İSGƏNDƏR ÖYÜNÜN SƏMƏDİ

İnsan Mənzərələri

 

Zəmanəmizin mənzərəsi göz qabağındadı. Çoxumuz zamanımıza oxşayaraq sürətimizi artırır, siyasi yalanların bəhrələrindən ruhlanıb addımbaşı yalanlar söyləyir, qonşunun olana göz dikir, zəngin binalara, maşınlara baxıb varlanmaq eşqiylə alışıb yanırıq. Benzinin və onunla paralel bahalaşmaların sürəti, mənəvi dəyərlərin qiymətini sürətlə ucuzlaşdırır, insan xisləti dəyişdikcə, təbiət hadisələri də dəyişir, qürurla söylədiyimiz qlobal məkanın, texnologiya əsrinin sürətli inkişafı əslində bəşəriyyətin məhvə gedən yolunu getdikcə sürətləndirir, ədalət prinsiplərinin dəhşətli dərəcədə pozulması, Allahın özünü belə qorxuya salır.

 

Hara baxsan qan-qada,

Hara baxsan qorxudu.

Bu əzrail adamlar,

Allahı da qorxudur.

 

Amma zəmanəylə barışmayıb, onunla ayaqlaşmaq istəməyənlər də var ki, onlar da bütün günlərini giley-güzarda, dərd çəkmədə, xüsusən də başları zaman işinə qarışanların yerinə zamanın və dünyanın dərdini çəkməklə keçirirlər, varlılar öz milyonlarıdan necə zövq alırlarsa, onlar da öz dərdlərinin dəryasında sonalar kimi üzməkdən eləcə zövq alırlar...

Mən isə köhnə kişilərdən, ötmüş zamanlardan yazaraq, çulumu bu zamanın selindən sürüyüb çıxarıram, Qoç Koroğlu demiş: "Keçər dövran belə qalmaz, Şad ol könül, nə məlulsan" - deyib də, ümidlər və təsəllilərlə başımı girləyirəm.

Bütün bunlara baxmayaraq, Allaha çox inanıram və inanıram ki, dünya düzələcək, hər şey yaxşı olacaqg

 

Boş könüllər dolarmı,

Dolsa, dolu qalarmı?

Badəsiz eşq olarmı?

Saqi, meydən süz gəlsin.

 

Asan işdən usanın,

Çətini var asanın.

Bağrıma buz basanın,

Yarasına duz gəlsin.

 

Arzularım qular-

Duman keçər, qar bular.

Yola çıxan arzular,

Qarı getsin, qız gəlsin.

 

Kişisən eylə vərdiş,

Qəza, qəhrdi gərdiş.

Beş dəfə əyilən iş,

Bircə dəfə düz gəlsin.

 

Səmədi,- İsgəndər Öyünün Səmədi deyəndə bütün İncəlilər, aşıq Səməd deyəndə isə Azərbaycan əhlinin çoxusu tanıyir. Özünə məxsus koloriti olan bu İncəli balasını tanıyan hər kəs ondan doymaz, onunçün darıxar, tez-tez sazının sehrinə düşməyə can atar.

Eloğlum olmasına baxmayaraq, 91-ci illərdə Ağamalı Sadiq gildə yerli-yataqlı tanış olmuşduq. Məndən 3-4 yaş böyük, həm də kəndimizin ötgəm ərənlərindən idi deyə biz uşaq-muşaqlara məhəl qoymazdı. Bu səbəbdən də o zamanlar münasibətimiz olmayıb, sonralar da zaman axarı hərəmizi bir səmtə axıdıb aparmış və günlərin birində Ağamalı Sadiqin ocağında görüşdürmüşdü.

İçi, dışı yaşamaq eşqiylə aşıb daşan, şaqraq gülüşlü, gülər üzlü, dili sözlə dolu, sinəsi saz yuvası olan bu kişi, həmin görüşümüzdən yaddaşıma yazıldı, elə o gündən də yaxın münasibətlərimiz quruldu.

O, el-obayla bağlı xatırələr söyləyəndə, ləhcəsinə, yaddaşına vurulmamaq olmur. Sazı isə ancaq İncəli kökündə çalır, sağa-sola burcutmur. Yəni, Aşıq Avdının, Cəlalın, Yəhyanın, Kərəmin, Sadığın eydirdiyi güllərdən kənara çıxmır, əlavə imprivizasiyalara meyl etmir. O, saz çalıb oxuyanda adam özünü İncə dərəsində hiss edir, elə bilirsən adlarını çəkdiyim ustadların məclisində olursan.

Özü ixtisasca energetika mühəndisdir. Sumqayıt şəhərindəki 2 saylı İstilik Elektrik Mərkəzində, adi elektriklikdən mərkəzin direktoru vəzifəsinə qədər yüksəlmişdi. Son illərdə isə Əlibayramlı QRES müəssisəsində 5 il director vəzifəsində çalışmışdı. Yəni, ömrü boyu vəzifələrdə olmuş bu insane, içinə, mənəviyyatına, sazına, sözünə xəyanət etmədən halal bir ömür yaşamağı hər şeydən üstün tutmuşdu.

Sazının sehrinə düşüb, urvatlı kişilərin yaşadığı zaman kəsiyinə dönmək, maraqlı ləhcəylə danışdığı xatirələrə, lətifələrə qonaq olmaq məqsədi ilə evlərinə dəvət aldım. Həyat yoldaşı Hüsniyyə xanım, ( qeyd edək ki, intellekt səviyyəsi ilə seçilən bu ziyalı xanım da İncənin Kəmərli kəndindəndi, çox hörmətli bir ailənin, Hacç Mahmud kişinin evladıdı) bizi çay süfrəsinə qonaq etdi və nəhayər İsgəndəroğlu Səməd qara sazı köksünə qaldırdı.

Biz İncəlilərin laylası saz avazıyla çalındığından, saza xiridar kimi qulaq asırıq, qüsurları qəbul edə bilmirik. Bu baxımdan Səməd, pərdələr üstündə gəzişmələr edərək Sallama Kərəmidə Avdı babamızın xallarını, güllərini vurub, Zarıncıya, Zarıncıdan Sultanıya, Sallama Kərəmiyə, Mansırıya, Kərəkköçdüyə keçid alır, sonra saza ara verib söhbətə başlayır:

-Dəmirçoğlu, indiki aşıqlar saza divan tuturlar, hər nə desən çalırlar, gah başlarının üstündə oynadırlar, gah paçalarının arsından keçirib "şücaətlər" nümayiş etdirirlər. Di gəl ki, sazımızın ana kökündə bu xalların birciyini də vura bilmirlər. Avdı baba deyirdi ki, aşığı sınağa çəkmək istəyirsənsə bir "Dol hicranı" havası sifarış et, çala bildisə, deməli, aşıqdı. İndi aşıqların çoxusu heç bu havaların adını da bilmirlər.

Doğrudan da Səmədin barmaqlarında saz dil açır, bal dadırdı. "Dol hicranı" havası məni ağuşuna alıb o illərə aparmışdı. Altında köhləni oynaqlayan, əlində qamçısı şaqqıldayan kişilərin yaşadığı çağlara, qoyun quzuların mələşə-mələşə sarı bərəyə axışdığı günlərə, nənələrin cəhrə əyirə-əyirə dodaq altı qımqımı oxuduqları o məkana aparıb, xatirələrə dönmüş o illərə qovuşdurmuşdu.

Səmədin qaşları çatılmış, alnında tər puçurları muncuqlanmışdı:

 

Tifil ikən daşda getdi dizlərim,

Kimə çatdı dürlü-dürlü sözlərim.

İnnən belə ha yol çəksin gözlərim,

Bu yollar boş, bu yollarla gələn boş.

 

Bir andaca özümə gəldim. Mənə elə gəldi ki, oxuyan Ağamalı Sadiqdi. Tüklərim ürpəndi, gözlərim doldu. İlahi, Səməd bu anda Ağamalıya necə oxşayırdı:

 

Göz yaşını gözlərində saxlama,

Görən olar, açıq-aşkar ağlama.

Ağlayıban ürəyimi dağlama,

Ağlayan boş, ağladan boş, ölən boş.

 

Göz yaşlarım gözümdəcə donub qalmışdı. Səməd bilirdi ki, bu sözlərin Ağamalıya məxsus olduğunu bilirəm . Ona görə açıqlama vermədən bir daha sazın zil pərdəsinə enib ürəkləri sökən bir gəzişmə ilə pərdə-pərdə yuxarı qalıxıb "Dol hicran"ının bütün güllərini xırdalayaraq nəfəs dərmə məqamına yetişdi, yenə üzünü göylərə tutub oxumağa başladı:

 

Runum dəniz, eşqim ada neynəyim,

Bir canım var, verdim bada, neynəyim.

Sənnən sonra bu dünyada neynəyim,

Bu dünya boş, bu dünyada qalan boş.

İlahi, sazla sözün qoşalığı adama nələr anladarmış, adamı odsuz-ocaqsız necə qarsalarmış:

 

Karvan getdi, bu karvanla yar getdi,

Sinəsində yetişməmiş nar getdi,

Sayıl Sadiq, torpaq getdi, ar getdi,

Döy başına, bu dünyada dolan boş.

 

Dərindən köks ötürdü. Bir müddət özümüzə gələ bilmədik. Sükutu da özü pozdu:

- Ay qağa, mat qalmışam. Nədənsə hamı gülüb oynamaq istəyir, çırtıq vura-vura "Yanıq kərəmi"yə oynayırlar, aşıq qəmli hava oxuyan kimi susdururlar ki, bu nədi belə qanımızı qaraldırsan, bir oynaq hava çal, kefimiz durulsun. Bax ona görədir ki, bu havaları heç kiim bilmir, bilənlər də, "A nar gilə, nar gilə"-dən "Bağdagül"-dən zaddan çalıb nəmərlərini alırlar.

Düz deyirdi Səməd qağa. Elə bu yerdəcə bir beytim yadıma düşdü:

 

...İblislər dəliqanlıdı,

Göydə Allahımız fağır.

Gülüşlər əli qanlıdı,

Dərdimiz, ahımız fağır,

Bu dünya düzələn deyil,

Yüz dəfə Allahı çağır.

Öpüb qan tökən əlləri,

Oxlar atan yaya gülün,

Sizə bir nağıl danışım,

Ağlaya-ağlaya gülün...

 

"İnsan mənzərələri" silsilə yazımda, ancaq halal haqqı olanlar barədə yazıram. Heç bir sifarişi də qəbul etmirəm. Səməd müəllimlə bu söhbətimin məğzində, isə bir mükəmməl İncəli kişisi haqda söbət durur əslində. Odur ki, söhbəti fırlayıb Hajan kişinin üstünə gətirdim.

-Qardaş, yadımdadı Hajan kişi haqda çox maraqlı əhvalatlar danışmışdın. İndi o söhbətlər üçün gəlmişəm. Hajan kişini mən də görmüşdüm, haqqında da çox eşitmişəm, amma sənin qohumun olduğundan səni deyib gəlmişəm.

Səmədin üzündən qəm kölgələri çəkildi, bir andaca üzü bahar fəsli kimi durulub, gülümsədi:

-Həə, Hajan dayım köhnə kişilərdən, həm də özünə məxsus, bənzərsiz ömür yolu keçmiş kişilərdəndi. Mənə anası tərəfdən qohumdu. Anası Cavar mamam atamın doğmaca əmisi qızıdı. Bizim kök səcərəmizə Göynəllilər deyirlər. Onlar isə Bəkir öyündədilər.

Sən özün bizim Göynəlli tayfasını yaxşı tanıyarsan. İsgəndər öyü, Aşır öyü, Zurnaçı Xall gilin qolu və s.(Zurnaçı Xəlil- Xall haqda ayrıca mənzərəmiz olacaq) bir çox qollar Göynəlli səcərəsinə məxsusdurlar.

Elm sahəsində ölkədə və ölkəmizin hüdudlarından kənarda özünü təsdiqləmiş Göynəllilər çoxdur. İsgəndər öyünün qolundan olan Yunis müəllimi qeyd etmək olar ki, uzun illər Baləkən rayonunda riyaziyyat müəllimi kimi fəaliyyət göstərib.

Oğlu Etibar müəllim 30 ildən çoxdur ki, Xətai rayon icra hakimiyyətində məsul vəzifələdə işləyib, hal hazırda İcra başçısının birinci müavini kimi fəaliyyətini davam etdirir.

İsgəndərov İslam, İsgəndərov Abdulla, İsgəndərov Sayad kimi yüksək səviyyəli ixtisasçılarımız Göynəlli tayfasının fəxri nümayəndələridirlər.

Aşır öyü qolundan. Açırov Mədəd, Oğlu Zakir, qızı Ayna doktor haqda kitablar bağlamaq mümkündü. Aşırov Vidadi, Aşırov Məhəmməd kimi fəxr ediləcək kişilər bu səcərənin özülünü təşkil edənlərdəndilər.

Yeri gəlmişkən deyim ki, İsgəndər oğlu Əhməd dövrünün ən hörmətli, ən varlı-hallı kişilərindən biri olub. Bədahətən söz deməyi də varıymış.

Incə dərəsi dəmyə yer olduğundan əkin biçinin talehi Allah umuduna idi. Əhməd bavamın o zaman dediyi bir deyim bu gün də el arasında atalar sözü kimi işlənməkdədir: "Əsər Tiflis, edər müflis, əsər Gəncə, bitər yonca." Tiflis- yel, yəni şimal yeli, Gəncə isə cənub yeli kimi nəzərdə tutulub.

O zaman kəndin ən gözəl dərzisi olan Xaşdan xanıma bir çuxa tikməyi sifariş edir. Əlində işləri çox olduğundan Xaşdan onun sifarışını uzatmalı olur. Belə olduqda el arasında Xaşdana bir bəzəmə qoşub, oxuyur:

 

Nə vaxt gəlirəm qalıbdı,

Qapısı bağlı Xaşdanın.

Mənim çuxamı tikməsə,

Yox olsun ağlı Xaştanın...

 

Bu bəzəmə gəlib Xaşdan xanımın qulağına çatır, adının dillərə düşməyindən çəkinərək onun çuxasını tezliklə tikməli olur...

Səməd məllim təzələnmiş çaydan bir qutum alaraq mətləbə keçdi, haqqında mənzərə yazacağım Hajan kişinin söhbətinə giriş verdi:

Elə Bəkir öyü də samballı kökdü. Bəkir öyünün Vaqifi də həmin kökdəndi. Günlərin birində İsgəndər əmim Bacısı gilə, yəni Hajan dayım gilə təşrif buyurur. Bacısı oğlu Hajan da, dayısının şərəfinə zəngin bir süfrə açır. Keflər durulandan sonar Hajan dayım bir şax əllilik çıxarıb anasının önlüyünün cibinə basır və ərklə soruşur:

-Ay ciji, sən allah düzünü de, Göynəlli nəsli güclü tayfadı, yoxsa Bəkirri?

Anası heç fikirləşmədən:- Əlbətdə Bəkirri tayfası, dərdin alem.- deyir.

İsgəndər əmim bacısı Cavarın üzünə tərs-tərs baxıb:

- Aaz, a Cavar, maşallah olmasın, özün Göynəlli ola-ola bu Bəkir öyünü niyə tərifləyirsən"- deyir, bacısını məzəmmət edir.

Cavar ana razılıqla gülümsəyən oğlunu ona göstərib deyir:

-A qavağında ölöm, o şax əllilik bilər bunu. Neynək, sən də əlini cibinə sal, bir beşlik ver, Göynəlli tayfasını Qaf dağının təpəsinə qaldırem...

Xeyli gülüşdük. Sonra Səməd müəllim sazı bir tərəfə qoyub Hajan dayısının əhvalatlarından danışmağa başladı.

Atam yaylaqda idi. Qapımızı bir bəd xəbər döydü. Leninqradda hərbi xidmətdə olan qardaşım İslam, suda batıb ölmüşdü. O zamanlar ağır illər idi. Gedib meyitini gətirməsəydik, elə orada, qardaş qəbristanlığında dəfn edəcəkdilər. Bu xəbəri eşidən Hajan dayım atamın yaylaqdan gəlməyini gözləmədən səfərə çıxdı. Çox əziyyətli olan bu işin öhdəsindən gələrək, bir neçə gündən sonara qardaşımın nəşini gətirdi.

Əzab-əziyyətindən başqa bu səfərə xeyli pul da xərcləmişdi. O zaman əsgərlikdə ölənlər üçün ölüm pulu olaraq 2300 publ məbləğində pul da verirdilər. Anama verilən həmin pulu Hacan dayına vedmək istədi ki, əziyyətin bir yana, nə qədər pul xərcləmisən bu səfərdə. O isə puldan qəti imtina edərək anamı məzəmmət etmişdi.

 

(Ardı gələn şənbə sayımızda)

 

Məmməd Dəmirçioğlunun təqdimatında

Ədalət.-2014.-3 iyun.-S.7.