HEYDƏR
ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
Qısa giriş
Prezidentin fərdi təqaüdü 10 noyabr 1997-ci ildə Prezident Heydər Əliyev tərəfindən təsis edilib. İlk vaxtlarda
bu təqaüdün məbləği səhv etmirəmsə,
1 milyon manat idi. Xalq dilində desək 100 şirvan, dollarla
desək hardasa 200 dollardan çox, müasir dildə səsləndirsək
250 manat. Mənim AzTV-dəki 4
şirvanlıq maaşımla və 100 dolların bir ailənin
bir aylıq bazarlığını görməsiylə
müqayisə etsək çox böyük məbləğ
idi. İndi isə prezidentin fərdi təqaüdü (mərhələlərlə
2 milyon 500 min, 750 manat artırıla-artırıla) 1000
manatdır ki, bu şərəfə 500-ə yaxın insan
layiq görülür. Atam - xalq şairi Qabil də bu təqaüdü
alan ilk on nəfərdən biri idi. Rəsmi məlumatım bu qədər. Amma prezidentin fərdi təqaüdü ilə
bağlı xatirələrim də var. Həm atam, həm də
digərləriylə bağlı. Yazmağa
qərar verdim. Bu xatirələr 1997-2003-ci
illəri əhatə edir. Etika xatirinə
yox, sadəcə yazıda gedən insanların bu gün
sağ qalan övladlarının acığına gəlməsin
deyə ad çəkməyəcəyəm. Bir də ki, məqsədim ad çəkmək yox,
prezident təqaüdünün duzunu, bərəkətini verməkdir.
Bu pulun bir vaxtlar maliyyə məngənəsində
boğulan yaradıcı, məşhur insanlara nə qədər
əl tutmasını göstərməkdir. Təkcə
onlara yox, ailələrinin digər üzvlərinə, hətta...
BEŞ ŞİRVAN
- Qabil, təqaüdü
gətirdilər?
- Hə,
Bəyim.
- Beş
şirvanı ayır.
Atam Qabillə anam arasında ayda bir dəfə baş
verən bu söhbət bəlkə də bədii əsər
mövzusudur.
Mən isə bunu balaca bir yazıya salmaqla
kiçildirəm. 100 şirvan təqaüdü
evə gətirən kimi anam atamın başının üstünü
alardı. Pulun üstündən beş
şirvan (mənim o vaxt bir aylıq maaşım)
götürüb tez dükana girər. Xırdlayar
- o dövrün diliylə desək - "məmməd" -
1000 manatlıq edərdi. Sonra isə
marşrut bəlli idi.
- Qabil, gəldim.
- Hə
danış.
Atam da anamı bu mövzuda danışdırmaqdan
zövq alardı.
- Getdim
birinci pulu xırdaladım. Qalxdım "Təzə
Pir"ə. Orda qapıda oturublar kasıb-kusublar -
yaxınlaşdım onlara. Hamısını
tanıyıram. Birinin oğlu türmədədir.
Biri şikəstdir. O birinin
uşağı xəstədir... Başladılar
dua eləməyə. Allah ömür versin, can
sağlığı, allah balanı
saxlasın. Puldan bir hissəsini onlara verdim.
- Ay Bəyim,
hamısını onlara verib gələydin də.
- Yox. Bəs o birilər? Ordan
düşdüm Qasım İsmayılov küçəsindəki
kilsəyə. Rus dilənçilər
dayanıb qapıda. Onlara da verdim.
- Nə
dedilər?
- Dedilər
ki, "Day boq vam zdorovye". Sonra...
- Nə
"sonra"? Qurtarmadı pul?
- Yox. Ordan getdim "Göy məscid"ə. Orda
küçədə dayanan dilənçilərə də
pul payladım, gəldim.
- Hə. Lap yaxşı. Duaları köməyimiz
olsun. Pulumuz dava-dərmana, həkimə
getməsin. Bəs pişiklər?
- Hə. Girdim dükana sosiska aldım 1 kilo, həyətə
girməyimi görmüşdüm qaçdılar
üstümə. Verdim yedilər.
- Nahaq tək
vermisən, gərək məni də
çağıraydın. Sosiskanı bir yerdə
verərdik.
-
Yarısını saxlamışam, düşəndə
özün verərsən.
-
Yaxşı ki, pişikləri yaddan çıxarmamısan. Yoxsa "öldürəcəkdim" səni.
Qoy ayda bir dəfə keyf eləsinlər. Nə vaxtacan artıq-urtuq, köhnəlmiş yemək
yeyəcəklər? Öz payımı sabah
verərəm, bu gün artıq toxdurlar. Qoy iki
gün keyf eləsinlər.
- Gələn
təqaüddə birdən unudaram, yaddan çıxarma ya 5
şirvanı. O saat ayır.
- Yox,
yaddan çıxarmaram. Allah Heydərin canın
sağ eləsin. Ömrü uzun olsun.
- Amin.
- Bəyim,
mən gedirəm.
- Hara?
- "Kiev" kafesinə. Təqaüd
almışam. Şuriklərə (5-6 nəfər
yaxın ətrafı, dostları) qonaqlıq verməliyəm.
QORXUR Kİ, ÖLLƏM, PREZİDENT
TƏQAÜDÜ...
Günlərin bir günü Az.TV-nin başqa
redaksiyalarından birinin yaradıcı heyəti
tanınmış şəxslərdən birinin evinə
müsahibə almağa gedir. Təxəllüsü "D"
olan bu görkəmli adam
sağlığında qiymətini almış, Heydər
Əliyevin də böyük hörmət bəslədiyi,
"İstiqlal" ordenli insanlardan idi.
Çayxanada oturmuşduq. Qonşu stolda oturan həmkarlardan
biri mənə tərəf çevrilərək:
- Mahir, "D"nın ailəsini tanıyırsan?
- Yox. Özünü tanıyıram. Səhv
etmirəmsə bir qızı olmalıdır. Nə olub ki?
-
Heç. Müsahibə almağa getmişdik.
Məəttəl qaldıq.
- Qeyri-adi
bir şey dedi ki?
- Yox e... Üç ay bundan qabaq da getmişdik. Qapının zəngin basdıq. Açan olmadı. Bir də
düyməni basdıq. Gözlədik.
Handan-hana bu 75 yaşında xəstə arvad gəlib
qapını açdı. Dedik ki, yəqin
evdə təkdir. Üzrxahlıq elədik
ki, "bəs əziyyət verdik sizə də". Birdən o biri otağın qapısından
qızı başını çıxardı. O da
"qızım, AzTV-dən qonaqlarımız var, çay gətir"
deyəndə qapını elə çırpdı ki, az qaldı ki, qorxumuzdan qaçaq. Arvad da yaman pərt oldu. Dinməzcə
qaldı. Bu gün isə getmişik.
Zəngi basan kimi qapını qızı
açdı, "Salam. Xoş gəlmisiz.
Ana, Az.TV-dən gəliblər səni çəkməyə.
Keçin, keçin içəri. Anam böyük otaqdadır" deyərək
içəri dəvət etdi. Tez getdi
çay gətirdi. Bizim yanımızda
anasını qucaqlayıb "qurban olaram e sənə"
deyib, maç da elədi. "D" isə
dinməzcə oturmuşdu. Biz də məəttəl-məəttəl
baxırdıq. Keçən dəfə
qapını çırpmaq nə idi, indiki isti münasibət
nə. "D" bu sualı gözlərimizdən oxudu:
"Ay bala, fikir verməyin. Allah
ömrünü uzun eləsin - Prezident Heydər Əliyev mənə
bir milyon manat təqaüd kəsib. Evdə
hörmətim qalxıb. Bu da mənə
yaxşı qulluq göstərir. Qorxur ki,
ölləm, prezident təqaüdü də kəsilər".
"M.A."
"Xəbərlər"də belə bir qayda-qanun
vardı. Prezident sərəncamına ictimaiyyətin
reaksiyası, yəni ki, müsahibələr. İlk belə
rəyi beş nəfərdən
alırdıq. Xalq şairi Qabil, xalq yazıçısı
Hüseyn Abbaszadə, xalq şairi Bəxtiyar Vahabzadə,
akademik Kamal Talıbzadə, akademik Bəkir Nəbiyev.
Atdığı addıma bu beş nəfərin
reaksiyası Heydər Əliyev üçün əsas idi. Sıralamanı təsadüfən belə vermədim.
Çünki tanınmış adamlardan
müsahibəni mən alırdım. Birinci
gəlirdim Hüsü Hacıyev 19-a. Qalxırdım 4-cü mərtəbədəki
mənzilimizə. Atamın fikirlərini
alırdım. Sonra düşürdüm
3-cü mərtəbəyə - Hüseyn Abbaszadə rəyin
bildirirdi. Sonra həyətə
çıxıb giridim 2-ci bloka. Qalxırdım
5-ci mərtəbəyə - Bəxtiyar Vahabzadəgilə, nəhayət
üç mərtəbə aşağı enib Kamal
Talıbzadəgilin qapısını döyürdüm.
Bəkir Nəbiyevgil Az.TV-nin yanında
olduğundan ora əsasən Ərsalan Əliyev gedirdi.
Hər dəfə Prezident təqaüdü veriləndə
rəy formatını minnətdarlıq formasına dəyişdik. Onda mən
yaradıcı, görkəmli simalarımızı daha
yaxından tanımağa başladım. Xüsusən
də şəxsi həyatını. Və
bir daha Heydər Əliyevin prezident təqaüdü təsis
etməklə bağlı qərarını yüksək qiymətləndirməyə
başladım. Təkcə atamın bu təqaüdü
almasına görə yox.
Təqaüd alanlar sırasında "M.A."-nın
da adı vardı. Ev telefonunu güclə
tapdım. Zəng elədim. Dedi ki, gəl
mikrorayona, "Pioner" kinoteatrının qabağına. Qabağınıza çıxacağam. Gəldik. 85-dən yuxarı
yaşı olmasına baxmayaraq qıvraq idi. Ordan həyətarası piyada iki yüz metr gəldik
"xruşşovka" binanın yanına. Birinci mərtəbədə qalırdı. Yarıqaranlıq mənzil idi. Tez
çay gətizdirdi. Mikrafonu qoşduq.
Məqsədim ancaq minnətdarlıq sözlərini
almaq idi. Amma çaşıb sualı başqa cür
verdim:
- "M" müəllim, prezidentin fərdi təqaüdçüsü
olma xəbərini harda eşitdiniz?
- Ay bala,
soruşma. Dünən az
qalmışdı ki, ürəyim partlaya öləm. Teatrda tamaşadaydım. Tamaşa
qurtardı. Çıxdım mindim 57
saylı avtobusa gəldim evə. "Pioner"in
qabağına çatanda gördüm ki, bu soyuq havada gəlinim
əyni nazik, başıaçıq kinoteatrın
qabağında o yan-bu yana var-gəl edir. Məni görcək həyəcanla,
qaça-qaça cumdu üstümə. Qucaqlayıb,
başladı ağlamağa. Ayaqlarım
elə bil qırıldı. Dedim ki, yəqin nəsə
bədbəxt hadisə baş verib. Handan-hana
deyir ki, bəs ata, sənə Prezident təqaüdü veriblər
- 2 milyon 500 min manat. Saat 8-də "Xəbərlər"də
verdilər. Teatra da zəng eləmədim.
Bildim ki, tamaşadasan. Sevincimdən
evdə də otura bilmədim. 2 saat
yarımdır səni burda gözləyirəm". Ay
bala, Allah prezidentimiz Heydər Əliyevə uzun ömür
versin, cansağlığı versin. Bizim bu yaşımızda ailədə hörmətimizi
qaldırdığına görə.
Əlbəttə ki, "Xəbərlər"də
"M.A."-nın bu fikirləri getmədi. Hamısını
"qayçıladım", bircə minnətdarlıq
yerindən başqa.
BOMJUN
SUPERMARKETDƏ NƏ İŞİ?
Torqovıda, köhnə
"Dinamo"mağazasının yerində, o dövrün
yeganə və xodgedən dükanı -"Ramstore"
açılmışdı. Malların qiymətində
fərq böyük idi. Fanta bayırda 2
min idisə, orda 4 minə satılırdı. Yaxşı Türkiyə istehsalı olan pivələri
də vardı. Günlərin bir
günü pivə könlümə düşdü.
Girdim Ramstora. İki dənəsini
götürüb kassaya yaxınlaşmaq istəyirdim ki, bir
qarı nənə diqqətimi cəlb etdi. Biz o vaxt belələrinə "rus
babuşkası" deyirdik. Amma geyimi
çox köhnə idi. Yay vaxtı
olmağına baxmayaraq əynində tünd boz rəngdə əsgər
şinelinə oxşayan uzun jaket, ayağında valenki fason ayaqqabı,
başında rəngi solmuş şal örpək.
Əlindəsə koka-kola, Moskvanın bahalı servelat
kolbasası, vetçina, cürbəcür konservalar, qara çörək . Məəttəl
qaldım. Görəsən bomju bu cür
dükana necə buraxıblar? Və ya
bomjdursa, onun bu dükanda nə işi? Yaxud
da bomjdursa, bəs bu bahalı malları hansı pulla alır?
Bu dəm o da qarış-qarış addım
ataraq kassaya yaxınlaşırdı. Yanından
keçəndə üzünə baxdım. O da mənə
baxıb gülümsədi. Sanki balaca uşaq
atası aldığı oyuncağı həmyaşıdına
göstərib acıq verirmiş kimi - hər iki əlində
tutduğu malları aşağı-yuxarı oynadaraq mənə
göstərməyə başladı. Onu
tanıdım. 83 yaşlı
qadının gözlərindən sevinc yağırdı.
Çox xoşbəxt görünürdü.
Həmin an böyük rus oftolmoloqu
Fyodrovun sözləri yadıma düşdü: "Xoşbəxt
o şəxsdir ki, dükana girə, ürəyi istəyəni
götürə və qiymət soruşmayaraq ala". Bu qadın görkəmli teatr ustası, iki ay idi ki,
prezident təqaüdünə layiq görülən, 2000-ci
ildə isə "İstiqlal" ordeniylə təltif edilən
kimsəsiz "V.Ş." idi. İmkanlı
adamların girdiyi dükandan alış-veriş edirdi. Necə ki, yaxın keçmişdə belə
etmişdi. O həyatı ona yenidən
qaytarmışdı Heydər Əliyev. Hə,
gözlərindən bunu da oxudum. "Allah, Heydər
Əliyevə uzun ömür versin".
PREZİDENT
TƏQAÜDÜ ONUN ÖVLADIDIR
Növbəti prezident təqaüdçüsünü
mən şəxsən tanımıram. Şeirlərini
də oxumamışam. Amma bir təsadüf məni
onunla qiyabi tanış etdi.
Həkim
olan tanışlardan biri danışmışdı
haqqında: "Günlərin bir günü tanış
şəfqət bacısı zəng elədi ki, xəstə
var. Evdə baxmaq lazımdır. Şairə
"X". Evinə getdim. Qocalmışdı. Yataqdan qalxa
bilmirdi. Şəfqət bacısı da hər
gün gəlir, başa çıxır. Dərmanların alıb gətirir, iynələrin
vururmuş. Mən də yoxladım.
Öz sahəmə aid xəstəliyi çıxmadı
. Sadəcə əzələ
ağrısı idi. Çıxanda şəfqət
bacısı cibimə pul basmaq istədi. Götürmədim.
Amma kimsəsiz, 90-a yaxın yaşı olan qadının kim olması, şəfqət
bacısının qohumu olmaya-olmaya niyə bu qədər canfəşanlıq
etməsi sualına cavab tapmaq istəyirdim. Soruşdum.
Dedi ki, "bu xanım şairədir. Oğul-uşağı
da xaricdədir. Prezident təqaüdü
alır. Mənə verir. Mən də nə lazımdır alıb gətirirəm.
Qulluq edirəm. Hər
gün də prezidentimizə dua eləyir".
Həkimin bu sözləri məni yaman tutdu. Hətta
uşaqlarının unutduğu bu xanımı Heydər
Əliyev yada salmışdı. Ona fərdi
təqaüd kəsmişdi. Bu təqaüd
isə bu yaşında ona doğma uşaqlarını, nəvələrini
əvəz etmişdi.
TƏQAÜDÇÜLƏRİN DƏ XƏSİSİ OLURMUŞ
Prezident Heydər Əliyevlə görüşlərin birində şair Qabil dostu - F.S. adlı tanınmış şairin fərdi təqaüdə namizədliyini irəli sürür. Prezidentimiz də bu xahişi müsbət cavablandırır. Üstündən iki ay keçir. Amma "FS" təqaüdün qonaqlığını vermir ki, vermir. Sətiraltı xatırlatmağa ehtiyac olduğunu görən Qabil digər dostların yanında:
- FS, təqaüdü aldın?
- Qabil, Allah sənə uzun ömür versin. Prezident Heydər Əliyev sağ olsun, amma elə bil ki, sən verdin mənə bu təqaüdü.
- FS, soruşuram ki, bu ayın təqaüdünü gedib kassadan aldın?
- Heç kim deməzdi bunu prezidentə. Bunun yerinə
öz xahişini edərdi. Ancaq sən
etdin bunu.
- FS, bu
ayın təqaüdün almısan, ya yox?
- Evdə
də uşaqlar duaçıdırlar sənə. Hər gün səndən razılıq edirlər.
- FS, sənə
sual verirəm ki, bu ayın təqaüdün aldın, ya yox?
-
Aldım, Qabil. Dünən aldım.
- Belə
de də. Dedim, bəlkə almamısan, yadına salım ki,
get al.
"Köppəyoğludur, bir gün də Az.TV-də
qalsam".
Fərdi təqaüdə layiq olanlar arsında
televiziyamızın da qocaman xadimləri də vardı. Amma özlərini bu ada
layiq bilən, amma yaddan çıxanlar da az
deyildi. Bunu gizlətmirdilər də...
- Ay Mahir,
prezident mənə fərdi təqaüd versin a... köppəyoğludur
bir gün də Az.TV-də qalsam. Həmin
gün ərizəmi yazıb çıxacağam.
Vaxt keçdi. Həmin adamlar da bu təqaüdə layiq
görüldülər. Amma işdən
çıxmadılar. Təqaüd əks
təsir göstərmişdi. Cavanlaşmışdılar
elə bil. Əvvəlkindən iki qat
artıq çalışırdılar. 75-80
yaşları olmasına baxmayaraq indi də
çalışırlar.
SON
Bu mənim Prezidentin Fərdi təqaüdü - Prezident Heydər Əliyevin kəsdiyi fərdi təqaüdlərlə bağlı qısa xatirələrim idi. Bu təqaüdlər artıq 17 ildir ki, verilir. Allahın əmriylə yaşlı insanların dünyası dəyişdikcə, Dövlət başçısı İlham Əliyevin sərəncamıyla təqaüdçülərin siyahısı da yenilənir. Vaxt keçdikcə bu təqaüdçülərin sayı da artırılır. Onların çoxunu tanıyırıq. Şəxsi həyatlarına bələd olmasaq da bircə şeyi dəqiq bilirəm. Açıq deməsələr də, heç yanda yazmasalar da bu sözləri hər gün təkrar edirlər: "Allah Heydərə rəhmət eləsin, İlhama uzun ömür versin". Ailə üzvləri də onlara qoşulurlar: "Amin".
Mahir Qabiloğlu
Ədalət.-2014.-5 iyun.-S.6.