BAYAT
Polyak qızı, mən sənə
Nəfəs deyim, ah deyim?
Çıxar xaçı sinəndən,
Mən bir bismillah deyim.
Əllərim bekar qalıb,
Saçlarını bəri ver,
Dodaqlarım sıyrılıb,
Sinən üstdən dəri ver.
Burnumdan
əsirgəmə,
Duyacağım son ətri,
Bir eşq boyu yubansın,
Son şeirimin son sətri...
***
Gözlərində
boş yer varmı?
Varsa,
izn ver, görünüm,
Gözlərinin
qarasına bürünüm...
***
Özümdən nə için
belə narazı,
kökləyib sazı,
qışı başa
vurub başı aşağı.
bir dəli,
mənasız yanlış
ümidlə
gözlərəm, bu gələn yazı...
Nə gələ
bilər?
Könül nədən gülə bilər?
Qəlbimi min sual dələr,
dələr,
bir də susan günün o lal avazı...
***
Gecə,
necə gecə!
Belə
gecədə
bir gözəl qadının
yalanına aldanıb,
dönəsən heçə.
İsinəsən
yalanın isti ocağında,
günahın
müqəddəs qucağında...
***
Dalğalı Xəzərin süst
balasıyam,
Onun sahilində mən qalasıyam,
Narın,
sarı qumdan güc alasıyam,
Bura günlərimin ötən
yeridir,
Dünyaya gəldiyim vətən
yeridir...
***
Hamınıza can sağlığı,
Olanından - qalanından.
Və bir çimdik də olsa bakirəlik,
Olanından - qalanından.
Və ağıl,
Olanından - qalanından...
***
Sən mənə on yerdən baxa bilərsən,
Mənsə on birinci yerdə
çay içəcəyəm,
quyruğunu açmış
bir tovuz quşunun
impressioniziminə heyrətlə
baxa-baxa.
və beynimin içində unudulmuş
hansısa bir kimsəsiz məzarın
üstünü təmizləyib,
yerə düşmüş
baş daşını
qaldıracağam.
Və dəyişəcəyəm öz
yerimi,
Sən duran yerlərdən görünməyim deyəg
***
Bu yolun sonu,
ya ölümdür,
ya azadlıq.
Bəlkə də
ilk azadlıq,
ilk ölümdür,
bu yolun sonu.
Azadlıq da
ölüm də yoldur,
Sonsuz bir yol.
Ölümsüz, azadlıqsızg
***
Yorğun,
arğın
gəldi sorağın.
Aman
Allah,
nə üzün-gözün,
nə acı, nə xoş sözün
düşmür yadıma,
yetmir dadıma.
Yalnız
sınıq darağın,
nişan üzüyü
çıxmış
bircə barmağın
dirildi gözlərimdə,
bərəldi gözlərimdə
yorğun, arğın
gələn kimi sorağın g
***
Bütün pəncərələr yumulmuş gözdür,
bu evlər,
küçələr deyilmiş
sözdür...
Yaralı
buluddan yağan yağışlar
Günah
yumasa da bir az bağışlar.
Bəlkə bizdən bir az yan keçər bu gün,
həyalı söyüşlər,
doğma qarğışlar.
Və quşlar,
Və quşlar qəfəsə
vurğun,
İlahi,
çox sağ ol,
Yenə
də heysizəm, yenə də yorğun...
***
Aram gələn şerlərin
karvanı,
Ölüb gedən şerlərin
qurbanı,
Bu karvanın qurban kəsilən səsi,
Sənə qurban olum, duman yiyəsi...
İki gözüm göy üzünə baxıbdır,
Göy üzünə iki günəş çıxıbdır,
Biri karvan, biri qurban
üstündə,
Biri yarımçıqda, biri
bütündə...
Yorulmayan
bir küləyin səsini,
Yer üzünün qarğışını,
nəsini,
Batır
zilə qalxan səsin pəsini,
Sənə qurban olum, duman yiyəsi...
***
Nəyin
istisindən yananlar
arzulayacaq kölgəmi?
Hansı
rənglə çəkəcəklər
xəritələrdə ölkəmi?
Şeirlərimi sevəcəklərmi
divarlar arxasında?
Nə parlayıb sönəcək
son günümün yaxasında?
Bazarda
ətin qiyməti düşəcək,
yoxsa
meşə cəngəlliyinin
qoyduğu qiymətdə
qalacaq?
Öpüşəcək,
öldürəcək,
düşünəcəklərmi yenə
qaranlıqda?
İnsan
xoşbəxt olacaqmı
məhəbbətin doğduğu
bir anlıqda?
Qatarlarda
axşamüstü
çay paylayacaqlarmı
içməyə?
Pasport, viza
gərək olacaqmı
sərhədlərdən keçməyə?
Andersenin nağıllarını oxuyacaqlarmı?
Əlifba biləcəkmi hamı?
Kür daşacaq,
yoxsa bəndlər ovcundan
töküləcək Xəzərə?
İnsan
bir ömrü boyu
öləcək neçə
kərə?
Yol azacaqlarmı?
Məzar qazacaqlarmı?
Məsciddə yuyacaqlarmı meyidləri?
Kim sulayacaq
bulvardakı söyüdləri?..
***
Mühit
içində
təpədən dırnağa
kimi
ümid içindəyəm.
Dalamır indi məni
nə illərin başıyuxarı axarı,
nə də ömrün
üzüqoylu axırı.
Bilirəm,
yer üzündə
bütün izlər
ömürdən gedir,
dəniz belə
gözdən itir.
Bilirəm
yer üzündə
bir yol da salınmadı
insan gözündən.
Tapılmadı itənlər.
Mənsə gah həyata,
gah ölümə
səbəb gəzirəm.
Yaşayıram, dözürəm
Bir misra da, bir
gecə də...
Çünki mühit içində
təpədən dırnağa
kimi
ümid içindəyəm.
***
Mənim
ünvanım:
Nəhayətsizlik.
Zaman.
Məkan.
Dünən,
bu gün
və sabah.
Görünən,
görünməyən.
Eşidilən,
eşidilməyən,
Qalaktika.
Günəş sistemi.
Yer kürəsi.
Torpaq.
Bir az Avropa.
Bir az Asiya.
Böyük ölkə.
Doğma yurdum.
Azərbaycan
Bakı.
Sakit bir küçə.
Ev dörd,
mənzil otuz yeddi.
Otaq.
Üçbucaq masa.
Kağız və qələm.
Şeirlər.
Vaqif Səmədoğlu
Ədalət.-2014.-7 iyun.-S.13.