AŞIQ ƏLƏSGƏR
ZİRVƏSİNƏ LAYİQ
ƏDƏBİ HƏYAT
"Aşıq
Ələsgər Azərbaycan poeziyasının üfüqündə əzəmətli görünən qarlı-buludlu zirvələrdən biridir.
Zamanın ən tutqun havalarında belə parıltısını
itirməyən, yol azanlara bələdçilik
edən, yar itirmiş didərgin aşiqlərə qoynunda yer verən bu ucalıq timsalının "mütləq
hündürlüyünü" təyin eləmək çətindir. İllər ötdükcə el ədəbiyyatının, aşıq
sənətinin sənət
"süfrəsinə" tökdüyü boyaların
saflığını müəyyən
etmək üçün
Ələsgər müqayisə
vahidi və meyar olur. Aşıq Ələsgər Dədə
Qorquddan başlayıb
gələn ozan-aşıq
ədəbiyyatını ustalıqla
mənimsəmiş və
bu ədəbiyyatın
hələlik keçilməsi
mümkün olmayan söz köhləninin cilovunu əlində möhkəm saxlamışdır"
(Məmməd Araz).
Xalq şairi
Məmməd Araz Aşıq Ələsgər
sənətini beləcə
yüksək qiymətləndirib
və ustadlar ustadını aşıq
sənətimizin hündürlüyü
məlum olmayan bir zirvə adlandırıb.
Bu gün klassiklərə,
xüsusilə aşıq
sənətinin yaradıcılarına
heyranlıq və məhəbbət hissi tükənmir. Çünki ustad aşıqların
bizə miras qoyduğu sənət heç vaxt öz bədii təravətini, poetik qüdrətini itirmir.
Aşıq Ələsgər XXI əsrdə də sevilir, oxunur, təbliğ edilir.
Aşıq Ələsgərdən nə
öyrənirik, niyə
onu bu qədər
çox sevirik?
Fikrimcə, bunun ən başlıca
səbəbi onun şeirlərinin yaratdığı
möcüzədədir. İnsanı
bu dərəcədə
heyrətə salan, onun hisslərini, duyğularını bir andaca ələ alan şeirlər
doğrudan da sirli-sehirli bir möcüzədir. İlahinin bəxş
etdiyi istedad Ələsgər sözündə
öz parlaq təcəssümünü tapmış,
bir daha əyan olmuşdur ki, böyük sənətkarlar yaratdıqları
ilə İlahi qarşısında peyğəmbərlərdən
sonra ən seçimli insanlardır.
Şair-araşdırıcı Hacı Loğman Babacanlının "Vətən"
nəşriyyatı tərəfindən
çapdan çıxan
"Aşıq Ələsgər"
kitabını oxuyanda
bir daha o poetik möcüzənin şahidi olduq. Hacı
Loğman əslən
Qərbi Azərbaycanın
Göyçə mahalındandır,
dediyinə görə
Şah İsmayıl Xətainin saray aşığı, övliya,
seyid, sufi
şair Miskin Abdalın şəcərəsindəndir.
Bu nəsildən 50-dən çox tanınmış
şair, mütəfəkkir,
alim, elm və din xadimləri yetişmişdir.
Hacı Loğman özü də şairlik istedadına malik olan Məhəmməd kişinin ailəsində dünyaya gəlmişdir,
ixtisası mühəndislik
olsa da, şeirlə çoxdan ünsiyyətdədir və
artıq bir neçə kitabın da müəllifidir.
"Aşıq Ələsgər"
kitabı isə Hacı Loğmanın tədqiqat əsəridir. Bu kitabda müəllif Ələsgəri dərk
etməyin yollarını
göstərir.
Dahi şairimiz
Məhəmməd Füzulinin
azərbaycanca divanında
olan qəzəllər
bir neçə dəfə, istər türk, istərsə də Azərbaycan füzulişünasları tərəfindən
şərh olunmuş,
geniş oxucu kütlələrinin başa
düşəcəyi tərzdə
izah edilmişdir. Çünki Füzuli elə bir şairdir ki, onun hər
misrası, hər beyti, hər qəzəli obrazlı fikirlə, sözün fəlsəfi yüküylə
doludur. Bu qəzəllərdə o qədər
dərin mənalar var ki, onları
izah etmək üçün özün
də gərək
"silahlanasan, dini, fəlsəfəni, ürfan
elmini biləsən.
Bəs Ələsgərdə
necə? İlk baxışda belə görünür ki, Aşıq Ələsgərin
şeirləri: qoşmaları,
gəraylıları, təcnisləri,
divaniləri və s. çox asan başa düşülür
və bunları şərh eləmək mənasızdır. Amma belə
deyil. Ələsgər
şeirlərində də
izah olunmalı, oxucu üçün aydınlaşdırılmalı mətləblər az deyil. Çünki Ələsgərin
qaynaqlandığı mənbələr
çoxdur, Qurani-Kərim,
İncil, Tövrat, Zənbur, təsəvvüf,
müxtəlif təriqətlər,
tarix, astronomiya, fəlsəfə, məntiq...
bütün bunlardan təsirlənən Ələsgər
şeirlərində arif
bir şair kimi nəzərə çarpır. Kitaba ön söz yazan Xalq şairi
Zəlimxan Yaqub doğru qeyd edir ki: "Qəvvas gövhəri necə üzə çıxarırsa, alim də Aşıq Ələsgərin elmini və helmini elə üzə çıxarmalıdır. Bu mənada şair-tədqiqatçı
Hacı Loğmanın
Ələsgər yaradıcılığına
yeni baxışı,
yeni münasibəti diqqət çəkir".
Kitab Ələsgərin
sələfi, aşıq
sənətinin ilk ustadlarından
olan Miskin Abdal haqqında geniş təsəvvür
yaradan bir yazı ilə başlayır. O, Miskin Abdalın həyatı və yaradıcılığı
ilə bir çox məlum olmayan faktları nəzərə çarpdırır,
onu həm el aşığı, həm
də sufi
şair kimi təhlil edir. Əlbəttə, Ələsgəri daha yaxşı tanımaq üçün
Miskin Abdaldan başlamaq doğru işdir.
"Aşıq Ələsgər"
kitabında müəllifin
üslubu elmi-publisistik
səpkidədir. Yəni müəllif ilk növbədə tədqiqatçı
kimi çıxış
edir, amma fikirlərini sırf elmi şəkildə deyil, sadə, hamının başa düşəcəyi tərzdə
izah edir. Daha doğrusu, onun tədqiqatçılığı ilə publisistliyi bir araya gəlir.
Hacı
Loğman əsərin
ilk fəslində qeyd
edir: "Aşıq Ələsgərin yaradıcılığı
bir çox istiqamətlərdə araşdırılmalıdır:
1. Ələsgər yaradıcılığında
sufi dünyagörüş,
özünüdərk. 2. Elmi
mahiyyəti. 3.Sözün
dəyəri və keyfiyyəti. 4. Ələsgər
yaradıcılığının bəşəri mahiyyəti.
5. Ələsgər yaradıcılığında
Sözün çoxçalarlılığı
və dilin üslubu. 6. Ələsgər
yaradıcılığında məntiq və realizm.
Bu göstərilən məsələlərin heç
biri müəyyən
bir fəsildə verilməyib, lakin şeirlərin izahında
yeri gəldikcə həmin məsələlərə
toxunulur.
Qeyd edək
ki, Ələsgər yaradıcılığında sufiliklə bağlı məqamları Hacı Loğman doğru-düzgün
şərh etməyə
çalışır. O, Ələsgərin
hərflərlə bağlı
bir gəraylısından
çıxış edib.
İbtidada "əlif"-Allah,
"Bey"-birliyə dəlalətdir..
"Tə"-təkdi vahidi-yekta,
Arif bu elmə bələddi.
"Se"-şahiddi doğru yola,
"Cim"-ucadı,
bax calala.
"He"-mehribandır halala,
Minkir ondan xəcalətdi.
"Xe"-birdi xaliqi-əkbər,
"Dal"-doğru doqquz fələklər,
"Zal"-zikr eylə dildə əzbər,
"Re"-rəsulumuz Əhməddi.
İndi
müəllif bu bəndlərlə bağlı
şərhlərinə diqqət
yetirək: "Ələsgər
demək istəmişdir
ki, insan Allahdan qopan bir zərrədir ki, əzəli Allahdan başlayır və yenə Allahın zatındakı zərrələrdən özünə
vahid bir sistem yaradır. Bu sistemlər ayrı-ayrı
mövcud olsa da, vəhdaniyyət-bir sistemi təşkil edir və bütün
bu sistemlərdəki cazibəni və əlaqəni Ruh-Allah idarə edir. İnsan bir ata-anadan xəlq olduğu kimi, bütün hərflər
də bir a hərfindən törəyib... Allahdan nöqtə, nöqtədən
Allaha. Zərrədən doğuluş, doğuluşdan
ölüm. Bəşəriyyətin inkişaf prosesi. A-N-A doğuluş, həyat, ölüm, qayıdış. A-Allah,
N-nöqtədən doğuluş,
xilqət-A-Allah. A-T-A
Allah-törədən-Allah".
Kitabda ən maraqlı bölmə təcnislərlə bağlıdır. Məlumdur ki,
təcnis qoşmanın
ən mürəkkəb
bir formasıdır və burada şairdən böyük
məharət tələb
olunur ki, cinaslı sözlərdən
məharətlə istifadə
edib şeirdə forma
ilə məzmunun gözəl vəhdətini
yaratsın.
Hacı Loğman Ələsgərin
demək olar ki, bütün təcnislərini, o təcnislərdəki
cinaslı sözlərin
mənalarını izah
etməyə çalışır.
Ümumiyyətlə, təcnisi Ələsgər
səviyyəsində yazmaq,
poetik kəşfə,
hünərə çatmaq
deməkdir, eyni səs tərkiğləri
gərək forma xatirinə
işlənməsin, sətirlər
və bəndlər arasında məna əlaqəsi üzülməsin,
məntiqi bağlılıq,
fikir ardıcllığı
pozulmasın. Ələsgərin təcnisləri bu
baxımdan ən şah nümunələrdir.
Xudam səni nə xoş gündə yaradıb,
Meylim axır sana
sarı, görəndə.
Həsrətindən yüz yara var sinəmdə,
İnsaf eylə, birin sarı, görəndə.
Tifil tək qoynunda nara aşiqəm,
Mürği-Səməndərəm, nara aşiqəm,
Çəkərəm sübhədək
nara, aşiqəm,
Tərlan oylağında sarı görəndə.
Ələsgər sızıldar, bala
yetişər,
Nardan Səməndərə bala
yetişər,
Gözlərindən mana bala yetişər,
Olur gül irəngin sarı, görəndə.
Təcnisin birinci bəndində işlənən cinas sözlərin mənaları məlumdur: Sana sarı-sənə doğru, birin sarı-sarımaq... İkinci bənddə: qoynunda nar deyəndə məmələrə işarədir, Səməndər-od quşuyam, oda aşiqəm, sübhədək nara çəkmək isə ah-nalə çəkmək deməkdir. Üçüncü bənddə-Ələsgər sızıldar, bala yetişər-yəni arı bal çəkəndə sızıldayan kimi, mən də sənin həsrətindən sızıldayıram və şeiriyyətin balına yetişirəm, şerin ən gözəlini yazıram. Nardan Səməndərə bala yetişər-yəni Səməndər od quşudur, onun balası oddan doğular, məni də səndən yazmağa sənin eşqin vadar edib, sənin gözlərin məni bəlaya salacaq, amma görəndə baxmasam dözə bilmirəm, baxışın məni dərd-bəlaya salır, rəngim saralır, halım pozulur. İkinci bənddəki sarı-quş, üçüncüsündəki sarı-rəng adıdır.
Ələsgərin təcnisləri içərisində dodaqdəyməz təcnislər, cığalı təcnis növləri də maraqlı araşdırmalara gətirib çıxarır. Və Hacı Loğman gücü çatdığı qədər o növlərdən olan təcnisləri də oxucular üçün şərh edib. Əlbəttə, bütün bu şərhlərdə olsun ki, bəzi qüsurlar da var, amma niyyət doğru seçilib, Ələsgər şeiriyyətinin görünməz qatlarını da oxucuya bəlli etmək. Çox təəssüf ki, Ələsgərin bağlamaları təhlil olunmayıb, sadəcə təqdim edilib. Kitabda Ələsgərin həcvləri və hərbə-zorbaları, deyişmələri, qəzəlləri, bir mərsiyəsi, dastanları da verilib. Bunlara şərhlər yazılmayıb, ehtiyac olmayıb.
Ümumən, bu kitab Aşıq Ələsgər dünyasına bir daha bələd olmağın yollarını aydınlaşdırır və Hacı Loğmanın bu zəhməti heç də hədər getməyib. Onun Dədə Ələsgərə sonsuz məhəbbətindən yaranıb bu kitab. Qeydlərimizi Hacı Loğmanın öz şeiri ilə bitirək:
O bağlı xəzinən, o nur çeşməsi,
Hələ yayılmamış kündəymiş, Dədə!
Ən dürlü hikmətlər-arif olana,
Mən səndən öyrəndim, dindəymiş, Dədə!
Mücrün açıldıqca, simuzər saçır,
Mənalar içindən mənalar daşır,
Kamal aciz qalır, düşüncə çaşır,
İlahi, nəymişsən, sən nəymiş, Dədə!
Göyçədən ruhuna əsdi Nəsimi,
Titrədi Loğmanın könlünün simi,
Füzuli, Firdovsi, Hafiz, Nəsimi,
Doğrudan doğruya səndəymiş, Dədə!
Vaqif YUSİFLİ
Ədalət.-2014.-4 iyun.-S.7.