TƏLQİN
hekayə
Arvadımla aramızdakı ilk münaqişənin nə zaman, nədən başlandığını soruşsalar dəqiq, dürüst bir cavab verə bilmirəm.
Hansı ailədə danışıq olmur? Sən bayırda yubandın, o uşağı vaxtında ləyənə oturtmadı. Sən onun qohum-əqrəbasına guya layiqincə hörmət göstərmədin... İnanıram ki, belə gileylər bütün evlərdə olur və olduğu yerdə də itib-batır. Ancaq bizim ailəmizdə söz-söhbət bitib-tükənmək bilmir ki, bilmir.
Evimiz naxır yolunun üstündədir.
Axşam düşür, qoyun sürüləri çınqıllı-qumlu yamac aşağı kəndə enirdilər. Onsuz da heç vaxt doymaq bilməyən buzovlar, görməmişlər kimi başlarını qaratikan çəpərlərinin diblərinə dürtüb oradan ot-ələf qoparır, inəklər başları üstündəki budaqlardan yarpaqları qırıb, tələsmədən, gəvələyə-gəvələyə doqqazlara, həyətlərə yaxınlaşırdılar.
Darvazamızın qabağında duran qonur-qırmızı inəyimiz rəngi solmuş göy sətin pencəyimdən və sarı həsirimdən məni tanıdı. Başını bir qədər irəli uzadıb yuxarı qaldırdı və bərkdən böyürdü. Mən sarı həsirimi paxlalığı həyətdən ayıran çəpərin bir çubuğundan asdım. Arxamı külək gələn tərəfə çevirib pencəyimin qılçıq-samanını çırpdım.
Hərəkətlərimdən ürküb
çəpərə qısılan qumral buzovu əsmə
tutmuşdu. Başını tumarladım. Ürəyi yerinə
gəldi. Dizlərindən yanlara tərəf haçalanan titrək
ayaqları üstə güclə dayanırdı. Canına
üşünmə düşmüş buzovu isindirmək,
ona mehribanlıq göstərmək keçdi ürəyimdən.
Qucağıma götürdüm. Özümdən xəbərsiz
bir bayatı gəzdi dodaqlarımda. "Balama qurban alçalar,
balam nə vaxt əl çalar". Amma hanı? Balam yoxdu. Canımdan artıq istədiyim
Çəmənlə neçə il idi
ki, ailə qurmuşduq. Demək olar ki, hər
şeyimiz vardı. Amma övladdan
savayı. Bəlkə elə ona görə bu dana da belə şirin gəlirdi mənə.
Bayatının ikinci misrasında "bala"nı "dana"yla əvəz edib danama qurban inəklər,
danam nə vaxt iməklər" oxuyur,
sızıldayırdım. Birdən dalanın o
biri başında arvadımın havanı yumruqlaya-yumruqlaya
üstümə şığıdığını
gördüm.
- Hə,
nədi! "Danama qurban inəklər"
oxuyursan? Məni sancırsan? Təqsirim nədi? Övladım
olmursa bu da Allah-Təalanın işidi. Təsəlli,
səbir verməkdənsə bayatı üstündə qaravəlli
oxuyursan?!
Dinmədim. Bayatının könlünə
toxunacağını bilsəydim, ağzımı
açmazdım.
- Bəs
qapını niyə örtmürsən? Bəlkə
istəyirsən ki, günə sərdiyim gəbələri,
xalıları paxıl qonşular görüb partlamaya
düşsünlər, sonra da məni elə hey darasınlar?
- deyib darvaza qapısını
çırpdı.
-
Cızığı, çəpəri keçdin ha! Qapını bağlama, qoy inəyimiz içəri
girsin, balası əmmək istəyir, yazıq deyilmi?
- Xeyrata kəsim
o inəyi. Yazıq ilan vursun onun balasını
da. Yaxşıca yeyiblər. Ancaq mən ac-susuz səni gözləyirəm ki, gələsən,
bir yerdə bir şey ataq ağzımıza. İnəyin
qayğısına qalarsan da! Əlbəttə,
süd verir axı. Bəxtəvərin balası da var! Mənim
də balam olsaydı...
Arvadım kövrəldi. Əllərindən
tutdum. Bumbuz idi. Ala
gözləri şişib böyümüş, ətli
dodaqları göyərmişdi. Özünü
saxlaya bilmədi. Başını
çiynimə qoyub hönkürtüylə ağladı.
Göz yaşları əllərimi od kimi
yandırırdı. Bədənində xəfif
bir titrəmə vardı. Qollarını,
çiyinlərini ovuşdurduqca sinəmə
qısılır, yanıqlı-yanıqlı köks
ötürürdü.
Evdə tez-tez düşən münaqişələrə,
qan-qaraçılığa son qoyulmalıydı. Ancaq necə?
Dəryada əli samana çatmayana
dönmüşdüm.
Çoxdan evlənsək də övladımız
olmurdu. Elə ona görə də ürəyi belə
incik, könlü küskündü. Heç-puça
görə tez-tez asiləşir. Mən
kişiyəm, mənə nə var ki, gah əkində, gah
biçində, gah payız şumunda, gah da yaz aratında
traktorumun çarxına, oxuna başım elə
qarışır ki, günüm nə vaxt axşam olur bilmirəm.
Amma o qadındır. Ən gözəl
teatrı, kinonu sevdiyi ərinin davranışlarında, ən
yaxşı məzhəkəni, nəğməni, əyləncəni
də körpəsinin çıxardığı məzələrdə,
oyunlarda görmək istəyən adi qadınlardan biri.
Kənd xəstəxanasındakı
yarımştatlıq işini tez başa vurub, tez də evə
qayıdır, hələ bir dəfə olsa ütüsüz
köynək, şalvar geydiyim yadıma gəlmir. Axşam-sabah
xörəyim yenicə düşürülən qazandan
çəkilir. Od
parçasıdır elə bil. Bir də
gördün qazanları, nimçələri bulaq arxına
töküb, sürtüb təmizə çıxarır.
Bir də gördün gəmiləri batdı.
Alnı düyünlədi, qaş-qabağ
salladı. Mən onu başa
düşürəm. Əlbəttə,
övladı olmayan qadın nəsə bir şey itirmiş
kimi yaşayır. Qatarda biletsiz sərnişin
kimi həyat yollarını qorxu, təşviş içində
getməlidirlər belə qadınlar. Tağı,
dirəyi uçmuş evə bənzər övladsız
qadın ürəyi. Bişir-düşürünə
tam verə bilməz, qonaq-qaraya üz göstərməz,
yuxusu kipriyinin ucunda olar belə zənənlərin. Ana olmayan qadının piltəsiz şam olduğunu
da çox yaxşı bilirdim.
İşgəncələrdən necə qurtarım
Çəmənimi?
Orta tibb savadlıydı. Çox dərin həkimliyi
olmasa da başağrısından, zökəmdən şikayətli
qonum-qonşuya əl yetirirdi.
Deyim ki, ötən illər ərzində mən onun hər
hansı bir xəstəlikdən şikayətləndiyini
eşitməmişdim. Amma sağlamlığından da
şübhəli idim. Axı, balam,
canında bir naqisliyi, bir əskikliyi yoxdusa bəs,
övladı niyə olmur? Bəlkə mənəm
bunun səbəbkarı? Xeyr. Mənim bu işdə heç bir günahım
yoxdur. Bunu uşaqlıq dostum Məmmədyar
da təsdiqləyə bilər. O Məmmədyar ki,
işini-gücünü atıb Bakıda üç gün
məni həkimlərə göstərdi və axırda da əlimi
vəl əlləriylə sıxıb "Get partizan, sənə
zaval yoxdur", dedi. Ancaq arvadımın dilindən
arabir "başım ağrıyır", "belim
sancır" eşidirdim. Onu traktoruma mindirib kəndimizin
yuxarı başındakı "Pir bulağı"na aparacaqdım.
Biz
Suvacallılar (suya calamaq) bir tərəfi Şahdağ ətəyinə,
bir tərəfi də Qusarçay sahilinə qədər
uzanan açıq və geniş bir yamac döşündə
qərar tutmuş Suvacal kəndinin sakinləri nəhəng
fısdıq ağacları kölgəsində suyu
narıncıya çalan, bir az da kükürd
tamı verən "Pir bulağı"nın sirrini, kəramətini
çox görmüşdük. İlin fəsillərindən,
havanın yaxşı-yamanlığından asılı
olmayaraq ətraf kəndlərdən, bəzən uzaq rayon və
şəhərlərdən də "Pir bulağı"na gətirilən xəstələr şəfa
tapırdılar.
Əlləri-ayaqları quruyan, belləri bükülən,
rəngi qaçmış, dalağı şişmiş
ağır xəstələri suyu daşlarla
qızdırılmış təknələrə salıb
üstlərini də xalça-palazlarla basdırardılar ki,
amandı, xəstəyə soyuq dəyməsin.
İlahi, necə bəd xəstəliklər
varmış həyatda. Ürəkkeçmə, qara-yara, qulunc
ağrısı, nə bilim, daha hansılar? Di gəl ki, üç gündə üç kərə
suya girənin, dördüncü günü öz
ayağıyla evlərinə qayıtdığını
çox görmüşük. "Pir
bulağı"na pənah gətirən
bəzi sonsuz gəlinlər, bir ildən sonra doğduğu
körpəni dalına şələləyib təzədən
bura qayıdır ki, bu ocağın xəstələrinə
pulsuz, pənəsiz xidmət etsinlər.
Ancaq indi
mən yanaqları dağ laləsi kimi
qıpqırmızı, sübh olunca yağışa-qara məhəl
qoymayıb başaçıq, ayaqyalın qoyunları
sağıb, malları naxıra sürən, bir
qışın odununu bir gündə doğrayıb damaltıda
xaraya düzən, traktorla çəkib gətirdiyim ot
lökütlərindən həyətin başında təkbaşına
taya qoyan və ömründə bircə dəfə olsa belə
"uf", "aman" kəlməsini dilinə gətirməyən
bu sap-sağlam Çəmənimi kəramətinə heyran
olduğum "Pir bulağı"nın ecazkar təknəsinə
nə adla, hansısa bir xəstəliyi var deyib necə
salaydım? Bu heç ağlıma
batmırdı.
Qərib bir yay axşamı idi. Meh əsdikcə otlar
xışıldayır, vələsin budaqları da ahəstə
titrəyirdi. Bir an mənə elə gəldi
ki, çəhrayı səmada budaqlar arasında görünən
ay da titrəyir. Çəmənim odun
xarası yanında sac qoymuşdu. Əllərimin mazutunu
silib yanında oturdum, girişsiz və müqəddəməsiz:
- Bəlkə
şəhərə, həkimlərə aparım səni? -
dedim. Çevrilib acıqlı-acıqlı
üzümə baxdı.
- Nə
olub mənə? - dedi, - buz baltası kimiyəm.
Əlimizdə, ovcumuzdakı tikə-paranı
aparıb tökək onun-bunun boğazına ki, bizə
uşaq təşkil etsin? Həkimlərə
nə var ki? Sən elə sortunu zakaz ver.
Qarabuğdayı deyirsən, ağbəniz istəyirsən, əkiz
arzulayırsan? Bir iynənin
başındadı hamısı. Allah vurub onları! Haramla, hiyləylə doğulan uşağın
sonrası nə olar? Özümə nə
gəlib? Ürəyimə danıb ki,
oğlum olacaq, hələ sonra bir qızım da.
- Bəs
nə vaxt, ay Çəmənim, ömür-gün də
gedir, axı? Allah eləməsin, fikirdən,
xiffətdən xəstəlik taparsan.
Çəmən çini qabdakı urvadan bir ovuc
götürdü, oxlovun ucuyla qaldırdığı
lavaşın altına çırpmaq istəyəndə əli
titrədi və unun yarısı sacın altına səpələndi. Un
cızıldayıb bir dilim alova döndü. Çəmənimin
yanaqları alovun təsirindənmi, yoxsa əsəb gərginliyindən
mis kimi qaraldı. Qəhər onu boğur, nəfəsi
tıxanırdı:
- Bəs
həmişə başıma dolanıb, qadamı
almağın, yolumda canından keçməyə hazır
olmağın da yalan imiş. Deməli, o subay
vaxtlarımızda sən məni "Azur" təpəsinə
külək qırmacları, yağış selləri
altında görüşə ancaq uşağa görə
çağırırdın? "Axun
baxçası"nda mənə verdiyin o yarpızlar, o
reyhanlar da saxta, kağızdan düzəlmə, urus,
malağan külləriymiş? Deməli,
aramızda heç bir istək, məhəbbət yoxdur?
Ancaq uşağa görə lazımammı sənə?
Əgər uşağım yoxdusa neyləyim?
Sən də yoxsansa mənimçün, bəs
niyə, kimin üçün yaşayıram onda mən?
Başıma nöyütü töküb özümü
yandırmasam...
Çəmən yerindən dik qalxıb damaltı
küncündə qaralan neft şüşəsinə tərəf
cumdu. Özümü yetirib şüşəni əlindən
aldım. - Öldüm, Allah, - deyib kövrək bir ah
ötürdü. Mənə elə gəldi ki,
bu ahdan tənək-talvarının yarpaqları titrədi.
Ürəyim üşəndi, tüklərim
biz-biz oldu. Çəmən
ağlaya-ağlaya dartınıb qollarımın arasından
çıxdı və aynabənddən üst mərtəbəyə
qalxan pillələri iki-bir, üç-bir adlayıb öz
otağına çəkildi.
Yox, daha belə yaşamaq olmaz. Çəmənin çılğınlıqlarına
son qoyulmalıdı. Çəmənim
hökmən ana olmalıdı.
Özümü ora-bura atır, hadisəni
götür-qoy edir, vəziyyətdən
çıxış yolu axtarırdım. Suda batan əl-qol
atıb özünə imdad axtarırmı, mən də elə
bir gündəydim. Kəndin ara həkimi
Sineyvaz qarı düşdü yadıma. Qarının
"sehrkar" əliylə ağır xəstələrin
şəfa tapmağı və bəzi övlad həsrətli
gəlinlərin də uşağa qalmaqları barədə
şayiələrə, rəvayətlərə
inandırmağa çalışdım özümü.
Sineyvaz qarı Çəmənimin müalicəsinə
200 manat "köz kimi nəqd pul" alacağını
bildirmişdi.
Ancaq qarı bir şərt də qoymuşdu ki,
"gəlinə pul barədə heç nə deməyəcəksən,
ağzının qaytanı yoxdur, kənd içində
biabır olaram".
İşi ləngitmək, Çəmənimin onsuz da gərgin
olan əsəblərini üzmək deməkdi. Maaşı
gözləyə bilməzdim. Qarının
qılığına girib, iki toğluya
razılığını aldım. Elə həmin
axşam kənd sürüsü çöldən
qayıdanda bellərinə qırmızı çernillə nişan qoyduğum iki toğlunu Sineyvaz
qarının həyətinə sürdürdüm. "Hə, yaxşı oldu. Bir az
rahatlandım. Ürəyim yerinə gəldi.
Əlbəttə, məsələnin
yarısını həll eləmişdim. Təki Allah-Təala ömür versin, qarıya bir
şey olmasın. İşimizi
hallalıqla başa çatdıraq. Qarı
bizə gələcəkmi, yoxsa Çəmənimi evinə
çağırtdıracaq? Buna görə
üzülməyə dəyməz. Bunun fərqi
nədir? Haqqını artıqlamasıyla
çatdırmışam. İşi də
səliqəli-isbatlı olar yəqin"
düşünür, özümə təskinlik verirdim.
(ardı var)
Ədalət.-2014.-10 iyun.-S.6.