BİR ŞEİR BULAĞI

(Hüseyn Kürdoğlunun 80 illiyinə)

 

Onun ədəbiyyata gəlişi 1950-ci ilə təsadüf edir, "Azərbaycan gəncləri" qəzetində Hüseyn Kürdoğlunun "Gözəldir" rədifli ilk qoşması çap olunur. Bu zaman cəmi on altı yaşı vardı. Amma on iki yaşında "Sovet Kürdüstanı" qəzetində ilk şeiri işıq üzü görmüşdü. Deməli, Hüseyn Kürdoğlunun yetmiş illik ömrünün əlli səkkiz ili şairlik tərcümeyi-halı ilə bağlıdır.

Bəli. O ŞAİR idi. Özü təbli, bənzərsiz, bulaq kimi daim çağlayan şair. Universitetin filologiya fakültəsini bitirmişdi. Sonralar Azərbaycan poeziyasının elminin tanınmış nümayəndələri olan Yaşar Qarayevlə, Tofiq Hacıyevlə, Şamil Salmanovla, Arif Səfiyevlə, Firidun Ağayevlə, Ağacavad Əlizadəylə, İbrahim Göyçaylıyla, Vaqif Hüseynovla tələbə yoldaşı olmuşdu.

Hüseyn Kürdoğlu minillik Azərbaycan poeziyasının sonuncu pleyadasına mənsub olan şairlərimizdəndir. Bu gün, ölümündən on bir il keçməsinə baxmayaraq Hüseyn Kürdoğlu poeziyası yenə öz bədii təravətini, poetik saflığını hifz edir qəti şübhə eləmirik ki, onun mənəvi ömrü ilə fiziki ömrü arasında böyük bir məsafə yaranacaq. Bizdən sonra gələn nəsillər Hüseyn Kürdoğlunun poeziyasını sevəcəklər.

O, şeirə xalq poeziyasının qanadlarında gəldi. Laçın-Kəlğəcər şeir mühiti, o bölgədə aşıq şeirinin, Ağdabanlı Qurban-Aşıq Şəmşir ocağının yaratdığı poetik ab-hava Hüseyni uşaqlıqdan şeirə bağlamışdı. Ömrünün sonuna axırıncı şeirinə qədər Hüseyn Kürdoğlu ancaq doğma ana vəznimiz olan hecada yazdı, xalq şeirin bütün əlvanlığı onun poeziyasında yeni çalarlarla üzə çıxdı.

Onun şeirləri heç vaxt qələm dostlarının tənqidçilərin, ədəbiyyatşünasların nəzərindən, diqqətindən yayınmadı. Hüseynin ilk poetik uğurları barədə ən yaxın dostu Yaşar Qarayev söylədi. "Onun şeirləri təbii, səmimi axıcıdır. Gənc şair qələmə aldığı mövzunu dərindən duyub, yaşamadan yazmır". Yaşar Qarayev sonralar da Hüseyn Kürdoğlunun poeziyasına müraciət edəcək, onun özəlliklərini, xalq şeiri çeşməsindən bəhrələndiyini, bayatıda, dördlükdə bənzərsiz nümunələr yaratdığını xüsusi vurğulayacaq. Xalq şairləri Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, akademiklər - Bəkir Nəbiyev, Teymur Bünyadov, professor Tofiq Hacıyev, filosof Camal Mustafayev, tənqidçi-ədəbiyyatşünaslar-Teymur Kərimli, Şamil Salmanov, Nadir Cabbarlı, Qurban Bayramov, Cavanşir Yusifli, qələm dostları - Qasım Qasımzadə, Məmməd Aslan, İlyas Tapdıq, Ağa Laçınlı onlarla müəlliflər Hüseyn Kürdoğlunun yaradıcılığından söz açmışlar.

Hüseyn Kürdoğlu Azərbaycan poeziyasının kökə, ənənəyə bağlı şairlərindəndir ömrünün axırınacan o, bu yoldan dönmədi. Heca şeirinin müxtəlif ölçülərində, qoşmada, gəraylıda, təcnisdə, bayatıda öz şairlik qüdrətini nümayiş etdirdi. Onun şeirlərində ənənəyə bağlılıq güclü olsa da, qətiyyən təqlidçilik duyulmadı. O, müasir poetik təfəkkürün imkanlarını səfərbərliyə aldı, XX əsr insanının estetik dünyaduyumunu, həyata, gözəlliyə, xalq ruhuna müasir yanaşma tərzini ifadə etdi. Bu yanaşma tərzi əslində, xalq şeirinin tükənməz imkanlarını üzə çıxarmaq məqsədi daşıyırdı.

 

Qoca dünya, dərd üstən dərd verirsən,

Qoyursanmı öz vaxtında qocalım.

Qələm-kağız intizarla gözləyir,

Can odundan heç olurmu macalım.

 

Borcum çoxdur vətənimə, elimə,

İnsaf eylə, fitva vermə ölümə.

Giley-güzar gəlməz mənim dilimə,

Vədəsində gəlib yetsə əcəlim.

 

Eşqin odu közərdikcə sözümdə,

Bir ölümsüz can duyuram özümdə.

Tunca dönüm dəyanətdə, dözümdə,

Diz çökdürüm, gərək vaxtdan bac alım.

 

Gec doğsa da, tez batmasın ulduzum,

Bir dağ olum, əriməsin sal buzum.

Borc istəsəm verər ana Qırxqızım,

Öz anamdan qıymam ömür borc alım.

 

Şair olan təpə-dırnaq ürəkdir,

Hər vurğusu bir müqəddəs diləkdir.

 

Şirin sözdən nazik yayma gərəkdir,

Gərək şeir pərisinə saj alım.

 

Bu qoşmada H.Kürdoğlu bədii təfəkkürün yeni çalarlarını üzə çıxarır. Qoşma ömür-gün yaxınlaşan qocalıq haqqındadır. Klassik poeziyamızda aşıq şeirində bu tipli nümunələr çoxdur, amma H.Kürdoğlu o mövzuya yeni bir rəng qatır.

Azərbaycan şeirində dörd misrada fəlsəfi fikir söyləmək, həyat, ölüm, dünya zaman haqqında söz demək klassik ənənələrdən gəlir. Amma onu da qeyd edək ki, şeirin bu kiçik formasında uğur qazanmaq hər şairə müəssər olmur. O yerdə ki, şair başlayır "filosofluq" eləməyə, o zaman şeir dönüb olur "kəlam", "hakimanə söz" yığını. Hüseyn Kürdoğlunun dördlükləri belə bir iddiadan uzaqdır. Şair çalışır ki, dörd misrada həcmcə böyük bir şeirdə deyə bilmədiyi fikri poetik ümumiləşdirmə ilə deyə bilsin, bir bənzərsiz lövhə yaratsın. Yaşar Qarayev yazırdı: "Müasir dördlük öz ən yaxşı nümunələrində bayatı rübainin bu ənənəsinə sadiq qalır; buradan boylanan müdrikin aşiqin simasında klassik lirik "mən"in varisini tanımaq çətin deyil. ...Hüseynin dördlüklərində xalis xəyyamvari ruh yoxdur. Taleyin yox, təbiətin müdrikliyinə heyranlıq pərəstiş var. Burada müdrik nəsihəti, hikmətli ibrətli qənaətləri təbiətdən lövhələr-bədii peyzaj əvəz edir. ...Dördlüklər - gözəlliyin təbiətin doğurduğu hisslərdən çəkilən bədii rəsmlərdən, möhtərəm müdrik adamın dediyi nəsihət dərslərindən çox, dağlardan toplanan vəhşi ot çiçək çələnginə bənzəyir ...Hər dördlük -dörd çiçəkdən ibarət bir qomdur. Təbii gözəlliyə məhrəm həmdəm bir şairin təbiilik gözəllik qarşısında heyrətidir". Misallara müraciət edək:

 

Saçından rəng alsın gərək qaranlıq,

Gözündə bir gilə kövrək qaranlıq.

Dünyaya göstərir ay camalını,

Əyninə geydiyin ipək qaranlıq.

 

O qıza neylədin, a yağı bulaq,

Kəsilmiş üstündən ayağı, bulaq.

Bir zaman dirilik şərbətim oldun,

İndi ay zəhrimar, a yağı bulaq.

 

Dünya Kərəm dünya-Lələ dünyadır,

Dərdi belimizə şələ dünyadır.

İçəridə beşik, qapıda tabut,

Həm elə, həm ki, belə dünyadır.

 

Bir bax dağ başında bədr olmuş aya,

Saçı qulac-qulac tökülür çaya.

Şəklini görürəm ayın üzündə,

Görünür camalın bütün dünyaya.

 

Hüseyn Kürdoğlunu vaxtında qiymətləndirən, onun şeirlərinin özəlliklərindən söz açan şair Qasım Qasımzadə yazırdı: "Hüseyn Kürdoğlu xalq ədəbiyyatını sevir" demək bəlkə onun yaradıcılığına bəsit yanaşmaq kimi düşünülər. Hüseyn Kürdoğlu ədəbiyyata elə xalq ədəbiyyatının canlı təcəssümü kimi gəlib. Məlum məsələdir ki, xalq ədəbiyyatından təsirlənməyən şair tapmaq çətindir, amma təsirlənmək xalq ədəbiyyatı nümunələri səviyyəsində nəsə yaratmaq demək deyil. Hüseyn Kürdoğlunun yazdığı qoşmalar, gəraylılar, təcnislər, bayatılar, əgər belə demək mümkünsə, "orijinal"a çox yaxındır. Onun təcnislərini bu sırada xüsusilə qeyd eləmək lazımdır".

 

Qobustan-daş adamlar,

Göz yaşım daşa damlar.

Duymaz daş adamları

Ürəyi daş adamlar.

 

Çiçəyə həmdəm arı,

Sızıldar dəm-dəm arı.

Mənim bağrımdan keçir,

Dünyanın qəm damarı.

 

Hüseyn Kürdoğlu elin şairi idi, Vətəninə, doğulduğu torpağa bağlı bir insan idi. İllər boyu Laçının, Kəlbəcərin, Azərbaycanın ən gözəl dağlarının, çaylarının vurğunu olub onlara poeziyanın gözəlliklərini bəxş etmişdi: "Qarabağın gülabıdır, Tərtərim, Qarqarım mənim... Daşı da gül açan yurdum, Qışı da baharım mənim!.. Dağ cığırı sətir-sətir, Çıx zirvədən sal buz gətir! Dörd yanımda nəğmə bitir, Bağbanıyam Qarabağın...gCoşum Dəli dağın boranı kimi, Şeh səpim Qırxqızın dumanı kimi. Məcnun bulağının mərcanı kimi Şeirimi yaxana düzüm, ay Laçın". O, Laçını anası qədər sevirdi. Və tale elə gətirdi ki, Hüseyn Kürdoğlunun Laçını vəhşilərin, qansızların əlinə keçdi. Hüseyn Kürdoğlunun "Yaralı torpağım, yaralı sevgim" silsiləli şeirləri yarandı. Həsrət misraları yan-yana düzüldü.

 

Qismət olmayaydım ayrı torpağa,

Gözlərim Laçını görəydi bir də.

Sürünüb çıxaydım İşıqlı dağa,

Əllərim bənövşə dərəydi bir də.

 

Beşbulaq üstündə quraydım dəyə,

Canım alan yara can deyə-deyə.

İldırım çaxanda baxaydı göyə,

Qaçaydı, qoynuma girəydi bir də.

 

Heyf ki, bu arzusu ürəyində qaldı Hüseyn Kürdoğlunun. Amma o inanırdı ki, bir gün Laçın işğaldan azad olunacaq.

Bizo arzudayıq. Və o arzu tezliklə gerçəkləşsə, yada düşən Hüseyn Kürdoğlunun Laçınlı şeirləri olacaq. Biz onun şeirlərinin əlindən tutub İşıqlı dağa çıxacayıq. O gün gələcək!

 

Vaqif YUSİFLİ

Ədalət.-2014.-12 iyun.-S.7.