CAKONDANIN
SİRRİ VƏ YA DA VİNÇİ KODU
(esse)
Son Avrovizion musiqi
yarışmasında Avstriyanın nümayəndəsi
Konçita Vürst qalib gəldi, böyük xal fərqi ilə.
"Böyük" sözünü xüsusilə
vurğulayıram! Avropanın musiqi beşiyi
öz şah nəğməsini bizlərə bəxş
etdi.
Çoxları onun transseksual azlıqların nümayəndəsi
olmasını və xarici görünüşündəki qəribəlikləri
("saqqallı qadın"...) nəzərdə tutub hiddətlərini
müxtəlif sözlərlə ifadə edirdilər.
Mən bu cinsi azlıqların nümayəndələrini
patoloji mutasiyanın nəticəsində fərqli, xəstə
doğulmuş insanlar sayıram və bir həkim kimi
talassemiyalı xəstəyə necə baxıramsa, hansı
hissləri keçirirəmsə, onlara qarşı da həmin
duyğuları keçirirəm. Çox dərindən mütəəssir
oluram və təəssüflənirəm ki, onlar
yaşadıqları ölkələrdən asılı
olaraq az və ya çox dərəcədə
əzabkeşdirlər.
İkincisi, bu xəstəliyin əzabkeşlərini həkim
səhvinin "qurban"ları sırasına daxil edirəm. Çünki
həkim-pediatrlar, genetiklər, endokrinoloqlar müasir təbabətin
imkanlarından qədərincə yararlanıb, doğuşdan
sonrakı ilk günlərdə uşağın əsl cinsiyyətini
xarici əlamətlərinə görə deyil, mahiyyətinə
görə (endokrin sisteminin fəaliyyətini nəzərə
almaqla) müəyyənləşdirə bilsələr, bu
körpələr böyüyəndən sonra cinsiyyətlərini
dəyişdirib məlum azlıqların çox-çox
ölkələrdə təqib olunan çoxluğunu
yaratmazdılar. (Həkimlər kliniki
ölümü əsl ölümdən elmin bugünkü
inkişaf səviyyəsindən yararlanıb seçdikləri,
ayırdıqları kimi).
Əgər
hər hansı dünyaya gələn körpə
böyüyəndə cinsiyyətini dəyişməsə,
qız elə qız kimi tanınsa, oğlan da oğlan kimi,
onda nə gey paradlara, nə də təqiblərə və ya
müdafiələrə ehtiyac qalmazdı!..
Xülasə...
Konçita Vürst niyə böyük xal fərqi
ilə qalib gəldi? Ona görə ki, bu
performansı hazırlayan komanda, ya bəlkə bir professional,
bu gün bu sahədə dünyada tayı-bərabəri
olmayan istedad sahibidir.
Qarşıya qoyulan məqsəd ideal yönümlü
musiqini çox-çox nüfuzlu mənbədən təlqin
etmək, onu Peyqəmbər duası kimi dünya əhalisinə
qəbul etdirmək olub.
Günəş
göylərdən hamının üstünə necə ələnirsə,
elə...
Bir
ifaçıda hamının (kişi,
qadın, ana, uşaq...) özünün özünü
görməsini təmin etmək üçün təşkilatçılar
çox riskli bir eksperimentə əl atmışdılar...
Musiqi gözəl, şeir yüksək əyarlı, ifa
olanın üstündə idi. Ancaq bu deyilənlər
belə böyük fərqli qələbə
üçün kifayət deyildi.
İfaçı İsa Peyğəmbərin surətindəydi. İsa
Peyğəmbər yalnız xaçpərəstlərin
deyil, həm də müsəlmanların Peyqəmbəridir
axı. Onun duaları demək olar,
bütün yer kürəsi əhalisi tərəfindən qəbul
olunur. O gün oxuyan, zahiri və daxili aləmiylə
birin-birə eyni olan çarmıxdan indicə endirilmiş
İsa Məsih idi. O nəğmə deyildi, Peyğəmbər
duasıydı!
O dualar
xaçpərəstlərə və müsəlmanlara birləşin!
- deyirdi, münaqişələrə,
ikili standartlara, terrorizmə, qarşıdurmalara yox! - deyirdi.
Oxuyan adamın cinsiyyəti yoxuydu. O, həm kişiydi, həm
qadın, həm uşaq, həm Ana... Müxtəlif
rəngli parçalardan, dəridən, daşlardan, iplərdən
toxunan Nizami Gəncəvi, Eynşteyn, Nehru pannoları kimi.
Yox, yox, o canlı idi. Ancaq
ona toxunmaq mümkünsüz idi ("ne trojte muzıku
rukami" - A. Voznesenski). O, başdan-ayağa nəğmədən
və duadan ibarət idi.
Ey mənim
mühafizəkar, hörmətli opponentim! Sən
mənə etiraz edə bilərsən. Bir insanda kişi, qadın, uşaq, Ana ruhu ola bilməz
deyərsən.
Ay
kişilər, əsl kişilər! Siz
bilirsinizmi artıq genetika elmi sübut edib ki, bizim bir
gözümüz atamızdan, bir gözümüz
anamızdan gəlib. Və bizim hər
gözümüz o tərəfdə nə müsbət və
mənfi xüsusiyyətlər, əlamətlər varsa onu
özündə cəm edib.
Hər
gen cütünün bir surəti (kopiyası) anadan, digəri
atadan gəlir. Alimlər belə bir eksperiment ediblər: Əgər
portretin (şəklimizin) sol yarısından (üzün sol
yarısı) iki nüsxə götürüb (birini
güzgüdə çevirib) bir bütöv üz (sima)
yaratsaq, anamıza, bacımıza oxşayacaq, sağ tərəfdən
eyni qurama atamıza, qardaşımıza.
Beyinin sol
yarımkürəsi kişi (ata) bazisində,
sağ isə qadın (ana) təməlindədir. Və hər yarımkürə bədənin əks
tərəfindəki orqan, əza və ətrafları idarə
etdiyi üçün, bu eksperimentin nəticələri belə
alınır.
Bir
üz-gözü qadın olan kişi, necə
deyə bilər ki, mən yüz faiz kişiyəm.
Gecə yarı həyat yoldaşımız uzun
yuxusuzluqdan bərk yuxuya gedəndə, körpəmizin
üstünü örtəndə biz anayıq, bəlkə
anadan daha həssasıq, istənilən yaşda, başda
olsaq da, bir gözəl bizi aldadanda uşağıq,
uşaqdan daha betərik. Elə deyilmi, kişilər?!.
Konçita
Vürst İsa Məsihin obrazında nəğməsini
dualarla Günəşin şüaları kimi, dünya əhalisinin
ürəyinə çiləyən qadın, kişi,
uşaq, Ana idi. Oxuyan insan deyildi, ruh idi. O həssaslıqda,
o zirvədə onu bir daha tapmaq olmaz. O, görüntülərdə
qaldı. O, din pərdəsiylə ikiyə bölünmüş
dünya əhalisinə nəğməyə
çalınmış, Günəşə bələnmiş
dualar çilədi, getdi... O, böyük, möhtəşəm
sülhə, birliyə gedən yolun əvvəliydi...
Əvvəliydimi,
yox! Bu yolun əvvəli mənim bildiyim qədər
böyük, dahi Leonardo da Vinçidən başlayır...
"Mona
Liza"nın müəmmalı təbəssümündən...
Leonardo da
Vinçinin Mona Lizasının müəmmalı təbəssümü...
O, bir dahi
rəssam və insan ruhunun böyük bilicisi kimi o zamanki elmlərin
demək olar ki, hamısına bələd olan ensiklopedik biliklərə,
yüksək həssaslığa, müşahidə qabiliyyətinə,
nadir yaddaşa malik, oxuduqlarından, gördüklərindən,
duyduqlarından ağlının və fəhminin
gücüylə dürüst, elmi nəticələr
çıxaran alim, filosof, eksperimentator idi. Onun növbəti
eksperimenti ən xırda detallarına qədər yüksək
elmiliklə hesablanmışdı... Bəzi elmlərin beş yüz il sonra gələcəyi nəticələr
ona zəmanəsində bəlli idi. O, təbabətin, indiki
dillə desək, anatomiya, genetika, nevrologiya, kardiologiya,
oftalmologiya, psixiatriya və s. bölümlərini bəzilərinin
hələ də bizlərə gəlib çatmayan qədim
kitabələrdən öyrənmiş, fundamental bilikləri,
böyük alim fəhmiylə bu əsərin
yaradılmasına sərf etmişdi.
O,
ağlının üçüncü gözüylə
bilirdi ki, insanın üzünün hər yarısı bir
valideynə məxsusdur. Böyük yaradanın
qüdrətiylə RUH ölməzdir və o NURdan ibarətdir.
İnsan qəlbinin dərinliklərində olan,
vaxtaşırı simada görünən o NURu
üzümüzdəki təbəssümdən ayırmaq
mümkünsüzdür. Necə ki,
Braziliya karnavalının allı-güllü geyinmiş hər
hansı iştirakçısını əhvalına görə
digərindən ayırmaq çox çətindir. Ancaq yetər ki, o karnaval
iştirakçılarından birini xəyalən də olsa,
gətirib qatasan hamının qara libasda olduğu bir
gürcü matəminə. Leonardo da belə etdi:
Mona Lizanın müəmmalı təbəssümünü
("müəmmalı" sözünü xüsusi
vurğuyla deyirəm, çünkü bütün dünya
bu təbəssümə belə deyir: "sirli"...)
böyük Leonardo Mona Lizanın çöhrəsinə
özü çağırdı və onu fırçayla
çəkdi.
Yazıçının, rəssamın, bəstəkarın
ən ümdə vəzifəsi ən böyük kədərin
belə içində bir ipucu, işıq tapıb, ondan tutub
xilas olmaqdır.
Dərin depressiyada olan, ağrıların yarasa
qanadları kimi örtdüyü simasında bircə təbəssüm
işığı yaratmaq üçün və bu
işıqdan tutub öz ruhunu və bəşəriyyəti
xilas etmək üçün Leonardo da Vinçi
musiqiçiləri, müğənniləri və təlxəkləri
dəvət elədi. Onlar çalışdılar, çox
çalışdılar. Nəhayət,
Cakondanın sifətinin sağ tərəfində o təbəssüm
göründü. Onun sağ gözü gülür və
bu gülüşün NURu sağ üzünə çilənir.
Sol göz, üz-gözünü turşudub dəyişməz
qalmışdı. Bir insanın bir üzü
gülür, bir üzü qəm dəryasında...
Leonardo bu anlar bir balıqçı misalında idi. Kiçik gölə
çörək doğrayıb atanda, balıqlar suyun
üzünə çıxan kimi, o təbəssüm də
Cakondanın sağ üzündə göründü. (Eksperiment baş tutdu).
Xanım Liza de Cakondanın bir üzü gülür,
bir üzü kədərlidir.
Yuxarıda qismən diqqətinizə
çatdırılan genetika elminin nailiyyətləri bu qəribəliyi
izah edir. (Axı biz fərqli xasiyyətli və quruluşlu
valideynlərdən yaranmışıq və bizim hər
üz-gözümüz bir valideynindən gəlir.
Sağ üz-gözümüz atamızdan gəlib. Cakondanın sol gözü ömrü boyu dərin kədərlə
doğmalaşmış anasının gözüdür.
Özünün də taleyi bu dünyada Allahın
yazısıyla anasına bənzəyirdi...
NUR
işıqlı qapıdan keçib güzgülənmişdi!..
Mən göz həkimiyəm. İngilis oftalmoloqu
Klayv Nays Cakondanı anadangəlmə çəpgöz
sayır. Mən cənab professor Naysa səslənirəm:
Aşırı həssaslıqla yanaşsaq bütün
cüt orqanlarda bir asimmetriya var (səbəbi elmə məlum).
Bir əlimiz o birindən zəifdir, ayağımız,
gözlərimiz də elə (çəkilərində, hərəkətlərində,
funksiyalarında...). Dünyada elə bir insan
tapılmaz ki, onun hər iki gözünün uzağa və
yaxına görməyi mütləq mənada eyni olsun və
ya obyektivə baxanda on şəkildən bir, ya ikisində
cüzi də olsa çəplik aşkarlanmasın. Mona Liza da o insanlardan biri. Əgər
gözümüzün biri aparıcıdırsa, o biri
gözün xüsusilə də obyektivə qarşı
müəyyən bucaq altında sola meylli azca çəp
oturuşda çəpələnmək ehtimalı qədərincədir.
Bu vəziyyət xəstəlik yox, anın
şəklidir, fiziolojidir, keçicidir. (İnadlı,
uzun müddətli müşahidədə xüsusi alətlər
olmadan belə, istənilən adamda bu dərəcədə
çəplik aşkarlamaq mümkündür).
Professor
Anri Qrepponun düşündüyü kimi, Cakondanın
sağ qolu nə qısadır, nə də iflic, Cakonda sadəcə
solaxaydır. Portretdə güclü sol qol daha
zəif sağ qolun altındadır. Əslində
dahi rəssam Cakondanın solaxay olmasını, yəni sağ
qolun sol qoldan daha zəif olmasını çox incə, real
cizgilərlə təsvir edə bilib.
Leonardo bu əsərində təkrar-təkrar insanda və
əslində kainatda asimmetriyanı - təkrarsızlığı,
bərabərsizliyi, bənzərsizliyi, Tanrının mütləqliyini,
insanın müxtəlifliyini tamaşaçının diqqətinə
çatdırır.
Amerikalı həkimlər Leon Qoldman və Allen Uordven o
gümandadırlar ki, Mona Liza bədənində və
başında tüklərin qismən tökülməsindən
əziyyət çəkirmiş.
Kanadalı tarixçi və həkim Klod Şinpelə
görə isə, sağ gözün qapağı və
burun arasındakı dərinin üstündəki
düyünlər Liza Herardininin qanında xolesterinin
çoxluğundan, yəni düzgün qida qəbul etməməsindən
xəbər verir.
Amerikalı sənətşünas, ixtisasca həkim-stomatoloq
olan Jozef Barkovski belə hesab edir ki, portretin çöhrəsindəki
ifadəyə görə o bir neçə dişini itirib. Həkim
Cakondanın ağzının ətrafında çapıq
olduğunu da aşkara çıxarmışdı.
Böyük rəssam çox asanlıqla çöhrədəki,
dodaqlardakı, saçlardakı hər adamın görə-eşidə
bilmədiyi qocalığa doğru gedən bu xəfif xəbərçiləri
silə bilərdi. Ancaq o "xətti-xalın, gül camalın"
qüruba doğru gedişinin güclə sezilən
başlanğıcını ilahi həssaslıqla,
böyük ustalıqla göstərə bildi...
Kədərli
və dərdli dahinin portreti çəkən zaman olan əhvalı,
onun qəhrəmanı (Florensiyalı tüccar Françesko
de Cakondanın üçüncü həyat yoldaşı, beş uşaq anası, artıq bir neçə
dişini, gənclik parlaqlığını itirmiş) Liza
Herardininin əhvalı ilə qafiyələnirdi. Bəzi sənətşünasların fikrincə, rəssam
guya özünü çəkmişdi. Bəli,
özünü, ancaq özünün əhvalını, həyat,
qocalıq, insanlıq haqqında gəldiyi qənaətləri
mütləq reallıqla çəkmişdi.
O
"apoptozu" (hüceyrə ölümünü)
qocalığa, ölümə gedən mütləq yolun
başlanğıcını, müvəqqəti dünyadan əbədi
dünyaya keçidi və ölümsüz ruhun şəklini
çəkə bildi.
Tarixdən məlumdur ki, portretin sifarişçisi
parça ticarəti ilə məşğul olan varlı
Florensiyalı tüccar əsəri hansı səbəbə
görəsə bəyənib almamışdı. Səbəb
aydındır. O, şəkildə vaxtilə bəyənib
evləndiyi 16-17 yaşlarındakı Lizanı görmək
istəyirdi. Ancaq portretdə ölümsüz Leonardonun həyat-ölüm
haqqında fəlsəfi dünyasını gördü,
anlamadı, çaşdı və təbiidir ki, anlaya da bilməzdi...
Leonardo da
Vinçi öz qanadlı təxəyyülü, bənzərsiz
təfəkkürü, üçüncü gözü,
çox sayda elmlərə dərindən bələd
olması, nadir istedadı, zəhmətsevərliyi ilə
genetika elminin, gen mühəndisliyinin, fəlsəfənin,
riyaziyyatın, musiqinin bu günkü yüksək səviyyəsinə
hələ bizdən 500 il əvvəl
çatmışdı.
Mənim fikrimcə, həyat marafon dairəsidir. Bizdən
arxada görünən nöqtədə olanlar bəzən
bizdən öndədirlər. Və bilmək olmaz ki, bu
dairəni neçənci dəfədir tamamlayırlar, biz olan
nöqtəni keçirlər...
Leonardo da
Vinçi bizdən beş yüz neçə
il öndədir və onu daha heç kim keçə bilməyəcək...
NƏTİCƏLƏR
1) Leonardo da Vinçinin "Mona Liza" əsəri rəngin diliylə yazılmış, insanın ölümə qədərki həyatının fizioloji mahiyyətini və ölümdən xilas olub, qurtulub yeni əbədi dünyaya İlahi keçidini həyati, real cizgilərlə təsvir və sübut edən elmi-fəlsəfi traktatdır.
2) "Mona Liza" əsərində dahi Leonardo da Vinçi insanlarda gənc yaşlardan başlayan, hələ çoxlarının sezə bilmədiyi apoptoz (hüceyrə ölümü) prosesinin başlanğıcını böyük ustalıqla təsvir etmiş, onun son nəticədə qocalığa, ölümə aparacaq istiqamətini müəyyənləşdirmiş və həssaslıqla tamaşaçıya təlqin etmişdir.
3) Bu əsər - həyatın əbədiliyini, ruhun ölməzliyini, axirətin əməli-salehlər üçün işıqlı, cənnətməkan dünyasına keçidi maddiləşdirən, əyaniləşdirən bir qüdrətli sənətkarın fövqəladə yaradıcılıq uğurudur.
4) Cakonda sifətinin sağ tərəfi ilə gülür, sol tərəfindənsə üz-gözünü turşudub. Sağ gözdəki təbəssüm insan ruhunun şəklidir. Ruhu qəlbin dərinliklərindən çağırıb, onun şəklini çəkmək səlahiyyətini Tanrı dünyada bir nəfərə verdi. O, son ölüm anında ölümsüz ruhdan - işıqdan tutub xilas olmağın mümkünlüyünü əyaniləşdirdi. Bəşəriyyətin xilas yolunu göstərdi. O, yer üzündə həyatın mahiyyətini çəkən yeganə rəssamdır.
5) Bu əsərin müəllifi dünyanın timsalında - bir insanın vücudunda əksliklərin, (qaranlıqla işığın...) mübarizəsini, kişi-qadın varlığını, simmetrik görünən hər şeyin asimmetriyasını - bənzərsizliyi, təkrarsızlığı, bərabərsizliyi, hərəkəti, yalnız Tanrının mütləqliyini sübut edir.
6) Müəllif bu portretin üzərində 16 il işləsə də, əsər tamamlanmayıb. Leonardo bu əsəri özü bilərəkdən, məqsədyönlü tamamlamayıb. Allahın sirlərinə sonadək vaqif olmağın mümkünsüzlüyünü göstərmək üçün.
PAŞA
QƏLBİNUR
Ədalət.-2014.-18 iyun.-S.6.