Gəncləşən, gözəlləşən Gəncə

 

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri respublikamızın bütün bölgələri kimi, Gəncə şəhərində də yaxından hiss olunmaqdadır. Bu gün şəhərdə hansı ünvana baş çəksən dinamik inkişafın şahidi olarsan. Gəncə şəhərinin ictimai-siyasi həyatında ən əlamətdar və yaddaqalan hadisələrdən biri Azərbaycan Respublikası Prezidentinin Gəncəyə səfəri çərçivəsində müxtəlif təyinatlı obyektlərlə tanış olması, yeni müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıq və tövsiyələr, Gəncənin inkişafı ilə bağlı imzaladığı sərəncamlar şəhərimizin inkişafında müstəsna rol oynamışdır.

Prezident cənab İlham Əliyevin xeyir-duası ilə Gəncədə təməli qoyulmuş Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi muzeyinin, İmamzadə Kompleksinin, Uşaq Yaradıcılıq və Məhsəti Gəncəvi mərkəzlərinin, Gəncə Dövlət Filarmoniyasının tikintisində böyük nailiyyətlər əldə edilmişdir.

Həmçinin Atatürk prospekti, 264, 266 ünvandakı 5 mərtəbəli, 50 mənzilli yaşayış binasında yaşayan sakinlər müasir memarlıq üslubunda, tam təmirli, geniş və yaraşıqlı mənzillərlə təmin olunması işi başa çatdırılıb. Bu gün Gəncənin Nizami prospekti ilə Aeroport istiqamətində 2,5 km məsafədə mövcud avtomobil yolunun genişləndirilməsi sakinlərin ürəyincə olmuşdur. Gəncəçay çayının şəhərin ərazisindən keçən hissəsində sahilbərkitmə işlərinə xüsusi diqqət yetirilir. Ötən illər ərzində bu tikintiyə böyük məbləğdə vəsait yönəldilmişdir. Gəncəçay çayının sağ hissəsində ilkin olaraq 1,2 km uzunluğunda salınacaq parkda yeni infrastruktur layihələr həyata keçirilib ki, bu da şəhərin qədim görkəminə yeni bir müasirlik gətiribdir. Hacıkənd qəsəbəsində 5 min 277 kv metr hörüləcək istinad divarının üzlük daşlarıyla üzlənməsi təmin edilmiş və gərəkli digər işlərdə yerinə yetirilmişdir. Qəsəbədaxili küçələr abadlaşdırılmış, yeni işıqlandırma sistemi quraşdırılmış, 50-dən artıq bina əsaslı təmir olunaraq, dam örtükləri dəyişdirilmişdir. Sel sularının zərərli təsirinin qarşısını almaq üçün yeni bəndlər tikilmişdir. Qəsəbədə kommunal infrastruktur yenidən qurulur. Qəsəbənin girişində qapı kompleksinin inşası davam edir, Z.Tağıyev adına park, "Qoşa" və "Çömçə" bulaqları əsaslı təmir olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yeni yaradılmış qəsəbələri şəhərdaxili yollarla birləşdirən avtomobil yollarının tikintisinə ilkin olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə kifayət qədər vəsait ayrılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişaf etdirilməsi şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin prioritet məsələlərindəndir. Azərbaycanda, eləcə də Gəncə şəhərində azad sahibkarlıq üçün kifayət qədər münbit şərait yaradılması, sərbəst iqtisadi fəaliyyətə geniş imkan verilməsi nəticəsində indi həm yerli sahibkarlar, həm də xarici investorlar Gəncəyə daha çox maraq göstərir. Bu şəhərdə bir-birinin ardınca ölkə və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilmişdir.

Ötən illərdə keçiriliən Forumda Almaniya Federativ Respublikasının Reynland-Pfalz əyalətinin nümayəndələri ilə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, yüngül sənaye, enerji, tikinti, mebel istehsalı, logistika və digər sektorları təmsil edən adamları iştirak etmişdir.

Sahibkarların sərbəst fəaliyyətini təmin edən sağlam, əlverişli biznes mühitinin formalaşması nəticəsində məhsul istehsalının həcmində qeyri-dövlət sektorunun payı hesabat dövründə 49,2 faiz, sənayedə 70,1 faiz, kənd təsərrüfatında 99,5 faiz, tikintidə 30,5 faiz, sərnişin daşınmasında 82,3 faiz, ticarətdə 99,4 faiz təşkil etmişdir. Bu gün Gəncə şəhərində bütün təhsil müəssisələrində ən müasir kompüter avadanlıqlarından istifadə olunur. Kifayət qədər kompyuter dəsti quraşdırılmış, hər 30 şagird bir dəst kompüterlə təmin olunmuşdur. Məktəblərdə istifadə olunan kompüterlərin hamısı internetə qoşulmuşdur. 8, 25, 30, 31, 43, 44 nömrəli tam orta məktəblərdə müasir istilik sistemi quraşdırılmış, 7, 9, 10, 11, 13, 15, 16, 19, 22, 26 və digərlərində - ümumilikdə 20 müəssisənin istilik qazanxanalarında təmir-bərpa işləri aparılmışdır. Şəhərin 3, 8, 15, 22, 30, 32 və 43 nömrəli tam orta məktəbləri aparılan keyfiyyətli əsaslı təmir və bərpa işlərindən sonra istifadəyə verilmişdir. 16, 31, 39 nömrəli tam orta, 1, 2 və 3 nömrəli peşə məktəblərində, 1 və 2 nömrəli peşə liseylərində başlanan əsaslı təmir işləri sürətləndirilmiş, 4 nömrəli tam orta məktəbdə 960 şagird yerlik əlavə tədris korpusunun tikintisi davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhər Uşaq evində başlanan əsaslı təmir və tikinti-quraşdırma işləri tamamlanmışdır, yeni korpusun və 2 saylı uşaq bağçasının tikintisi başa çatdırılmışdır. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını və səhiyyə sahəsində islahatların başlıca istiqamətlərini təşkil edir. Şəhər səhiyyə idarəsi tərəfindən əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, müasir standartlara cavab verən səhiyyənin yaradılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlər də davam etdirilmişdir. Abbas Səhhət adına 1 saylı şəhər və yoluxucu xəstəliklər xəstəxanalarında, rayonlararası hemodializ mərkəzində, 6 saylı poliklinikada əsaslı təmir işləri yekunlaşmışdır.

Təcili Tibbi Yardım Xəstəxanasının Müştərək TravmalarDaxili xəstəliklər şöbələrində rekonstruksiya və əsaslı təmir işləri sona çatdırılmışdır. Psixiatriya xəstəxanasında cari təmir işləri aparılmış, yumşaq və bərk inventarla təmin olunmuşdur.

"Stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi" barədə Proqramın icrası ilə bağlı şəhərin bütün xəstəxanaları kompyuter avadanlıqları ilə təmin edilmiş, şəkərli diabet xəstələri özünənəzarət vasitələri, qlükometrlər, strip testlərlə təmin olunmuşlar. Şəhər Onkoloji xəstəxanasında Şüa müalicə kabinetində rekonstruksiya və əsaslı təmir işləri aparılmaqla, "Şüa müayinəsi" bölməsi yaradılmışdır.

 

Əbülfət Mədətoğlu

ədalət.-2014.-10 iyun.-S.7.