TƏLQİN
hekayə
(əvvəli ötən
saylarımızda)
- Hə... Məmmədyar qardaş, qoyunlar itəndə, inək, buzov çöldən-suvaldan gəlməyəndə, toyuqlar qonşu hinində kürt oturanda hirslənməyim, neyləyim?
- Yaxşı, belə başa düşürəm ki, sən hərdən ərinə də təpinirsən. Bax, belə sənə nə olur ki, sən də özünü saxlaya bilmirsən?
- Necə
deyim, hansını deyim, ay doxtur? Bir də
gördün ərimin bir işi, bir hərəkəti mən
istəyən kimi olmadı, nədənsə xoşuma gəlmədi.
Gəlmədi, gəlmədi də, noolsun?
Dünya dağılmadı ki? Amma yox. Elə oturub-durub hey
ürəyimi yeyirəm ki, o gərək bu işi
tutmayaydı. Yadımdan çıxarmaq
istəyirəm, bacarmıram. Ha əlləşirəm,
"meymun gəlib durur gözümün qabağında".
Başımdan atmağa
çalışıram, yenə olmur. Qum
boydaydısa, yekəlib dağ boyda olur, damcı boydaydısa
şişib-şişib dərya boyda olur. Buna ürək dözərmi? Partdama
tutur məni. Acığımı, hirsimi
boşaltmağa adam axtarıram. Axırda açılıram, nə
açılıram. Elə vaxtında
qabağımla çıxanla dalaşmaq, əlimə
düşəni sındırmaq istəyirəm. Mənə yazığın gəlsin, Məmmədyar
qardaş, ərimi yiyəsiz, uşağımı yetim
qoymayın.
Məmmədyar
təəssüflə başını buladı:
- Nə
gizlədim? Xəstəliyiniz qorxulu,
xronikaldır. Ancaq siz mənə bir az
kömək edə bilsəniz... bəlkə...
Çəmən
həkimi qabaqladı: - Kömək? Necə
kömək istəyirsən? Nə desən
baş üstə. Dünya gözümdə deyil - sonra
da əsəbi-narazı baxışlarını gözlərimə
zillədi:
- Dillənsənə!
Ağzuva qovut almısan, yoxsa? Gör nə layiqdi doxtura? Satılmalısını
satıb, verilməlisini verək. Yoxsa sənin
vecinə deyil mənim xəstəliyim? Mən
əldən gedirəm, axı. Nə
durmusan? Həyətin başında tirlərin
üstünə atdığım Dərbənd gəbəsini
Axtı sumağının üstünə qoyub sicimlə rəğbətdi-rəğbətdi
bağla. Ver aparsın. Bunu da...
Çəmən ətli barmağındakı brilyant
qaşlı üzüyü dartışdırmağa
başladı.
Mən onun titrək, əsəbi əlini ovcuma
aldım. Qatı bir soyuq düz ürəyimə
işlədi. Çəmənin
içində soyuq bir külək əsirdi sanki. Bu külək onun dodaqlarını, bəbəklərini,
qaşlarını, kipriklərini də titrədirdi. Alma kimi qırmızı yanaqları
cansızlaşıb bozarmış, görümlü
boy-buxunu əriyib balacalaşmışdı. Koppuş, ətli dodaqları quruyub, nazilmişdi.
- Dayan bir
görək, ay Çəmən bacı - Məmmədyar
Çəməni taqətdən salan nigarançılıq
pəncəsindən qurtarmaq istədi - Mən kömək deyəndə
özünüzü ələ almağı, əsəblərinizi
cilovlamağı deyirəm. Bax elə burda da
çox nahaq yerə özündən çıxırsan.
- Bəs
neyləyim, məndən asılı deyil. Axı,
qurban olum sənə. Gəlim qapınızda arvadına
qulluqçuluq eləyim! Nə desəniz, baş üstə!
- Bu nə
sözdür, ay bacı? Səni sağaltmaq mənim
qardaşlıq vəzifəm, ürək borcumdur. Bu mənim vicdan rahatlığımdır.
Ancaq...
- Ancaq nə,
bacı qurbam?
- Dediyimə
ciddi əməl eləsən...
- Baş
üstə, yek kəlmə. Bundan sonra öl desən,
ölənəm, qal desən, qalanam.
İndi isə ərinizə məxfi söyləməli
iki kəlmə sözüm var,-deyib, Məmmədyar qoluma
girdi. Biz yan otağa keçəndə qapı yarı
açıq qaldı. Həkim gileylənməyə
başladı:
-
Qardaş, gecikdirib yaman yekəltmisən problrmi?!
Düz sözə nə deyə bilərdim? Başımı
aşağı salıb susdum.
-
Yaxşı, mısmırıq yaraşmır sənə. Özünü ələ al, hələ yenə bir
ümid, şans var.
- Nədi,
nəyi deyirsən, ay doxtur?
- Beynəlxalq
simpoziumda Amerikalı bir dostum özünün yenicə kəşf
etdiyi, əsəb xəstəliyinin müalicəsində
analoqu olmayan bir preparat bağışladı mənə.
- Hə,
hə, sağ olsun o həkim. Amma, ay Məmmədyar,
bu qədər şişirdib böyütmə işimizi.
Əsəb, beyin xəstəliyi nədir? Bunların Çəmənə nə dəxli var
ki?
- Dəxli
çoxdur. Çəmənin dərmanı
yalnız budu. O amerikalının mənə verdiyi. Bundan güclüsü hələ kəşf
olunmayıb. Ancaq pisi odur ki, mən onu sizə
bağışlaya bilməyəcəyəm.
- Nə
danışırsan? Bəs qardaş deyilsən?
Ev-eşiyimi verimmi əvəzində? Bəs sən necə rəva bilərsən ki,
Çəmənim əlimdən çıxsın? Onda kəsdiyimiz duz-çörəyə məndən
halallıq istəmə.
- Axı,
mən özüm də bu məzmunda, təzə bir dərman
kəşfi üzərində işləyirəm.
-
Çox yaşlı, işlə də.
- Məsələ
onda çətinləşir ki, amerikalının mənə
verdiyi bax bu preparatdan mən öz laboratoriyamda öz təcrübələrimdə
istifadə etməliyəm. .
Güclü zərbədən qapı taybatay
açıldı. Mis kimi qızarmış Çəmən
hündür Məmmədyarın çənəsinin
altından qəzəbli nəzərlərini gözlərinə
zillədi:
- Elə
şey yoxdur. Bəs qardaş deyilsənmi ərimlə?
Necə rəva bilərsən ki, mən dərmansız
ölüm, hə?
- Allah eləməsin.
- Allah eləməz,
bəndələr eləməsə. Dayan bir,
hanı o butulka?
Çəmən təlaş içində, tez-tez ətəkləri
döşəməyə qədər sallanan pəncərə
pərdələrinin arxasında qurdalanır, divar rəflərindəki
yorğan-döşək yüklərinin arasında nəsə
axtarırdı. Birdən gözü divarın
küncündəki dəmir kilidə sataşdı və
qadın ikiəlli kiliddən yapışdı. Məsələnin
ciddiləşdiyini görən Məmmədyar:
- Fikriniz
nədi, Çəmən bacı?
-
Heç nə, sənin elmi təcrübənin nə
olub-olmayacağı hələ bilinmir, ancaq mənim
uşağımın yetimliyinə Allah da qıymaz.
- Deyirsən
indi mən dərmanı verim sizə, elmi işimdən əl
çəkim?
- Bəs
mən boyda adam diri gözlü girim qəbrə?
-
Yaxşı, qoy sən deyən olsun. Təcrübə
sonraya qalar. Ancaq məsləhətlərimə
əməl etməlisən.
- Baş
üstə, belə lap gözüm üstə.
Çəmənin rəngi özünə gəlirdi. Ancaq nigaran
baxışlarını Məmmədyardan çəkmirdi.
Məmmədyar diplomat çamadanını
şaqqıldadıb açdı. Bayaqdan məzlum
görünən, dinməzyana duran Çəmən qurcuxdu.
Pəncələri üstə qalxıb
çamadanın içinə boylandı. Məmmədyar
etiketi ingilis dilində yazılan, "Pir bulağı"nda
içinə bulaq suyu doldurulmuş butulkalardan birini
ayırıb qırağa qoydu:
- Dediyim dərman
budur.
Məmmədyarın iri, almaz gözləri təəccüb
və heyrət dolu baxışlarımla kəsişəndə
o, barmağını dodaqlarının üstünə qoydu. İşarənin
"sus" demək olduğunu başa düşsəm də,
bütün bu oyunların mahiyyətini anlamır, narahat idim.
- Bəli,
- deyə sözünə davam etdi Məmmədyar -
nağıllarımızdakı divin canı bardaqda olduğu
kimi, indi sənin sağlamlığın da bu butulkanın
içindədir.
Çəmən
bəzəkli butulkaya baxa-baxa durmuşdu, lakin etiketin
üstündəki oxuya bilmədiyi yazılar
marağını bir az da
artırırdı.
Məmmədyar butulkanın qapağını
açdı.
Çay qaşığına şəffaf, bir az kükürd tamı verən bizim "Pir
bulaq" suyundan damızdırdı, - buyurun, səbəb
salsın, ya Rəbbim, - deyə qaşığı Çəmənə
tərəf uzatdı. Çəmənin
qaşığı almağınan dərmanı
başına çəkməyi bir oldu.
- Hə,
necədi? - deyə həkim gözucu mənə
baxdı.
- Buz
kimidi ki! Oxay! Od-yalov qarsıtmışdı məni
bayaqdan. Dilimə dəyən kimi ürəyimi
soyutdu, tempraturum düşdü deyəsən. Amerika hər işində Amerikadı da.
Paltarı elə, kinosu elə, ordakı cah-cəlal bir də
harda ola bilər? Dərman nədi
ki, onu da fərli-başlı düzəldə bilmirik.
-
Ağzında bir acılıq tamı hiss
eləmədin ki?
- Xeyir əşi,
bal kimidi bu dərman.
- Deməli,
sənə düşür. Çox gözəl! Deməli, hələlik üç gün, gündə
də üç kərə bu dərmandan içməlisən.
- Bəs
sonra ay doxtur?
-
Sonrasına ehtiyac olmayacaq. Sən yerli-dibli
sağalmalısan. İşdi birdən sağalmasan...
- Elə
demə, Allah eləməsin, ay doxtur. Sağalmaq
istəyirəm, istəyirəm ki, bir də
dilsiz-ağızsız ərimin ürəyini qırıb,
gününü göy əskiyə bükməyim. Hər şeydən ağırı da odur ki, elədiyim
əməllərin, törətdiyim işlərin,
çıxardığım həngamələrin
peşmançılığını çəkib qurtara
bilmirəm. Elə söyür, elə
danlayır, elə axmur eləyirəm özümü ki, elə
iyrənirəm hərəkətlərimdən ki, gecələr
ilan vuran yatır, mən yata bilmirəm. Fikirdən,
xəcalətdən durub-oturub özümü məzəmmət
eləyir, ölüb-itmədiyim üçün Allahımı
da qarğıyıram.
-
Yaxşı, bunlar hamısı arxada qaldı. Şər
deməsən, xeyir gəlməz. Birdən hiss eləsən
ki, bir sözdən, bir baxışdan, bir işdən inciyib
ürəyin, fikir səni sarsıdır, qəlbin
sıxılır, onda tez özünü çatdır bu
butulkaya, yarım, ya bir qaşıq iç bu dərmandan, vəssalam,
başqa heç nə gərək deyil,
narahatlığın yox olub gedəcək, ürəyin
quş kimi azad olacaq.
Məmmədyarı çay-çörəyə
saxlaya bilmədim. "Pir bulaq"ı sularını
İsveçrədə keçiriləcək simpoziuma təcili
çatdırmalı olduğunu bilirdim.
Qoy tale ona neçə-neçə uğurlu konqres qismət
eləsin.
İndi baş-qulağım dincəlib, əsəbim ipəkləşib. Daha evimizdə
dava-dalaş, haray-bəyrik olmur. Səs-küy
deyəndə oğlum Tərlanın öz oyuncaqlarıyla
gülüşüb-qışqırması, ev-eşiyi
alt-üst eləyəndə qopardığı hay-küy illərdən
bəri yığılıb qalan narahatlıqlarıma su
çiləyir, səbrimə rahatlıq gətirir.
Ancaq mən hər dəfə yataq otağına girəndə
şifanerin başına qoyduğumuz üstü ingilis hərfləriylə
yazılı dərman butulkasına baxıram. Butulka
yazısının gah hamısı, gah da bir hissəsi
görünür. Bu yazı bəzən
heç görünmür. Deməli, Çəmənim
özünü sakitləşdirmək üçün
dünyanın ən güclü, analoqu olmayan "Amerika dərmanı"
hesab etdiyi bizim "Pir bulağı"nın
suyundan şəfa tapırdı.
1991-2014
Suvacal kəndi
Yusif Həsənbəy
Ədalət.-2014.-13 iyun.-S.6.