Rəssam Adil olanda...
İtaliyalı mer hər gün
hansı azərbaycanlı rəssamın əsərinə
tamaşa edir?
Rəssam Adil Əsədli 60 illik yubileyinə sayılı
günlər qalmış
fərdi-yaradıcılıq sərgisi
ilə
onu tanıyanların görüşünə gəldi. Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqının birgə
təşkil etdiyi sərgidə yubilyar yaradıcılıq imtahanı
verdi. Rəssamlar
İttifaqının Vəcihə
Səmədova adına sərgi salonunda rəssamın bu illər ərzində
yaratdığı 70-dən çox rəngkarlıq və qrafika əsəri nümayiş
etdirildi.
Yurduna, sənətinə və dostlarına bağlı fədakar
Uzun illərdən
bəri tanıdığım,
sadə və təvazökar olduğu qədər də istedadlı rəssam Adil Əsədlini bir qədər geniş təqdim etməyə ehtiyac varsa, yazım. Adil 60 il əvvəl
Lənkəranda anadan
olub. Əzim Əzimzadə adına
Dövlət Rəssamlıq
Məktəbini, sonra isə Pedaqoji İnstitutun bədii qrafika fakültəsini bitirib. Bu günə kimi üç fərdi sərgisi olub, beynəlxalq və ölkə əhəmiyyətli bir neçə sərgidə
iştirak edib və mükafatlar qazanıb, əsərləri
ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiya, İran, Gürcüstan, Polşada
yaşayan sənətsevərlərin
şəxsi kolleksiyalarında
saxlanılır.
Adil Əsədli
həm də bacarıqlı pedaqoqdu,
1986-cı ildən Lənkəranda
Uşaq Rəssamlıq
Məktəbinə rəhbərlik
edir, yetirmələrinin
əksəriyyəti bu
sənətdə özlərini
sübut etməyi bacarıblar. Onların arasında əsərləri
ilə Yaponiyada, Misirdə, Türkiyədə,
Çexiyada keçirilən
sərgi və müsabiqələrdə uğur
qazanmış istedadlar
da var.
60 yaşlı Adilin
bir gözəl xüsusiyyətini də qeyd etmək lazım, gözəl sənətkar olmaqla yanaşı nəcib insandı, dostluğa sadiq adamdı. Yubileyi ilə
bağlı sərgidə
iştirak edənlər
arasında ən çox sevinənlər də məhz dostları, yaxınları
idi.
Dəyərli publisistimiz Nemət Veysəlli ilə söhbətləşirəm. Həmsöhbətim uzun illərdən bəri tanıdığı rəssamın şad günündə fikirlərini sevə-sevə bölüşür: "Adil istedadlı və fədakar rəssamdı. Paytaxtdan kənarda yaşa-yaşaya rəssamlıqla məşğul olur, üstəlik şagirdlər yetişdirir. Tanıdığım illər ərzində onu həmişə belə görmüşəm. Adilin Lənkərandakı evində, rəhbərlik etdiyi Rəssamlıq Məktəbində dəfələrlə olmuşam, barəsində "Qobustan" jurnalında yazı çap etdirmişəm. Çox sevinirəm ki, Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı bölgələrimizdə yaşayan belə istedadlı və fədakar insanları qiymətləndirir, onların sərgilərini təşkil edir. Bu, çox xeyirxah bir işdi".
İtaliyada Lənkəran Xanının evi
Adil Əsədlinin fərdi-yaradıcılıq sərgisinin açılışından öncə ev sahibi-Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edir və yubilyarın yaradıcılığını yüksək qiymətləndirir: "Adil Əsədli təvazökar insandı, bu, sənətkar üçün yaxşı xüsusiyyətdi, mən belə insanları çox sevirəm. Adilin 60 yaşına qədər çox az sərgisi olub, bunun da səbəbi var, çünki bu illər ərzində o, daha çox tələbələrinin sərgilərini keçirməyə çalışıb. Bunun özü də Adil Əsədlinin necə genişürəkli bir insan olduğunun göstəricisidi. Rəssamlar İttifaqı həmişə belə istedadlı insanlar üçün əlindən gələni etməyə hazırdı. Yaradıcı insan hansı yaşında olmasından asılı olmayaraq həmişə imtahan verir. Bu gün açılışına toplaşdığımız fərdi-yaradıcılıq sərgisi də Adilin sənətsevərlər qarşısında imtahanıdı. Onun yaradıcılığı ilə tanış olan, xüsusilə qrafik işlərini yüksək qiymətləndirən bir şəxs kimi deyə bilərəm ki, Adil Əsədli bu imtahandan da əla qiymət alacaq".
Mədəniyyət və Turizm Nazirliyinin tətbiqi və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov nazir Əbülfəs Qarayevin adından yubilyar rəssamı təbrik edir və ona uğurlar arzulayır. Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev keçmiş tələbəsinin qazandığı nailiyyətlərdən sevindiyini dilə gətirir. Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev istedadlı rəssamı, dəyərli pedaqoqu həmyerliləri adından təbrik edir və maraqlı bir faktı toplaşanların diqqətinə çatdırır. Məlum olur ki, Lənkəranla qardaşlaşmış şəhərlərdən biri də İtaliyanın Çerveteri şəhəridi. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Çerveteriyə səfəri zamanı mer Alessio Paskuçiyə məhz Adil Əsədlinin "Lənkəranda Xan evi" əsərini bağışlayıb. İtaliyalı mer bu tablonu kabinetində asıb və hər gün lənkəranlı rəssamın əsərinə tamaşa edir.
Sonda onu da xatırladım ki, Adil Əsədlinin fərdi-yaradıcılıq sərgisinə baxmaq üçün iyunun 22-dək vaxtımız var.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2014.-19 iyun.-S.5.