QƏDİM VƏ MÜASİR BƏRDƏ

(Əvvəli dünənki saylarımızda)

 

Qədim Bərdədə insanların sosial məişət şəraitini yaxşılaşdırmaq üçün onların təbii qaza və enerjiyə olan ehtiyaclarının öyrənilməsi və bu istiqamətdə müvafiq addımların atılması üçün mükkəməl bir baza yaradılıb. Rayon icra hakimiyyəti başçısının onun kabinetinin daim diqqət mərkəzində saxladığı enerji qaz təminatı Bərdədə ilbəil yaxşılaşır. Əgər rəqəmlərə müraciət etsək, onda görərik ki, ötən il Bərdədə 167 ədəd 10 KV, 245 ədəd 04 KV-lıq yeni beton dirəklər basdırılmış, 7143 metr SİP kabeli çəkilmiş, 1100 ədəd yeni sayğaclar quraşdırılmış, 58 ədəd 100,4 KV-lıq transformator yarımstansiyası qurulmuş xeyli sayda müxtəlif ölçülü transformatorlar istifadəyə verilmiş, 10 kilometrlərlə hava xətləri çəkilmiş yaxud yenilənmişdir.

Bu gün Bərdədə aparılan quruculuq işlərinin içərisində elektrik enerjisi ilə təminat məsələsi xüsusi önəm daşıyır. Bu səbəbdən təkcə rayon mərkəzində deyil, rayonun kəndlərində hava xətlərinin bərpası, yenidən çəkilməsi, işıq dirəklərinin dəyişdirilməsi, yarımstansiyaların qurulması işləri planauyğun şəkildə həyata keçirilir. Təkcə ötən il rayonun Şirvanlı yarımstansiyasından çıxan 5 ədəd 10 KV-lıq, H.Aslanov yarımstansiyasından çıxan 4 ədəd 10 KV-lıq, xam torpaq yarımstansiyasından çıxan 4 ədəd 10 KV-lıq, Yeni həyat yarımstansiyasından çıxan 3 ədəd 10 KV-lıq digər ərazilərdə müvafiq xətlərin qurulması istiqamətində qətiyyətli addımlar atılmış əhalinin enerjiyə olan tələbatı xeyli yaxşılaşdırılmışdır. Bərdədə bununla paralel olaraq nasaz, qüsurlu transformatorların da bərpası yenidən yeniləri ilə əvəz edilməsi istiqamətində müvafiq işlər görülmüşdür.

O ki, qaldı təbii qazla təchizat məsələsinə, bu barədə rəsmi rəqəmlərə istinad etməklə vəziyyətin qənaətbəxş olduğunu söyləmək mümkündür. Belə ki, ötən il ərzində diametri 250 mm olan 11052, diametri 160 mm olan 1358, diametri 110 mm olan 9559 bütövlükdə bu qəbildən olan xeyli böyük ölçülü borular vasitəsi ilə çəkilən qaz xətləri Türkmən, Davudlar, Muğanlı, Darğalar, Əmirli Qarabağ yaşayış massivini tam qazlaşdırmağa, Kətəlpara kəndi ərazisində isə 18 kəndi təbii qaza təmin edən avtomatik qazpaylayıcı stansiyanın tikilib istifadəyə verilməsinə şərait yaratmışdır.

Ötən il 1337 abonentə təbii qaz verilmişdi. Hal-hazırda isə rayonun daha 14 kəndində qazlaşdırma işləri böyük sürətlə aparılmaqla bərabər, həm Qaradəmirçi kəndində yeni avtomatik qazpaylayıcı stansiyası tikilir. Əhali tərəfindən bütövlükdə rayonda istifadə olunan qazın dəyərinin təqribən 95 faizi ödənilmişdir.

Bu gün Bərdədə içməli su, istilik rabitə məsələləri bütövlükdə kommunal xidmət müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılır. Məhz dövlət qurumlarının, eləcə aidiyyəti şəxslərin iştirakı rəhbərliyi altında bu sahələrdə müvafiq uğurlar qazanılmış mövcud nöqsanların aradan qaldırılması istiqamətində ardıcıl işlər görülür.

Qədim Bərdənin daha çox diqqəti çəkən hər kəsi düşündürən iki sahədəki vəziyyət bizim üçün maraq doğurdu. Onlardan birincisi rayondakı təhsilin, ikincisi isə səhiyyənin vəziyyəti idi.

Araşdırmalarımız göstərdi ki, Dövlət Proqramına uyğun olaraq ötən illərdə Bərdənin Soğanverdilər Zümrüdxanlı kəndlərində hər biri 360 şagird yerlik tam orta məktəb tikilmişdir. Bərdə şəhərinin özündə isə 6 saylı uşaq bağçası əsaslı təmin olunmuşdur. Rayonun Mirzəalıbəyli kəndində 220 şagird yerlik tam orta məktəb, Qullar kəndində 180 şagird yerlik əsas məktəb istifadəyə verilmişdir. Həmçinin rayonun təhsil şöbəsinin inzibati binasının ötən il tikintisinə başlanmış hazırda da bu istiqamətdə işlər davam etdirilir. Bərdə məktəblərində təhsilin səviyyəsini yüksəltmək üçün lazım olan texniki avadanlıqların kompleksləşdirilməsi işləri rayon rəhbərliyinin diqqət mərkəzindədir. Rayon üzrə keçirilən kənd olimpiadalarında məktəblərin fəal iştirakı təhsilə olan maraqdan xəbər verir. Rayon turlarından, respublika turlarından uğurla keçən bərdəli şagirdlər yaxşı nəticələri ilə valideynləri ilə yanaşı, təhsil işçilərini sevindirirlər. Ötən dərs ilinin yekunlarına görə ali məktəbə sənəd vermiş 637 məzunun 337-si tələbə adı qazanmışdır. Həmin tələbələrin 70 nəfəri 500-dən, 23 nəfəri 600-dən çox bal toplamış, 4 nəfəri isə prezident təqaüdünə layiq görülmüşdür.

Rayonun səhiyyə sektorunda da görülən işlər icra orqanları tərəfindən daim nəzarətdə saxlanılır. Məhz bunun nəticəsidir ki, ötən il rayonun səhiyyə ocaqlarında çalışan 69 həkim 83 nəfər orta tibb işçisi ixtisasartırma kursları keçmiş, tibb sahəsindəki yenilikləri mənimsəmişdilər. Hazırda rayonun səhiyyə ocaqlarında aparılan təmir-bərpa işləri müasir avadanlıqlarla təminat sahəsində edilən yeniliklər rayon əhalisini razı salmaqdadır. Çünki həkimlərin peşəkarlığının artması, müasir tibbi avadanlıqların mövcudluğu onları digər şəhər rayonlara üz tutmaqdan xilas edir.

Bəli, Azərbaycanın ən qədim şəhərlərindən biri olan, tariximizdə, ədəbiyyatımızda dərin iz açmış, sovet dönəminin ən böyük pambıqçılıq rayonlarından biri kimi şöhrətlənmiş, böyük ziyalı potensialı, ziyalıları, əmək adamları olan Bərdə bu gün öz böyük şərəfli keçmişinə söykənərək müstəqil Azərbaycanın diqqətçəkən ərazilərindən birinə çevrilməkdədir. Görülən hər bir , tikilən hər bir bina, çəkilən hər bir yol, içilən hər udum su Bərdənin böyük şöhrətinin zərrələridir. O şöhrət zərrə-zərrə artmaqda və inkişafın ünvanına söykənməkdədir.

 

Ceyhun RÜSTƏMOV

Ədalət.-2014.-20 iyun.-S.7.