17 İYUN TİBB İŞÇİLƏRİ GÜNÜDÜR

FƏRMAN HƏKİM ONU TANIYANLARIN QƏLBİNDƏ XEYİRXAH ƏMƏLLƏRİ İLƏ YAŞAYIR

 

Hər il iyun ayının ikinci ongünlüyündə tibb işçilərinin peşə bayramı ərəfəsində xalqımızın sağlamlığının və milli genefondunun qorunması baxımından böyük əhəmiyyət kəsb edən səhiyyənin inkişafına, uğurlarına, çətinliklərinə nəzər salınmaqla öz sənətinin vurğunu olan, əməlləri ilə həmişə bu nəcib peşənin nüfuzunu qaldıran həkimləri böyük hörmət və ehtiramla xatırlayırıq.

Görkəmli ziyalıları, elm, mədəniyyət, dövlət xadimləri ilə tanınan Qax respublikamıza istedadlı, bütün varlığı ilə öz peşəsinin vurğunu olan, yüksək insani keyfiyyətlərə malik görkəmli həkim kadrları da vermişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli ordumuzun həkimi olmuş Doktor Cəlalın (Cəlal Məmmədovun), mərhum professor Bəhram Aşurovun ənənələrini davam etdirərək insanların sağlamlığı keşiyində həmişə ayıq-sayıq dayanan Şərif Mahalov, Süleyman Camalov, Xəyyam Məmmədov, Afər Əfəndiyev, Afər İsayev, Nəriman Əfəndiyev, Tərlan Əhmədzadə, Nabatxanım, Aynur Səadət Aşurovalar, Pərviz Məmmədov, Hacı Lətifov, kimi bir çox həmyerlilərimizin adları Azərbaycan Tibb ictimaiyyətinə yaxşı məlumdur. Onlardan biri respublikamızın əməkdar həkimi, 2013-cü ilin aprel ayının 11-də dünyasını dəyişən Əhmədzadə Fərman Cuma oğludur.

Uzun illər ünsiyyətdə olduğum, şəxsiyyətinə sənətinə hörmət etdiyim, digərləri kimi mənim yüksək insani keyfiyyətlərindən bəhrələndiyim, dəyərli məsləhətlərinə qulaq asdığım Fərman həkim haqqında yazmaq mənim üçün o qədər asan deyil.

Hər dəfə həkimlərdən söz düşəndə, xəstəxanaya gedəndə ilk növbədə Fərman həkimin nurlu siması canlanır gözlərimin önündə. Sonuncu dəfə onunla vəfatından bir gün əvvəl, aprelin 10-da Mərkəzi Rayon Xəstəxanasında görüşmüşdük. Görkəmli oftolmoloq-alim Zərifə Əliyevanın 90 illik yubileyi ilə bağlı tədbirə dəvət etmişdi. Zərifə xanımın yüksək insani keyfiyyətləri, elmi-pedaqoji fəaliyyəti barədə içindən gələn bir istəklə, maraqlı faktlara əsaslanaraq dolğun bir məruzə ilə çıxış etdi. Heç kim deyə bilməzdi ki, cəmi 1 gün sonra mənalı həyatının böyük bir hissəsini keçirdiyi bu kollektivdə, vəzifə borcunu yerinə yetirərkən dünyasını dəyişəcək Fərman həkim.

Fərman həkim 1942-ci ildə Qax rayonunun Qaxmuğal kəndində ziyalı ailəsində anadan olmuşdur. O, öz çalışqanlığı, elmə olan yüksək marağı istedadı ilə, bir ki, ailəsinin mənəvi dəstəyi ilə orta məktəbi qızıl medalla bitirmişdi. Ziyalı ailəsində tərbiyə aldığından hələ uşaq yaşlarında ikən çoxlu kitab oxuyur, dərsdən kənar ədəbiyyatlarla maraqlanır, mütaliə edirmiş. 1960-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitunun müalicə-profilaktika fakültəsinə qəbul olunmuş, 1966-cı ildən oranı bitirərək Qax Rayon Mərkəzi Xəstəxanasında həkim kimi əmək fəaliyyətinə başlamışdır. Yüksək peşəkarlığı, dərin biliyi, insanlarla yüksək etik normalara uyğun, mehriban rəftarı, qayğıkeşliyi bir nəcib peşəsi ilə qısa müddətdə böyük hörmət qazanmışdı. Xidmətlərini nəzərə alaraq Respublika Səhiyyə Nazirliyi onu sıravi həkimlikdən poliklinikanın müdiri nəhayət, 1987-ci ildə Qax rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin etmişdi.

Rayon Mərkəzi Xəstəxanasına rəhbərlik etdiyi dövrlərdə bölgədə səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmış, tibb müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, kollektivdə yüksək ixtisaslı kadr potensialı yaradılmışdır. Məhz, onun rəhbərliyi altında rayonun tibb müəssisələrində çalışan həkimlərin bir hissəsi hazırda respublikanın mötəbər tibb ocaqlarında rəhbər vəzifələrdə işləyirlər.

Fərman həkim qayğıkeş həkim, bacarıqlı rəhbər olmaqla bərabər, ziyalı kimi heç hamıda olmayan yüksək mənəvi keyfiyyətləri, davranış mədəniyyəti, istiqanlılığı ilə seçilən insanlardan idi. Həmişə rayonun ictimai-siyasi həyatında yaxından iştirak etməklə bərabər kollektiv üzvlərinin sevincinə, şərinə şərik olur, ehtiyacı olanlara mənəvi maddi dəstəyini əsirgəmirdi.

Əsl ziyalı kimi gündəlik mətbuatı mütəmadi olaraq izləyirdi. Jurnalistlərlə sıx əlaqə saxlayırdı. Tez-tez "Ədalət" qəzetinin redaktor müavini Məzahir Əhmədovla, "Xalq qəzeti"nin bölgə müxbiri İlqar Həsənovla, mətbuatla bağlı fikir mübadilələri aparırdı.

İşimlə bağlı uzun illər onunla ünsiyyətdə olmuş, həkim kimi qəbuluna getmiş, yanına xəstə göndərmişik, məsləhət üçün müraciət etmişəm. Hər dəfə bu gözəl insanın yeni-yeni, özəl mənəvi keyfiyyətlərini aşkar etmişik. Uzun illər çiyin-çiyinə bir kollektivdə işlədiyi həkim Əhməd Şəkiliyev onun haqqında belə deyir:

- Onun haqqında söz demək mənim üçün o qədər asan deyil. Uzun illər bir yerdə işləmişik. O qədər ağrılı-acılı günlərimiz olub ki. Hər birimizin pis günlərində , yaxşı günlərində yanımızda olardı, köməyini əsirgəməzdi. Yaxşı yadımdadır. Baş həkim kimi işə yeni təyin edilmişdi. Nazirliyin tapşırığı ilə 22 nəfər tibb işçisi ixtisar edilərək işdən uzaqlaşdırılmışdı. Rayon rəhbərliyini cəlb edərək, məsələni respublika orqanları qarşısında qaldıraraq onların hamısının əvvəlki vəzifələrini bərpa etdi. Mən şahid olmuşam ki, bir nəfər ayağından şikəst olan xəstəyə öz hesabına əlil arabası alıb, bir neçə nəfər müayinəsi rayonda mümkün olmayan imkansız xəstəni özü şəxsən Bakıya aparıb müayinəsinə kömək edib. Hər cümə günü məscidə gedib ianə verər, oraya uzaqdan gələn imkansızlara əl tutardı. Belə faktları saymaqla qurtarmaz. Allah rəhmət eləsin. Gözəl insan, yaxşı rəhbər idi.

Regionun adlı-sanlı həkimlərindən olan Fərman həkim işlədiyi dövrlərdə respublikanın bir çox rəhbər orqanlarının fəxri fərmanları ilə təltif edilmiş, 1989-cu ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə Respublikanın Əməkdar həkimi fəxri adına layiq görülmüşdür. Hörmətli Prezidentimiz İlham Əliyevin 18.10.2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar respublikanın ictimai-siyasi mədəni həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmasını isə bu gözəl insan əməyinə verilən ən böyük mükafat kimi qiymətləndirirdi.

İki oğul, bir qız atası olan Fərman həkim həm övladlarını, qardaş bacılarını, qohum-əqrabasını içindən gələn bir istəklə sevən ailə başçısı, bütün varlığı ilə elinə-obasına bağlı insan, böyük bir nəslin ağsaqqalı idi.

Amansız ölüm onu bizim sıralarımızdan vaxtsız apardı. Bu gün Fərman həkim bizim sıralarımızda olmasa da, o, onu tanıyanların hər birinin yaddaşında yalnız bacarıqlı, rəhbər tibb işçisi kimi deyil, həm daha çox xeyirxah əməlləri ilə yaşayır.

 

Novruz Şabanov

Ədalət.-2014.-14 iyun.-S.6.