Əvəzolunmaz Hökümə Qurbanova

Tacir qızı və teatra gedən yol...

 

Hökümə Qurbanova - bu ad bir çox insanlara tanışdır. O, Azərbaycan teatr səhnəsinin hər zaman ən öndə gedən aktrisalarından biri olub. Yaratdığı bir-birindən fərqli faciəvi qadın obrazları ilə nəinki tamaşaçıları, onunla birgə işləyən rejissorları, tərəf-müqabillərini sözün əsl mənasında sehrləməyi bacarıb. Hər zaman tükənməz ehtiraslı, qaynar baxışlı, coşğun emosiyalı bu qadın oynadığı rollarla əvəzolunmaz aktirsa adını qazanmağı bacarıb.

Hökümə Qurbanova 1913-cü ilin iyun ayının 11-də Bakı şəhərində tacir Abbasəli Qurbanovun ailəsində dünyaya gəlib. Aktrisanın anası Məlikət Qurbanova isə tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı olub. Hökümə Qurbanova 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano təhsili alıb. Sonra Cəfər Cabbarlının təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Həmin vaxtlar o, Azərbaycan teatrının daha nəhəng bir aktyoru Ələsgər Ələkbərovla evli olub. Bu iki sənətkarın həmin evlilikdən Nərgiz adlı bir qız övladları dünyaya gəlir. Lakin bu evliliyin ömrü uzun sürmür. Bu qadının istedadı, rejissorların gözündən yayınmır Hökümə Qurbanova o zamanların məşhur rejissorları ilə bir sıra rollar üzərində məşq edərək səhnəyə ilk qədəmlərini atır. Bu isə ailədaxili qısqanclıqlara nifaqlara yol açır. İkitərəfli qısqanclıq, inciklik sonunda ayrılıqla bitir. 1933-cü ilin oktyabr ayında bu cütlük rəsmən boşanır. O gündən sonra dram teatrının ən əzəmətli aktyoru Ələsgər Ələkbərov oynadığı bir çox məşhur tamaşaların qadın tərəf-müqabili rollarında Hökümə Qurbanovanı görmək istəmir. Hökümə Qurbanova xeyli müddət baş rollardan məhrum olur.

Lakin belə bir aktrisa heç bir zaman rejissorların diqqətindən kənarda qala bilməzdi. Abbas Mirzə Şərifzadə, Adil İskəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi azman rejissorlarla çiyin-çiyinə işləmiş aktrisa hər zaman onların diqqətini cəlb etməyi bacarıb.

Bir müddət sonra aktrisa teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur bu evlilikdən onların Vəfa adlı qızları dünyaya gəlir. Sonralar Vəfa Fətullayeva da Akademik Milli Dram Teatrının səhnəsində maraqlı yaddaqalan aktrisalardan birinə çevrilir. Hökümə Qurbanovanın ikinci evliliyinin ömrü uzun sürmür boşanma ilə bitir.

 

Yaddaşlardan silinməyən məhəbbət hekayəsi...

 

Bir müddət tənhalığı seçən aktrisa Hökümə Qurbanova özündən on yeddi yaş balaca ailəli olan aktyor Gündüz Abbasovla böyük bir məhəbbət yaşayır. Gündüz Abbasov öz dövrünün çox yaddaqalan kino aktyorlarından bir olub. "Telefonçu qız" filmində Mehribanın atası, "Bir qalanın sirri" filmində Elşən, "Onun böyük ürəyi" filmində Rəcəb kimi obrazlara imzasını atıb.

Lakin bu məhəbbət ona xoşbəxtlik gətirmir. Söz-söhbətlər, dedi-qodular səngimək bilmir. bu atəşli məhəbbət sona çatır.

Hökümə Qurbanova teatr səhnəsi üçün çox vacib aktrisa olduğundan bir çox tamaşaların əsas rollarını ifa etməli olub. Bu da teatrdaxili ixtişaşlara səbəb olub. Məhz bu bəzi şəxsi səbəblərdən bir çox məhşur aktrisalarla (Nəcibə Məlikova, Ofeliya Məmmədzadə) olan kinli küsüşmələr, teatrdaxili intriqalar bu cür fitri istedadla zəngin aktrisanın dünya teatr kino səhnəsinə çıxmasına imkan verməyib.

 

Övlad itkisibir il sonra gələn əcəl...

 

Bütün bu qalmaqallı həyatı, sevgi münasibətləri aktrisanın oynadığı misilsiz rollara heç bir xələl gətirmir. Nəhayət aktrisa arzuladığı rollardan birini oynamağa nail olur. 1964-cü ilə rejissor Tofiq Kazımovun quruluşunda səhnələşən "AntonioKleopatra" tamaşasında Hökümə Qurbanova Kleopatra kimi mürəkkəb faciə obrazı ilə teatr tarixinə öz adını qızıl hərflərlə yazır.

Hökümə Qurbanova səsi və baxışlarını birgə istifadə etməyi çox yüksək səviyyədə bacaran aktrisalardan olub. Şeksprin "Qış nağılı"ndakı Hermiona rolunda o dəqiqələrlə səhnədə sükut edərək tamaşaçıları və tərəf-müqabillərini heyrətə və ehtişaşa gətirməyi bacarıb. Bir çox filmlər də məhz bu aktrisanın titrəyişli, məlahətli, çılğın səsi ilə səsləndirilib.

Teatr səhnəsində romantik faciə rollarında V. Hüqonun "Mariya Tüdor"nda Mariya Tüdor, Hüseyn Cavidin "Səyavuş"nda Südabə, V. Şeksprin "Antonio və Kleopatra"sında Kleopatra, Cəfər Cabbarlının "Od gəlini"ində Solmaz kimi rollarla yadda qalıb. Teatr səhnəsində xeyli yaddaqalan obrazlar yaradan aktrisanın təəssüf ki, kino sahəsində işi çox az olub. Tamaşaçılar onu ən çox "Onu bağışlamaq olarmı" filmindəki cani Laçının bacısı cərrah Kəmalə xanım kimi xatırlayır.

Ömrünün son günlərinə kimi Akademik Milli Dram Teatrında bir-birindən əvəzsiz obrazlar yaradan bu aktrisa yaşının ahıl çağında övlad itkisi yaşayır. Dövrün cavan aktrisalarından biri olan Vəfa Fətullayeva 42 yaşında sağalmaz qan xəstəliyinə düçar olur. Onun faciəvi və vaxtsız ölümü aktrisanı dərindən yaralayır. Və qızının ölümündən cəmi bir il sonra 1988-ci il payızında Hökümə Qurbanova Bakı şəhərində dünyasını dəyişir.

 

Hazırladı: Samirə Əşrəf

Ədalət.-2014.-4 iyun.-S.6.