"RƏNGLƏR"
Rəsul Rzanın xatirəsinə
Nə vaxtdır yazı masamın üstündə
bir kitab var. Əslində bu kitabdan daha çox bir topludur. Elə bir
toplu ki, burada müxtəlif düşüncəli, müxtəlif
dünyagörüşlü, ancaq eyni ünvana
üz tutan, eyni ilham pərisinin
nəğməsinə köklənən
söz adamları cəmləşiblər. Belə baxanda
hər kəs özünü yazır, öz fikirlərini diktə edir, öz nəğməsini oxuyur, ancaq bütün
deyilənlər, oxunanlar
nəyəsə, kiməsə,
harasa söykənməlidir.
Bax, elə yazı masamın üstündəki
həmin o almanax da rənglərə, daha doğrusu, böyük yaradıcılığında,
böyük ədəbi
düşüncəsində qeyri-adiliyi, bütöv şəxsiyyəti ilə
seçilən Xalq şairi Rəsul Rzaya ünvanlanıb.
Almanaxı mənə dəyərli dostum, alim-şair Elçin İsgəndərzadə
bağışlayıb. Və mən
bu hədiyyəni ondan qəbul edərkən Elçin bəy sözarası vurğuladı ki, almanax Rəsul Rza mükafatları laureatlarının şeirlərindən
ibarətdir.
Doğrusu, bu böyük
istəkli təqdimat mənə bir az qəribə
təsirlər etdi. Bəlkə də yeri, zamanı
deyil, ancaq elə əlimdə olan almanaxa söykənib
bir fikrimi öncədən dilə gətirmək istəyirəm.
Çalışdığım "Ədalət" qəzetinin təsisçisi,
baş redaktoru və bütün kollektivi daxil olmaqla ədəbiyyata etdiyimiz xidmət göz önündədir.
Ancaq təəssüf
ki, şəxsən mənim Rəsul Rza, Nigar Rəfibəyli
kimi böyük və incə ruhlu söz adamlarına olan sevgim həmin Rəsul Rza mükafatını təqdim
edənlərin heç
vaxt diqqətini çəkməyib. Görünür, bunun üçün qapı döymək, kimlərəsə ağız
açmaq da şərtdi. Ancaq əlimi
ürəyimin üstünə
qoyub deyirəm ki, mən bu
xidməti həmin ünvanlara və sözə olan sevgimdən edirəm.
Nə isə...g
Bəli, almanaxı böyük bir sevgi ilə
vərəqləyirəm. Ön sözün müəllifi,
Rəsul Rza mükafatının komissiya
sədri, Xalq şairi Fikrət Qocanın yığcam fikirləri ilə tanış oluram. Çox açıq şəkildə
görünür ki, bu almanaxın hazırlanması və onun ədəbi ictimaiyyətə təqdim
olunması yüksək
dəyərləndirilir. Elə mən də həmin yüksək dəyərin
bir ifadəsi olan almanaxın tərtibçisi Elçin
İsgəndərzadənin "Rəsul Rzanın çinar ömrü"
yazısını oxuyuram:
Mən istəyirəm;
buludlar ağlasın,
uşaqlar ağlamasın
analı, ya anasız.
Mən istəyirəm;
güllər açılsın,
güllələr açılmasın;
amanlı, ya amansızg
Bəli, Elçin bəyin də ifadə etdiyi kimi bu
misralar həqiqətən
də ölməz bir şairin könül pıçıltılarıdır. Və sevindirici haldır ki, Elçin İsgəndərzadə Xalq
şairi Fikrət Qocanın rəhbərlik etdiyi Rəsul Rza Fondunun təsis
etdiyi Beynəlxalq Rəsul Rza mükafatının qalibi
olan qələm adamlarının bu almanaxda təmsil olunmasına, oxucularla baş-başa qalmasına
şərait yaradıb.
Elə buradaca onu da vurğulayım
ki, kitabın araya-ərsəyə gəlməsində
"Vektor" Beynəlxalq
Elmlər Akademiyasının
fəxri doktoru, "Şərəf və ləyaqət" ordenli türk iş adamı Yüksel Dükan öz xidmətini əsirgəməyib.
Məhz onun maddi dəstəyi
ilə bu almanax bu gün
oxucuların görüşünə
gələ bilibdir.
Mən səhifələri
çevirdikcə tanıdığım
və tanımadığım
imzalarla, müəlliflərlə
qarşılaşıram. Təbii ki,
mənim üçün
xüsusi önəm kəsb edən məhz Xalq şairi, mükafatın ünvanı olan Rəsul Rzanın bizə təqdim edilən seçmələridir.
Həmin
seçmələrin hər
biri duyğusal oxucunun qəlbində qəribə hisslər yaradır, onu qəribə məqamlar üzərində kökləyir.
Çünki "Rənglər" əslində bizim həyatımızın ifadəsidir.
Elə
"Qırmızı və
qara"da olduğu kimi.
O gələndə ümid gedirdi.
Onu görüb
yubandı.
Nəfəsi güzgünü belə
tərlətməyən xəstənin
damarına axanda
qan
Ümid qayıtdı geri.
Adamların gözundə göründü.
Baxışında, üzündə göründü.
Buz nəfəsli qaraltı
çəkildi qapıdan:
yavaş-yavaş,
peşman-peşman.
Dərindən nəfəs aldı insan.
Almanaxda Adil Mirseyidin, Adil Şirinin, Xalq şairləri Bəxtiyar Vahabzadənin, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Çingiz Əlioğlunun, Əlisəmid Kürün, Rəşad Məcidin, Oqtay Rzanın, Ramiz Rövşənin, Ramiq Muxtarın, Vaqif Bəhmənlinin və digərlərinin bir-birindən maraqlı şeir çələngi oxucu üçün əsl hədiyyədir. Burada bir maraqlı cəhət də ondan ibarətdir ki, təqdim olunan müəlliflər arasında digər xalqların da nümayəndələrinin poetik duyğuları öz əksini tapıbdır.
Mən böyük maraqla oxuyub başa çıxdığım bu almanaxı dəyərli söz adamı Ramiz Rövşənin "Tək adam" şeiri ilə tamamlamaq istəyirəm.
Gəzər küçələri, gəzər tinləri,
Səhərdən axşama təkdi bu adam.
Fil çəkə bilməzdi o çəkənləri,
...İlahi, gör nələr çəkdi bu adam!..
Ürəyi sızladı dost yarasından,
Xəbəri olmadı öz yarasından,
Uçulan evinin xarabasından
Özgəyə təzə ev tikdi bu adam.
Bu gün o adamı gördüm güzgüdə;
Yox-yox, mən deyiləm,
yox-yox, özgədi!..
İlahi, gör məni necə gizlədib,
Elə güzgüdə də təkdi bu adam...
Yazımı ona görə bu şeirlə başa vurdum ki, sözü, qələmi, xüsusilə Rəsul Rza yaradıcılığını dəyərləndirən hər kəs bir daha bilsin ki, şairlər cismən tək görünsələr də, əslində onlar hər biri ayrı-ayrılıqda bir dünyadırlar. Həmin dünyaların adı Rəsul Rza, Hüseyn Cavid, Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə və sevdiyiniz hər bir söz adamıdır.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-19 iyun.-S.8.