Sarıköynək, bir
də Valeh
Məhəbbət dastanının ictimai baxışından qeydlər
Xalq yazıçısı İlyas Əfəndiyevin yazdığı
pyeslərin uğurlu səhnə
taleyi olub. Görkəmli qələm sahibinin yaradıcılıq məhsulu
olan bu əsərlər
teatrlarımızda dəfələrlə
tamaşaya qoyulub. İllər keçsə
də, zaman dəyişsə də tamaşaçıların İlyas
Əfəndiyev qəhrəmanlarına
marağı azalmır.
Təsadüfi deyil ki, bəzən yazıçının
roman və povestləri
də səhnələşdirilir.
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı
da 86-cı mövsümündə
İlyas Əfəndiyevin
oxucular arasında böyük populyarlıq qazanmış, müxtəlif
xalqların dillərinə
tərcümə olunmuş
"Sarıköynəklə Valehin nağılı"
romanına müraciət
edib. Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa Xalq yazıçısı İlyas
Əfəndiyevin anadan
olmasının 100 illiyinə
kollektivin bir hədiyyəsidi.
Romandan səhnəyə- real, lakonik
və baxımlı
"Sarıköynəklə Valehin
nağılı"nı
dönə-dönə oxuyanlar
yaxşı bilir ki, əsər iki gəncin saf məhəbbətindən
bəhs edir. Hər şeyi halal zəhmətləri hesabına
qazanmağı qarşılarına
məqsəd qoyan bu namuslu gənclər
insanlara xeyirxahlıq göstərmək, xoş
ünsiyyət qurmaq istəyirlər. Lakin cəmiyyət
elədir ki, bütün bunlar heç də asan başa gəlmir. Çünki ətrafdakı bəzi
insanlar tamam fərqli düşünür,
belələri hər
şeydə bir təmənna güdür.
Onların fikrincə, vəzifə
və pulun varsa, əl atdığın bütün
şərəfsizliklər sənə bəraət qazandıra bilər.
Gənc Sarıköynəklə Valehi
bu cür düşüncəni özlərinə
həyat tərzi seçmiş adamlardan isə xeyirxah insanlar qoruyur və mübarizədən
qalib çıxarır. Sonda təbii
ki, yaxşılar qalib gəlir. Amma belə sonluq təkcə nağıllarda
olmur, xeyirxah insanların çox olduğu cəmiyyətdə
də reallığa çevrilə bilir.
Görkəmli yazıçının mürəkkəb
hadisələrlə dolu
bu romanını səhnədə necə canlandırmaq? "Sarıköynəklə
Valehin nağılı"nın səhnə redaksiyasının müəllifi
və quruluşçu
rejissoru Bəhram Osmanov fikrimizcə, bu suala doğru
cavab tapa bilib. Azərbaycanın və Kalmıkiya
Respublikasının əməkdar
incəsənət xadiminin
romandan səhnəyə
gətirdiyi hadisələr
lakonik və baxımlıdı. Quruluşçu rejissor tamaşanın janrını iki gəncin məhəbbət
dastanı kimi müəyyənləşdirib.
Əməkdar rəssam İsmayıl Məmmədovun verdiyi səhnə tərtibatı
da quruluşçu rejissorun fikirlərini tamamlayır. Səhnədə quraşdırılan dekorasiya Sarıköynəklə
Valehin keçdiyi mürəkkəb həyat
yolunu, əyri ağaclar bu iki gəncin ətrafında baş verən haqsızlıqları
xarakterizə edir.
Quruluşçu rəssam tərtibat
zamanı sadə detallara üstünlük
verib.
Tamaşanı dinamik və baxımlı edən məqamlardan biri də musiqi ilə bağlıdı, bəstəkar Cəmalə
Nəsirovanın peşəkar
teatrda debütünün
uğurlu alındığını
əminliklə söyləmək
olar.
Təcrübəlilər öyrədir, gənclər öyrənir
Bəhram
Osmanov müxtəlif illərdə Dövlət
Gənc Tamaşaçılar
Teatrında tamaşalar
hazırlayıb, baş
rejissor təyin edildikdən sonra kollektivin yaradıcılıq
potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Yeni tamaşanın uğurlu
alınmasında bu amil də rol
oynayıb. İstedadlı rejissor truppanın təcrübəli aktyorları
ilə gəncləri
bir araya gətirib və maraqlı ansambl yarada bilib.
Günel Məmmədova və Elnur Kərimov teatrın ən istedadlı gənclərindəndirlər,
son illər istər klassik, istərsə də müasir dramaturqların əsərlərində
maraqlı rollar ifa ediblər. Onların bacarığına
inanan quruluşçu
rejissor Sarıköynəklə
Valehi bu iki gəncə etibar etməkdə yanılmayıb. Sarıköynək (Günel Məmmədova) sadə, zəhmətsevər
bir qızdı.
Həyat
onu çətinliklərlə
sınağa çəkir,
lakin o, ən ağır anlarda belə saflığını,
Valehə olan sevgisini qorumağı bacarır. Sevdiyi insanın yolunda
ölümlə üz-üzə
də qalır, aldığı mənəvi
zərbələrdən qorxub
geri çəkilmir, əksinə ayağa durmaq üçün özündə güc tapır.
Tikintidə adi sürücü kimi çalışan Valeh (Elnur Kərimov) iş yoldaşlarına, ətrafdakı insanlara diqqətli, qayğıkeşdi. Haqsızlıqla, riyakarlıqla barışa bilməməsi onu çətin vəziyyətlərə salsa da, Balaəmi, Xıdırov, Yusifov, Musa kimi adamlara qoşulub min sifətə düşmür. Həyatda haqqın, ədalətin qalib gələcəyinə inanır və bu inam da onu Sarıköynəklə xoş günlərə çıxarır.
Muradzadə (Xalq artisti Tariyel Qasımov) insanlarda haqqa, ədalətə, qanunçuluğa inamı artırmaq üçün heç nədən çəkinmədən çalışır. Tariyel Qasımov sərt olduğu qədər də xeyirxah Muradzadəni təbii, heç bir pafosa yol vermədən yaradır. Əməkdar artist Qəmər Məmmədovanın oynadığı Ceyran xanım da səmimi, çətinliyə düşən iki gəncə təmənnasız yaxşılıq edən bir qadındı.
Baləəmi əks düşərgəni təmsil edir. Onun düşüncəsinə görə, təkcə maddi nemətləri deyil, arı-namusu da pulla alıb-satmaq mümkündü. Hər kəsin, hətta həyat yoldaşı Simuzərin qarşısında gözükölgəli olan Baləmi çətinliklə üzləşincə miskin vəziyyətə düşür. Xalq artisti Yasin Qarayev bu mürəkkəb obrazın öhdəsindən ustalıqla gəlir.
Əməkdar artist Naibə Allahverdiyevaya Simuzər rolu etibar olunub. Səhnəyə ilk gəlişindən elə
başa düşülür
ki, bu nazlı-qəmzəli
xanım həyatda hər şeyə nail olub - yaxşı qazanan əri, evi-eşiyi var, daş-qaş içində
üzür. Lakin sonrakı
epizodlarda bunun tam əksi görünür.
Məlum
olur ki, maddiyyat üzərində
qurulan belə yaşam tərzi Simuzəri xoşbəxt edə bilməyib, əksinə, əsərdəki
ən bədbəxt taleli insanlardan biri məhz odur. Naibə xanımın Simuzəri
ehtiraslı, xoşbəxt
olduğu qədər
də tənha, talesiz birisidi.
Zabitə
(Mehriban Hüseynova), Ağabəşir (Ədalət
Əbdülsəməd), Güllübəyim
(əməkdar artist Lətifə
Əliyeva), Musa (Rəzzaq
Məmmədov), Cavanşir
(İlham Əsədov),
Xıdırov (Kərəm
Hadızadə) Rövşən
(Vüsal Mehrəliyev)
epizodik rollar olsalar da, dolğun
işləniblər.
Digər
rollarda Elşən Şıxəliyev (Eldar),
Ceyhun Məmmədov (Zeynal), Eldar İmanov (Xıdırovun sürücüsü), Rövşən
Abbasov (Müstəntiq),
Rəşad Səfərov
(Yusifov), Sevinc Mehrəliyeva (Sara), Zümrüd
Quliyeva (Sənubər),
Yusif Dadaşov (Ağası), Sabir Məlikov (Professor) və Hüseyn Nağıyev (Nemət) çıxış
edirlər.
Dövlət Gənc Tamaşaçılar
Teatrında hazırlanan
"Sarıköynəklə Valehin nağılı"nda
bircə şey çatışmır - tamaşaçı
nəfəsi. Bu da təbiidi, çünki tanış olduğunuz yazı ictimai baxışdan qeydlərdi. Xalq yazıçısı İlyas Əfəndiyevin
100 illik yubileyinə həsr edilən tamaşanın premyerası
iyunun 20-də olacaq.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2014.-14 iyun.-S.10.