DAĞLAR OĞLU, DAĞLAR
ŞAİRİ
Ulu Yaradanın şah əsəri olan İnsanın özünün özünü dərkindən çətin bir iş yoxdur. Görünür buna görədir ki, böyük şəxsiyyətlər həmişə "Mən kiməm?" sualının cavabını axtarmağa çalışmışlar. Böyük Füzuli "Mən kiməm? - Bir bikəsi, biçarəvü bixaniman..." söyləmiş, digərləri də ömürləri boyu bu sualın cavabını tapmağa çalışmışlar. Bu yaxınlarda 80 yaşı tamam olan Hüseyn Kürdoğlunun əsərlərinin ikicildliyini vərəqləyəndə məni düşündürən də məhz bu sual oldu: görəsən Hüseyn Kürdoğlu kimdir? Elə düşünməyin ki, bu sualın cavabını, Hüseyn Kürdoğlunun Azərbaycanın füsünkar bir guşəsində, dağlar qoynunda - Laçında doğulduğunu, orta təhsilini Laçında, Ağdamda, Qubadlıda, ali təhsilini Bakıda, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində bitirdyini, əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri komitəsində başladığını, Azərbaycan EA-nın Şərqşünaslıq, sonra Ədəbiyyat İnstitunda işlədiyini bilmirdim. Yox, hələ üstəlik Hüseyn Kürdoğlunun "Müasir kürd şairi Abdulla Qoranın poeziyası" mövzusunda namizədlik dissertasiyiası müdafiə etməsindən də, "Səhər nəğmələri", "Yurdumu gəzə-gəzə", "Qaya çiçəkləri", "Doğma diyarım", "Çiçək təbəssümü", "Ata yurdum", "Dördtelli durnam", "Toy karvanı", "Durna səsi", "Quzular dağa çıxdı", "Bu dünya bir karvan yolu", "Yaralı torpağım, yaralı sevgim" və s. şeir kitablarının müəllifi olduğundan da xəbərdar idim. Üstəlik şəxsi tanışlığımız da var idi və bizi Nizami adına Ədəbiyyat İnstitunun dəhlizində ikimizin də xeyirxahımız olan gözəl şair, ədəbiyyatşünas alim, əvəzsiz insan Qasım Qasımzadə tanış eləmişdi... Hüseyn Kürdoğlunun "Qaya çiçəkləri" kitabına Qasım Qasımzadənin yazdığı ön sözü də yaxşı xatırlayıram. Onu da deyim ki, Hüseynin həmin kitabını elə mənə Qasım müəllim bağışlamışdı. Necə deyərlər, bu müdrik insan məni əvvəlcə Hüseyn Kürdoğlunun sözü, sonra isə özü ilə tanış eləmişdi...
İndi o günlərdən bizi çox böyük bir məsafə, çox böyük bir boşluq ayırır. İndi Qasım Qasımzadə də, Hüseyn Kürdoğlu da haqq dünyasındadılar. İndi onlarla söhbbətləşmək, dərdləşmək ehtiyacı olanda əsərlərini yenidən oxumaqdan başqa bir çarəmiz qalmır. Yaxşı ki, şairlər Allahın xoşbəxt bəndələridir. O mənada xoşbəxtdilər ki, özləri köçüb getsələr də, sözləri gələcək nəsillərə yadigar qalır.
Hüseyn Kürdoğlunun kimliyini Hüseynin özü qədər yaxından bilən ikinci bir adam yoxdur yer üzündə və Hüseyn Kürdoğlunun kimliyi, onun duyğu və düşüncələri, həzz və iztirabları, poetik yaşantıları onun şeirlərinə, nəğmələrinə, poemalarına, tədqiqat əsərlərinə hopub. Sağ olsun Şirindil Alışanlını, sevimli, unudulmaz qardaşı Hüseyn Kürdoğlunun "Seçilmiş əsərləri"nin iki cildliyini bağışlamaqla onun ayrı-ayrı vaxtlarda çap olunan xırdaca, əl boyda kitablarını axtarıb tapmaq əziyyətindən xilas edib məni...
Yadımdan çıxarmı yaşıl güneylər,
Ayağım yer tutmuş o dağlar üstə.
Bir gözəl ovcunda su vermiş mənə,
Alışıb yanmışam bulaqlar üstə...
Şairin poetik bioqrafiyası əslində o yaşıl güneylərdən, bir gözəlin ovcunda su içdiyi o bulaqdan başlayır. Ona görə ki, o göylərə baş çəkən dağlar, gül-çiçəkli çəmənlər, duruluq çeşməsi olan bulaqlar və ilk sevgi bütün yaradıcılığı boyu Hüseynin ilhamını paslanmağa qoymamış, onu həmişə təravətli, təzə-tər, ovxarlı saxlamışdır.
Əslində Hüseynin şeirləri o günləri heç zaman unutmayan Hüseyn Kürdoğlunun poetik xatirələridi... "Xatirələrin yanar közü" həmişə onu göyüm-göyüm göynətsə də, heç zaman üşüməyə, tənha qalmağa qoymamışdır. "Qəlbimdə quruldu alaçığımız" deyən şairin yaylaq xatirələri çox canlı, təravətlidir. Bu yazıları oxuyanda həm vətən təbiətinin əsrarəngiz gözəllikləri, həm də lirik qəhrəmanın bulaq saflığı ilə yoğrulan daxili dünyası göz önündə canlanır.
Mən bir qızıl xallı göl balığıyam,
Gölün sahilinə çıxsam, ölərəm.
Ellər içindədir hər səadətim,
Elin sahilinə çıxsam, ölərəm.
Bu sətirləri özünü hamıdan yaxşı tanıyan Hüseyn özü haqqında deyir. "Qurbaniyəm mən" şeiri də avtoportretdir. Bu şeiri oxuyanda "oylağı Qarabağ, yuvası Qaradağ" olan şairin könül çırpıntılarını eşidirik. Bu əsərin lirik qəhrəmanı gözəl "bir kəkliyin tərlanı", "nakam bir eşqinin qurban", "Həsrəti Savalan, nəğməsi Araz olan böyük bir torpağın hicranı"dır:
Bu dağlar nə zaman vüsala yetər,
Araz qənşərindən
hayqırıb ötər?
Məzarım üstündə bənövşə
bitər,
Boynu bükük
qalmış Qurbaniyəm
mən.
Deyəsən yavaş-yavaş Hüseyn
Kürdoğlunun kimliyi
mənə məlum olur. "Susa bilmirəm" şeirindən isə öyrənirik ki:
Burda pərvazlanıb qanad çalmışam,
Dağların hüsnünə heyran
qalmışam,
Ələsgər sazından bir tel almışam,
İndi də şairi mənəm dağların.
Hə, doğrudan
da, Hüseyn Kürdoğlu dağlar şairidi. Məzarı dağlara həsrət
qalan dağlar şairi. Onun şeirlərindəki dağ obrazı dağların özü qədər cazibədar, dağların özü qədər düşündürücü,
dağların özü
qədər könülaçandır.
Hüseyn Kürdoğlu
o dağlara gedə bilməsə də, ürəyində o dağların
özü qədər
ağır olan dağlar, ağrılar apardı əbədiyyət
dünyasına...
Nə Qarqarım, nə Tərtərim, nə Həkərim var,
Qara bulud caynağında ay-ülkərim var,
Əsir
düşən dağlarımca
dərdi-sərim var,
Yaxşı yarın Haqq aşığı Sarıdan
betər...
İlhamının mayasını xalq yaradıcılığından götürən Hüseyn
Kürdoğlunun poetik
fikir və düşüncələri özünü
bayatı, rübai, qoşma, gəraylı libasında çox rahat hiss edir. Ona görə
ki, Hüseyn Kürdoğlu ədəbiyyata
həyatın, dağların
qoynundan gələn, folklor, xalq yaradıcılığı
ənənələrinə möhkəm bağlanan istedadlı bir şairdir. Xatırladıram
ki, bu haqda
görkəmli şairimiz
Qasım Qasımzadə
də, dəyərli alimlərimiz Bəkir Nəbiyev də, Tofiq Hacıyev də gen-bol söhbət açmışlar.
Hüseyn Kürdoğlunun əsərlərini, eləcə
də yaradıcılığı,
şəxsiyyəti haqqında
yazılan məqalələri
oxuyanda onun necə həssas, kövrək, eyni zamanda əyilməz, vüqarlı insan, necə ilhamlı şair olduğunu aydınca görmək mümkündür. Ancaq bizə
elə gəlir ki, Hüseyni mənfi və müsbət cəhətləri
ilə birlikdə Hüseyndən yaxşı
heç kəs tanıya bilməzdi.
Elə buna görə də "Kimdir Hüseyn Kürdoğlu?" sualına
elə Hüseynin özü hamıdan yaxşı cavab verir. Bəlkə də
"Fəxriyyə" şeirinin
yazıldığı 1992-ci ildə bu misralar
bizə bir qədər başqa cür təsir edə bilərdi, üzdə deməsək də, daldada Hüseyni qınayanlardıq
da, ancaq şairin cismani yoxluğunu o misralar indi elə bil
ki, mənəvi varlığa çevirirməyə
çalışır:
Bayatı
çağıran Həkəriyəm
mən,
Yurdumun şirini-şəkəriyəm
mən.
Sarıldım boynuna Arazın,
Kürün,
Sənətin, ilhamın ülkəriyəm
mən.
Olmadım ağlımın ağası
bir gün,
Odur ki, qəlbimin nökəriyəm
mən.
Dünyanın məhşəri qorxutmaz
məni,
Özüm ki, özümün məhşəriyəm mən.
Bağrından doğuldum eşqin,
ülfətin,
Həzin
nəğməsiyəm əbədiyyətin...
Hüseyn
Kürdoğlu "Əlim
qələm tutalı"
şeirində özünü
"palıd közlü
bir ocağa",
"Susa bilmərəm" şeirində "zirvədə
qanad çala-çala
dağların başına
dolanan qaraquşa",
"Mən" şeirində
"bağrına qaratikanlar
batsa da, güllərin arasında nəğmə oxuyan bülbülə", "Dilsiz
daş" şeirində
"dağ yolundan aralı, bir üzündə qızıl
xına, bir üzündə yaşıl
mamır, bulağın
aynasına kölgəsi
düşən qayaya",
"Güneydəki qara
bənzər ömrümüz"
şeirində "Xan
Kərəmi oda yanmış Lələyə,
kama yetməz, bar gətirməz diləyə",
"Kor kimiyəm"
şeirində "bir
açılmaz bilməcəyə",
"Ulu babam ocağına gəlmişəm"
şeirində "kül
altında gizli qalan közə, qanlı yaşı qəlbə daman gözə,
ürəklərdə dustaq
olan sözə",
"Döşündən süd vermədi dünya tifil vaxtımda" şeirində
"sinəsində xəzinə
yatan adsız bir dağa", "Zaman xəstədir" şeirində "Füzuli
naləsinə, Vaqif səsinə, Kərəmin
od nəfəsinə,
həyat eşqinin bir qətrəsinə",
"Altmış ilim"
şeirində "gözəllik
eşqinin divanəsinə,
yanar sevgilərin pərvanəsinə", "Torpaq
yuxusu" şeirində
"gözündə ot
bitən adsız bulağa" bənzədir.
Hüseyn özünə kənar
gözlə baxmağı
da, özünə tənqidi yanaşmağı
da bacaran şair olmuşdur.
"Bel bağladın
sən də belə, Kürdoğlu",
"Məktəbə apar
məni", "Kimdən
gileylisən" və
s. şeirlərindəki poetik
düşüncələr bunu söyləməyə
əsas verir.
Bəlkə də Hüseyn Kürdoğlunun peyzaj lirikası mənə ona görə xoş gəlir ki, onun gəzdiyi
dağlarda mən də gəzmişəm, onun su içdiyi
bulaqlardan mən də su içmişəm,
onun çimdiyi Həkəridə, Bərgüşadda
mən də çimmişəm, balıq
tutmuşam. İndi nə o dağlara, dərələrə, yamaclara,
biçənəklərə, çəmənlərə, bulaqlara,
çaylara əlimiz çatır, nə də o illərə... Hüseynin yurd həsrətli şeirlərini oxuyanda xəyalən də olsa o doğma yerlərə, keçmişə
dönən o illərə
qayıda bilirəm.
Bu səfərdə H.Kürdoğlunun
şeirləri, poemaları
mənim bələdçimə
çevrilir...
O illərdə biz çox xoşbəxt idik. Radioda Hüseyn Kürdoğlunun sözlərinə
yazılmış mahnıları
dinləyəndə elə
bil o yerlərin gözəlliyi, qəlbimizin
həssaslığı, kövrəkliyi,
həsrətimizin böyüklüyü,
göynərtisi bir az da artırdı...
Bir leyli gözlünün oduna yandım,
Saralıb-soluram, bəyənmir məni.
Bircə
yol qanrılıb yana baxanda
Min ilham alıram, bəyənmir məni...
("Bəyənmir məni")
Maral gəzər dağ üstə,
Bülbül uçar bağ üstə.
Niyə məndən qaçırsan,
Dağ çəkirsən dağ üstə?
("Könül bağladım")
İndi Hüseyn də bu dünyada yoxdu, onun sözlərinə yazılmış "Bəyənmir məni", "Könül bağladım", "Qoy dolanım bu dağların başına" mahnılarını böyük yanğı ilə oxuyan Qulu Əsgərov da. Ancaq həmin mahnılara yenidən qulaq asanda içimizdəki göynərti bir az da artır. Təskinliyimiz isə bu olur ki, insan ölsə də onun sözü də, səsi də əbədi yaşayır...
Qoy dolanım bu dağların başına,
Quzey mənim, bulaq mənim, çay mənim.
Doğru sözün, düz ilqarın şahidi
Bulud mənim, ulduz mənim, ay mənim.
Gül fəslində eşqə düşdüm, çağladım,
Yandı bağrım, yayda könül bağladım.
Payız gəldi, ayrı düşdüm, ağladım,
Xəzan mənim, bahar mənim, yay mənim...
"Sözü bar versə də neçə diləyi dilində gedən" Hüseyn Kürdoğlunun bir zaman özü "doğru sözün, düz ilqarlın şahidi" dağların başına dolanırdı, indi isə ruhu... Və nə yaxşı ki, heç olmasa şairin "Mən ellər oğluyam əzəl yaşımdan, Vətən sevər məni el anar məni" arzusu gözündə qalmayıb...
Rafiq Yusifoğlu, şair,
filologiya elmləri doktoru, professor.
Ədalət.-2014.-19 iyun.-S.6.