TƏLQİN
hekayə
(əvvəli ötən
saylarımızda)
Fikir-xəyal
içində evimizə nə vaxt
çatdığımı bilmədim.
Darvazadan içəri girib ora-bura göz gəzdirdim. Çəmənim
həyətdə yox idi. Bəlkə
qonşuya keçib? Bəlkə təcili
xəstə yanına aparıblar? Pilləkənlərlə
ikinci mərtəbəyə qalxıb aynabəndin
qapısını ehtiyatla açdım. Çəmənim
böyük, yaş əskiylə qonaq otağının taxta
döşəməsini yuyurdu. Döşəməyə
düşən kölgəmdən diksinən Çəmən
tez başını qaldırıb mənə sarı
çevrildi. Qapıda donub qaldım.
Bir an nə edəcəyimi bilmədim. Elə bu döşəmə sil-süpür hadisələrinə
görə başıma gələnlər dərs olmuşdu
mənə. İlan vuran çatıdan qorxar!
- Nə
var? Niyə quruyub qalmısan? Xüsusi dəvət lazımdı?
Aynabəndə girməyə cəsarətim
çatmırdı. Donub qldığımı görən Çəmən
üzümə məlul-məlul baxaraq: - Keç içəri
də,-dedi. - Noolsun ki, döşəmə qurumayıb. Batar, bulanar, təzədən yuyaram,-deyə əlavə
etdi. Ərimə, ev-eşiyimə qulluq etmək
borcumdu mənim. Belə olanda ürəyim
də açılır. Ərimin
qulluğunda duranda sevindiyimdən yerə-göyə
sığmıram. Uşağımın
nazınnan oynayanda dünyaları mənə verirlər elə
bil. Çox fikirləşmədim. Tərəddüd etmədən, Çəmənimin
könlü xoş olsun deyə, tozlu, torpaqlı
ayaqqabılarımla yaş döşəməni basıb
aynabəndin o biri başına keçdim.
Və birdən zəlzələ qopdu sanki. Rəflərə
düzülmüş çini qabları yerə
çırpır, stulları aynabəndin o biri başına
tullayırdı. Sifəti
qızarmışdı. Dolabdan
çıxardığı mürəbbə
balonlarını, əlinə keçən döşəkçələri
də aynabəndin açıq pəncərəsindən həyətə
tulladı. Gözləri
böyümüş, həmişə boynunun ardında səliqəylə
düyümlənən gur bozumtul saçları
açılıb gərdəninə
dağılmışdı.
- Sakit ol,
neynirsən? - Başının üstündən
vızıldatmaq istədiyi büllur vazı əlindən
aldım.
- Neynirəm?
Dağıdıram bu xarabanı.
- Axı
niyə? Ayranına turş dedilər?
- Bir evdəki
məni it yerinə qoyan yoxdu, o ev
dağılmalıdı, vəssəlam!
- Xətrinə kim dəyib sənin?
-
Heç kim, səndən başqa heç kim.
Yumruqlarımın nə vaxt düyünlənməsindən
xəbərim olmadı. İrəli yeridim. Hansı
qüvvəsə biləklərimi sıxdı, əllərim
boşaldı. Qeyri-ixtiyari səsimi
qaldırdım.
-
Özünü ələ al. Bir belə dəymə-düşər
olma. Əsəblərim onsuz da tarıma çəkilib.
Evdə nə qədər danışıq
olar? Axı indi mən sənə neylədim?
Çəmənim
ərköyün-ərköyün çiyinlərini
oynadıb üzünü yana çevirdi.
Sifətinin bir yarısı pərişan
saçları dumanında görünməz oldu.
- Bə səhərdən
güzgü kimi təmizə çıxardığım
döşəməni basıb keçən kimdi? Hələ
bir soruşuran da "neylədim axı?".
Mən susdum. Çəmənimin ağır xəstəlik
keçirdiyini yəqinləşdirdim. Əlbəttə,
təbiidir. Çəmənimin tez-tez hədəqədən
çıxaran, heç şübhəsiz ki, illərlə
çəkdiyi bala həsrətidi. Başa
gəlməyən elə bu istək də əlvan
duyğularına, işıqlı arzularına qara lələklər
salır, əsəblərini gərginləşdirmişdi.
Belə düşünürdüm ki, təbiətində
yaranmış bu təbəddülatlar vaxt keçdikcə
sovuşub itər. Amma sən saydığını say!
Suları axır, çarx fırlanır, dəyirman
öz işini görürdü. "Hər
çətin asan olur, ancaq çətin asan olur" deyib
atalar. Məmmədyar kəndə gəlib.
Uşaqlıq dostumdu. Adlı-sanlı
həkimi Allah yetirib bizə. Amma arxa
tullanmamış bərəkallah istəmə. Görək
nə olur! Bir yandan da ürəyimi yeyir,
üzülürdüm ki, öz ayağıyla uçuruma gələn
Məmmədyarı evimizə dəvət edə bilməyəcəyəm.
Axı, belə qanqaraçılıqda mən
ona necə hörmət göstərim? Bəlkə
onu çayxanaya aparım? Sonra eşidən-bilən
nə deyər? Ancaq necə var, harda olur-olsun mən
onunla görüşməli, bir dost kimi ürəyimi ona
açıb yüngülləşməli, Çəmənimin
mərəzlərinə əlac istəməliyəm.
Naxır
yolunu kəsib yamac yuxarı "Pir bulağı"na aparan çınqıllı
cığıra çıxdım. Uşaqlıq
dostumu görməyə tələsirdim. Duzlu-məzəli
zarafatlarından ötrü burnumun ucu göynəyirdi. Bilirəm ki, yenə "daz başlar
üçün tük dərmanı" kəşf olunub deyərək
başımı iri ovucları arasına alıb
sığallayacaq, sonra da iri əllərini bir-birinə
çırpıb şaqqanaq çəkəcək, mən də
ona qoşulub ürəyim gedənə kimi güləcək
və güləcəkdim.
Məmmədyar qayalar arasından qıvrılıb
yamaca dırmaşan cığır başında
göründü.
Ciddi və qayğılı idi.
Qara diplomat çamadanını daşlara toxundurmadan
qorxurmuş kimi tez-tez bu əlindən o biri əlinə
ötürür, pəncələri ucunda ehtiyatla
üzüaşağı enirdi.
Mən dağ yolunu kəsə getməliydim.
Addımlarımı yeyinlədib onu
qarşılamağa tələsdim. Ayağımın
altından qopan daşlar dərəyə yuvarlanır,
uçurumlar vahimə doğururdu. Bu
hay-haray Məmmədyarı da
çaşdırmışdı. Yerində
donub ətraflarda nə baş verdiyini anlamaq istəyirdi.
Məni görən kimi aynası açıldı.
Diplomatını əlindən almaq istərkən:
- Yox,
özüm apararm, - dedi. Burda butulkalar var.
Sınar.
- Nədi?
Bəlkə nemeslər kimi öz arağınla
gəlmisən kəndimizə?
- Əşi, yox. Sən nə danışırsan? -
dedi Məmmədyar. O, çamadanını ehtiyatla yerə
qoydu. Ütüsü, qatı sınmasın deyə
barmaqlarının ucuyla şalvarının balaqlarını
yuxarı çəkib ağ, hamar
daşın tozunu üfürüb, üstündə oturdu.
- Bəs
nədi axı, o butulkalardakı? Üstündə
də yarpaq kimi əsirsən?
- Sudu, su.
- Su nədi?
Özünlə gətirmisən? Kəndimizdə su yoxdu bəyəm?
- Elə
kəndimizin suyudu.
-
Heç nə başa düşə bilmirəm.
Məmmədyar - nə başa düşərsən,
qardaş,-deyə əllərini bir-birinə
çırpıb şaqqanaq çəkdi. Qayalarda əks
olunan sədaları parça-parça,
bölük-bölük dərə aşağı axıb
getdi. Qaya üstündən havalanan qartal
günbatandan şığıyan şəfəqlərarası
it-bat oldu. Məmmədyar diplomatını
böyrü üstə yıxıb qapağını
açdı. Üstlərinə latın,
alman, ingilis, türk dillərində etiketlər
yapışdırılmış müxtəlif biçimli
butulkaların yerini sahmanladı.
Ağzımı açıb gözlərimi Məmmədyarın
ağzına zilləmişdim. Bütün
bunların nə demək olduğunu bilmək istəyirdim.
- Bizim
"Pir bulaq" suyudur, - dedi Məmmədyar. Xəstə,
əsəbi əsrimizdə, insani münasibətlərin kəskinləşdiyi
bir zamanda gözdən uzaq bir yerdə misilsiz bir şəfa
qaynağı var, həm də yoxdur. Var deyirəm,
ona görə ki, göz qabağındadır, yoxdur ona
görə deyirəm ki, faydası açılıb
aşkarlanmayıb. Min bir xəstəliyə
dərman olan ana yurdumun bu çeşməsi dünyanın
olmalı ikən heç kimin deyil. Amma mən
bu sular barədə Amerikada təbii dərmanlarla müalicə
aparan həkimlərin beynəlxalq simpoziumunda söhbət eləmişəm,
nümunə istəyiblər. Bu
butulkaların hərəsini bir ölkəyə göndərmişəm.
Xarici şirkətlər, firmalar kəndimizi əsl
müalicə mərkəzinə, kurort-istirahət guşəsinə
çevirəcəklər.
Çəmənim gözümün
qabağındaydı. Xəyalən Məmmədyarın dediklərinin
daha sürətlə həyata keçməsindən
ötrü təzədən traktorçuluq
başlanılıb, çaydan daş daşıyıram,
yolları sahmana salır, körpünün
tağlarını möhkəmləndiririk. "Dumanlar" meşəsindəkiağac emalı
zavodu gecə-gündüz işləyir. Kənd
çolanı mədəniyyət evi binası
üçün tirlər, dirəklər yonurdu. Mən də sevinirəm ki, "Pir
bulağı" yerində müasir müalicə mərkəzi
yaradılır. Xarici ölkələrdən
güclü həkimlər gəlir bura. Əlbəttə,
mənim Çəmənim də orada əməlli-başlı
müalicə olunur. Özümdən bixəbər
dodaqlarım qaçır, üzüm gülürdü.
Məmmədyar diplomatını şaqqıldadıb
bağlayanda fikirdən ayıldım. Əziz
qonağımın yanında başı
paçalarımın arasında cəsarətsiz otururdum.
Onu evə dəvət edə bilməzdim. Məni xəcalət təri basırdı.
- Nə
oldu sənə? - dedi Məmmədyar, - bət-bənizin
də ağardı? Xəstəsən, nədi?
- Yox, -
dedim - sağlığını görüm, ancaq evimizdə...
- Evinizdə?
Bəlkə uşağa bir şey olub? Bəs niyə dillənmirsən?
Qayalıqlardan çınqıllı kənd yoluna
çıxdıq. İllərdən bəri ürəyim, həyatım qədər
sevdiyim Çəmənimi sevincimdən alıb, fərəhimdən
qoparmaq istəyən sirli mərəz barədə
danışdıqca altdan-altdan Məmmədyara göz qoyur,
söylədiklərimin dəhşətli bir xəstəlik əlaməti
olub-olmadığını onun gözlərində, sifətində
əmələ gələn cizgilərdə oxumağa
çalışırdım. Ancaq Məmmədyar
daş kimi susur, nə başıyla dediklərimi təsdiq
edir, nə də üzünü turşudurdu. Onun belə soyuqqanlığı məni xeyli əsəbiləşdirsə
də özümü o yerə qoymur, dişimlə
dodağımı gəmirə-gəmirə səbrimi
basırdım. İndi mənim nəzərimdə
Çəmənimin xasiyyətindəki yerli-yersiz əsəbləşmənin,
səbrsizliyin, "özündən çıxmanın"
qabağını ala biləcək bir həkim vardısa o da
Məmmədyardı.
Yol boyu şikayətimi, gileyimi eşidən dağlar,
daşlar dilə gələrdi. Amma Məmmədyar
dinmədi. Rəhmərtlik oğlu handan-hana:
- Bəs
heç həkimlərə göstərməmisən? - deyə soyuq nəzərlərlə
üzümə baxdı.
- Necə
göstərməmişəm? Bakıdan,
diaqnostik mərkəzdən gələn səyyar briqada həkimləri
onun bütün analizlərini çıxartdılar.
- Hə? Bəs nə dedilər?
- Nə
deyəcəkdilər ki? Dedilər
sap-sağlamdı yoldaşınız.
- Mən Çəmən xanımı görməliyəm. Onu dindirməliyəm.
Bəsi suallara cavab almalıyam,-dedi Məmmədyar.
- Mən
də gələnə gəlmə necə deyərdim.
Həyətə girdik. Çəmənim
talvardan asılan nənnini yelləyirdi. Cəld
ayağa qalxdı. Əndamına kip
yapışan paltarının ətəklərini çəkişdirib
dartışdırdı.
- Xoş
gəlmisiniz, Məmmədyar qardaş, - deyib uşağı
nənnidən çıxartdı. Körpə
qığıldadı. Başını yana
əyərək yaşıl tumurcuq gözlərini
fırlatdı. Tanımadığı
qonağı görüncə səsini kəsdi.
Məmmədyar əlindəki eynəyi gözlərinə
taxıb baxışlarını Çəmənə zillədi. Çeşmək
şüşələrinin parlaq işığı
qadının gözlərini qamaşdırdı. Həkim eynəyini çıxardı, təəccüb
və heyrət dolu nəzərlərini qadına zillədi.
- Bu nədi,
Çəmən xanım? Siz ağır bir xəstəlik
keçirirsiniz? Bu nə şəkil, bu nə
görkəmdi?
Çəmən qəfil ilan görmüş kimi
çaşdı. Kağız kimi ağ çöhrəsi
allandı. Nəsə demək istədi, amma
dili dolaşdı, nəfəsi tıxandı. Nəhayət
titrək səslə:
- Mənə
heç nə olmayıb. Xəstəlik?
Yox... qarr... Çəmən sözünü
bitirə bilmədi. Dirsəyiylə
çarpayının baş ucuna söykəndi. Məmmədyar ayaq üstə amanabənd dayanan
Çəmənin ətli biləyindən tutdu. Otağa soyuq bir sakitlik çökdü.
- Nəbziminiz
yaman bərk vurur. Ancaq qan dövranı çox
ləngdir. Nəmişlik, tərlilik
normadan artıqdır. Belə getsə...
Həkim
mənə tərəf çevrildi:
- Xəstə
"təcili yorğan-döşəyə girməli, uzun
zaman intensiv müalicə olunmalıdır.
Çəmənimin bət-bənizi qar kimiydi. Tez-tez udqunur,
həkimdən nəsə soruşmaq istəyir, ancaq
ağzını açıb danışa bilmirdi. Elə bil başına qaynar su
tökmüşdülər. Matı-qutu
quruyan Çəmənim məzlum-məzlum, üzümə
baxıb məndən bir nicat gözləyirdi.
İşgəncəli sükutu həkim pozdu:
-
Gözündəki qızartılar onu deyir ki, son vaxtlar tez-tez
əsəbiləşirsən, elədirmi?
(ardı var)
Yusif Həsənbəy
Ədalət.-2014.-12 iyun.-S.6.