QƏDİM VƏ MÜASİR
BƏRDƏ
Azərbaycanın bugünkü iqtisadi mənzərəsində özünəməxsus yeri olan qədim, həm də müasir Bərdəni gəzib gerçəkliklərlə baş-başa qalanda bir daha bu torpağın bar-bərəkətinə, onun doğrudan-doğruya möcüzələr aləmi olduğuna inanıram. Çünki gördüyüm hər şey insanda bir qürur hissi oyadır, adamın daxili aləminə bir rahatlıq mehi çiləyir. Ona görə qədim olduğu qədər də müasir olan və hər gün də bir az da müasirləşən Bərdənin inkişaf yoluna nəzər salmaq qərarına gəldim.
Yerli icra strukturlarından öyrəndim ki, "Azərbaycan Respublikası regionlarının 2009-2014-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində bütün ölkəmizdə atılan addımlarla paralel olaraq Bərdədə də bir coşqu, bir inkişaf ab-havası hökm sürməkdədi. Bunu təkcə görmək yox, həm də hiss etmək lazımdır. Çünki bu qədim şəhərin girişindən içəri daxil olarkən insanın diqqətini bir xoş ovqat, bir yaradıcılıq atmosferi üzərində köklənmiş insanların fəallığı çəkir. Hiss olunur ki, quruculuqla məşğul olan bu insanlar həm öz yurd-yuvalarını abadlaşdırır, onun böyük Nizaminin qələmindən gələn tərifini özünə qaytarmağa çalışır, həm də işləməklə, ailələrinin sosial büdcəsini, güzəranını yaxşılaşdırmağa çalışırlar.
Gördüklərimizi qələmə almağa başlarkən ilk öncə tikinti-abadlığı önə çəkdik. Çünki abad el-oba yolu ilə, tikintisi ilə həmişə seçilibdi. Bax elə şəhərin ən böyük prospektlərindən biri olan Heydər Əliyev prospekti ilə Ağdam rayonu istiqamətində uzanan yolun ümumi mənzərəsi, bu yolun Əliyanlı kəndi, həmçinin Yevlax şəhəri istiqamətində Cəyirli kəndinədək, Həzi Aslanov küçəsi ilə Tərtər rayonu istiqamətində Zümürxanlı kəndinədək uzanıb gedən, həmçinin bəzi hissələri yenidən qurulan yolların rahatlığı həqiqətən könül açır. Təkcə bu qeyd etdiyimiz yolların üzərindəki geniş meydan və park özü-özlüyündə yola xüsusi bir gözəllik verir.
Ötən ilin və bu ilin birinci rübündə Bərdə rayonunda aparılan yol tikintisi, yolların ətrafının genişləndirilməsi, yaşıllaşdırılması işləri və buraya sərf olunmuş tikinti materiallarının kəmiyyət və keyfiyyəti rəqəmlərə çevilərəsə, onda aparılmış işlərin həcmini birmənalı olaraq ifadə etmək mümkün olar.
Xatırlatmaq lazımdır ki, ötən il yolların, küçə və parkların abadlaşdırılması işində kifayət qədər böyük sürət və keyfiyyət diqqəti çəkmişdir. Belə ki, rayon mərkəzinin Heydər Əliyev prospekti ilə yanaşı, Koroğlu, Bakı və Həzi Aslanov küçələri də bütünlüklə yenidən təmir edilərək tam şəkildə asfaltlaşdırılmışdı. Burada aparılan yol-tikinti-abadlıq işləri Bərdənin mərkəzi ilə yanaşı, onun kəndlərində də böyük vüsət almışdı. Yəni Qaradəmirçi - Alpout, Bərdə-Mirzalıbəyli yolları bütünlüklə yenidən qurulmuş, yolların səkiləri, piyada keçidləri xüsusi zolaqların və xətlərin çəkilməsi, eləcə də həmin yolların kənarlarının yaşıllaşdırılması rayon sakinləri tərəfindən razılıqla qarşılanmışdır.
Bərdə şəhərinin mərkəzində böyük bir ərazini əhatə edən bayraq meydanının tikilməsi və burada 80 metr hündürlüyündə ucaldılan Azərbaycan bayrağı, Nüşabə parkı şəhərin yağış sularından təmizlənməsi üçün xüsusi xətlərin çəkilməsi bərdəlilərin ürəyincə olan tədbirlərdəndir. Abadlaşdırılan sahələrdə yaşıl örtüklərin salınması, parklarda xüsusi qurğuların qurulması, oturacaqların qoyulması, xüsusi yerlərdə zibil yeşiklərinin, müasir reklamların quraşdırılması, şəhərin gecə işıqlandırılması demək olar ki, çox yüksək səviyyədə yerinə yetirilir.
Ötən ilin və bu ilin birinci rübünün faktlarını gözdən keçirəndə aydın olur ki, rayonda aparılan tikinti-abadlıq işlərinə 1 milyon 400 min mişar daşı, 1700 kv metr qranit və 29500 kv metr ağ lay üzlük çəkilmiş və ümumiyyətlə bu istiqamətdə görülən işlər üçün ən yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmuşdur.
Rayonun kəndlərində də məhz yüksək keyfiyyətli tikinti materialları hesabına abadlıq işləri həyata keçirilmişdir. Belə ki, kəndarası yolların hamarlanması, qum-çınqılla təmir edilməsi, müəyyən ərazilərdə asfalt örtüklərinin salınması, təsərrüfatdaxili arxların təmizlənməsi, habelə körpülərin bərpası və yenidən qurulması da görülən işlərin sırasındadı. Bununla paralel olaraq bölgələrdəki inzibati binalar, kəndələrin ala qapılarının tikintisi də görülən işlərin sırasındadı.
Təbii ki, görülən işlərdə yerli bələdiyyələrin və yerli icmaların da iz payı var. Məhz bu qarşılıqlı əməkdaşlığın nəticəsidir ki, rayonun Soğanverdilər, Əmirli, Yeni Əyrisə, Qaradağlı, Məmmədli və Arabaçılar kəndlərində 47,8 km kənddaxili yollar əsaslı təmir olunur. Otuzikilər kəndində isə içməli su üçün 1 ədəd çən quraşdırılmış, 3.4 km məsafədən su xətti çəkilmiş və həmin xətt üzərində 10 ədəd bulaq tikilmişdi. Həmin işlərin müəyyən formada Tağlar, Güloğlular kəndlərində də, eləcə də Ləki və Çəmənli kəndlərində də həyata keçirilməsi, aparılan abadlıq işlərindən xəbər verir.
Bu gün də Bərdə də tikinti-abadlıq işləri uğurla davam etdirilir. Xüsusən insanların suya olan ehtiyacının ödənilməsi, yaşıllıqlarının salınması istiqamətində konkret işlər görülür. Burada 360 şagird yerlik məktəb binasının, gündəlik gücü 30 ton olan çörək zavodunun, inzibati binaların bərpası, tikintisi uğurla həyata keçirilir. Ümumiyyətlə, Bərdədə tikinti-quruculuq istiqamətində işlər bu il də yüksək sürətlə aparılır.
(Ardı var)
Ceyhun Rüstəmov
Ədalət.-2014.-19 iyun.-S.7.