SƏMƏD VURĞUNUN, HƏM DƏ BÖYÜK AZƏRBAYCANIN OĞLU

(Vaqif Səmədoğlunun 75 illiyinə)

 

I

 

Mənim ünvanım:

Nəhayətsizlik.

Zaman.

Məkan.

Dünən,

bu gün

sabah.

Görünən,

görünməyən.

Eşidilən,

eşidilməyən,

Qalaktika.

Günəş sistemi.

Yer kürəsi.

Torpaq.

Bir az Avropa.

Bir az Asiya.

Böyük ölkə.

Doğma yurdum.

Azərbaycan

Bakı.

Sakit bir küçə.

Ev dörd, mənzil otuz yeddi.

Otaq.

Üçbucaq masa.

Kağız və qələm.

Şeirlər.

 

Bu - Vaqif Səmədoğludur. Əlli ildən çoxdur şeir yazır. Beş kitabın müəllifidir. Və artıq 75 yaşı var. Vaqif böyük Azərbaycan şairi Səməd Vurğunun oğludur. Səməd Vurğun isə Azərbaycan deməkdir. Və Vaqif həm də Azərbaycanın oğludur.

Mən Yusifli Vaqif isə həm Səməd Vurğunun, həm də Vaqif Səmədoğlunun oxucularından biriyəm. Səməd Vurğunun "Vaqif" pyesi məşhurlaşandan sonra atam bu adı mənə götürüb. Deməli, adaşıq. İllər gəlib keçdi, mən kənddən Bakıya gəlib ədəbi mühitin adamı oldum, günlərin birində Vaqif Səmədoğlu ilə tanış oldum. Onu bir şair kimi də, insan kimi də çox sevirəm. Əlbəttə, bu sevginin əsasında onun poeziyası durur. Oxuduğum çox-çox şairlər mənə şairdən başqa ictimai həyat adamı, siyasətçi, rəssam, musiqiçi təsiri bağışlayırlar. Vaqifə isə şairlikdən başqa bir ad yaraşdıra bilmirəm. (Necə ki, Əli Kərimə, Musa Yaquba, Ramiz Rövşənə, Vaqif Bayatlıya). Hərçənd Vaqif Səmədoğlu təhsilinə görə musiqiçidir, cazı çox sevir və təbliğ edirdi.

Vaqif Səmədoğlu ilə onun şeirləri arasında heç bir təzad görmürəm. Əslində, əsl şair şeirində yaşamalıdır. İllər keçəndən sonra o şairin obrazı yaddaşlardan silinə bilər, o şair haqqında təsəvvürlər tamam yox ola bilər. Amma şeir yaddaşdır və nəsildən nəsilə ötürülür, şairi yaşadan da elə budur.gBu gün çox şairin şeiri özünə bənzəmir. Şeiri özünə, özü şeirinə bənzəməyən çox-çox şairlər görürəm bu gün... Vaqif Səmədoğlu şeirlərinin birində yazır:

 

Mənə sevib ayrılmağa

bir qadın verin.

Ürəyimdə bir ayrılıq qəribsəyib,

bu ayrılıqdan bir şeir.

Mənə baş götürüb getməyə

bir yol göstərin.

Ürəyimdən bir yol keçir,

bu yoldan bir şeir...

Mənə yaşamağa bir qürbət verin.

Ürəyimdə bir vətən qəribsəyib

bu vətəndən bir şeir.

 

Təkrirlər üzərində qurulan bu şeirin hər bəndində bir istək, bir duyğu səslənir. Ayrılıq, Yol, Vətən, bir də bu üç duyğunu birləşdirən şeir. Yeri gəlmişkən deyim ki, Vaqifin şeirlərində məxsusi poetik obrazlar var: Ayrılıq, Yol, Vətən, Qadın, Ömür, Ölüm... bunlardan öncə Allah və Azadlıq. İstəyirəm söhbətimə sonunculardan başlayım.

Son otuz ildə doğrudan da şeirimizdə Allaha müraciətlər, xitablar çoxalıb. Bu yaxşıdımı, pisdimi - mən bu sualı vermirəm, çünki şairin də sığındığı Allahdır, sözün də... Ancaq istənilən müqəddəs bir sözü şeirdə həddindən artıq istismar elədikdə o sözü adiləşdirib gözdən salmaq da olar. Yaxud o müqəddəs söz az və ya çox işlənməyindən asılı olmayaraq, hər dəfə şeirdə yeni məna kəsb edə bilər. Vaqif Səmədoğlunun şeirlərində "Allaha müraciətlər" cavabsız qalmır. Ulu Tanrının cavabı yaşadığımız bu dünyadır, hər birimizin və hamımızın birlikdə ömrüdür, həyatıdır, taleyidir" (Anar).

 

Kimin var, Ulu Tanrı

Məndən savayı bu dünyada?

Kimim var səndən başqa

bu aləmdə mənim?

Sən tək, mən tək,

Ulu Tanrı...

 

Vaqif Səmədoğlunun bu mövzulu şeirləri mənim fikrimcə, poeziyamızda ilk dəfə olaraq Allah üzərindəki mistik örtüyü götürdü. İnsanla Allah doğmalaşdı və bu doğmalıq insanın son pənahı olan Allaha doğru yolu da qısaltdı.

 

II

 

Vaqif Səmədoğlunun şair kimi susan vaxtları da olub. Onun şair dostları tribunalardan, meydanlardan, şeir məclislərindən qışqıranda, o, daş səbri ilə susurdu.

Daha doğrusu, yazırdı, amma susurdu... Sən demə, O, Azadlıq və İstiqlal haqqında hamıdan çox düşünürmüş. Bizim içimizdə yaşayan kədəri hamıdan çox o çəkirmiş:

 

Mənə Vətən yolu

dar gəlir yenə,

üzümə bahar yox,

qar gəlir yenə.

 

Mənə elə gəlir bu şeiri o zaman Vaqif heç cür işıq üzünə çıxara bilməzdi:

 

Sən mənim

doğma anamsan, Azadlıq,

Mən sənin

Yad qapısında böyümüş balan.

 

Heç bir QLAVLİT Vaqifin bu misralarını da yaxına buraxmazdı:

 

Belə gündə şəhər

üstüaçıq qəbiristanlığa bənzər.

...Məğlub Vətən bayrağı tək

Ayaq altda qalıb bahar.

 

Misallar çoxdur. Ancaq bu misalları bircə-bircə sadalamaqla mən Vaqif Səmədoğlunu cəsarətli şair kimi təqdim etmək fikrinə düşmürəm. Onun buna ehtiyacı yoxdur. Deyirlər ki, şeir zamanına görə yazılır və öz vaxtında meydana çıxmalıdır. Guya zaman ötəndən sonra o şeirlərin millət üçün heç bir əhəmiyyəti yoxdur. Təbii ki, bu fikrin böyük poeziyaya dəxli yoxdur. Əsrin o başında yazıb-yaradan Sabirin şeirləri öz zamanında yazılıb, öz zamanında deyilib, amma elə bil, bu günün şeiridir. Öz zamanında yazılan və deyilən çoxlu şeirlər də var ki, onların heç biri bu gün yaşamır. Vaqif Səmədoğlu bir şeirində yazır:

 

Şair kimi yox, şeir kimi ölmək istəyirəm.

 

 

III

 

Vaqif Səmədoğlunun şeiri fərdi, intim olduğu qədər də ictimaidir. Ümumiyyətlə, kim deyirsə ki, şeir ancaq ruhun ifadəsidir və onun ətraf mühitə, cəmiyyətə heç bir dəxli yoxdur, onunla razılaşmaq olmaz. Yaxud, kimsə deyirsə ki, şeir cəmiyyət üçün yazılır, o fikir də yanlışdır.

Qışqıran şairlərin "ictimai" şeirləri də, öz daxili dünyasına qapılan şairlərin "fərdi" şeirləri də dünyadan təcrid oluna bilməz. Pıçıltıda da, həzinlikdə də, səssiz fəryadda da böyük dünyanı görmək olar. Böyük dünya dediyimiz isə mənəm, sənsən, cəmiyyətdi, təbiətdi.

Və Vaqif Səmədoğlu o böyük - son dərəcə ziddiyyətli, ağlamalı, gülməli, komik, faciəli dünyanı bizim içimizdən keçirə bilir.

 

Ayıbdır, utan,

özünü qüvvətli göstərmə,

qəfəslərində

aslanlar mürgü vuran

heyvanxanası olan bu şəhərdə

Ayıbdır, vallah.

Bir az çəkil,

ölümə yer saxla yanında,

ölümsüz göstərmə özünü

Qız qalası.

Xəzərdən gen düşmüş bu şəhərdə.

Ayıbdır, yavaş,

bir az yavaş danış.

şairləri susan bu şəhərdə.

Bircə bu şeirlə yalan, riya və saxtakarlıq üzərində qurulan bir aləmin panoramını aydınca təsəvvür etmək olar.

Vaqif Səmədoğlunun şeirlərindəki ağrı-acını, kədəri-qəmi, Allah, Dünya, Ömür və Ölüm haqqnda düşüncələrini bir yerə toplayanda belə qərara gəlirsən ki, o, bu dünyanın-faniliyin içində əzab çəkir. Onun şeirlərinin hər biri əzabın səslərdə, sözlərdə ifadə olunan nəqşidir. Nəsimi deyirdi: "Olmuşam dərdi-fəraqından zəif ol həddə kim, Gətirəməzlər xəyala nəqşimi nəqqaşilər". Bu beyt klassik poeziyanın lirik qəhrəmanının əzablarının böyüklüyünü fantastik dərəcədə göz önündə canlandırır. Romantika özünün ən yüksək zirvəsinə qalxır. Amma Vaqifin şeirlərində günün, zamanın acılıqlarından doğub onun içindən fəvvarə vuran dərdlər baş alır.

 

Getmə, getsən

bir şüştər açılar qürbətdə,

vətəndə

səhər kimi!

Zili-dar ağacı

bəmi-məzar...

 

Bu kiçik şeirin aşıladığı təəssürat çox təsirlidir. Burada "Vətən də qürbət kimidir" fikri (bu fikir Vaqifin bir çox şeirlərində də səsləndirilir) ifadə olunub, amma fikrin ifadəsi üçün seçilən material-sözlərin yaratdığı məcazi aləm o qədər biçimlidir ki, heyrətlənirsən. "Şüştər" Azərbaycan muğamları içərisində ən kədərlisidir-bunu dahi Ü.Hacıbəyov söyləyib. Qürbətin doğurduğu kədər hissi ilə vətəndə açılan səhərin bənzəyən-bənzədilən müstəvisində yerləşdirilməsi, nəticədə iki obrazın (Vətən və Qürbətin) "hibriti"ndən üçüncü bir obrazın - "Şüştər"in yaranması assosiativ təfəkkürün məhsuludur. Sonuncu iki misra isə yeni-üçüncü obrazın əlaməti kimi diqqəti cəlb edir. Zildar ağacı, bəmi məzar...

Vaqifin "dərdli" şeirlərində patoloji ağrı yoxdur, cismani əzabların sıxıntısından doğan qüssəyə rast gəlməzsən, bu, mənəvi ağrıların yaratdığı hisslərin, duyğuların ifadəsidir.

Ayrılıq da, qürbət də xəstəlikdir,

Yoluxucu azardır ikisi də.

Neçə il bir yastığa

baş qoyduğun qadınla

bəzən ayrılıq qızdırmasında

yatırsan

bir insan ömrü boyu.

Doğulub yaşadığın vətəndə

mühacir üşütməsiylə titrəyirsən

illər uzunu, bir tale boyu.

Sonra qərib məzarı qazılır sənə

ana torpaqda...

 

 

IV

 

Vaqif Səmədoğlu şeiri öz poetik sanbalına, yükünə görə çağdaş poeziyamızda ayrıca bir qoldur desəm, səhv etmərəm. Burada Söz adilikdən və hər cür təmtəraqdan, ritorikadan xilas olur. Söz fikirlə hissin poetik daşıyıcısına çevrilir. Biz Vaqif şeirində bəlkə də çoxları üçün qəribə təsir bağışlayan ifadələr, deyimlərlə qarşılaşırıq. Lakin bütün bunları dərk etmək üçün Vaqifi duymaq lazımdır. Duyanda görürsən ki, ən qatı, ən zil qaranlıqda da doğmalıq və yadlıq var. Deməli, qaranlıq da ana kimi əziz, sərxoş qadın kimi iyrənc ola bilərmiş. Duyanda görürsən ki, bu dünya yuxu bazarıdır, ömür də bazarda satılan maldır. Və Vaqifin bütün şeirlərini oxumaq lazımdır ki, burada ana xətti tamamlayan Ölüm, Azadlıq, Dünya motivlərinin mifik köklərini açıqlaya biləsən.

Son zamanlar Vaqif Səmədoğlu şeirlərini dekadentizm nümunəsi kimi təqdim edən ədəbiyyatşünaslar tapılır. Doğrudur, Vaqif Səmədoğlunun əksər şeirlərində kədər, qəm motivləri üstündür, ancaq V.Səmədoğlunu zorla bu nəzəri modelə sığışdırmaq cəhdi külüncdür. V.Səmədoğlu şeirini zorla müəyyən bir "izm"lə bağlamaq mümkün deyil. Bəli, onun şeirlərində bədbinlik, kədər boldur, amma dekadent deyil. O, sırf həyat adamıdır: insan dərdindən, sevincindən yazır, amma bunu bütünlüklə realizmin hesabına yazmaq doğrudurmu? O, yeri gələndə çılğın romantikdir. Yeri gələndə simvolistdir, lap yeri gələndə impresionistdir. Şairin şeirlərini hansı bir "izm"ləsə pərçimləmək onun dünyasını məhdudlaşdırmaq deməkdir.

Mənim fikrimcə, Vaqif Səmədoğlu poeziyası Azərbaycan və dünya şeirinin ən müasir meyllərinin bir nöqtədə birləşdiyi, vəhdət təşkil etdiyi bir poeziyadır.

Vaqif Səmədoğlu ilə beş əsrlik Füzuli arasında qırılmayan poetik tellər gözə göründüyü kimi, atası Səməd Vurğun arasında da oxşarlıq, yaxınlıq tapmaq mümkündür. Həmçinin Vaqif Səmədoğlu şeirləri ilə müasir postmodernist poeziya arasında da belə bir uyuşmanı açıqlamaq müşkül deyil. Dünyada bütün gözəl şairlərin yolu bu vəhdətdən keçir. Amma ilk növbədə, V.Səmədoğlu yalnız özünə bənzəyən şairdir. Onun "Günün baxtı" (1972) ilk şeirlər kitabı ilə son şeirləri arasında təbii, poeziya üçün qanunauyğun bir inkişaf prosesini izləmək mənim üçün çətin deyil, amma o, ilk şeirlərlə son şeirlər arasında elə bir bağlılıq var ki, bunu sən başqa bir şairdə tapa bilmirsən.

"1962-ci ildən şeir yazıram. Şeirlərimin ilk hakimi, onlara ilk qiymət verən Rəsul Rza olubdur. Əgər onlar gərəklidirsə, qorxunc yalan torundan uzaqdırsa, mən bunun üçün Rəsul Rzaya borcluyam. Çünki məsuliyyət hissi ilə şeir yazmağı mənə Rəsul Rza öz şeirləri və söhbətləri ilə öyrətdi. Onun estetik zövqünün yüksəkliyi, sadəliyi, poetik söz üçün daşıdığı böyük məsuliyyət məndən ötrü həqiqi məktəbdir".

V.Səmədoğlunun sərbəst şeirləri assosiativ şeir üslubunun - "fikir poeziyası"nın nümunələri kimi diqqəti cəlb edir. Ancaq heç bir şeirində Vaqif, ifadə etmək istədiyi fikri quru və çılpaq sillogizmlərln ixtiyarına tapşırmır, bu şeirlərdə fikirlə hiss, ürəklə beyin arasında qırılmaz bir vəhdət hiss edirsən. Bizim ən gözəl sərbəst şeirlərimiz kimi..

 

V

 

Vaqif Səmədoğlu şeirlərində tez-tez atasını-XX əsrin böyük söz ustadı Səməd Vurğunu xatırlayır. Bu, sadəcə oğul məhəbbəti deyil, həm də böyük poeziya qarşısında ehtiram əlamətidir. Vaxtilə Vaqifin şeirlərindən söz açanda bəziləri onu qınayırdılar ki, niyə atası kimi yazmır. İndi deyə bilərik ki, məhz Səməd Vurğun kimi yazmadığı üçün Vaqif Səmədoğlu öz poetik istedadını tam mənada sübut edə bildi. Poeziyada Səməd Vurğun yolunu tutanlar onsuz da çox idi və bu yolu tutanların çoxu, açığını desək, orijinal şair ola bilmədilər.

Vaqif Səmədoğlu şeiri məzmunca də, formaca da yenidir, lakin öncə dediyim kimi, Azərbaycan poeziyasının qaynaqlarından üzülməyir, öz minor kökü, həzin və elegik ruhu, yeri gələndə ironik tərzi ilə Füzuli, Sabir, Hadi şeirinə, xalq ədəbiyyatına ilişiklidir.

 

Yer altından min ah kimi

Çıxdı çiçəklər səhər.

 

***

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa.

 

***

Məzar üstə güllər kimi

Ulduzlar axır yerə.

 

VI

 

Mənə bir az yağış,

bir az konyak

bir az da göz yaşı lazımdır.

Bir də elə bu otaq,

bu işıq, bu kağız, qələm

Bu gün lazımdır yaman.

Və bir də qapısının açarı

öz cibimdə olan

bir məzar lazımdır mənə.

Bu qapının dalında,

bu otaqda oturub,

rahat şeir yazmaqdan ötrü.

 

Bu da Vaqifin şeiridir. Bu şeir onun taleyidir. Vaqifin taleyi isə sirlərlə doludur.

 

Mənə yaşamaq yox,

şeir yazmaq gərəkdir.

 

Vaqif YUSİFLİ

filologiya elmləri doktoru

Ədalət.-2014.-6 iyun.-S.6.