SÖZ OLAN YERDƏ

Əli Aslanoğlunun doğum gününə

 

Əvvəlcədən deyim ki, onun barəsində o qədər də geniş bilgiyə malik deyildim. Ona görə öncə onu tanıyanlarla əlaqə saxladım həmsöhbət olduğum hər kəs barəsində söz açdığım yubilyar barəsində ürəklə, necə deyərlər, həvəslə danışdılar. Hər biri xüsusi olaraq vurğuladı ki, Əli Aslanoğlu sözün içində olan adamdı.

Təbii ki, belə bir təqdimat artıq öz-özlüyündə hər şeyi deyirdi. Yəni Əli müəllimi mənim üçün bir növü kitab kimi oxunaqlı oldu. Onun həyatı, yaradıcılığı, şəxsiyyəti bütövlükdə özü yüz illərdi tanıdığım insanların sırasında yerini tutdu...g

Bəli, bu gün 65 yaşını qeyd edən Əli Aslanoğlu Ağcabədi rayonunun Bayat kəndində dünyaya gəlib. O da hamı kimi orta məktəb oxuyub, sonra arzularının izi ilə paytaxta üz tutub, bugünkü Texniki Universitetin məzunu olub, müxtəlif vəzifələrdə çalışıb. Hətta tale küləkləri onu 1988-90-cı illərdə Cənubi Yəmən Ərəb Respublikasına da aparıb çıxarıb. Sovet hökumətinin mütəxəssislər qrupuna rəhbərlik edən böyük mühəndis Əli Aslanoğlu burda da təkcə üzərinə düşən işlə məşğul olmayıb, həm ərəb dilini öyrənib. Bu da ona imkan verib ki, söz dünyasına, şeir aləminə daha geniş nüfuz etsin, şərqi daha yaxından tanısın...g

İlk qələm təcrübələri ilə Ağcabədi rayon qəzetində hələ orta məktəb şagirdi olarkən çıxış edən Əli Aslanoğlu sonra ölkə mətbuatına üz tutdu. Bakıda, Moskvada publisist yazıları, məqalələri, elmi-metodik vəsaitləri işıq üzü gördü. Təbii ki, bununla paralel o könül verdiyi şeirdən uzaq düşmədi. Ondan artıq kitab müəllifi olan Əli Aslanoğlu böyük söz aləmində imzasıyla, bir-birindən dəyərli fikirləriylə söz biligicilərinin, araşdırmaçıların diqqətini özünə çəkdi. Onun barəsində Azərbaycanın ən dəyərli ədəbiyyat adamları, ziyalıları fikirlər söylədilər, məqalələr yazdılar. Məsələn, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, millət vəkili, Nizami Cəfərov onunla bağlı yazdığı fikirlərini "şeirin intellekt tutumu" kimi qiymətləndirmiş vurğulamışdı ki, "Əli Aslanoğlu ədəbiyyatın demək olar ki, bütün janrlarında, şeirin ən müxtəlif növlərində uğurla qələm işlətməyi bacaran nadir ədiblərdəndi".

Nizami müəllimin fikirlərinə şərik olan AMEA-nın digər müxbir üzvü, filologiya elmləri doktoru Teymur Kərimli isə vurğulayır ki, "onun hər bir şeiri qəfil poetik tapıntı kimi zühr etmir, bədii poetik fabuladan doğur".

Millət vəkili, yazıçı-publisist Aqil Abbas isə vurğulayır ki, "o, yalnız şair deyil, həm texniki elmləri, fəlsəfəni, məntiqi, ictimai-siyasi hadisələri, musiqini ümumiyyətlə bütün bu həyatı yaxşı bilən məlumatlı bir insandır. Mən onu yalnız rəhmətlik Xudu Məmmədovla müqayisə edərdim". Ümumiyyətlə. Əli Aslanoğlu barəsində fikir söyləyən elm, ədəbiyyat, söz adamlarının fikirləri ilə tanış olduqca, Əli müəllimin həm özyaşıdları, həm bugünkü ədəbiyyatın gənc təmsilçilərinin diqqət mərkəzində olması çox təqdirəlayiqdir. Açıqca hiss olunur ki, Əli müəllimin hər bir yazısı, hər bir əsəri onun yaradıcılığını izləyənlər tərəfindən böyük maraqla qarşılanır. Yazar üçün bundan önəmli, bundan dəyərli zənnimcə heç ola bilməz. Bax elə mən artıq yaradıcılığı ilə tanış olduğum, barəsində bir-birindən maraqlı fikirlər oxuduğum, eşitdiyim Əli Aslanoğlunun 65 yaşının tamamında ürəkdən təbrik edir əminliklə bildirirəm ki, onun yaradıcılığı həmişə diqqət mərkəzində olacaq söylədiyi hər bir fikrin arxasında dayanan bütöv şəxsiyyəti onun unudulmasına imkan verməyəcək. Deməli, söz olan yerdə şair, qəzəlxan, publisist Əli Aslanoğlu da olacaqdır. Bir daha ən xoş arzularla:

 

Əbülfət MƏDƏTOĞLU

Öləsi deyil

 

Məndən xəbər alma dünyanın işin,

Bunu heç özü biləsi deyil.

Günahı savaba elə qatıb ki,

Ölçüyə, mizana gələsi deyil.

 

Bir yanı azadlıq, bir yanı qəfəs,

Xeyirlə şəri durub bəhsəbəs.

Haqqı nahaq ilə qarışdıran kəs

Onu doğru-düzgün böləsi deyil.

 

Qədir bilməyənə hörmət hədərdi,

Dostluğu bir acı sözə qədərdi.

İçimi titrədən qəmdi, kədərdi,

Uğunub getsə , güləsi deyil.

 

Dolandım, aradım, gəzdim hər yanın,

Görmədim cahanın ədalət anın.

Ürək bu yöndəmi əyri dünyanın

Əsiri olsa da, köləsi deyil.

 

Vaxt-vədə yetməmiş ələndi ələk,

Təbib nəkarədi dərmana gələk?

Əlimi ətəkdən qopardı fələk,

Gördü çəkə bilmir, şələsi deyil!

 

Sözə sərraf gəzər şairin gözü,

Sərrafsız qiymətdə tutulmaz sözü.

Qəbrə qoyulsa da, şairin özü

Yazdığı ölməsə, öləsi deyil.

 

 

Xəyal gözü

 

Dünyaya baxanda xəyal gözüylə

İstək gerçəkliyə dönür elə bil.

İnsan danışanda özü özüylə

Dünyanın işığı sönür elə bil.

 

Zəka nur salanda qaranlıqlara

Zülmət işıqdan da aydın görünür.

Fikir baş vuranda dumanlıqlara

Ümid arxasınca göyə sürünür.

 

Xəyal uzaqlara gedən anların

Söhbəti dastana, nağıla sığmaz.

İçində dünyanı yaşadanların

Dühası hər dayaz ağıla sığmaz.

 

Ehtiyac insanı salanda dərdə

Tale hər bir kəsin uman yeridir.

Arzular ürəkdə boğulan yerdə

Xəyallar sonuncu güman yeridir.

Gözüm hanı?

 

Bir məhəbbət kitabına

sətir-sətir yazılmışam.

Bir ayrılıq cəbhəsində

səngər kimi qazılmışam!

Bir sahildə qaya idim,

döyülməkdən qum olmuşam!

Gah hiddətim cırıb yeri,

gah şumlanıb şum olmuşam.

O qayada bir yazıydım,

oxunmadan pozulmuşam.

Yatmış bəxtin yuxusuyam,

gerçəkliyə yozulmuşam!

Dərdi şişmiş dağ döşüyəm,

yüz yerimdən cızılmışam.

Cəfa döyür,

dərd əridir,

Mən misəmmiş, qızılmışam?

Bu, mənəmsə,

özüm hanı?

Bu kitabda sözüm hanı?

Bu daş dönüb qum olursa,

bu dünyada dözüm hanı?

...Yenə ətraf qaranlıqdı,

Gözüm hanı?

Gözüm hanı?!.

 

 

Sözün rəngi

 

Hər şeyin söz boyda adı var.

Hər sözün

deyim qədər

rəngi var, dadı var.

Deyim - məna libası,

deyim - geyimdi sözə.

"Yaxşı" var ki, tərifdi,

oxşamadı, sığaldı.

"Yaxşı" da var

ipəyatmaz çığaldı,

özü boyda hədədi.

Görən səbəb nədədi

bu fərqə, bu çalara?

Əlbəttə ki, deyimdə!

Söz - boyuna biçilmiş

libasında, geyimdə

məna tutur, söz olur.

Söz var rəngi qara

gedib yapışsa hara -

silinməyən ləkədi.

Soz var rəngi qırmızı,

ölçüsü

danışanın öz başından yekədi!

Söz var ala-bozdu -

rəngi qatmaqarış,

kim hara yozdu, yozdu.

Rəngi qat-qat,

mənası çat-çat

çoxçalarlı sözlər var

çoxüzlü sifətlər tək.

Ancaq bir söz tanıyıram

şəffaf, rəngsiz.

Aydan arı, sudan durudu.

Ulduz ziyasıdı,

Günəş nurudu.

Bu söz hər sözdən əziz,

hər şeydən müqəddəsdi.

İnsan tək yaşamaq istəsək biz,

təkcə bu sözdən yapışmaq bəsdi!

Bilən-bilir,

bilməyənə demək olar xəlvəti:

Bu söz MƏHƏBBƏTdi.

Qoruyun məhəbbəti!!

 

 

Gözəllər qocalanda

 

Zaman bizi alıb satır,

Kimin əli hara çatır?

Təbiət günaha batır

gözəllər qocalanda!

 

Gözəllikdən nur tökülür,

Qaranlığa dan sökülür,

Dünyanın beli bükülür

gözəllər qocalanda!

 

Necə keçək ilk bahardan,

Yar doyarmı gözəl yardan?!

Dünya düşür etibardan

gözəllər qocalanda!

 

Haqlı bilmə bu dünyanı,

İnsafı, mürvəti hanı?

Fələk unudur vicdanı

gözəllər qocalanda!

 

Kimdi belə qələm çalan,

Təravəti bizdən alan?

Gözəllik olur yalan

gözəllər qocalanda!

 

Ədalət.-2014.-11 iyun.-S.6.