Ağdamda təhsilə diqqət

 

Bu gün regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq ölkəmizin bütün bölgələrində həyatın inkişaf tempi diqqəti çəkir. Təbii ki, bu sürəti, bu inkişafı cəbhə xəttindən uzaq ərazilərimizdə izləmək, müşahidə etmək çox asandır. Çünki barıt qoxusundan, top-tüfəng səsindən uzaq bölgələrimizdə həyat daha planlı şəkildə qurulur və hər kəs məhz o bəlli proqrama uyğun olaraq öz üzərinə düşən işi yerinə yetirir. Təəssüf ki, cəbhəyanı rayonlarımızda, döyüş bölgələrində vəziyyət daha fərqlidi. Bu da ilk öncə məhz vurğuladığım kimi, müharibə ilə, düşmənin tez-tez atəşkəsi pozması ilə, qəfil partlayan minalarla, mərmilərlə bağlıdır. Yəni cəbhə bölgəsində hər an, hər bir addımda namərd gülləyə tuş gəlmək mümkündür.

Bax belə bir mülahizələrin işığında cəbhə bölgəsinə, bir vaxtlar öz toy-büsatı ilə, cah-cəlalı ilə hər kəsin diqqətini çəkən Qarabağın qədim yaşayış məskənlərindən biri olan Ağdama, daha doğrusu, Qu zanlı qəsəbəsinə səfər edirik. Məqsədimiz bugünkü Ağdamın inkişafının bir qolu olan təhsilin durumunu öyrənmək, onun uğurlarından, problemlərindən xəbər tutmaqdı. Bu səfərdə biz həm də adamlarla həmsöhbət olmaq, müəllimlərin, məktəblilərin özlərini dinləmək niyyətimizi qətiləşdirmişik. Ona görə də birbaşa Ağdam rayon Təhsil Şöbəsinə üz tuturuq. Necə deyərlər, təhsilin birbaşa cavabdehi, sahibi olan bu ünvandan informasiya əldə etmək və sonra da həmin informasiyalar əsasında rayonun işğal altında olmayan kəndlərinə, yeni salınmış qəsəbələrinə baş çəkmək niyyətindəyik.

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira xanım Şükürova bizi səmimi və mehriban qarşılayır. Gəlişimizin məqsədini biləndə təbəssümlə bildirir ki, bu gün bəzi mətbuat işçiləri ilk mənbədən problemləri öyrənmək, real mənzərədən xəbərdar olmaq əvəzinə kimdənsə eşitdiklərini yazmağa üstünlük verirlər. Həmin o yalnış mövqe də bəzən pedaqoji kollektivləri haqlı olaraq narazı salır. Əslində isə işin sahibindən hər şeyi soruşmaq, hər bir suala cavab almaq daha məqsədəuyğundur. Bax, bu mənada sizin xoş məramınızı dəstəkləyir və suallarınıza məmnuniyyətlə cavab verməyi özümə borc bilirəm.

Bəli, biz doğrudan-doğruya bir səmimi söhbətin iştirakçısına çevrilirik. Elmira xanımın dediklərindən bəlli olur ki, ölkənin son 10 ili tarixində böyük islahatlar aparılmış, həyat bir çox problemlərini öz yaddaşının səhifəsindən silmişdi. Bunun da əsas səbəbi Azərbaycan prezidenti İlham Əliyev cənablarının qaçqın soydaşlarımıza, cəbhəyanı rayonlara, döyüş bölgəsinə xüsusi diqqət yetirməsidi. Məhz cənab prezidentimizin dəstəyi və iradəsi ilə digər qaçqın rayonlar kimi, Ağdamda da böyük işlər görülmüşdü. Həmin işlərin sırasında təhsilin öz yeri varonu rayon sakinləri açıq bir şəkildə müşahidə edə bilərlər.

Faktlara müraciət edə bilsək bəlli olar ki, ötən dərs ilində rayon təhsil şöbəsi 142 ümumtəhsil məktəbi, 5 məktəbdən kənar, 33 məktəbəqədər təhsil müəssisələri ilə fəaliyyətə başlamışdı. Burada onu da qeyd etmək lazımıdr ki, həmin 142 ümümtəhsil məktəblərinin yalnız 55-i rayon ərazisində yerləşibdir. Qalan məktəblər respublikanın müxtəlif şəhər və rayonlarında öz fəaliyyətlərini davam etdirirlər. Bütövlükdə rayon üzrə 18667 nəfər təhsil alır. Bu böyük şagird kollektivinin təlim-tərbiyəsi ilə isə 3797 nəfər pedaqoq məşğul olur.

Bu rəqəmlərin özü-özlüyündə Ağdamda təhsil coğrafiyasının genişliyini göz önündə canlandırır və bəlli olur ki, həmin şagirdləri və müəllim kollektivlərini günün tələbləri səviyyəsində təhsil vasitələri ilə təmin etmək, onlara şərait yatarmaq heçasan deyil. Amma buna baxmayaraq, Ağdam Rayon Təhsil Şöbəsinin əməkdaşları bütün zəruri tədbirləri görür, Təhsil Nazirliyinin, ölkə prezidentinin qayğısı ilə böyüməkdə olan nəslə elmi biliklərin sirlərini öyrədirlər.

Bu gün 180 yerlik Səfərli kənd tam orta məktəbi yenidən tikilib. Alıbəyli, Hacıturalı, Qaradağlı və Çəmənli kənd tam orta məktəbləri əsaslı təmir edilib. Yeni avadanlıqlarla, kompüter sinifləri ilə təmin olunub. Eyni zamanda, Bakı şəhərindəki Müşfiq qəsəbəsində salınmış köçkünlər üçün qəsəbədə fəaliyyət göstərən 1296 yerlik 33 saylı Ağdam köçkün məktəbinin Mingəçevir şəhərində salınmış qaçqın qəsəbəsində 440 yerlik 52 saylı Ağdam köçkün məktəbinin tam təmin edilməsi burada dərslərin günün tələbləri səviyyəsində keçirilməsinə imkan verib.

Birmənalı olaraq onu da vurğulamaq lazımdır ki, bu gün Ağdamda hər kəs, xüsusilə rayon rəhbərliyi uşaqların təhsil almasına böyük maraq göstərməklə tələbkarlıq nümayiş etdirirlər. Məhz rayon İcra Hakimiyyəti başçısı Nizami Sadıqov cənablarının davamlı tələbləri, tapşırıqları sayəsində Ağdam məktəblərində, bütövlükdə Ağdam təhsilində yeniliklər, uğurlar günbəgün artır. Bunun da kökündə məktəbə, şagirdə, müəllimə olan qayğı və inam dayanır. Məhz bunların sayəsində Ağdamda biliklərin sirlərinə yiyələnən hər bir məktəbli, onları öyrədən hər bir müəllim öz məsuliyyət hissini anbaan artırır, nəticədə buraxılış imtahanlarında ali məktəblərə buraxılış prosesində ilbəil diqqət çəkən uğurlar ortaya çıxır.

Cari dərs ilində Ağdamda məktəblilərin dərs vəsaiti, eləcə də məktəbli geyimləri ilə təmin edilməsi istiqamətində də xeyli görülmüşdü. Hər tədris ilində olduğu kimi, builki tədrisdə də məktəblilərin pulsuz dərsliklərlə təmin olunması əsas vəziflərədən biri olub. Nəticə çox sevindiricidir. Demək olar ki, hazırkı dövrə qədər rayon məktəblərində dərslik kimi istifadə edilən 39 adda vəsait, yəni 30 min ədəd dərslik və bədii kitablar məktəb kitabxanalarına təhvil verilmişdir. Bu da uşaqların dərsliklə təmin edilməsi sahəsindəki çətinliklərin aradan qaldırılmasına öz müsbət təsirini göstərmişdi. O ki, qaldı məktəbli formasına, təkcə cari ildə dövlət Qaçqınkomu tərəfindən rayonun 1-ci siniflərinə gedən 1675 şagird məktəbli geyimi ilə təmin olunmuşdur.

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürovanın söhbət əsasında söylədiklərindən o da bəlli oldu ki, rayon ərazisində fəaliyyət göstərən bütün məktəblərdə demək olar ki, texniki avadanlıqlarla təmin olunmuş və digər zəruri problemlərin aradan qaldırılması üçün müvafiq işlər görülür. Həmin işlərin kəmiyyət və keyfiyyətini öyrənmək üçün biz bölgədəki məktəblərə üz tutduq.

 

(Ardı var)

 

Ceyhun RÜSTƏMOV

Ədalət.-2014.-14 iyun.-S.4.