"KAZBEK" QUTUSU
ÜZƏRİNDƏKİ YAZIDAN...
Böyük elmin
sirlərinə doğru
Etiraf
edim ki, onun barəsində demək olar ki, çox-az bilgiyə
malik idim. Yəni hələ universitetdə oxuduğum illərdə
belə bir elm sahəsinin olduğunu və bu sahənin mütəxəssislərinin
də daha çox yerlə, torpaqla əlləşdiklərini
öyrənmişdim. Amma başdan-başa sirlə dolu olan yerlə
göyün qatlarına baş vurmaq, bilgilər əldə
etmək heç ağlıma da gəlməmişdi. Üstəlik də insan, xüsusilə söz
adamı yerin, göyün həmişə sirli olduğunu,
möcüzələr ünvanı olduğunu zaman-zaman qəbul
ediblər. Hətta
nağıllarımızda, dastanlarımızda, miflərimizdə
yerin, göyün neçə qatdan ibarət olduğunu
hamımız oxumuşuq. Bəzən bizi
nağıllarda inandırıblar ki, yer hansısa bir
öküzün üzərində dayanıb. Həmin
öküz tərpənəndə zəlzələ baş
verir, qasırğalar olur...
Təbii ki, bunlar bizim nağıl dünyamızın
ruhumuza, yaddaşımıza köçürdükləridi. Amma əsl həqiqətdə
yeri də, göyü də, onun yaranma proseslərini də
öyrənən, izləyən konkert elm sahəsi, mütəxəssislər
var. Onlar zaman-zaman bizi öz axtarışları və ortaya
qoyduqları nəticələrlə həm bilgiləndirir, həm
təəccübləndirir, həm də həmin dünyaya
sevgimizi, marağımızı artırır. Elə
iştirakçısı olduğum bir çay mərasimində
əyləşmiş ağır təbitəli, bir az qaraqabaq, bir az düşüncəli və
hardasa da bir az küskün görünən bir nəfər
diqqətimi çəkdi. Dostlardan öyrəndim
ki, çay süfrəmizdə əyləşən şəxs
dünyanın tanıdığı, amma təəssüf
ki, mənim tanımadığım böyük bir alimdi.
Özü də bu alim məhz yeri öyrənir, yerin
qatlarına baş vurur, yerin qatını insanın gözləri
qarşısında lay-lay açır, kitab kimi vərəqləyir...
Doğrusu, bu təqdimat məni çox çəkdi və
həmin o böyük alimlə həmsöhbət olmaq, onun
yaradıcılıq dünyasına qonaq getmək fikrinə
düşdüm. Sağ olsun dostlar, bu istəyimə şərait
yaratdılar. Öncə həmin o böyük
alimin ölkə mətbuatında işıq üzü
görmüş son müsahibələrindən birini oxudum.
Yenə etiraf edim ki, daha çox elmi aspektdən
yazılmış bu müsahibədə mənim
üçün qaranlıq nöqtələr kifayət qədər
olduğundan işin mahiyyətini çılpaq bir şəkildə
anlamaq üçün onun özünü dinləməyə,
onun söhbətinə qulaq asmağa marağım daha da
artdı. Zaman elə gətirdi ki, mən həmsöhbət
olduğum AMEA-nın Geologiya İnstitutunun Paleontologiya və
Stratiqrafya şöbəminin baş elmi işçisi,
geologiya-numerologiya elmləri doktoru Məcid Alı oğlu
Bağmanovun öz dilindən təkcə həyat tarixçəsini
yox, həm də bizi dünyaya tanıdan elmi kəşfi barəsində
maraqlı bir söhbət dinlədim. Mənə elə gəldi
ki, Məcid müəllimlə birlikdə həm də yerin
alt qatlarına uzun və maraqlı səfər etdim...
Məlumat üçün xatırladım ki, Məcid
müəllim 1930-cu ildə Ağstafa rayonunun Yenigün kəndində
doğulub. 1953-cü ildən mühəndis-geoloq kimi yerin
qatlarını öyrənməyə başlayıb və
1984-cü ildə o, bu sahə üzrə elmlər doktoru
adını alıb. Bu, qısa bir təqdimatdır.
Amma ən böyük təqdimat odur ki, Məcid
Alı oğlu 1982-ci ildə dünyaya sübut etdi ki, 150 ildən
artıqdır ki, mübahisəsi gedən, alimləri höcətləşdirən
yerin qatları barəsindəki dolaşıqlığın
sirrini açmaq ona qismət olub. Çünki
dünya alimləri uzun illər yerin çöküntülərdən
ibarət qatlarını alt və üst qatlar kimi daha
çox tədqiq edir və hər iki qatın
arasındakı orta eosen qatının özünün iki mərtəbədən
ibarət olduğunu nəzərə almırdılar. Məhz 1962-ci ildən o, Naxçıvanda
apardığı böyük elmi tədqiqatlardan,
araşdırmalardan sonra adını Paradaş qoyduğu kəşfini
etdi. Həmin kəşfin mahiyyəti də
məhz orta eosenin iki mərtəbədən ibarət
olmasının sübutu idi. Bu da böyük alimə
imkan verdi ki, dünyaya göstərsin ki,
bütün canlı aləm keçdiyi sintez yolu ilə məhz
həmin o çöküntü qatlarının əmələ
gəlməsinə imkan verir. Elə buradaca onu da
vurğulayım ki, məhz Məcid müəllimin ilk kəşfindən
13 il sonra dünya alimləri həmin fikri
yektil olaraq qəbul etdilər. Xatırladım ki, hər mərtəbənin
özü müstəqil və tam fərqli keyfiyyətli
qalıqlarla səciyyələnir - dünya alimləri də
məhz bu sirrin mahiyyətini tuta bilməyib, onu
açmadıqlarından 150 il mübahisə
aparmalı olublar. Bu isə artıq azərbaycanlı
alimin təkcə özünün yox, həm də onun mənsub
olduğu xalqın uğuru idi. Üstəlik,
bu uğura şərait yaradan elmi mərkəzin, yəni
institutun qələbəsi idi. Çox təəssüf
ki, bizim milli xüsusiyyətimizdən irəli gələn
çalarlar Məcid müəllimin uğurunu ən azı
ölkə ictimaiyyətinə çatdırmağa,
özümüzü özümüzə
tanıtdırmağa imkan vermədi. Qəribə
də olsa Məcid müəllimi daha çox ölkə
hüdudlarından kənarda, xüsusili Rusiyada, Fransada, lap elə
bizimlə qonşu olan ölkələrdə tanımağa
başladılar və bu gün də tanıyırlar.
Axı 1969-cu ildə yerin həmin layları barəsində
fikirlərini ortaya qoyan və SSRİ-nin bu sahə üzrə
elmi komissiyasının rəhbəri olan akademik V.V.Menner
1980-cü ildə azərbaycanlı alimin nailiyyətini təqdir
edib, onun kitabına redaktorluq vəzifəsini səmimiyyətlə,
böyük ürəklə gerçəkləşdirəndən
sonra bir daha məlum oldu ki, Məcid Alı oğlu Azərbaycanın
əksər bölgələrində - Naxçıvanda, Kəlbəcərdə,
Abşeronda və digər ərazilərdə
apardığı böyük axtarışlar heç də
boşuna getməmişdi. Məhz onun əldə
etdiyi uğur sübut etmişdi ki, Naxçıvan faunası
Aralıq dənizi faunasının bir növ əsasıdı,
onun inkişafının gözlə görünməyən
tərəfidi. Və Azərbaycan
coğrafiyasının bir parçası olan həmin fauna
dünyada yeganə zonadır ki, Yer kürəsinin şimal-cənub
və ekvatorial bölgələrinin hamısının orta
eosen çöküntüləri müqayisəli şəkildə
öyrənməyə imkanı verir. Onu
da xatırladaq ki, bu müqayisəsiz Yer kürəsinin
inkişafını, onun dinamikasını öyrənmək
mümkün deyil.
Məcid müəllimlə həmsöhbət
olduğum zaman kəsiyində mənim üçün maraq
doğuran bir neçə məqamın da ipucunu tapa bildim. Hələ bu
söhbətə qədər onun müsahibəsindən
öyrənmişdim ki, alimin elmi axtarışları neft
qatlarının da öyrənilməsinə böyük bir
töhfədir. Təəssüf ki, onun
ortaya qoyduğu nailiyyətlərdən, təkliflərdən
kifayət qədər istifadə olunmurdu və bu da uğursuz
qazıntılara, kəşfiyyat işlərinə, yəni vəsait
itkisinə səbəb olurdu. Görünür,
biz hələ özümüzü yaxşı
tanımadığımızdan kənar mənbələrə
daha çox istinad etməyə üstünlük veririk.
Amma zaman gec-tez özümüzün
özümüzə qayıtmağımıza mütləq
təkan verəcək. Bu
qaçılmazdır.
İkinci mənim üçün maraqlı olan bir məqam
belə bir alimin, özü də hələ 1984-cü ildə
elmlər doktoru adı almış və stratiqrafiya üzrə
Azərbaycanda yeganə mütəxəssis olan bir insanın
özəl həyatı, məruz qaldığı
sıxıntılar barəsində idi. Həmsöhbətimi
nə qədər dilə tutsam da, o, nə
çalışdığı institutun rəhbərliyinə,
nə də ona problem yaradanlar barəsində bir kəlmə
də olsun söyləmədi. Əksinə,
vurğuladı ki, başımı aşağı salıb
öz işimlə məşğulam və mənə
tapşırılan işləri vaxtında görməyə
çalışıram...
Təbii ki, bu onun daha bir xarakterik cəhətini ortaya
qoyurdu. Göstərirdi ki, Məcid Alı oğlu həqiqətən
alimdi, həqiqətən elm fədaisidi. Amma bugünə
qədər nə elmi ictimaiyyətin, nə AMEA rəhbərliyinin
diqqət və qayğısını görmək əvəzinə,
sıxıntı yaşamaq və 30 ilə yaxındır ki,
haqlı-haqsız, yerli-yersiz yerin son 60 milyon illik inkişaf mərhələlərinin
müqayisəsini Azərbaycanın fonunda öyrənən
bir insana haqsızlıq edilməsi heç kəsə şərəf
gətirə bilməz. Bir halda ki, bu insan, bu alim
yalnız elm üçün çalışır, elm
üçün axtarışlar aparırsa, ortaya konkret nəticələr
qoyursa, onda bəs göstərilən etinasızlığa nə
ad vermək olar?
Mən dostlarımdan öyrəndim ki, Məcid müəllim
qarşısına qoyduğu məqsədə çatmaq
üçün dünya ədəbiyyatına baş
vurmağın zəruriliyini nəzərə alıb hələ
ilk elmi addımlarını atanda heç bir köməksiz
fransız dilini öyrənməyə başlayıb. Çünki
sahə üzrə məhz materiallar ən çox fransız
dilində yazıldığı üçün o dili
öyrənmək zəruri idi. Hər
gün çəkdiyi "Kazbek" qutusu üzərinə
10 fransız sözü yazıb onu əzbərləyən Məcid
müəllim qısa bir zamandan sonra fransız dilini də sərbəst
yazıb oxumağı, danışmağı öyrəndi.
Bu da ona imkan verdi ki, dünyada mövcud
olan elmi mənbələrə baş vura bilsin.
İndi onun Azərbaycan elminə, eləcə də dünya elminə verdiyi nailiyyətlərin sırasına diqqət yetirirəm və görürəm ki, Məcid müəllim Azərbaycanda ilk dəfə olaraq paleogen faunasını öyrənmiş, paleogen çöküntülərinin mərtəbələrini müəyyənləşdirmiş, həmçinin ilk dəfə olaraq orta eorsen petromaqnit zonalarının şkalada yerini təyin etmişdi. Ümumiyyətlə, bu alim kifayət qədər monemental nailiyyətlər ortaya qoya bilmişdi. Təəssüf ki, bu təmənnasız xidmət kiçik bir diqqətlə də olsa dəyərləndirilməmişdi. 85 yaşının astanasında olan, dünyanın qəbul etdiyi Məcid Alı oğlu Bağmanov bu gün də hansısa bir təmənnada deyil. Sadəcə, mən və onu tanıyan hər bir kəs içindən keçən bir istəyin ünvanına çatmasına təşəbbüs göstəririk. Çox istərdik ki, bu böyük alim gec də olsa mükafatlandırılsın, onun halal haqqı dəyərləndirilsin və ona qarşı olan soyuqluq buzu ərisin. Axı onun kəşfləri, onun uğurları Azərbaycanın uğurlarıdır. Üstəlik, onu hətta bizi sevməyən düşmənlərimiz də yaxşı tanıyır. Düşmənimizin tanıdığını bizim tanımamağımız isə yəqin ki, uzun sürə davam etməz.
P.S. Bu maraqlı insan barəsində eşitdiklərim, əldə etdiyim bilgilər məni bir vətəndaş olaraq sövq etdi ki, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, millət vəkili, xoşməramlı səfir Mehriban xanım Əliyevaya üz tutum və ondan rica edim ki, bu böyük alimin həyat və fəaliyyəti ilə bağlı rəhbəri olduğu fond vasitəsilə gərəkli addımların atılmasına tapşırıq versin.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-20 iyun.-S.