BİR GÜNÜN XOŞ OVQATI

Neft Kimya Prosesləri İnstitutunun akt zalından qeydlər

 

Ölkə həyatının əlamətdar günlərindən olan 15 gün öncəsi AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda möhtəşəm bir tədbir təşkil olunmuşdu. Həmin tədbirin təşəbbüsçüsü AMEA-nın müxbir üzvü, eləcə AMEA-nın Neft Kimya Prosesləri İnstitutnun direktoru, tanınmış elm xadimi, dəyərli ziyalı, sözün əsl mənasında ədəbi ictimaiyyətin sevilən hörmət bəslənən nümayəndələrindən biri Vaqif Abbasov olmuşdu. Məhz institut direktorunun təşəbbüsü ilə bu elm mərkəzinin çox müasir, həm zövqlə qurulmuş akt zalında ədəbi-musiqili anlar yaşadıq. Təbii ki, belə bir mötəbər tədbirin arzuolunan, sevilən qonağı da var idi.

Dünən keçirilən həmin o yaddaqalan tədbiri giriş sözü ilə institutun direktoru Vaqif Abbasov açdı. O, institut barəsində qısa məlumat verdikdən sonra görüşün əsas məğzini iştirakçılara çatdırdı vurğuladı ki, bu gün bir araya gəlməyimizin əsas iki səbəbi var. Bu səbəblərin birincisi hamımız üçün tarixi an olan Qurtuluş Günüdür. Ümummilli liderimizin, Azərbaycan xalqının xilaskarının dövlətçiliyimiz tarixində gerçəkləşdirdiyi tarixin artıq özünə çevrilmiş 15 iyun müstəqil Azərbaycanın dünəni, bugünü sabahı üçün çox möhkəm bir özüldür. Biz məhz 15 iyunda bir xalq, bir dövlət olaraq qarşıdurmalardan, siyasi ixlasdan xilas ola bildik, sözün bütün mənalarında qurtulduq. Bax, məhz belə bir bayram şərəfinə təşkil etdiyimiz bu toplantıya xalqımızın dəyərli ziyalısı, yazıçı-publisist, millət vəkili Aqil Abbası da dəvət etmişik. Biz bu bayramı birlikdə qeyd etmək Aqil müəllimlə məhz belə bir bayram ovqatında bir yerdə olmaq, fikir mübadiləsi aparmaq istəmişik. Düşünürəm ki, bugünkü tədbirimiz hər birimizin ürəyincə olan bir axarla davam edəcək.

Tədbiri idarə edən xanım sözü millət vəkili, yazıçı-publisist Aqil Abbasa verdi. Akt zalında əyləşənləri və bütövlükdə bu elm mərkəzinin əməkdaşlarını salamlayan, onları bayram münasibəti ilə təbrik edən millət vəkili Aqil Abbas öz çıxışında Qurutuluş gününün mahiyyətini şərh etməklə bildirdi ki, bu gün Azərbaycan artıq söz sahibi olan dövlətdir. Və bu xalqın layiqli prezidenti özünün hər bir müdrik addımı ilə Azərbaycanın müstəqil olduğunu, iqtisadi-siyasi uğurlar əldə etdiyini birmənalı şəkildə hər kəsə göstərə bilib. Hətta keçirilən beynəlxalq sammitdə onun "Türkiyə yoxdur, mən burdayam, sizin qarşınızda!" söyləməsi və bununla da təkcə Ermənistana yox, bütövlükdə dünyaya mesaj verməsi çox mətləbləri aydınlaşdırdı.

Tədbirin nəğməli qonaqları bir-birindən maraqlı mahnı töhfələri ilə bu görüşü daha da canlandırdı və belə razılaşdırıldı ki, tədbir dialoq, sual-cavab şəklində davam etdirilsin. Millət vəkili, yazıçı-publisist Aqil Abbasa ünvanlanan sualların əksəriyyəti "Dolu" filmi ilə, həmçirin onun digər əsərləri ilə bağlı idi. Təbii ki, institut əməkdaşları bugünümüzün problemləri, milli mentalitet, telekanallarda yayımlanan və hər kəsi narazı salan verilişlər barəsində də fikirlərini söylədilər, millət vəkillərinə suallarını ünvanladılar.

Kifayət qədər maraqlı və uzun çəkən tədbirin sonunda millət vəkili ona bağışlanmış gül çələngini institutun qocaman xanım əməkdaşlarından birinə yaxınlaşaraq böyük sayğı ilə təqdim edərək bildirmişdi ki, bizim hər birimiz xanımlarımıza, qızlarımıza, xüsusilə bu məqamda elm fədailəri olan xanımlara içimizdə olan minnətdarlıq hissini daha mükəmməl şəkildə büruzə verməliyik. Çünki onlar bir ana, bir qadın və bir elm adamı kimi diqqətə daha çox layiqdirlər. Bəli, AMEA-nın Neft Kimya Prosesləri İnstitutnun böyük akt zalında coşqu ilə, musiqi ilə keçən bu görüşdə yaradılan mühitin əsas səbəbkarı zənnimcə, AMEA-nın müxbir üzvü Vaqif Abbasovun hər kəslə olan tam səmimi münasibəti, əməkdaşlarla birlikdə rəqs etməsi və necə deyərlər, hər kəsin özünü bu ailənin üzvü kimi hiss etməsi oldu.

Düşünürəm ki, bu tədbir iştirakçıların uzun müddət yadından çıxmayacaq. Üstəlik, millət vəkili Aqil Abbasın söylədiyi və yerinə düşən lətifələr əməkdaşların leksikonuna daxil olacaq. Hər halda, xalatlı elm adamları qarşısında edilən çıxış və burada yaradılmış gözəl bir ovqat onu deməyə əsas verir ki, Azərbaycan xalqının tarixinə də, ədəbiyyatına da, dünəninə də, bugününə də öz sevgisini, sayğısını qoruyub saxalamağı və dəyərləndirməyi mükəmməl bacarır.

 

Əbülfət MƏDƏTOĞLU

ədalət.-2014.-13 iyun.-S.4