Abadlığın ünvanı
Bu günün
Ağcabədisi
Hər dəfə yolum Qarabağa, onun aran hissəsinin bir parçası olan Ağcabədiyə düşəndə, ürəyimdə qəribə bir hisslər yaşanır. Özümü bir növ dostların, doğmaların arasında hiss edirəm. Hansısa hisslər mənə qaçqın düşdüyüm Dağlıq Qarabağın ağrı-acısını, nisgilini bir anlıq da olsun unutdurur. Təbii ki, bu, doğma münasibətin, hiss etdiyin, duyduğun doğmalığın və bir də Ağcabədidən baxanda zirvəsinin qarı rahatca görünən Bala Kirsin, həmçinin Ərgünəşin gözümü, könlümü oxşayan havasından qaynaqlanır. Mən daha çox gəzmək, görmək, müşahidə etmək, təmas qurmaq istəyirəm. Bunun da qarşılığı olaraq insanların, ağcabədililərin xoş təbəssümünü, hətta bir az da açıq desəm, qonaqpərvərliyini də yaşamış oluram.
Yaxın günlərin söhbətidi, fevralın birinci ongünlüyündə yenə yolum Ağcabədiyə düşmüşdü. Bu bölgədən millət vəkili seçilmiş hörmətli Aqil Abbasın dəvəti ilə rayonda keçirilən mötəbər bir tədbirin şahidi oldum. Düzünü deyim ki, mən o tədbirdə iştirak etməsəydim də, elə bir qonaq kimi, rayonun təşrif buyuran adi bir yol adamı kimi də gördüklərim məni heyrətləndirəcəkdi. Amma iştirakçısı olduğum tədbirdə səslənən fikirlər, dilə gətirilən rəqəmlər, ayrı-ayrı çıxışçıların, qonaqların, eləcə də rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat məruzəsi, bir sözlə, bu tədbirdə söylənən hər kəlmə mənə gəzib-gördüklərimi adbaad tanıtdı, təqdim etdi. Və mən də həmin o görüb tanıdıqlarımı, müşahidə etdiklərimi yaddaşıma köçürdüm.
Ağcabədiyə günün ikinci yarısında gəlib çatdıq. Elə Beyləqandan Ağcabədi sərhəddinə keçəndə rayona ilk dəfə gələn hər kəsin diqqətini çəkən mənzərəni dərhal görmək mümkün olur. Təbii ki, bu da magistral yol məsələsidir. Məhz Ağcabədi rayonunun girişindən başlanan yolda hiss edirsən ki, maşını idarə etmək də asandır, özünü əsəbdən uzaq tutmaq da, yol kənarlarında əkilmiş ağaclar və o ağaclara göstərilən qulluq da öz yerində. Bu, bir kəlmə ilə ifadə etsək, artıq torpağa, yaşayıb işlədiyin əraziyə doğma münasibətin görüntüləridi. Yəni əgər əkdiyin ağaca qulluq göstərirsənsə. Deməli, bu görüntü üçün deyil, bu, təbiəti qorumaq üçündü, torpağı münbitləşdirmək, havanı təmiz, coğrafi mühiti sağlam etmək naminədi. Bunu da Ağcabədidə artıq demək olar ki, çox böyük sevgi ilə həyata keçirirlər. Yol boyu müşahidə etdiyim bu göz, könül oxşayan mənzərə, rahatlıq həm maşının sürətini artırmağa, həm də Ağcabədi şəhərinə tez çatmağa imkan verir. Şəhərin başlandığı ərazidən aydınca görünür ki, regionların inkişafına dair Dövlət Proqramının böyük quruculuq, abadlıq işləri Qarabağın bir parçasını əməlli-başlı canlandırır. Yenə səmimi etiraf edim ki, illər öncə Ağcabədiyə yolu düşən hər kəs, o cümlədən mən də bu gün gördüklərimizi nə xəyal edə bilərdik, nə də ağlımıza gətirərdik. Ancaq bugünün gerçəkliyi insanın nəyə qadir olduğunu, işi işbilənə tapşırmağın hansı anlamı verdiyini özü-özlüyündə ifadə edir. Artıq Ağcabədinin bir şəhər kimi, bir rayon mərkəzi kimi öz siması, öz üstünlükləri var və bu da danılmazdı.
Rayonda iştirakçısı olduğum tədbirdə apardığım qeydlər mənim bu yazımda əsl fakt kimi, heç bir şübhə yeri qoymayan gerçəklik kimi əlimdən tutur. Və mən öz qeydlərimi quruplaşdıraraq öncə rayonun tikinti-abadlıq, quruculuq sahəsindəki uğurlarından söz açmaq istəyirəm.
Hər gün abadlaşan şəhər
Başdan-başa gəzib dolaşdığım rayon mərkəzində elə bir küçə, elə bir dalan olmadı ki, orada tikinti işlərinin aparıldığını müşahidə etməyim. İstər fərdi tikintilər, istərsə də sahibkarların, iş adamlarının, eləcə də dövlət sifarişi ilə görülən tikinti işlərinin sürət və keyfiyyəti çox ürəkaçandı. Belə ki, ötən il Ağcabədi rayonunda respublikada analoqu olmayan 206 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının, YAP-ın rayon təşkilatının inzibati binasının müasir arxitektura üsulunda tikilməsi ümumi mənzərəyə xüsusi bir canlanma bəxş edib. Bu diqqətçəkən arxitektura nümunələri ilə yanaşı, rayonun küçə və səkiləri, prospektləri demək olar ki, yüksək səviyyədə təmir edilib. Elə həmin tədbirin keçirildiyi tarixdən bir gün öncə 150 yerlik uşaq bağçası istifadəyə verilmişdi. Bu uşaq bağçasının xarici görünüşünün gözəlliyi ilə yanaşı, binanın daxilindəki müasirlik, səliqə-səhman da ürəkaçandı. Eyni zamanda, xatırlatmaq lazımdı ki, 1500 hektardan artıq ərazisi olan Ağcabədi şəhərində 41 minə yaxın sakin yaşayır. Bu insanların demək olar ki, hamısı rayonun, daha doğrusu, yaşadıqları şəhərin abadlaşan mənzərəsindən zövq alırlar. Heç də təsadüfi deyil ki, rayon mərkəzində, yəni şəhərin Heydər Əliyev prospektində üç mərtəbəli, 12 mənzilli, həmçinin 120, 166, 170, 172 və 174 saylı 2 mərtəbəli 16 mənzilli, 122 saylı 24 mənzilli yaşayış binaları əsaslı şəkildə təmir olunmuşdu. Təkcə həmin binaların fasadları deyil, həmçinin zəruri olan digər təmir-bərpa işləri də yüksək səviyyədə yerinə yetirilmişdi.
Rayon mərkəzində həmçinin orta məktəb binalarının təmir-bərpa işləri yüksək keyfiyyətlə yerinə yetirilmiş, bununla paralel olaraq yaşıllıqların salınması, xüsusi bəzək işıqlanma sistemlərinin qurulması, şəhər sakinlərinin elektrik, qaz, su təchizatının yüksək səviyyədə ödənilməsi istiqamətində də böyük işlər görülmüşdü.
Təbii ki, təkcə rayon mərkəzində deyil, eləcə də Ağcabədinin kənd və qəsəbələrində tikinti-abadlıq işləri böyük uğurla həyata keçirilir. Regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq görülən işlər sırasında rayonun ən böyük qəsəbələrindən olan Hindarxı qəsəbəsində həyata keçirilən işləri xüsusi qeyd etmək lazımdır. Bu gün birmənalı şəkildə vurğulamaq olar ki, ötən il Hindarxı qəsəbəsində 1 tam orta, 2 ümumi orta məktəb, 1 uşaq bağçası, 2 kitabxana, 1 klub, 2 mədəniyyət evi, 1 uşaq musiqi məktəbi, 25 çarpayılıq xəstəxana, rabitə şöbəsi, həmçinin müxtəlif idarə və müəssisələrin filialları sakinlərin ixtiyarına verilib və onların fəaliyyəti Hindarxı qəsəbəsində yaşayanların tələbatını demək olar ki, ödəmək gücündədi. Qəsəbənin daxili yolları yenidən təmir-bərpa olunub, həmçinin yol kənarlarındakı səkilər, fasadlar, müxtəlif ornamentlərlə bəzədilmiş divarlar, bir sözlə, bu qəsəbədə gerçəkləşdirilən tikinti işləri sözün həqiq mənasında göz oxşayır. Bütün bunlar Ağcabədidə aparılan tikinti quruculuğunun yalnız kiçik bir hissəsidir.
(ardı gələn
sayımızda)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-11 iyun.-S.7.