"200 il əvvəl Fransa nə vəziyyətdə
idisə, bu gün biz həmin dövrü
yaşayırıq"
Amma orda "Səfillər” kimi əsər
yarandı
Onu çox danışdırıblar. Publisist kimi, Məmməd
Arazın qızı kimi, Aqil Abbasın həyat yoldaşı
kimi, qadın kimi... Amma qarşımızdakı İradə
Tuncay idisə, onda yenə eşitməli nələrsə
olmalı idi...
Elə danışmağa da uşaqlığından
başladıq. Yasamalda, "Sevil” kinoteatrının
yaxınlığındakı ikiotaqlı
"Xruşşovka” evdə keçən
uşaqlığından:
"Uşaqlığımda ağrılı məqamlar
da çoxdur.
Çünki anam tez-tez xəstəxanalarda
olurdu, mən tək qalırdım. Ağlayırdım
onun dalınca. Təklik hissi çox
yadımda qalıb.
Həyətdə çoxlu uşaqlar var idi, ona görə
günüm həyətdə keçirdi. Parlaq xatirələrdən
həyətdə uşaqlarla oynamağım, atamla gəzməyə,
hər yay tətilində kəndə getməyim, nənəmlə
qalmağım yadımda qalıb.
Yeddi yaşıma qədər tək uşaq olmuşam. Mənim
çox oyuncağım olub, Moskvadan gətirilən
oyuncaqlarım. O vaxt defisit dövr idi. Amma
Sovet hökuməti uşaqlar üçün hər şeyi
ucuz satırdı. Balaca "kalyaska”
oyuncağım vardı, əkiz uşaqlar var idi içində.
"Kalyaska”nı hərəkət etdirəndə
onlar da əllərini-ayaqlarını oynadırdılar.
Çox qəşəng idi. Sonra mən onu sındırdım. Məndə oyuncaqlara qarşı yaradıcı
münasibət var idi. Onların içini
söküb baxırdım ki, görüm içində nə
var.
Maraqlı motosiklet oyuncağım vardı. Onu qururdun,
fırlanıb aşırdı. Apardım
həyətə, uşaqlar yığışdı
başına, sonra oğurladılar. İndiyə qədər
də yandırır məni...”
Yaşından tez böyüyüb. Bu böyümək xəstəxanalardan
keçib, bu böyüməkdə dərman qoxusu da olub,
ümid qoxusu da: "Atam xəstələndi, 14 yaşımda
artıq mən hər şeyi dərk edən biri idim”.
Amma
qadınlıq onu gec haqlayıb, 40 yaşından sonra:
"Görünür, mənim qayğılarım çox
olub deyə, özümü qadın kimi hiss eləyə
bilmirdim. Mən cinsimin duyğularını tam yaşayan adam olmamışam. Ola bilər,
içimə çox qapanıq olmuşam. Ədəbiyyatın içinə çox girmişəm.
Sadəcə, insanıydım.
Ümumiyyətlə, mən insan olaraq da 40
yaşından sonra çox dəyişdim. Dünyaya
baxışım dəyişdi. Olur ki,
insan yaşayır, yaşayır, ancaq özünə dəyər
verə bilmir, içində bir qorxu olur. Nə bilim,
çox şeylər olur... Amma 40 yaşından sonra elə
bil, daşların hamısını oturdursan yerinə, bir az sakitləşirsən, hüzur tapırsan. Gərək insan özünü çox sevsin.
Mən bunu çox gec dərk elədim”.
Deyirəm, İradə xanım, niyə insanlar elə
düşünür ki, siz özünüzdən çox
razısınız?
Deyir, mənim
dilim də var, dilçəyim də: "Kimsə otursun,
görək mənimlə hansısa mövzuda danışa
biləcək, ya yox? Bir də ki, mən
hamını sevməyə borcluyam?
Dərzinin,
mühəndisin, müəllimin, həkimin məşğulluq
vaxtıyla bizimki bir az fərqlidir. Yaradıcı adamıq da, könlümüzün
elə vaxtı olur ki, heç kimə cavab vermək istəmirik.
Amma elə fikir yaranır ki, guya
özümüzdən razıyıq. Amma
həmin adamlar bizim yerimizdə olsa, uçurtmadıqları
dağ-daş qalmaz”.
Bu cəmiyyətin
içində düşünən adam
kimi yaşamaq onun üçün çətindir. Deyir, bu
bozluğun içində bir az rəngli
görünürsən, rənglər birini sevindirirsə, o
birini qıcıqlandırır: "O qıcığı da
elə nifrətlə sənin üstünə tökürlər
ki... Hamı kimi olanda onlar sakitləşməyə
başlayır.
İnsanın romantik duyğuları da olmalıdır,
sentimentallığı da, göz yaşı da, qəhqəhə
çəkib gülməyi də. Niyə hamı kimi olmağı tələb
edirlər ki?.. İnsanın
içində hissləri qapalı qaldıqca təhlükəyə
çevrilir.
Amma mən
insanların əhvalını hiss edirəm. Fikirləşirəm
ki, nə isə bir zarafat etsəm, hamının əhvalı
yüksələcək, özün də onlara qoşulacaqsan
və ruhsal bataqlığından özünü də
dartıb çıxarcaqsan...”
Deyir, nə
olsun ki, Allah hamını eyni yaradıb, hamıya eyni cazibəni
verməyib: "Allah rəngli insanları özü
seçib göndərir. Onu seçdirən
amillərdən biri onun cazibəsidir.
Oturduğum yerdən razıyam. Əgər kimsə
başqa cür fikirləşirsə, qiymətləndirə
bilmirsə, bu, mənim yox, cəmiyyətin problemidir”.
İş
yerini tez-tez dəyişməyi sevmir: "İşimi dəyişəndə
də məcbur olub getmişəm. Məkanı
dəyişməyi sevirəm, amma öyrəşdiyim insan
mühitini dəyişməyi sevmirəm. İnsana
öyrəşirəmsə, məndə bağlılıq,
asılılıq yaradır. Onlara öyrəşirəm
və ayrıla bilmirəm, bu, çətindir”.
Ən doğmaları isə ailəsidir. "Ailə insanın
qalasıdır, sığındığı yerdir” deyir:
"Sən arxayınsan ki, onlar həmişə sənin
köməyinə gələcəklər. Uşaqlıda bu,
sənin ata-anandırsa, gələcəkdə sənin
sevdiyin kişi, uşaqlarındır.
Hamının kiməsə köməyinə ehtiyacı var.
Heç kim deyə bilməz ki, mən tək
var ola bilərəm. Heç kimi olmayan
insanın belə heç olmasa, qonşuya ehtiyacı var.
İnsan Allah deyil. Hərdən fikirləşirsən
ki, Allah bu yalnızlığın içində necə
mövcud olur?
Amma hər bir insan özlüyündə həm də tənhadır. Nə qədər öz dərdimi-sərimi
sənə danışsam da, sən ancaq mənə təsəlli
verə bilərsən, hiss edə bilməzsən.
Hər insanda bir qədər Allahın zərrələri
var, tənhalığı yaşayır”.
Lazım
olan məqamlarda güclü ola bilir:
"Evdə, ailədə bir hadisə olur, hamı panikaya
düşür, amma mən çox sakit oluram. Həmin
anda mən hər şeyi yerbəyer edə bilirəm. Amma iki-üç gün keçir, hamı sakitləşəndən
sonra mən çox ağır xəstələnirəm”.
"Ürəyində
qurduğu sarayın daşını düşürəni, pəncərəsini
sındıranı” bağışlaya bilmir:
"Bütün insanlar, ən yaxın adamlarımız belə
səhv edə bilir. Elə mən özüm də
səhvsiz deyiləm. İnsanın qəlbində
qurduğu sarayı dağıtmaq? Mən
onu edə bilmərəm. Mənə elə
gəlib ki, evdə həmişə sütun kimi olmuşam.
Nəyisə qorumaq lazımdır və mən
dik dayanmalıyam”.
Onu
küsdürən, incidən məqamlar da var:
"Anlayış görməyəndə özümə
qapanıram. Qarşımdakıyla söhbət
edirəm, görürəm, yox, "danq” eləyir
qayıdır, onda bu, məni rəncidə eləyir. Sevgimlə, ürəyimlə
yaxınlaşdığım insanlardan anlayış görməyəndə
inciyirəm”.
Sevgisini bildirən deyil. Deyir, ancaq uşaqlarım balaca olanda
onları sevib-oxşamışam: "Amma çox dilli-felli,
mehriban adam deyiləm.
Redaksiyada
bir jurnalistimiz vardı, bir gün mənə dedi ki, İradə
xanım, kaş, nifrətiniz kimi sevginizi də bildirə biləydiniz.
Mən kimdənsə narazıyamsa, o dəqiqə
üzümdə görünür. Xoşuma
gəlməyən adamla söhbət edə bilmirəm.
Amma sevgimi göstərə bilmirəm...
Hər kəs üçün sevimli, xoş olmaq
mümkün deyil. Burda insan xisləti var. Sənə
baxırlar, deyirlər gör, harda oturub. Amma
bu yerə necə gəlib çatmısan, onlara maraqlı
deyil. Elə bilirlər ki, onlar da həmin
yerdə otura bilərdilər. Sadəcə,
bizim bəxtimiz gətirib. Həmin adamlar heç beş dəqiqə mənim yerimdə otura bilməzdilər”.
Cəmiyyətdəki
sevgisizlikdən şikayətlənirik: "Biz mənəvi
şəkildə öz gəncliyimizi məhv edirik, şikəst
edirik. Uşaqlar safdırlar, inanırlar ki,
dünyanı xilas edə biləcəklər. Amma biz onların başından vururuq, deyirik, yalan danış,
cinayət törət. Onlar artıq bizim
dediyimizə yox, təriqət başçılarına
inanırlar.
Cinsi azlıqlar artıq çoxluq olub. Bir məmləkətinki
kişiləri məhv olur, bu, xalqın məhvi deməkdir.
Mənəvi şikəstlik daha qorxuludur. Bir ovuc xalqıq, özümüz yeni nəsli qorumasaq,
sonu necə olacaq?
Biz istəyirik
ki, hamı eyni olsun, eyni düşünsün, belə olmur
axı... Nə vaxt ki, qanunlar hamı
üçün eyni olacaq, o zaman nəyisə dəyişmək
barədə düşünmək olar.
Bu gün hamı yaşamaq uğrunda mübarizə
aparır. Hətta heyvanlarda da qorxu yarananda rəngini dəyişir.
Özünü qumun, ağacın rənginə
uyğunlaşdırır. İnsanlar da elədir.
Yaşamaq uğrunda mübarizə aparırlar və
uyğunlaşırlar. Kim uyğunlaşa
bilmir, məhv olub gedir.
Nə qədər mənim kimi düşünən
insanların sayı artsa, öz işlərində bunu
göstərsələr, nə isə dəyişə bilər. İnsanların
arzuları məhdudlaşdıqca onlar aqerssivləşir və
o aqressiyanı nə cürsə bildirirlər. Mənim
də o qədər arzularımı qısıblar ki... Belə bir söz var, bizim vətənimiz
uşaqlığımızdır. Nə
varsa, ordan gəlir. Hansı ölkələrdə
ki, uşaqların həyatı ağır keçir, orda
inkişaf olmur. Qısır olursan, arzular qəbiristanlığına
çevrilirsən...”
Elə
insanların arzu qısıtlanmalarından yazmaq istədiyini
deyir: "Amma axır vaxtlar heç nə yaza bilmirəm,
depressiyadayam. Beynimdə o qədər mövzu
var, amma yaza bilmirəm”.
Bu gün nəyi təsvir edək axı? Avtobusdakı
hay-huyu, yoxsa metrodakı iyi-qoxunu?
Bir tərəfdən də, bu gün yazmaq
üçün çox münbit zəmin var, otur, yaz. Obrazlar qalereyası, hadisələr
var. Nə isə qısırlaşma var. 200 il
əvvəl Fransa nə vəziyyətdə idisə, bu
gün biz həmin dövrü yaşayırıq. Amma orda "Səfillər” kimi əsər
yarandı.
Bu gün bütün yazarlar özünü yazır. Gənclərdə bir az özündən razılıq var, qoy
olsunlar. Təki pis vərdişlərdən uzaq
olsunlar.
Qadınlarımız isə yaşadıqlarını
yaza bilmir. Hansını dindirsən, həyatından nə
romanlar çıxar. Amma əxlaq mücəssəməsi
rolunu oynayırlar.
Hiss edirəm
ki, qızlar nə isə yazmağa cəhd edirlər, amma
çox eybəcər alınır. Hollivud filmlər
çəkir, orda öpüş səhnələrinə
baxın, necə gözəldir. Bir də
bizim seriallardakı öpüşmə səhnələrinə
baxın, çox çirkindir. Çünki
saxtadır, səmimi deyil”.
Gəzintini, səyahəti nə qədər sevsə də,
"vətəndən uzaqda yaşaya bilmərəm” deyir:
"O yaşımda deyiləm artıq. Vətən nədir,
əslində? Mənim yataq otağım,
hansı tərəfdə yatmağım, səhər durub
hara baxmağım, əl-üz yuyanım, səhər getdiyim
küçə. Öyrəşməkdir,
mübtəla olmaqdır vətən. Xatirələrdir...
İndi Bakının küçələriylə gedirəm,
çox yerləri tanımıram. Şəhər elə
sürətlə dəyişir ki, görməyə öyrəşdiyim
şeylər dağılır. Ən
çox travma yaradan şeylər xatirələrinin
dağıdılmasıdır. 10 il
gördüyüm binanın olmaması içimdə bir
boşluq yaradır. Biz gedib başqa yerdə burdakı kimi
rahat ola bilmərik. Söhbət
yaddaşın komfortundan gedir. Vətən
həm də yaddaş deməkdir”.
"Siz dünyaya gəlməsəniz, nə əksik olardı?”
deyə, soruşuram. Deyir, bir rəng azalardı. Parlaq rənglər:
günəş rəngində sarı, dolğun çəhrayı,
yarpaq yaşılı.
Düşünür ki, insan bu boyda sevgisiylə, ruhuyla,
gücüylə heç cür itə bilməz. Hansı şəkildəsə
qayıdır, gül kimi, çiçək kimi, balaca bir sərçə
kimi”.
"Günahımı,
savabımı isə çiynimdəki mələklər bilər”
deyir: "Adam bilmədən savab iş də görə bilər.
Ola bilər ki, kiminsə xətrinə dəymişəm,
amma heç kimə pislik etməmişəm. Desəm, yaxşı adamam, deyəcəklər,
özündən razıdır. Amma necə
deyim ki, pis adamam? Deyiləm axı... Kiminsə
evini yıxmamışam, kiminsə ailəsini
dağıtmamışam, intriqalara qoşulmamışam,
işdə "suka”lıq eləməmişəm. Amma mənə bunu ediblər, torba tikiblər. Sonra Allah cəzalandırıb onları”.
Bu yerdə niyəsə yadıma vicdan
anlayışı gəlir. Vicdan deyəndə isə
İradə Tuncayın yadına Tolstoy düşür. Deyir, mənə elə gəlir ki, Tolstoy bəşəriyyətin
vicdanıdır.
-Ən sevdiyiniz yazıçı da odur?
-Yox, ən
sevdiyim yazıçı deyə bilmərəm.
Bu an
"Qeyb”dən(oxu: ikinci mərtəbədən)səs
gəlir: "Ən böyük yazıçı mənəm”.
Aqil Abbasın səsi imiş.
-Hə, ən
böyük yazıçı Aqil Abbasdır.
Biz söhbətimizdə Aqil Abbasdan
danışmayacaqdıq. Amma söhbətimiz onsuz keçmədi.
Bəs onların sözü bir-birinin boğazından keçirmi?
İradə
Tuncay:Hə, gör artıq neçə
ildir. Boğazımız da eyni olub.
Aqil Abbas:35 ildir e... Adamlar sonra bir-birlərinə
oxşamağa başlayır, ər-arvadlar, dostlar.
İ.T:Həyat tərzi oxşadır da, eyni yeməkləri
yeyirsən, eyni yerdə yaşayırsan, eyni söhbətləri
edirsən.
Dəyişməyən heç nə olmur?
İ.T:Tutaq ki, kimsə məni 30 il bundan əvvəl
görüb. İndi görəndə mən
onun üçün dəyişmiş oluram. Amma Aqil üçün mən həmin adamam. Aqil də mənim üçün həmin o 25
yaşlı oğlandır.
A.A:5-6 ay
bundan qabaq Ankarada mağazaya girib, İradə
üçün hədiyyə alırdım. Satıcı
soruşdu ki, eşinizin neçə yaşı var?
Dedim, 25. Təəccüblə baxdı, bir daha dedim ki, 25. Mənim üçün onun həmişə 25
yaşı var.
...Bir dəfə
mənə dedilər ki, xanımın səndən
savadlıdı-filan. Dedim, o, xalq şairinin qızıdır,
mən kolxoz sədrinin oğluyam. Gör, o
kimdir, mən kiməm.
Amma mən
o vaxt gözəl oğlanıydım e... Qızların
mənə gözü düşürdü.
İ.T:Elə indi də düşür də...
Amma məhz İradə Tuncayı seçdi.
İ.T:Mən də qəşəngiydim də.
A.A:Həm də ağıllıydı. Əsas ağıldı. İlk
baxışda gözəllik vacibdir. Həm
ağıllı, həm gözəl olanda olur İradə.
İ.T:Aqil çox zirək idi. Ümumiyyətlə,
insan sevəndə onun izahı olmur. Görünür,
bu, daxili kimya məsələsidir.
A.A:Bizim həmişə belə evimiz olmayıb
ki... 9 il mən İradəgilin evində yaşamışam. Amma o, heç vaxt bunu mənim üzümə
vurmayıb. Mənim atamın altında iki
maşını var idi, amma mən taksi pulu tapmırdım.
Heç vaxt deməyib ki, filankəsin filan
şeyi var, mənə niyə filan şeyi almırsan? Qohum-əqrəbaları onun yanında
forslanırdı, nə qədərsə brilyantı var. Amma
onun yoxuydu, mən onun üçün brilyant idim, o da mənim
üçün. Bir dəfə ona
çox ucuz bir paltar almışdım, amma çox qəşəng
paltar idi. O qədər təriflədi ki, paltarı, elə
bil Amerikadan almışam. Nədi-nədi mənim
könlüm xoş olsun...
İ.T:Bir dəfə yazmışdım ki, Aqil Abbas
mənim üçün vətəndir. Mən
burda ağıram, mən burda lazımam, mən burda sevilirəm.
Aqil evdə olmayanda heç cür rahatlıq
tapa bilmirəm. Bu, təkcə darıxmaq deyil ha... Görürəm ki, nəsə
çatışmır, mən yarımçığam.
Amma Aqil yanımda olanda rahat, arxayın oluram, bu,
izaholunmaz bir şeydir. Onsuz heç nəyi
təsəvvür edə bilmirəm.
A.A:Bu yaxınlarda İstanbula getmişdim, bir 10
gün qaldım orda. İki gündən sonra
İradəyə yazdım ki, sən yanımda yoxsansa, neynirəm
İstanbulu?
İ.T:Təbii ki, bütün ailələrdə
olduğu kimi, bizim də kritik anlarımız olur. Bərkə-boşa düşürsən, fikirləşirsən
ki, bu addımı atsam, onsuz həyatımı davam edə bilərəmmi?
Görürük ki, yox!
Allah əvvəlcə kişini, sonra onun
qabırğasından qadını yaradıb. İnsanlar yenidən birləşib
BİR ola bilirlərsə, bu olur
Allahın yaratdığına qayıtmaq. Onlar
uğurlu ailələrdi, lap xəyanətləri ilə, nələri
ilə belə, parçalanmır. Bunun
üçün səbr, illər lazımdır.
İ.T:Əslində, xaraktercə çox fərqli
insanlarıq. Sadəcə, prinsipial şeylər
var ki, orda birik. Yoxsa dünyaya
baxışımız fərqlidir.
A.A:Mən hər şeyi bağışlayanam. Düşmən mənə güllə atsın, səhər
onu bağışlayacam. Amma İradə
kinlidir, bağışlamaz. Mən elə
prinsipial olsaydım, çox işlər görərdim.
İ.T:Mən yalan danışmıram, o
danışır.
A.A:Hə, heç vaxt yalan danışmaz.
İkisi də deyir ki, kişilər daha
yaraşıqlı, mükəmməl olurlar.
A.A:Heyvanlarda da erkəklər daha qəşəng
olur. Baxın, hansı daha qəşəngdirsə,
bilin ki, erkəkdir. Qırqovulun erkəyi
tovuzquşuna oxşayır, dişisi toyuğa.
Amma qadınların böyük üstünlükləri
var. Demək olar ki, yer üzündə bütün kişilər
qadınına xəyanət edir, amma bütün qadınlar xəyanət
etmir. Qadınlar dözümlü, soyuqqanlı olur.
Qadın tamam başqa bir şeydir...
Sonda isə
sizlərə o qadının – İradə Tuncayın
özünü tapdığı misraları təqdim edirik:
Ağca
pambıq kimi,
ağca
yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb
qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.
Hanı o
kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə
balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə
balası.
(Eldar
Baxış- "Sərçə balası”)
1937.az
Ədalət.-2014.-14 iyun.-S.9.