BU GÜNÜMÜZÜN QƏDİM
BƏRDƏSİ
Bu gün qədim Bərdədə həmişə olduğu kimi insanlar daha çox torpaqla nəfəs alırlar. Yəni aqrar rayon olan Bərdə öz münbit və bərəkətli torpağı ilə həmişə təkcə sakinlərini deyil, bütövlükdə Azərbaycanı şərəfləndirmişdi. Bu torpaqda yetişdirilən kənd təsərrüfatı məhsullarının sorağı sovet dönəmində Azərbaycanın hüdudlarını ötüb keçmişdi.
Məhz həmin böyük ənənəyə və torpağa olan sevgiyə söykənən bərdəlilər bu gün də böyük əzmkarlıqla əkib-becərir, təkcə öz süfrələrini deyil, həm də ölkə vətəndaşlarının süfrəsinə öz təsərrüfatlarının məhsullarını çatdırırlar. Rəqəmlərə müraciət etsək onda görərik ki, Bərdədə uğurla inkişaf etdirilən sahibkarlığın əhatə dairəsi 6619 nəfər təşkil edir. Həmin sahibkarlar isə rayonda istehsal olunan sənaye məhsulunun 31.7 faizini reallaşdıra biliblər. Bu sahibkarların 75 nəfərinə 2012-ci ildə 833000 manat güzəştli kredit verilmişdir.
Bu gün Bərdədə 528 min başlıq broyler quşçuluq fabriki yenidən qurulmuşdur. Gündəlik gücü 15 ton olan ətkəsmə müəssisəsi, Lək kəndində saxlama imkanı 2 min ton olan soyuducu anbar, Mehdili kəndində 2000 başlıq ətlik və 1000 başlıq südlük istiqamətini heyvandarlıq kompleksləri istifadəyə verilmişdir. Bundan başqa ötən il torpaq sahələrinin əkilib-becərilməsi, həmin sahələrə qulluq, suvarma, kimyəvi preparatlarla təminat, gübrə məsələləri də vaxtında təyin edildiyindən məhsuldarlıq da ürəkaçan olmuşdur. Xüsusilə Bərdədə su-artezian quyularının tam gücü ilə işləməsi torpaqla məşğul olan adamları ürəkdən sevindirmişdi. Xatırladaq ki, Bərdədə cari ildə 10 toxumçuluq təsərrüfatı fəaliyyət göstərmiş, burada da 2011-ci ildəkindən 324 hektar çox sahədə toxumluq, o cümlədən 242,5 ha sahədə isə etil reproduksiyalı toxum əkilmişdir. Nəticədə əvvəlki illərlə müqayisədə 1167,6 ton çox toxum istehsal olunmuşdur.
Rayonda əkinçiliklə yanaşı heyvandarlığın da inkişafına xüsusi diqqət yetirilir. Belə ki, ötən ilin sonuna olan statistik məlumata görə, mal-qaranın baş sayı 84436-ya, qoyub və keçilərin baş sayı 134463 çatdırılmışdır. Məhz heyvandarlığın bu cür dinamik inkişaf etdirilməsi nəticəsində ət, süd, yumurta istehsalı da genişləndirilmişdir. Həmin göstəriciləri də rəqəmlərlə ifadə etsək, onda bəlli olar ki, rayonda diri çəkidə 14550 ton ət, 51450 ton süd, 25,9 milyon ədəd yumurta, 410 ton yun istehsal edilmiş və göstərilən nəticələr də əvvəlki illərdən xeyli yüksək olmuşdur.
Bərdənin aqrar həyatı günbəgün yeni sferaya daxil olur və uğurlu addımlar, yüksək nəticələr əhalinin sosial müdafiəsində öz qəti sözünü deyir.
İnsanların sosial müdafiəsindən danışarkən onu da xatırlatmaq lazımdır ki, rayonun bu sahədəki illik gəliri 32858 min manat olmuşdur. Buraya yerli gəlir olan 5978.9 manatı da əldə etsək, onda büdcənin formalaşmasını, həmçinin qeyri-büdcə təşkilatlarından daxil olmaları nəzərə alınmaqla ümumi mənzərəni təxmin etmək olar.
Bərdədə keçirilən əmək yarmarkası da yerli sakinlərin işlə təmin edilməsində müəyyən rol oynayır. Ümumiyyətlə, rayonda işlə təminat məsələsi də yerli strukturların diqqət mərkəzindədir. Belə ki, ötən il Məşğulluq Mərkəzinə müraciət etmiş insanların 245 nəfəri işlə təmin olunmuşdur.
O ki, qaldı təbii qazla təchizat məsələsinə, bu barədə də rəsmi rəqəmlərə istinad etməklə vəziyyətin qənaətbəxş olduğunu söyləmək mümkündür. Belə ki, ötən il ərzində diametri 250 mm olan 11052, diametri 160 mm olan 1358, diametri 110 mm olan 9559 və bütövlükdə bu qəbildən olan xeyli böyük ölçülü borular vasitəsi ilə çəkilən qaz xətləri Türkmən, Davudlar, Muğanlı, Darğalar, Əmirli və Qarabağ yaşayış massivini tam qazlaşdırmağa, Kətəlpara kəndi ərazisində isə 18 kəndi təbii qaza təmin edən avtomatik qaz paylayıcı stansiyanın tikilib istifadəyə verilməsinə şərait yaratmışdır.
Araşdırmalarımız göstərdi ki, Dövlət Proqramına uyğun olaraq ötən illərdə Bərdənin Soğanverdilər və Zümrüdxalnı kəndlərində hər biri 360 şagird yerlik tam orta məktəb tikilmişdir. Bərdə şəhərinin özündə isə 6 saylı uşaq bağçası əsaslı təmin olunmuşdur. Rayonun Mirzəalıbəyli kəndində 220 şagird yerlik tam orta məktəb, Qullar kəndində 180 şagird yerlik əsas məktəb istifadəyə verilmişdir. Həmçinin rayonun təhsil şöbəsinin inzibati binasının ötən il tikintisinə başlanmış və hazırda da bu istiqamətdə işlər davam etdirilir. Bərdə məktəblərində təhsilin səviyyəsini yüksəltmək üçün lazım olan texniki avadanlıqların kompleksləşdirilməsi işləri də rayon rəhbərliyinin diqqət mərkəzindədir. Rayon üzrə keçirilən kənd olimpiadalarında məktəblərin fəal iştirakı təhsilə olan maraqdan xəbər verir. Rayon turlarından, respublika turlarından uğurla keçən bərdəli şagirdlər yaxşı nəticələri ilə valideynləri ilə yanaşı, təhsil işçilərini də sevindirirlər. Ötən dərs ilinin yekunlarına görə ali məktəbə sənəd vermiş 637 məzunun 337-si tələbə adı qazanmışdır. Həmin tələbələrin 70 nəfəri 500-dən, 23 nəfəri 600-dən çox bal toplamış, 4 nəfəri isə prezident təqaüdünə layiq görülmüşdür.
Əbülfət
Mədətoğlu
ədalət.-2014.-5 iyun.-S.7.