"TƏNQİDİMİZİN
VİCDANI"
Akademik Məmməd Arifin 110 illiyinə
Nəsillərin
yaddaşında "Arif müəllim" kimi hörmətlə
xatırlanan, bu günün özündə belə unudulmayan
akademik Məmməd Arif Dadaşzadə ədəbi tənqidimizin
ustadlarından biri, hətta deyərdim ki, birincisidir. Unudulmaz
şairimiz Səməd Vurğun vaxtilə onu "tənqidimizin
vicdanı" adlandırmışdı. Ədəbi tənqidi
sənət və yaradıcılıq səviyyəsinə
qaldıran, onun nüfuzunu təkcə ədəbi prosesdə
deyil, ideoloji hərəkatda da mühüm vasitəyə
çevirən Arif müəllim ilk professional tənqidçilərimizdən
biridir. 1941-ji ildə yazdığı məqalələrinin
birində Məmməd Arif "Tənqid də bir
yaradıcılıqdır" fikrini irəli
sürmüşdü. O zaman yazırdı: "Bəzən
mətbuatda belə fikirlərə rast gəlmək olur ki,
guya bədii tənqid yaradıcılıq deyildir, guya o,
heç bir şey yaratmır, ancaq yaradılmış əsərlərə
qiymət verir. Bu fikir doğru deyildir.
Əgər tənqidçi mühasib kimi bədii ədəbiyyatın
gəlir və çıxarını hesablayan adam
olsaydı, bəlkə də onun haqqında belə
düşünmək mümkündü. Amma bədii ədəbiyyatın
həyatla sıx əlaqəsini, onun
qanunauyğunluqlarını izləyən, hər bir sənətkarın
yaradıcılıq simasını aydınlaşdıran, ədəbiyyatın
fəlsəfi, estetik rolunu layiqi ilə qiymətləndirən
ədəbi-bədii tənqidin yaradıcılıq əhəmiyyətini
azaltmaq faydasız bir işdir.."
Məmməd Arif özü də belə tənqidçilərdən
olmuşdur. Onun tənqidində Azərbaycan ədəbiyyatının
son bir əsrdə keçdiyi inkişaf yolu bütün
ziddiyyətləri ilə əks olunmuşdur, xüsusilə
30-cu illərdən üzü bəri heç bir əsər
onun diqqətindən yayınmamışdır. Ədəbiyyatımızın ən mühüm
problemləri öncə Arif müəllim tərəfindən
tədqiq olunmuşdur.
O, hər
hansı bir əsərə qiymət verərkən ilk
növbədə, bu əsərin sonrakı taleyini də
düşünmüşdür. Əgər həmin
əsər dövrün və zamanın mühüm,
aparıjı tendensiyalarını ifadə edirsə və
eyni zamanda, yüksək sənətkarlıqla
yazılmışsa, onun bədii-estetik dəyərini, ədəbiyyatın
gələcək inkişafına təsirini layiqincə qiymətləndirmək
lazımdır. Belə əsərlərin
heç biri Arif müəllimin nəzərindən
yayınmamışdır. 1933-cü ildə Y.V.Çəmənzəminlinin
"Qaranlıqdan işığa" kitabı barədə
yazdığı eyni adlı məqaləsi, Mir Cəlalın
Böyük Vətən müharibəsi illərindəki
yaradıcılıq yolunu əks etdirən "Qəzəbli
hekayələr" qeydləri, 1945-ci ildə qələmə
aldığı "Mehman" povesti və müsbət qəhrəman
məsələsi", Mehdi Hüseynin "Fəryad"
povestindən bəhs edən "Hadisə və səciyyə"
adlı məqalələri əsərlərin həqiqi bədii
dəyərini kəşf edən tənqid nümunələridir.
M.Hüseynin əsəri barədə tənqidçi,
vaxtında söz demişdi və həm də bu əsər
haqqındakı fikir və mülahizələr təkcə
bir əsərlə məhdudlaşmırdı.
Yazırdı ki: "Bədii əsər hadisələr
silsiləsi deyil, bəlkə insan səciyyələrinin
canlı sərgisi olmalıdır. Söz yox ki, hadisə və
əhvalatsız roman və hekayə ola
bilməz, lakin müəllif hadisə və əhvalatı təsvir
edərkən onları öz qəhrəmanlarına "tabe
etməlidir", öz qəhrəmanlarının bu və ya
digər hadisəyə münasibətini göstərməlidir.
Oxucu insanların hadisəyə münasibətində
onların səciyyəsini aydın görməlidir. "Fəryad" povestində müəllif buna
çalışmışdır. Povestdə
hadisə yox deyildir. Amma hər hadisə zəruri
olaraq insan səciyyələrinin açılmasına,
izahına kömək etməkdədir".
Məmməd
Arifin tənqidi digər bir məziyyəti ilə seçilir:
obyektiv və ədalətli oloduğu üçün bu tənqid
ictimai rəy səviyyəsinə yüksəlmişdir. Daha doğrusu, M.Arif öz yaradıcılıq təcrübəsi
ilə tənqidi bir fərdin və oxucunun fikrindən ictimaiyyətin
fikri zirvəsinə qaldırmışdır. Başqa
bir ustad tənqidçi-Məmməd Cəfər yazır:
"Bu tənqiddə bir nəfərin səsi ilə
bütün müasir ədəbiyyatın səsi,
sözü birləşir". Elə buna
görə də hamı istəyirdi ki, onun
yaradıcılığı və kitabı haqqında ilk
sözü M.Arif söyləsin.
Adətən, hər bir tənqidçinin ən
çox sevdiyi bir yazıçı olur. Məsələn,
XIX əsrdə böyük rus münəqqidi Belinski
Puşkin yaradıcılığını yüksək qiymətləndirirdi.
"Aleksandr Puşkinin əsərləri" məhz
bu məhəbbətin əyani təzahürü oldu. M.Arifin ən çox sevdiyi sənətkar Jəfər
Jabbarlı olmuşdur. C.Cabbarlı ilə bağlı
xatirələrində M.Arif yazırdı: "Mən onu ilk dəfə
harada və nə vəziyyətdə görmüşdüm?
Bu sualıma javab axtaranda gözlərimin qabağında
ortaboylu, sadə geyimli bir gənc durdu: başında
xurmayı papaq vardı. İri qara gözləri
çeşməyin altından diqqətlə baxırdı.
O, məni tanımırdı, amma gözlərində elə
bir mehribanlıq vardı ki, sanki
qarşısındakını çoxdan tanıyırdı
və xoş bir sözlə, gülər üzlə dindirmək
istəyirdi. Laübalı yerişi vardı, əlləri
paltosunun ciblərində, sağ-soluna baxa-baxa Kommunist küçəsi
ilə aşağıya gedirdi. Maraqla onun
dalınca düşüb, hər bir hərəkətinə
fikir verməyə başladım. Ali
Sovetin binasına çatdıqda dayandı və divara yenicə
yapışdırılmış afişaya
yaxınlaşdı. Mən də ayaq
saxladım. O, afişanı oxuduqdan sonra yenə də
yoluna davam etdi. Mən də afişaya tərəf
getdim, "madam ki, Cabbarlı oxudu, deməli, orada maraqlı
bir şey var!" - deyə
düşündüm. ...Mən afişadan başımı
qaldıranda artıq Cabbarlı çıxıb getmişdi. Yenə də afişaya baxdım, mənə elə
gəldi ki, bu afişada Cabbarlıdan nə isə qalmışdır".
Həmin xatirədə M.Arif Cabbarlı ilə
görüşlərindən ətraflı söz
açır.
Qeyd edir ki, 20-30-cu illərdəki gənclər
Cabbarlının əsərlərini dərin bir həyəjan
və joşqunluqla qarşılayırdılar. Bunun bir səbəbi də o idi ki, Cabbarlının
müsbət qəhrəmanlarının əksəriyyəti
gənclər idi və onlar əsasən köhnəliklə
barışmayan, üsyankar, ifşaçı gənclər
kimi çıxış edirdilər.
"Cəfər Cabbarlının yaradıjılıq
yolu" monoqrafiyası Arif müəllimin
Cabbarlışünaslığa ilk böyük töhfəsi
sayıla bilər.Cabbarlı haqqında sonralar da əsərlər
yazıldı, lakin Arif müəllimin əsəri Cabbarlı
barədə ən etibarlı söz olaraq qalır.
Cəfər Cabbarlıdan sonra M.Arifin müraciət
etdiyi ikinci böyük sənətkar Səməd Vurğun
olmuşdur. S.Vurğunun bir şair kimi yüksəlişi, onun
dünya miqyasında şöhrətlənməsi Arif müəllimin
gözləri qarşısında baş vermişdir. Lakin o, Səməd Vurğunun poeziyasına deyil,
dramaturgiyasına müraciət etmiş, "Səməd
Vurğunun dramaturgiyası" adlı sanballı bir monoqrafiya
yaratmışdır. Bununla yanaşı,
tədqiqatçı böyük şairin dramaturgiyası ilə
onun poeziyasını bir-birindən təjrid etməmiş,
vahid sənətkar ideyasının ifadəsi kimi nəzərdən
keçirmişdir. M.Arif yazırdı: "Səməd
Vurğunun dramları hər şeydən əvvəl, fikir
dramlarıdır, başqa sözlə desək, bu pyeslərin
müxtəlif görüşlü qəhrəmanları
bir-birilə ideya mübarizəsi aparırlar. Burada həyata,
xalqa, insana, onun işinə, bacarığına, arzularına
müxtəlif münasibət bəsləyən adamların
düşüncələri, mülahizələri, zehniyyət
və qənaəti toqquşur:böyük
ictimai və şəxsi məsələlərin həlli ilə
məşğul olan adamların mənəvi aləmi
sınaqlardan keçir".
M.Arif Azərbaycan poeziyasının digər görkəmli
nümayəndəsi-Xalq şairi Rəsul Rzanın
yaradıcılığına da həmişə
qayğı və tələbkarlıqla
yanaşmışdır. O, Rəsul Rza poeziyasını ədəbiyyatımızda
oricinal hadisə hesab edərək yazırdı: "Rəsul
Rza "mübahisəli" şairlərdəndir. Onun ətrafında həmişə söz-söhbət
olur. Şairin novatorluğunu gözdən
salmaq istəyənlər deyirlər ki, guya o, çox zəngin
milli klassik poeziyamızınənənələrindən
uzaqlaşır, süni bir yolla gedir, guya bu yol Azərbaycan
şeirinə yabançı və səhv bir yoldur.
Əvvələn, onu qeyd edək ki, RöRzanın
yaradıcılıq axtarışları novatorluq xatirinə
edilən axtarışlar deyildir. Bizcə, R.Rzanın
şeirə gətirdiyi yenilik onun öz poetik təbiətindən
doğan və onun sənətinə həm məna və həm
də forma cəhətindən gözəllik verən bir
yenilikdir. Rəsul Rzanın şeirində
fikir böyük yer tutur, obrazlı ifadə çox qüvvətlidir.
Məhz bu, Füzulidən gələn müsbət
bir təsir deyilmi? Rəsul Rzanın son
şeirlərindəki yığjamlıq, teleqraf dili də
bayatılardan gəlir. Onun şeiri yenidir, çünki
onun özünündür: başqasına oxşamır,
çünki zəmanəyə müvafiqdir,
epiqonçuluqdan uzaqdır".
Ustad tənqidçinin
müasirləri haqqında yazdığı onlarla məqaləsini
birləşdirən bir ümumi cəhəti də qeyd etmək
istəyirik: bunların hamısında tənqidçi
üçün lazım olan əsas keyfiyyətlərdən
biri-cəsarət hissi qabarıq nəzərə
çarpır. İndi ədəbi tənqidimizdə az qala korşalmağa başlayan cəsarət
hissinə Məmməd Arif tənqidi ən gözəl
nümunə ola bilər: hətta bəyəndiyi əsərlərə
də tənqidçi bu meyarla yanaşırdı. Lakin M.Arif tənqidində jəsarət hissi əsəri
və yazıçını bilə-bilə ittiham etmək
kimi yanlış meyllə müşayiət
olunmamışdır. Bəzən yeniliyin
özünü müdafiə etmək, onu haqsız
hüjumlardan qorumaq da cəsarət tələb edib.
M.Arif tənqiddə obyektivliyi həmişə bir
yaradıcılıq prinsipi kimi qoruya bilmişdir. Onun tələbəsi,
görkəmli tənqidçi Kamal Talıbzadənin bir fikri
də dəqiq və sərrast səslənir: "M.Arifə ədəbi
mühitdə böyük nüfuz qazandıran xüsusiyyətlərdən
biri budur ki, o, qərəzli tənqiddən nəinki uzaq
olmuş, həm də belə "tənqidi"
ardıcıl şəkildə rədd etmişdir.
Heç
şübhəsiz, müəyyən müddət ədəbi
tənqiddə birinji şəxs olmaq, yaxud ağsaqqal səviyyəsinə
yüksəlmək asan məsələ dey il.
M.Arif əllinji illərdən başlayaraq məhz
belə bir səlahiyyəti qazana bilmişdir. Burada istər-istəməz
onun başqa bir tələbəsi-görkəmli tənqidçi
Yaşar Qarayevin bir fikrinə istinad etməli olursan: "Adətən,
ədəbi tənqidi müxtəlif obrazlarla müqayisə
edirlər. Arif müəllifin adı ilə bağlı tənqiddən
söz düşəndə mənim xatirimə yalnız bir
müqayisə gəlir: ədəbi tənqid də ədəbi
kompasa bənzəyir, burada da əqrəb həmişə
eyni qütbü-həqiqət qütbünü nişan verir! Arif müəllimin
əlində tənqidçi qələmi həmişə məhz
həqiqət qütbünü nişan verən kompas əqrəbi
olmuşdur və bu əqrəb, bu qələm Arif müəllimin
əllərində hələ heç zaman titrəməmişdir".
Bəzi misallara müraciət edək. O
illərdə ədəbiyyatda müsbət qəhrəman
problemi diqqət mərkəzində idi. Əlbəttə,
indi xeyli dərəcədə mübahisə doğuran bu
problem o zaman M.Arif tənqidində öz həqiqi təfsirini
tapmışdı. "Mehman" povesti və müsbət
qəhrəman məsələsi" adlı məqalədə
Arif müəllim bir əsərin təhlili mənzərəsində
"müsbət qəhrəman kimdir" sualına konkret
cavabını verdi. Bu məqalənin
sanki davamı kimi M.Hüseynin "Fəryad" povestindən
söz açan "Hadisə və səjiyyə" məqaləsi
yazıldı. Qırxıncı illərdə qələmə
alınan "Lirika", "Dramaturgiyamıza bir nəzər",
"Dil və üslub", əllinci illərdə yazılan
"Bədii tərcümə", "Yeni nəsil",
"Azərbayjan sovet romanı", "Azərbayjan sovet
şeiri", altmışıncı illərdə çap
olunan "Poeziya və keyfiyyət" məqalələri ədəbi
prosesdə dərhal iz buraxan və həmin dövrlərdə
istinad edilməli tənqid nümunələri idi. Bu məqalələrdəki fikirlər indinin
özündə də aktuallığını saxlayır.
M.Arif tənqidin çox işlənən, lakin nadir
hallarda oxucuların, ədəbi ictimaiyyətin rəğbətini
qazanan resenziya canrına da bir yenilik gətirdi. Bu da ondan ibarət
idi ki, o, həmin canrı əsərlərin müsbət və
mənfi qəhrəmanlarının təhlili çərçivəsindən
xilas elədi, bunları təhlillə,
düşündürücü mülahizələrlə əvəz
elədi. Məsələn, "Təzəlik
və müasirlik" resenziyasında görkəmli teatr tənqidçisi
və ədəbiyyatşünas Cəfər Cəfərovun
ikicildlik əsərlərindən söz
açılır.Ancaq burada bir çox resenziyalara xas olan
stereotip əsla nəzərə çarpmır. Resenziyada bir tənqidçi-ədəbiyyatşünas
ömrü səciyyələndirilir. Eyni
fikri biz Mehdi Məmmədovun, Anarın, Elçinin, Həsən
Seyidbəylinin kitabları barədə yazılan resenziyalara
da şamil edə bilərik.
Arif müəllimin həm ictimai həyatda, həm də
şəxsi həyatda ən böyük dostu ədəbi gənclik
idi. O, gənc
ədəbi qüvvələrə qayğı ilə
yanaşır, onların yaradıcılığındakı
uğurlu cəhətləri göstərməklə bərabər,
səhv və nöqsanlarını da nəzərə
çarpdırırdı. 1954-cü ildə
yazılmış "Yeni nəsil adlı məqalə bu cəhətdən
xarakterikdir. Məqalədəki bəzm tezisləri yada
salaq: "Mayakovski deyirdi ki, poeziya ən çətin və ən
mürəkkəb bir istehsalatdır. Belə bir istehsalatın
məsuliyyətini gənc yazıçılar ilk gündən
hiss etməlidirlər. ...Gən şairlərdə hələ
də dəfələrlə deyilmiş fikirlərə,
kiçik və əhəmiyyətsiz məsələlərə,
bədii təsirdən məhrum olan qafiyələnmiş
ümumi sözlərə, çeynənmiş qafiyələrə
rast gəlmək olur. Gənj şairlərin
şeirlərini bir-birinin dalınja oxuduqda bəzən adama elə
gəlir ki, bu şairlər bir-birlərindən başqa
heç kəsi oxumurlar, bir-birlərini təkrar edirlər,
eyni təşbehi, eyni bədii obrazı dəfələrlə
işlədirlər".
Arif müçllim yeniliyi duyan tənqidçi idi. Ədəbiyyatın
hər hansı mərhələsində yaranan novator hadisəni
qiymətləndirməkdə, istedadlı cavan yazarları
tanıtmaqda onun xidmətləri çoxdur.
Onun yaradıcılığında mövzu məhdudluğu
yox idi. O,
klassik ədəbiyyatın da görkəmli tədqiqatçılarından
idi.
Xalq
yazıçısı Süleyman Rəhimov ustad tənqidçinin
70 illiyində yazmışdı: "Şəxsən mən
Məmməd Arif yaradıcılığına dərin inam və
ehtiramla yanaşmışam. Məni təhlil
etdiyi zamanlarda xoşhal olmuşam. Biz Məmməd
Arifi ədəbiyyatımızın vicdanı bilirik".
SON
SÖZ: Məmməd Arif şəxsiyyət idi. Onun tənqidi illərin sınağından
çıxmış və bu gün də öz obyektivlik
meyarını itirməmişdir.
VAQİF
YUSİFLİ
Ədalət.-2014.-19 iyun.-S.7.