O ÜRƏKLƏRƏ TOXUNMAQ OLMAZ...

 

Bəzən düşmənlərimiz elə fikirləşirlər ki, nə istəsə onu edə bilərlər. Amma onlar onu düşünmürlər ki, atdıqları addım, təxribatlar və gülləyə, topa tutduqları mövqelər heç də elə-belə oğlanların əlində deyil. Bir anın, bir dəqiqənin içində qarşı tərəfdən mövqelərimizə güllə yağdıran yağı düşmən çox keçmir ki, cavabını alır və geri otuzdurulur...

Son günlər daha da azğınlaşmış erməni işğalçıları cəbhə boyu bütün istiqamətlərdə postlarımızı atəşə tuturlar. Füzuli istiqamətində də erməni diversiya qrupu hücuma keçərək postlarımızdan birini ələ keçirməyə cəhd ediblər. Uzun müddət çəkən döyüş nəticəsində Azərbaycan ordusunun əsgərləri erməniləri geri otuzdurub. Onlardan 11 nəfəri öldürülüb, neçə nəfəri də yaralanıb. Məhv edilənlərdən biri erməni ordusunun polkovnik-leytenantı Qarik Balayan imiş.

Onu da xatırladırıq ki, Qarik Balayan Qarabağdakı 2-ci Ordu Korpusunun kəşfiyyat rəisi vəzifəsində çalışırmış. Düzdür, həmin döyüşdə bizimbir zabitimizbir gizirimiz şəhid olub, digər əsgərimiz isə yaralanıb. Ancaq bu bir daha göstərir ki, Azərbaycan ordusu ayıq-sayıqdı və hər an düşmənə cavab verməyə qadirdir.

 

Çinar ağacları

 

Adətən biz çinar ağaclarına Göyçayda, Gəncədə, Cəbrayılda, Zəngilanda görmüşük. Çinar ağacları həm əzəməti, həm də qol-buğa ilə digərlərindən fərqlənir. Yayda onun kölgəsində əyləşib bir stəkan çay içəndə adam sanki özünü cənnətdə hiss edir. Çinar ağaclarını çox vaxt kondisionerə də bənzədirlər. Yəni bu gözəl ağaclar elə bir sərinlik gətirir ki, "göydən od yağanda" belə o ağacın altında əyləşən insan sərinlikdən ləzzət alır. Füzulinin girəcəyindən düz Horadiz şəhərinə qədər magistral yolun sağında və solunda 3 il bundan əvvəl minlərlə çinar ağacları əkilib. Əvvəlcə fikirləşirdilər ki, yəqin bu ağaclar baxımsızlıq üzündən bir müddətdən sonra quruyacaq. Amma onu əkən insanlar öncədən düşünüb ağacların suvarılmasını da yoluna qoymuşdular. Məhz bunun nəticəsidir ki, əkilən ağacların hamısı böyüyüb. Yazın gəlişi isə bu ağaclara sanki can verib. Ağacların budaqları yaşıllığa bürünüb. Yarpaqlar o budaqlara yaraşıq verməklə həm də sərinlik gətirir. Beş ildən sonra hər hansı bir insan o yolu keçərkən həmin ağacların nə qədər sərinlik yaratdığının şahidi olacaqavtomobil yolu möcüzəli bir çinar ağacının görüntüsü ilə müşahidə olunacaq. Və görənlər də o ağacları əkənlərə rəhmət oxuyacaq.

 

İsti yaz günləri

 

İş elə gətirib ki, yaz gələndə bu yerlərə sanki Allah-Təala bütün gözəllikləri səpələyir. Dağlarda, yamaclarda güllər-çiçəklər adama gəl-gəl deyir. Güllərin ətrindən, çiçəklərin gözəlliyindən doymaq olmur. Füzulinin bütün kəndlərində insanlar bu gözəlliklərin və bu füsunkarlıqların ləzzətini yaşayırlar.

Artıq taxıl zəmilərində biçinə başlanılıb. Çörək də bol olanda insanların ürəyi daha geniş olur. Ötən il Füzulidə yüz min tondan çox taxıl istehsal olunub. Mütəxəssislər bildirirlər ki, Allah qoysa bu ilyüz min tondan çox taxıl yığılacaq. Taxılın bol olması isə insanların firavanlığından, yaxşı dolanışığından və sabaha böyük ümid bəsləməsindən xəbər verir. Kim əziyyət çəkirsə, kim isti yazyay günlərində alın təri tökürsə, həmin adam da onun bəhrəsini görür...

Ölkə prezidenti İlham Əliyev Füzuliyə həmişə böyük qayğı və diqqət göstərib. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də abadlıq-quruculuq işlərini həyata keçirməklə dövlətçiliyə sədaqətini əməli işi ilə təsdiq edir.

 

Adamın ürəyi açılır

 

Horadiz şəhərinə qədəm basanda gözəllikləri seyr edən adam istər-istəməz bu füsunkarlığın içərisində özünü rahat hiss eləyir. Gözəl və təmiz şəhər Horadiz doğrudan da qeyri-adi bir məkandır. O məkan ki, səhər saatlarında küçələr təmizlənir və su maşını ilə yuyulur. Üstəlik günortaaxşam saatlarında küçələr yenidən səliqə-sahmana salınır. Şəhərə gələn hər hansı bir insan bu mənzərəni görəndə istər-istəməz ürəyi açılır. Düzdür, ölkəmizdə çox rayonda parklar, xiyabanlar və gözəl məkanlar var. Amma sadəcə olaraq Horadizdəki bu gözəl məkanlar səliqə-sahmanı və təmizliyi ilə seçilir. Artıq şəhərdə 11 obyekt inşa edilib başa çatmaq üzrədir. Bunlardan rayon icra hakimiyyətinin inzibati binası, uşaq bağçası, bayraq meydanı, şəhidlər kompleksi, tikiş sexi, idman meydançası və eləcə də digərləri gözəlliyi ilə hamının diqqətini cəlb edir. Allah qoysa cənab prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı bu obyektlərin açılışı olacaq.

 

Uzun çəkən söhbət

 

Bir neçə dostlarımız var ki, mənim rayona səfərimi səbirsizliklə gözləyirlər. Çünki hər dəfə görüşüb söhbət eləyəndə bir-birimizdən müsbət enerji alırıq və ovqatımız yaxşılaşır. Yenə həmin dostlarımla - Elminlə və Azərlə Horadizdə görüşürük.

Axşamın düşməsinə baxmayaraq, məndən əl çəkmirlər. Deyirlər gedək Dəmiryol vağzalının yanındakı çayxanada bir çay içək. Təbii ki, çay içmək də, bir tikə çörək kəsmək də dostlarla adama ləzzət eləyir.

Çay süfrəsi arxasında torpaqlarımızın müdafiəsindən söz açırıq. Hər gün atılan güllələrdən və əsgərlərimizin düşmənə sinə gərməsindən söhbət edirik. Sonra keçirik musiqiyə.

Böyük bəstəkar Məmməd Cavadovdan və Bəhram Nəsibovdan söz düşür. Məmməd Cavadovun "Naxçıvan" mahnısını xatırlayırıq. Çoxları elə bilir ki, bu mahnının müəllifi naxçıvanlıdır. Ötən il 100 illiyi qeyd edilmiş rəhmətlik Məmməd Cavadov bir füzulili olaraq bu mahnını yazıb və mahnı da uzun illər dillər əzbəri olub. Söhbətimiz gecə saat 12-yə qədər uzanır və bir-birimizdən ayrılmaq istəmirik. Axır ki, vədə yetişir, mən maşina əyləşirəm, Elminlə Azər müəllim isə piyada şəhərin küçələri ilə üzüaşağı gedirlər...

 

Yaxşı dost yaddan çıxmır

 

Mən həmişə belə fikirləşmişəm: "Yaxşı dost yaddan çıxmır". İsfəndiyar Səfərəliyev Füzulinin sayılıb-seçilən ağsaqqallarından biri olub. Hətta ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Bunları yada salmaqla demək istəyirəm ki, ağayana, sanballı və köhnə kişilərdən biri olan İsfəndiyar Səfərəliyev martın 30-da dünyasını dəyişib. Qarlı, çovğunlu bir gün idi, amma bütün dostları onu son mənzilə yola salmağa gəlmişdi. Həmin günü mən də ordaydım. Dəfndə iştirak etdim və Bakıya qayıtdım.

Amma sonra yas məclislərində xəstə olduğum üçün görünə bilmədim. Tez-tez telefonda oğlu Eldənizlə danışırdım. Deyirdim ki, babatlaşan kimi rayona gələcəm və rəhmətlik kişinin məzarını ziyarət edəcəm. Şənbə-bazar günlərinin birində onunla görüşdüm və rəhmətlik İsfəndiyar kişinin, həyat yoldaşının və oğlunun məzarını ziyarət elədim. Elə bil ki, dünyanın ən ağır yükü çiynimdən götürüldü. Axı, yaxşı kişilər həmişə mərd olublar. Gərək onlara qarşı da sədaqətli olasan. Heç olmasa rəhmətə gedibsə, bir dəfə məzarını ziyarət edəsən və üstündə "Yasin" oxutdurasan. Molla "Yasin"i oxuyandan sonra ruhumiçim dincəldi. Kəndə qayıdıb həmin axşamı rahat yatdım...

 

Faiq QİSMƏTOĞLU

Ədalət.-2014.-4 iyun.-S.5.