hesab edildiyindən müraciət qəbul olunmuşdu. Maddi dəstək qənaət daxılından və ötən dəfəki sponsor tərifindən ödəniləcəkdi. Müsabiqənin qalibləri üçün müxtəlif nominasiyalar üzrə mükafatlar və bolluca qonorar nəzərdə tutulmuşdu. Müsabiqənin qaliblərə gətirəcəyi şan-şöhrət də öz yerində!

Nəsrəddin kişi heyranlıqla Eşatonun avazına qulaq asırdı:

- Əşşi, bu nə səs, nə zəngulədir ki, sən vurursan! Bax, fitri istedad buna deyirlər! Heç bir məktəb keçmə, bütün musiqi təhsili alanlar səndən öyrənsin! Sənin repertuarında həm ənənəvi mahnılar, həm vokal, həm də caz nümunələri yer alıb. Əvvəlcədən deyirəm: həmcinslərin arasında əlçatmaz olacaqsan! Bütün Avropanı mat qoyacaqsan!

- Bu torpaqda gəzən, onun havasını udan, suyunu içən, nemətini yeyən basılmaz. Bax üstünlüyün sirri orasındadır. Not öyrənişi, musiqi təhsili ikinci sırada dayanır.

- Yaxşı, yeni yarışa hansı şüarınla qatılacaqsan?

(Ardı var)

 

Qərib MEHDİ

Ədalət.-2014.-31 iyul.-S.4.