Qayıtdı həsrətin göyərən üzü

Gəlir

 

Dağılan dağılır, uçan uçulur,

Gedən mənnən, gələn özümnən gəlir.

Bağlanan bağlanır, açan açılır,

Görünür mayası dözümnən gəlir.

 

Əl çatmır əlinə əlim bağlıdır,

Söz yetmir ününə dilim bağlıdır.

Üzümə açılan yolum bağlıdır,

Hələ ki, xəbərin izimnən gəlir.

 

Öyünən zirəvdi düzdə düz olub,

Boylanan baxışdı gözdə göz olub.

Ocağımın odu közdə köz olub,

Odum yanır, tüstüm közümnən gəlir.

 

Can-cana qurbandı-olasıdımı,

Can gedir, can qalır-qalasıdımı,

Can-canın doğmaca balasıdımı?

Anamın laylası sözümnən gəlir.

 

 

Adamam

 

Şığıyıb üstümə sular daşıbdı,

Sellərə qərq olub axan adamam.

Odumun tüstüsü göyü aşıbdı,

Özümü yandırıb yaxan adamam.

 

Ucalan zirvədi, zirvə əl çatmaz,

"İlan vuran adam"-adamdı yatmaz.

Mən deyən möcüzə günəşdi batmaz,

Bu gündən sabaha baxan adamam.

 

Dövr edən dövrandı dövrəyə indi,

Məgər yolomu qalıb geriyə indi?

Baş əyən deyiləm əyriyə indi,

Mən elə özüməm, Bəy-Xan adamam.

 

Ömür ötüb yarı olub, "Olacaq"

Gah saralıb, gah da solub, "Olacaq"

Dəmirə əmanət qalıb, "Olacaq"

Yer-Göy Allahımdan qorxan adamam.

 

 

Yoxdu

 

Yol darıxır, cığır küsür,

Hicran dinir, vüsal susur.

Nəyin vardı, nəyi pusur,

Deyiləsi sözün yoxdu.

 

Yol dönəmi, dağ-dərədi,

Mənzilin hansı yerədi?

Ovçu olan yer-bərədi,

Gediləsi izin yoxdu.

 

Vaxt ötür "" vaxta qaldı,

Can hayda baxta qaldı.

Gördüyün tac-taxta qaldı,

Məni görən gözün yoxdu.

 

 

Bəlkə tapdım

 

Söhbət idi... sözü getdi,

Od-alovdu közü getdi.

Özgəsi yox, özü getdi,

Axtardım ki, bəlkə tapdım.

 

Əyilən o, əyən məndim,

Ürəyinə dəyən məndim.

Hey özünü öyən məndim,

Axtardım ki, bəlkə tapdım.

 

Bu yolu gəldim ki, gəlim,

Hal-əhval öyrənim, bilim.

Təklənib ağzımda dilim,

Axtardım ki, bəlkə tapdım.

 

Düzü düzən məniydim mən,

Eşqi çıxmır bədənimdən.

İtirdiyim gəzir gendən,

Axtardım ki, bəlkə tapdım.

 

 

Gedəndə

 

Qalmısan qaldığın yerdə,

Özünü salmısan dərdə.

O üzdən, bu üzə pərdə,

Atıb gedəsən, gedəndə.

 

Allahın adıdı adın,

Bilinməz yaxının, yadın.

Köksümdə gəzişən qadın,

Yatıb gedəsən, gedəndə.

 

Hər arzum rəvandı,düzdü,

Vüsalın həsrəti üzdü?

Arzudan-arzuya izdi...

Çatıb gedəsən,gedəndə...

Ömür-gündü,sönür daha,

Alınır-satılır baha.

Sevgi adlı bir günaha,

Batıb gedəsən,gedəndə.

 

Dönəsən o dağdan-dağa,

Şeh çiləyə,yağış yağa.

Nəfəsini bu torpağa,

Qatıb gedəsən,gedəndə.

 

 

SALAMAT OL

 

Üz tutdum üzümə güldün,

Qıy vurdum sözümə güldün.

Yol çaşdım izimə güldün,

Çölüm sağ ol, salamat ol.

 

Bir eşqin həsrəti budu,

Qəmimdi,sevincim yudu.

Mənə deyən belə dedi,

Dilim sağ ol, salamat ol.

 

Qış qapımı alıb-alsın,

Sözümə söz salıb-salsın.

Odum odda qalıb qalsın,

Külüm sağ ol,salamat ol.

 

O boy buxun mənə baxır,

Uzaq yaxın mənə baxır.

Dönün baxın: mənə baxır,

Gülüm sağ ol, salamat ol.

 

 

YEYƏ-YEYƏ

 

Sığınıram ad sanıma,

Öz özümü yeyə-yeyə.

Külüm girir öz qınına,

Od közümü yeyə-yeyə.

 

Sarsıdan sən, sarsılan mən,

Alçaldan sən, basılan mən,

Bir "Niyə"-dən asılan mən,

Son dözümü yeyə-yeyə.

 

Davam-Haqqım, davama bax,

Arxam saydın- arxama bax.

Yurdum-iraq, yuvama bax,

"Bax" gözümü yeyə-yeyə.

Dağlara tərəf

 

Uzanan uzanar, enim uzanmaz.

Endirin enimi dağlara tərəf!

Bir canım var, can verən utanmaz,

Basdırın yönümü dağlara tərəf!

 

Sahilə baş qoyur, yenə ləpələr,

Dağın dağ balası yastı təpələr.

Arzular çağlayıb arzu səpələr,

Ötürün ünümü dağlara tərəf!

 

Qayıtdı həsrətin göyərən üzü,

O dərə, bu təpə ayırdı düzü.

Hələ deməmişəm ən şirin sözü,-

Ən gözəl günümü dağlara tərəf.

 

Dəmir şeh istəyər çiskin havada,

Bulaq göz yaşıdı qaynar qayada,

İtirdim cığırı qaldım piyada,

Yönəldin yönümü dağlara tərəf!

 

 

Dirilt məni

 

Tərpən...Tərpət sarı simi,

Ovut məni, kirit məni.

Uşaq kimi, cocuq kimi,

Tut əlimdən yerit məni.

 

Tufan qopar yelə döndər,

Aşrım boyu selə döndər.

Oda yandır, külə döndər,

Atəşində ərit məni.

 

Nəyim çatmır kəmini de,

Duzu yoxmu tamını de.

Fəndini de, çəmini de,

Mən, Dəmirəm dirilt məni.

 

 

Qayıda bilsən

 

Bu dağın nəfəsi yamacda güldü...

Bu çayın nəğməsi dərədə güldü.

Payını gedən yox, gələnlər böldü,

Bölən gəldi qayıt, qayıda bilsən.

 

Odumu yandırdı köz gətirmədi,

Qəlbimi dağladı söz gətirmədi.

Gətirən gətirdi düz gətirmədi,

Bilən gəldi qayıt, qayıda bilsən.

 

Başımi ovudan ovutdu hoydu,

Ağlımın üstünə ağılmı qoydu?

Özülü dağıtdı, özülü oydu,

Gələn gəldi qayıt, qayıda bilsən.

 

Səmtini dəyişən yol məni yordu,

Təbiət başıma min oyun qurdu.

Ruhlar ruh donunda ayağa durdu,

Ölən gəldi qayıt, qayıda bilsən.

 

 

Məhəbbətimsən...

 

Küləklər talayır qopara bilmir,

Yapışıb yaxamdan apara bilmir.

Rəngdən-rəngə düşüb, ağ-qara bilmir,

Alınmda çəkili məhəbbətimsən...

 

Yatıran yatırıb yeri bölünməz,

Yerində oturub yönü bilinməz.

Var olan, var olub izi silinməz,

Məbədi tikili məhəbbətimsən...

 

Yaradan yaratdı yaradan oldu,

Yarıdan yarıtdı yarıdan oldu.

Mənim sevgi payım Tanrıdan oldu,

Sən mənim ikili məhəbbətimsən.

 

 

Söz olan yerdə

 

Aranın istisi isti deyildi,

Dağların zirvəsi buz olan yerdə.

Belimə dolanib yollar əyildi-

Dolaylar yorulmur düz olan yerdə.

 

Hər olan rəvandı, hər olan qüsur,

Eşqinə sadiqkən eşqin hey susur.

Arxanca boylanan neçə göz pusur,

Gözünə baxıram göz olan yerdə.

 

Hər addım hədədi, qorxudu qorxu,

Qurudan qurutdu su gələn arxı.

Naxələf tərsinə firlatdı çarxı,

Qılınc nəyə gərək söz olan yerdə?

 

Yollar yola gedir dağlara tərəf,

Sular hey tələsir bağlara tərəf.

Boylanıram ötən çağlara tərəf,

Yaxşı ki, həyat var iz olan yerdə.

 

Fikirlər başımın saçını yoldu,

Bu da bir qismətdi, yozulan yoldu.

Dəmirin ocağı od-alov oldu,

Oduma od düşdü köz olan yerdə.

 

Dəmir Çeşməli

Ədalət.-2014.-6 iyun.-S.7.