TƏLQİN
hekayə
(əvvəli
ötən sayımızda)
Günorta başlayan dənəvər yağış kəsmək bilmirdi. Traktoru sahədə qoyub kəndə qayıdırdım. Ağır damcılar xəndək kənarlarındakı dəvədabanıların enli yarpaqlarını dəlib keçir, kəndəlaşların qaralan taclarını diksindirib titrədirdi.
Evimizə çatana kimi "suya düşən cücəyə" dönmüşdüm. Talvar altında beli qırmızı çernilli toğluları görüb duruxdum. Çəmənim inəyi yumruqlayıb kənara itələdi. Süd dolu sərnici sacayağının üstündəki qazana boşaltdı.
- Sineyvaz qarının fırıldaqlarına sən də inanırsan, - deyib, məzlum-məzlum üzümə baxdı. - Özünü oda-közə vurma. Suda batan öz qollarına güvənməlidi. Bu qayğımızı özümüz yoluna qoymalıyıq. Mən bir həkim rəfiqəmlə məsləhətləşmişəm, - dedi.
Dinmədim. Təqsir özümdədir axı. Niyə vaxtında Bakıya oxumağa gedən Məmmədyara qoşulub, itib izal olmadım bu xarabadan? Allahın verməzliyidir. Yox, gərək mən bədbəxt atadan yetim qalaydım, kənddə mexanizator olaydım ki, şikəst anam, kiçik bacım, qardaşlarım da acından ölməsinlər. İndi Məmmədyar hardadı, mən harda? O, addı-sannı məşhur həkim, mənsə nə qədər yaxşı işləsəm də, yağışa-qara baxmayıb, gecə-gündüz əlləşib-vuruşsam da həmişə üzü dannanan mexanizator!
Ən savab, ən faydalı iş Məmmədyarın işidir ancaq. Axı, o, ömrə ömür calayır. İnsanın ki, canı sağ oldu, heç bir ehtiyaca, çətinliyə sınmayacaq. Elə ki, evdə bir xəstən oldu divarlarını daş-qaşla hörsən də, işığı zülmətdi ki, zülmətdi. İş belə olanda xəstəni sağalda bilən həkimə ürəyini vermək istəyirsən.
İndi kimə gərəkdi mənim güzəranım? Münaqişələr günü-gündən artır, dava-dalaşa çevrilirdi.
Lafetdəki dərzləri xırmana boşaldıb evə qayıdırdım. Yağış get-gedə gücləndi. Yamac aşağı axan sular kənd arxını partdatmış, evimizin qabağındakı küçəni nohura döndərmişdi. Lehmə-palçıq dizə çıxırdı. Arxayın idim ki, uzunqurc çəkmələrim su buraxmayacaq. Ancaq noolsun. Dizlərimə kimi lehmə-palçıq içindəydim. Çəpərimizə çatanda təndir çörəyinin ətri vurdu məni.
Ən addı plovu isti çörəklə üzlü pendirin bir dürməyinə dəyişmərəm. Ağzım sulanırdı. Hövlnak həyətə girdim. Qılçıqlı-samanlı pencəyimi soyunmadan əlləri mazutlu təndirxananın qapısını açdım. Təndirdən təzə çıxmış çörəklər süfrənin üstündə allanır, buğlanırdı. Çəmən yerinə su çiləmiş, təndirxananı süpürürdü. Özümü saxlaya bilmədim. Süfrəyə çata-çatda Çəməndən bir qışqırıq qopdu:
- Noolub? Bu nə hərəkətdi? Bu nə hörmətsizlikdi? Süpürəm ki, təmizə çıxsın bu xaraba! Ayaqları palçıqlı keçirsən yuxarı başa. Zəhmətimi zay eləyirsən? "Bəynən bostan əkənin tağı çiynində bitər" düz söhbətdir! Traktorçu təmizlik nə bilir?
Təndirxanadan kor-peşman çıxdım. Geri qayıdıb xəkəndazdakı toz-torpağı təndirxananın yerinə səpələmək, Çəmənə təpinmək istədim. Kişiyəm, arvadıma əl qaldırmağa ixtiyarım çatır. Amma lənət şeytana dedim. Könlü qırıqdı. Onu qışqırdan qışqırdırdı. Mən onun əsəbilərini gərginləşdirən səbəbi aradan götürməyi daha vacib saydım.
Mülayim nəzərlərlə üzümə baxıb nəsə demək istədi. Amma mən onun şirə çəkdiyi döşəməni ayaqladığıma görə karıxdım və ayağımı geri çəkib qapını da arxamca örtdüm. Bir an nə edəcəyimi bilmədim. Qayıdıb damamıza girim, yoxsa girməyim? Beləcə ikifikirli qaldım. Birdən içəridə gunbultu qopdu. Qapını açdım, Çəmənim divarı ikiəlli yumruqlayırdı. Yüyürüb boyun-başını qucaqladım ki, əlləri zədələnməsin. Ani bir cəldliklə qollarımın arasından çıxıb:
- Dəymə mənə, - dedi, - heç yaxına da gəlmə!
- Axı, nə olub?
- Daha nə olmalıydı? Döşəməni şirələyirəm! Noolsun? İstəyirsən sən də basıb keçəsən içəri, onu bir də, iki də, lap dəfələrlə suvayım, hamarlayım! Qulluğunda durub, zəhmətini çəkəndə bilirsənmi necə rahat olur mənə? Axı, sənin arvadınam.
- Qəribədi, mənə ancaq qulluq göstərəndə arvad olursan?
- Bə nədi? Pencəyinin qılçıq-samanını özün təmizləyirsən, ayaqqabılarını özün yuyursan. Daha mən nəyə lazımam bu evdə? Mən də başqa arvadlar kimi ərimə arvad olmalıyam, ya yox?
Bu Çəmənimin növbəti tutması idi. Üçyaşar cöngəni qapıya gələn müştəriyə verib Çəmənim üçün bir Kanada kürkü və son modalı layka plaş da aldırmışdım ki, gözü-könlü açılsın. Hədiyyələr onu çox sevindirirdi. Bir ara sakitlik yaşandı evimizdə. Ancaq səadət çox sürmədi. Dava-dalaş get-gedə qızışıb əvvəlki məcrasına düşürdü.
Hava açılmışdı. İstirahət günüydü. Hamamda yuyunub-yaxalanıb üzümü qırxdım. Çayı bir yerdə içdik. Sevincimin həddi-hüdudu yox idi. Nə yaxşı, özünü idarə etsə dava-dərmana ehtiyac qalmaz.
İkinci mərtəbəyə qalxdım. Televizoru qurub, maraqlı bir verilişə baxmaq, dincəlmək istəyirdim. Pəncərələr açıq idi. Birdən eşikdə sanki daşları bir-birinə çırpırdılar. "Şaq-şaq" səsləri get-gedə güclənirdi. Eşiyə boylandım. Sineyvaz qarıydı. Qapıya çatanda əlini belinə aparıb, qamətini düzəltdi. Həmin andaca ayağındakı çəkəcəkləri şabbıldada-şabbıldada həyətimizə girdi.
- Çıx bayıra, - deyən amiranə səsini eşitdim Çəmənin.
Çəmənin belə kontov, sərt əmrinə gülümsəməklə cavab verdi Sineyvaz qarı. Sonra da əl ağacının dəyirmi dəmir ucunu sağ yanındakı tənəyin kökünə dirəyib bədəninin ağırlığını da əsanın üstünə saldı.
- Bilirəm, səni başa düşürəm, işin yaxşı getmir. Əsəbisən. Mən də, sənin ərin də istədik ki, uşaq doğub arvadlara qarışasan sən də. Evdə, qohum-əqrəba yanında dilin də uzun, yerin-yatağın daimilik olsun. Anlamayanı anlatmaq, bilməyəni bildirmək mənim bir işim də. Keçən axşam küçənizdən keçən sürüdən belləri qırmızı iki toğlunu nə ixtiyarla sürmüsən həyətinizə?
- İştahandan al bir az. Xəmirin yağlı yerini qabağına çəkmək adətdi səndə. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Qışın şaxtalı günlərində o quzuları isti evimdə bəsləmişəm. Boğazımdan kəsib ala inəyimin südüylə böyütmüşəm o quzuları. Amma sən dəmini tüstülədib qırağında oturduğun ocağa çırpı ata-ata mürgüləmisən. Bəs əgər belədirsə quzularım nədən yana sənin olmalıdır?
- Yadında döyülmü bəs, gəldim, yataq otağında üzərrik yandırdım. Hə, hə məxsusi dualar yazdım! Qurd ağzı bağladım ki, paxılların, səni istəməyənlərin niyyətləri başlarına düşsün. Bəs havayıdı?
- Bəli, əlbəttə pulnandı, ancaq xeyri olsa... Hanı bəs? Nəticəsi nooldu yazdıqlarının?
- Lənət şeytana de. Aman ver, möhlət ver. Duanın, cadunun qırx il
səbri var. Tələsmə,
ürəyini buz kimi elə!
- Əlbəttə, hara
tələsirəm ki,
qırx-əlli yaşımda
doğaram da. Məni ələ
salıb, axmaq yerinə qoymusan? Çəkil doqqazdan dedim.
- Sənə yaxşılıq
etmişəm qız,
haqqımı kəsmə.
Yaxşı yerindən yaman vursun səni. Düz iki
ay quymaq, firni, xəşil yedirtdin mənə ki, uşağa qalacaqsan, hanı bəs? Nə oldu? O oldu ki, indi şişib-dağılıram,
dərimə sığmıram.
Pal-paltarım da əynimə olmur. Nə geyirəmsə böyür-başımdan
partlayır. Əvəzini istəyirsənmi?
Çəmən xəndək üstə çıxıb əlini
belindəki, kürəyindəki
dəliklərə dürtdü. Çənəsini çəliyinə dayayıb
Çəmənə maddım-maddım
baxan qarı bu tamaşanın nəylə qurtaracağını
gözləyirdi. Çəmən tikişləri sökülmüş
qoftanı çəkib
əynindən çıxartdı
və onu başı üstə fırlayıb-dolandırıb, axırda bu hərəkətlərə ağzıaralı
baxan Sineyvaz qarının başına
çırpdı. Qarı birdən
ayıldı və başına çırpılan
qoftanı açıq
yaxasından qoynuna dürtüb, çəkəcəklərini
şabbıldada-şabbıldada darvazadan çıxdı.
Çəmən soyumaq bilmir,
əlindəki şaxı
havada tovlaya-tovlaya Sineyvazın arxasınca bağırırdı.
- Qan soransan. Parazit!
Müftəxorsan. Ərim dəridən-qabıqdan çıxıb işləyir.
Qazandığını sənə versin?!
Qurtardı. Daha kombaynda işləməyəcək.
Traktorda atılıb-düşməkdən beli boşalıb, iliyi əriyib fağır kişimin.
Toğlularımı yemək istəyənə
bax. Soyutmasını, qovurmasını elə ona yedirtsəm,
sənin kimi qırışmışlara əkiz
doğuzdurar ərim.
Qancıq!
Çəmənimin təvəqqəsiylə traktorçuluğa
son qoydum. Görüm Allah-Təala cəmi
bala həsrəti çəkənlərə versin.
Bizim də oğlumuz oldu.
Sevincimin sonu yox idi. Sevinirdim ki,
oğlumun şaqraq gülüşləri, qaqqıltıları
evimizin divarında, daşında hörümçək
toru kimi yapışıb qalan acı söz-söhbətləri
qovub çıxaracaq.
Çəmənim də məni
ala-qırmızı inəyimizə
qısqanmayacaq, onun balasının qaşqasını
tumarladığım üçün
üzüm danlanmayacaq.
Qəti inanmışdım ki, uşağın qədəmi
bizə düşəcək,
evimizdə bir daha peşmançılıq
olmayacaq.
Özlərini mənə şirin göstərmək istəyənlər
uşağa baxıb,
"elə atasının
burnundan düşüb",
"bir almadı, elə bil iki
yerə bölünüb",
desələr də oğlumun sifətində daha çox anasının cizgilərini
görürdüm. Koppuş dodaqlarını
büzüb qıqqıldayanda,
iri, ala gözləri civə kimi qaynayırdı.
Bir müddət sakitlik oldu.
Mənə elə gəldi ki, böyük bir çayın axarıyla rəvan və yumşaq üzüb gedən bir qayıqdayam. Arxası üstə uzanıb üzümü gömgöy, əngin səmanın dərinliklərinə zilləmişəm. Geniş səma getdikcə daralıb kiçilir, kiçilir, nəhayət qara bir nöqtəyə dönür və mən gözümü həmin nöqtəyə dikib çalışıram ki, itməsin. Səmanın ən uzaq, sonuncu nöqtəsini tutduğumu zənn edib necə də sevinirəm. Lakin diqqətlə baxdıqca həmin nöqtə arxasından təzə nöqtələr və sonu görünməyən başqa nöqtələrin peyda olduğunu görür və bayaqkı sevincim məyusluğumla əvəz olunur. Qayıq axıb getdikcə çay sahilindəki çiçəkli çəmənləri, şəfəqlər altında bərq vuran buz güzgülü qayaları, bir daha görə bilməyəcəyimi düşündükcə heyfslənir və bu rəvan gedən qayığın haradasa, qarşıda bir uçurumdan yuvarlanaraq daşlara, qayalara çırpılacağından qorxuram.
Taxıl dolu lafetini qapana qaldırıb mühərriki təzəcə söndürmüşdüm ki, üst dodağı alt dodağına çatmadığından qabaqkı bir cüt həvə dişi həmişə bayırda qalan, buna görə də gülərüz görünən qapançı Murtuz "şıq kostyumlu", "əli portfelli", "başı panamalı" uşaqlıq dostum Məmmədyarın məni xəbər aldığını söylədi.
- Bəs hanı, hara getdi? - deyə marağımı gizlədə bilmədim. Cavabında həvədiş Murtuz tüklü əlini "Pir bulağı" tərəfə uzatdı.
Yubanmaq olmazdı. Çəmənimə tez xəbər çatdırmalıydım ki, əl-ayaq görsün, axşam əziz qonağımız olacaq.
Sevincimdən yerə-göyə sığmırdım. O, məni sayıb-axtarmağıyla camaat arasında, el-oba içində hörmətimi, nüfuzumu göyün yeddi qatına qaldırmışdı. Kasıbçılıqdan yaman əziyyət çəkirdi. Başını götürüb Bakıya gedən Məmmədyarı məndən başqa yola salan olmadı. Qocalıb əldən düşən nənəsi yetim Məmmədyara heç doyunca çörək də verə bilmirdi. Xəlvəti, evdən gizli qaraçılara satdığım yumurtaların pullarını cibinə dürtdüm. Avtobusa minəndə gülə-gülə, zarafatyana:
- Motal papaqlı, şal-çarıqlı uşaqları şəhərə buraxmırlar, cibindəki pullara bir şapka, bir ayaqqabı alarsan,-deyib əlini sıxdım. Biz qucaqlaşıb ayrıldıq.
Dəfələrlə qərarlaşdığımıza görə Məmmədyar özünə bir yer eləyən kimi məni də Bakıya yanına çağırmalı idi. Baş tutmadı. Mən rayon mərkəzindəki kənd-təsərrüfat texnikumuna girdim. Hər gün dərsdən sonra kəndə gedir, kolxoz təsərüfatlarında çalışır, qazandığım qəpik-quruşla kiçik bacı-qardaşlarıma dəftər-kitabın da alırdım.
(ardı var)
Yusif Həsənbəy
Ədalət.-2014.-11 iyun.-S.6.