"Yaxşılıq insanın ən böyük əsəridi"

 

Bryus Lini təkcə güclü döyüş ustası yox, həm də filosof hesab edən şair Qardaşxan Əzizxanlı:

 

"Əgər mən hər səhər ruhumu gözümlə oxşadığım sübh şəfəqinə tapşırıramsa, bu hamıya açıq yazılardan üstün bir şeirdir"

 

Yazıçılar Birliyinin çoxdan gözlənilən qurultayı nəhayət ki, baş tutdu. Şair yazıçılarımız qurumun sədri postunu yenidən Xalq yazıçısı Anara etibar etdilər. XII Qurultaydan bir gün sonra isə Yazıçılar Birliyinin 80 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Bütün bunlar cəmiyyətdə geniş müzakirə mübahisələrə yol açdı. Müsahibimiz şair Qardaşxan Əzizxanlının da gündəmi zəbt edən bu hadisələrə öz münasibəti var. Məhz onu həmsöhbət seçməyimizin xüsusi səbəb-filanı yoxdu, Qardaşxan Əzizxanlı imzasını çoxdan təsdiqləmiş qələm adamıdı. Nümayəndə kimi XII Qurultayda iştirak etdiyini nəzərə alsaq, deməli, müzakirələrə qoşulmağı da haqq edib.

Orijinal düşüncəli, istedadlı şair koloritli həmsöhbət kimi Qardaşxan Əzizxanlı ilə müsahibəni yalnız Yazıçılar Birliyinin qurultayı ətrafındakı məsələlərlə məhdudlaşdırmaq günah olardı. Niyə günaha bataq ki...

- Yazıçılar Birliyinin XII Qurultayına seçilən nümayəndələrin "Ədəbiyyat qəzeti"ndə dərc edilmiş siyahısında adınızı oxuyanda çox sevindim. Ədəbi camiədə aktiv görünmədiyinizdən sözün açığı, elə bilirdim sizi yaddan çıxarıblar...

- Qurultaya nümayəndə seçilməyim elə mənə xoş oldu, sağ olsunlar ki, sayıb çağırdılar. Söhbətimizin gedişində bu məsələlərə yəqin ətraflı toxuna biləcəyik. Niyə mən müsahibə yox, söhbət dedim? Çünki müsahibə sözünün özündə bir mübahisə etmək elementi var, mən isə mübahisə yox, söhbət etmək istəyirəm.

- Buyurun...

- Çoxdan gözlənilən qurultayımızın işində iştirak etmək mənə nəsib oldu, lakin tədbirimizin belə tez qurtarması mənim üçün gözlənilməz idi. Bəlkə ona görə ki, istədiyimi görmədim. Başqa sözlə, on il gözlənən heç on saat da çəkmədi. Baxmayaraq ki, maraqlı çıxışlar oldu... Məsələn, Xalq şairi Vaqif Səmədoğlunun tədbirə gəlişi çıxışı yadda qaldı. Vaqif bəy dedi ki, Ağsaqqallar Şurasının sədri kimi gündə 7-8 saat iclas keçirir, müzakirə aparıram, amma özüm-özümlə, çünki şuranın üzvlərinin çoxu artıq həyatda yoxdu. Fikrimcə, Xalq yazıçısı Çingiz Abdullayevin, Xalq şairi Sabir Rüstəmxanlının çıxışları da yaxşı dinlənildi. Məmməd İsmayılın fəqrli baxışdan çıxışını xüsusi vurğulamaq olar. Prezident Administrasiyasının şöbə müdiri Fatma xanım Abdullazadənin öz fikirlərini çox sadə, səmimi şəkildə izah etməsi diqqətimi çəkdi. "Məşhurlaşdırmamaq üçün" adını çəkmək istəmədiyim bir nəfər nümayəndə çıxış elədi dedi ki, pessimist ruhda danışmaq lazım deyil, qurultayda şən olmalıyıq. Qurultayımız elə şənlik kimi başa çatdı, bayaq dediyim kimi, çox tez qurtardıq deyə, ləzzət ala bilmədim. bilim, vallah, görünür qurultay keçirməyi bir qədər yadırğamışıq.

- Sovet dövründə qələm adamlarının hamısı adının qurultayın məruzəsinə düşməsini istəyirdi. Son qurultayın məruzələrində Qardaşxan Əzizxanlının adı var?

- Əvvəlkilərdən fərqli olaraq son qurultayda bu dəfə məruzələr ayrıca kitab şəklində çap edilərək bizə paylanmışdı. Səlim Babullaoğlunun "İçəridən baxış" adlı məruzəsində mənim baş redaktoru olduğum "Fikir antologiyası" layihəsi qeyd edilib. Məruzələr toplanan nəşrlə hələ ki, tam tanış ola bilməmişəm. Qulu Ağsəsin "Şeirdən şeir kimi" adlı məruzəsini oxumağa imkan tapdım onu deyə bilərəm ki, bu qədər orijinal təhlilə ilk dəfədir ki, rast gəlirəm. Qulu Ağsəs poetik, obrazlı bir təhlil hazırlayıb. Buna görə Qulu Ağsəsə təbriklər düşür.

- Adınız məruzədə çəkilib, amma siz qurultayda səsləndirdiyiniz təkliflə yadda qala bilərdiniz...

- Nəyə işarə vurduğunuzu anladım, düzdür, təklifim vardı, amma Nizamnamədəki bir qüsurun düzəldilməsi vacib idi söz alıb bu məsələni qurultay iştirakçılarının diqqətinə çatdırmaq istədim. Çünki Nizamnamə bu şəkildə qəbul edilə bilməzdi. Təəssüf ki, mənə fikrimi çatdırmaq imkanı yaradılmadı.

- Olmasın qurultayın tribunası, olsun "Ədalət"in səhifəsi...

- Yox, mən bu məsələni qabartmaq istəmirəm. Nitşenin sözünü bir qədər dəyişsək, dünən öldü. Yalnız onu deyə bilərəm ki, redaktə ilə düzələ biləsi qüsur idi, bu qüsuru aradan qaldırmadan Nizamnamə gərək qəbul olunmayaydı...

- Sizə söz verməsələr , səsiniz qurultaya lazım oldu...

- "Lazım oldu" deyəndə ki, yeganə namizəd Anar idi. "Alternativin" olmaması, öz təbiri ilə desək, bu sədrin günahı deyil, təkrar olmasın, təkrir olsun, gərəkən effekti vermədi. Anarın necə yazıçı olması hamıya məlumdu, yazdığı əsərlər ortadadı. Üstəlik, Anarın insani keyfiyyətləri qeyd olunmalıdı.

- Məsələn...

- Bayaq qeyd etdiyim kimi, istedadı öz yerində, sizə bir faktı deyim; 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə gənc şair olan Qardaşxan Anarın evinə telefon açır deyir ki, Bakıda vəziyyət olduqca ağırdı, bəs siz edirsiniz, bir tədbir görün... Anar mənə demədi ki, gecənin bu aləmi evimə telefon açıb məni niyə narahat edirsən. Əksinə, onu az qala ittiham edən gəncə səbirlə qulaq asdı, vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün atdığı addımlardan danışdı. Mən bu hadisəni təsadüfən xatırlamadım. Bəzən 30 illik dostunla bir ərkyana söhbət edəndə o dəqiqə xətrinə dəyir. Amma Anar yaxından tanımadığı bir gəncin ona zəngini vəziyyətə uyğun qiymətləndirdi, durumu izah elədi.

Hesab edirəm ki, Anar müəyyən dəyişikliklər edə bilərdi bəlkə , etməli idi.

- Konkret nələri nəzərdə tutursunuz?

- Tutaq ki, özü fəxri sədr qalmaqla Yazıçılar Birliyində icraçı sədr postu yaradıb, həmin vəzifəyə gənclərdən birinin namizədliyini irəli sürə bilərdi. Bildiyimə görə, Kamal Abdulla Slavyan Universitetinin rəhbəri olanda rektorluğu bir gün olsa tələbələrdən birinə etibar edirdi. Belə yenilikləri böyük Məmməd Araz vaxtilə "Azərbaycan təbiəti" jurnalında baş redaktor olarkən edib, 1990-cı ildə jurnalın konkret bir sayının hazırlanmasını mənim ixtiyarıma buraxmışdı. Bayaq Qulu Ağsəsin poeziya ilə bağlı məruzəsinə toxundum yenə o fikrimdə qalıram ki, bu bir yenilikdir. Yazıçılar Birliyinin, ümumiyyətlə götürəndə, ədəbiyyatımızın belə yeniliklərə həmişə ehtiyacı var. Anar müəllimin konkret mənə etdiyi yaxşılıq da var ki, heç vaxt yaddan çıxmaz, amma qurultayın gedişində ancaq onu tərifləməklə, "Anar olmasa Yazıçılar Birliyi məhv olar" xofu yaratmaqla da razı deyiləm. Çox tənqid edərəm, növbəti qurultaya nümayəndə seçməzlər. Təbii ki, bu bir zarafatdı...

- Onda qurultay mövzusunu qapadaq. 90-cı illərin əvvəllərində populyar idiniz, söhbətimiz başlayanda qeyd etdiyim kimi, az qala unudulacaq qədər kölgəyə çəkildiniz. Bizdə nədənsə şairdən hər gün şeir yazmaqla yanaşı, efirdə görünməyi, küsülüləri barışdırmağı, itənləri tapmağı tələb edirlər...

- Xatırlatdığın 90-cı illərdə yaşımız, həyata və ədəbiyyata baxışımız da tamam fərqli idi. Sonra tale elə gətirdi ki, həyatımı hərbi xidmətlə bağladım. Xidməti işimin xüsusiyyəti də "görünməyə" imkan vermədi. İnsan yaşa dolduqca yaradıcılıqla bağlı məsələlərə də fərqli yanaşır. İndi duyğularım, düşüncələrim başqadı. Mənim idealm olan Bryus Li deyir ki, həyatı sevirsənsə, vaxtı itirmə, çünki hər şey vaxtdan düzəldilib. Bu gün yaşımın və başımın bu vaxtında yazı-pozu məsələlərinə tamam ayrı cür baxıram. Hər gün səhər 5-də dəniz kənarında idmanımı edib, Günəşi canıma yığıramsa, sonra gəlib arı çiçəklərdən şirə çəkən kimi yaxşı əsərlər mütaliə edirəmsə, onları ruhuma hopdururamsa, bunun özü də ŞEİRDİR. Tutaq ki, Markesin "Patriarxın payızı" əsərini Afaq Məsudun tərcüməsində yenidən oxuyursan və görürsən ki, bu cür çevirmələrlə nə qədər gərəkli görülüb. Bu tərcümənin özü ciddi bir yaradıcılıqdır. Son illər mən də "tərcümə yaradıcılığı"na önəm verəsi olmuşam. "Qaşla göz arasında", "Otuz yeddini keçəndə", "Ürəyin baxdığı yerdən" kimi şeir kitabları və "Seçilmişlər və mən" adlı publisistik topludan başqa 100 cildlik "Fikir antologiyası" seriyasından dünya filosoflarının ana dilimizdə on iki kitabını nəşr etmişəm. Bura G. le Bonun "Kütlə psixologiyası", "Sosializm psixologiyası", D.Yerginin "Neft fəlsəfəsi", U.Dürantın "Fəlsəfi hekayətlər", Q.SkirbekN.Gilyenin "Fəlsəfə tarixi", A.Jolinin "Böyük adamların təbiəti", M.A.Engelqardtın "Tərəqqi qədarlığın təkamülü kimi", F.Nitşenin "Hakimiyyət əzmi", "Yolçu və kölgəsi", K.Yaspersin "Tarixin mənası və təyinatı", U-Tszinin "Hərb sənəti", İ.Kantın "Proleqomenlər" ("Xalis zəkanın tənqidi") tək ən məşhur və Azərbaycan türkcəsində vacib saydığım əsərlər daxildir.

Bundan əlavə, alman dilindən Y.V.Qötenin, H.Haynenin, H. Fallerslebenin şeirlərini, Azərbaycan filosofu Heydər Hüseynovun "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" əsərini, yazıçı Çingiz Abdullayevin "Müqəddəs olmaq istəyi" detektiv romanını (son iki əsər rus dilində yazılıb) ana dilimizə çevirmişəm.

Qurultay mövzusunu qapatsaq da, orada səslənən məlum bir fikri vurğulamaq istəyirəm: "Yaxşı əsər və yaxşılıq qalacaq". Yaxşılıqsa insanın ən böyük əsəridir. Bəlkə mənim ən güclü şeirim elə həyat tərzim olacaq...

 

Etibar CƏBRAYILOĞLU

Ədalət.-2014.-21 iyun.-S.10.