BAŞLANĞIC: YAZMAQ VƏ YAZMAMAQ

 

Bir zamanlar, yəni keçmiş SSRİ ilə Türkiyənin soyuq münasibətləri dövründə, türkçülük ideyaları qeyri-rəsmi şəkildə yasaq olunanda əvvəlcə Anarın, daha sonra isə Elçinin Türkiyə haqqında hələ senzuralı səfər təəssüratlarını necə acgözlüklə oxuyurduq, ilahi! Həmin vaxtlar SSRİ ilə Türkiyə arasında xırda-para iqtisadi əlaqələr olduğunu bilsək də, bilməsək də, hər halda yetmişinci illərin əvvəllərində rusların İsgəndərunda metallurgiya zavodu tikməyindən xəbərimiz vardı. Buna da çox böyük ümidlərlə baxırdıq. Hətta Məmməd Aslanın "Ərzurumun gədiyinə varanda..." yazısına da.

Beləcə indiki reallığın üzərinə gəlib çıxıram. Qardaş Türkiyəmizlə bu qədər qovuşuğun, gediş-gəlişin, istənilən istiqamətli əlaqələrin oturuşduğu bir vaxtda və istənilən zamanda, istənilən zərurətdə getməyin, hər yeri gəzməyin mümkünlüyündə səfər təəssüratı alınarmı, maraq doğurarmı? Üstəlik də ortalıqda Anarın və Elçinin nostalji xarakterli "qədim" təəssüratları, eyni zamanda İradə Tuncayın bənzərsiz, hətta türkiyəlilərin özləri üçün də həm yeni, həm də bəzi məqamları ilə çox dəyərli yazıları ola-ola... Maraqsız görünər, əlbəttə ki...

Ancaq xüsusi bir istisna da var axı. Bir var Türkiyəyə, heç uzağa yox, Türkmənbaşıya (keçmiş Krosnovodska) hansısa bir adamı, turist, pis çıxmasın alverkef əhli gedib-gələ, hətta bu cür səfərlər 10-15 ildə bir dəfə deyil, ildə 10-15 dəfə ola, birvar qələm adamı. Özü də 17-18 yaşından sonra Türkiyə həsrəti ömrünün bir parçasına çevrilmiş ola. uzun bir yol boyunca (uzun, incə bir yoldayız...) bu sevgidən, bu möcüzədən sevinclər də dada, başı bəlalar da çəkə. Əksəriyyəti çap olunmamış Türkiyə nəfəsli şeirləri ola, hekayələri qala, yaddaşının görünməz, qaranlıq dalanlarında qəribə xatirələr mürgüləyə və bütün bunlar qəfil gəlib dura gözlərinin qarşısında - dünənki əhvalatlar, sevdalar kimi! Nə edərsən?

Çətin də olsa mən nə edilməsini bilən adamam. Elə bu səbəbdən də 22 il bundan əvvəl ilk dəfə Türkiyəyə səfər edəndə, özüindiki kimi milli yaşıl pasportla deyil, hələ də saxladığım qırmızı pasportla gedib gələndə anidən belə bir fikrə düşübgeri çəkildim, heç nə yazmadım. İndiki halda isə lap çətindi, məğlubiyyət qorxusu da var. Ancaq həm də düşünürəm ki, indiyədək asan başa gələn nəsə bir şeyə nail olmuşammı? Yoxsa gündəlik işimiz kimi yazmağın asan bir şey olduğunu düşünürsünüz? İndi əlinə qələm düşən nəsə birşeylər yazır da, o söz yığınaqları dərc olunur da, hətta həmin müəlliflər jurnalist olduqlarına inanırlar da, ancaq özündənbir neçə "kirayələnmiş" yaxınından başqa kimdir o məqalələri oxuyan? Əgər sənin gerçək, yəni real oxucun, bir az da irəli gedək, pərəstişkarların yoxdursa, yazmağından nə fayda?

Əziz yoldaşlar, xanımlar və bəylər, bax bu mənada mənim üçün dünyanın ən çətin, ağır və məsuliyyətli işi yazmaq olubbu qorxu, bu hiss məni həmişə təqib etməkdədir. Qələm yoldaşlarıma da, oxucularıma da uz tuturam: dünyada ən çətin peşə jurnalistikadır!

Normal qələm sahibi öz gücünün hara qədər olduğunu da yaxşı bilir, hansı zümrələrdə oxunduğunu da. Yanaşma özümə də aid olduğundan çiynimi çox ağır bir yükün altına verdiyimitam məsuliyyətlə düşünürəm. Mən ağır bir cəza ilə ittiham olunan müttəhim kimi vəkilə və təsadüflərə ümidli olmaq istəmirəm. Mən bu cəzadan Tanrının mənə bəxş etdiyi ağlım və istedadımla qurtularaq "azadlığa" alqışlarla qovuşmaq istəyirəm. Xəstəliyim və digər incidənlərim imkan versə, bacaracağam.

Jurnalistika mənim üçün bax bu qədər fövqəladə bir işdir, peşədir, cəbrdir. Sonunda fitə də basıla bilərsən, alqışlanarsan da!

İndiyə qədər irili-xırdalı nə yazmışamsa, bu hisslərdən uzaq düşməmişəm, heç buna cəhd də etməmişəm. Bircə nəfər ağıllı, səviyyəli oxucunun təşəkkür sözü əzablarımı unutdurmağa, hətta xoşbəxtliyimə belə bəs edib.

Bu, bir başlanğıcdır. Heç özüm də bilmirəm ki, müəyyən qədər səfər təəssüratlarından və eyni zamanda mövzuyla bağlı xatirələrdən, hekayətlərdən ibarət olması gözlənilən bu silsilə yazılar nə vaxt bitib, nə vaxt sona çatacaq. Bilsəydim nə vardı ki! Ancaq yazmaq lazım olduğunu, artıq bütün varlığımla hiss etmişəm. Və qabaqcadan anons edim ki, səfər təəssüratları burada daha çox başqa məqamların dirilib ayağa qalxması üçün bir açar rolunu oynayacaq. Nələri yazacağımı isə müəyyənləşdirmişəm.

 

***

 

"Jurnalistlər evi"ndə yaşayan qonşum yoldaşım Etibar Cəbrayıloğlu səhər tezdən zəng vurur ki, o artıq həyətdədir və bizi gözləyir. O, dostum Ayaz həkimlə Türkiyəyə hansı məqsədlə getməyimizi biliraxşamdan qərara gəlib ki, bizi hava limanından özü yola salacaq. Səfərdən məqsəd ürəyimlə bağlı həkim müayinəsi və əbədi, müqəddəs Türkiyə sevgisi. Buna hər zaman Türkiyə sevdası da demək olar. Hətta imkan düşüb ildə 4-5 dəfə gedib-gələ bilsəm belə. Dostum Ayaz həkim iş-gücünü mənə görə buraxıb yoldaşlıq edir, mənə dayaq olmaq üçün gedir İstanbula. Heç 4-5 ay deyil Bodrumdan qayıtdığı.

Sürücü Səbuhi Etibarı, Ayazı, məni və oğlum Tuncayı vaxtında hava limanına çatdırır. Mən arterial təzyiq aparatımı və bir neçə vacib dərmanlarımı əlimdəki kiçik çantada sanki qaçaq mal kimi saxlamışam. Bilet kassasının qarşısında qeydiyyat aparılarkən şüşə otaqdakı cavan oğlan kənarda Səbuhi ilə söhbət edən Etibarı göstərərək soruşur ki, "sizinlə gələn o idman paltarlı Etibar müəllim deyil? Təsdiqləyirəm. Aeroport işçisi Etibarı salamlayır və deyir ki, siz məni tanımasanız da mən sizi çoxdan tanıyıram. Bir andaca vəziyyət dəyişir. Etibara görə bütün işlərimiz səliqəli və asanca həll olunur.

Və mən Etibar Cəbrayıloğluna elə bu yaxınlarda həsr etdiyim "Şarj" adlı köşəmi xatırlayıram. Adam hətta idman geyimində də tanınır və hörmətlə qarşılanır. Zarafat bir yana, bütün bunlar təsadüfdürmü?

Vidalaşıb yola düşürük.

Mənzil başında selləmə yağış aşağını görünməz edib. Mayın əvvəllərində bu cür soyuq yağışlar nadir hallarda olur. Ən pisibudur ki, mən Bosforu aydın görə bilmirəm.

Hava limanından çıxıb taksiyə minərkən bu yağışın hələ bir xeyli yağacağını hiss etdikdə qanım qaralır. Bakıda 25-27 dərəcə istidən 17-18 dərəcəli yağışlı havaya düşmək mənimçün bütün mənalarda diskomfortdur.

Qəribə bir hal: taksi sürücüsündən, məmurundan tutmuş, lap çöldə islanan adi insanlaradək bütün İstanbul bu yağışa sevinir, hələ bir neçə gün davam etməsini arzulayır.

Səbəbini öyrənirəm. Heç demə uzun müddət quraqlıq olubsu hövzələri tükənmək üzrəymiş. 20 milyonluq İstanbul ölkəsində ciddi problemlər yarana bilərmiş. Əynimi qalınlaşdırıb mən də bu vətənpərvər sevincə qoşuluram.

Biz Sultan Əhməd camesi "rayonunda" yerləşən və hər tərəfə asan çıxışı olan "Ledi Diana" otelini seçmişik və artıq Türkiyə vaxtı ilə günortaya yaxın üçüncü mərtəbədəki otağımıza yerləşirik.

Mən səfərin birinci məqsədi barədə sərf olunan anları yazmaq fikrində deyiləm. Bunun heç oxuculara da bir elə dəxli yoxdur. Türkiyə səhiyyəsi ilə Azərbaycan səhiyyəsinin fərqini də artıq hamı çox gözəl bilir. Ancaq tək bircə faktla kifayətlənirəm: vaxt gələcək, bizdə olan modern klinikalara da başqa ölkələrdən müalicəyə gələcəklər. Təbii, kadrlarımız tam yetişincə...

AyasofiyaSultan Əhməddən üzü yuxarı bizim İçərişəhəri xatırladan əyrin-üyrün küçə və məhəllələrdə, bəlkə də 100-dən artıq çoxulduzlu otellərdə fərqli görüntülər və yığcamlıq bu dərəcədə sıxlıqda insanı yormur, çaşdırmır. Qədimliklə müasirliyin də fərqi bir elə nəzərə çarpmır. Məni ən çox çaşdıran isə "Ledi Diana" otelində gözəlliyi ilə ərəb şeyxlərinin də gözlərini kəlləsinə çıxaran şahzadə Diananı xatırladan mükəmməl bir guşənin və ya iri portretin olmaması idi. Azad sevgi mücəssəməsi, ya bəlkə də şəhvət maksimalisti gözəl Diananın adı yalnız xırda-xuruş otel ləvazimatlarının üzərində görünürdü. Və bir neçə gündən sonra mən tam əmin oldum ki, burada çalışanların 90 faizi Diananın kim olduğunu belə bilmiro müdhiş faciəni də dəqiqliyi ilə xatırlamır. Burada əsas məsələ çalışmaq və pul qazanmaqdır.

Günorta naharını yerli vaxtla saat 16-da elə otelin 6-cı mərtəbəsindəki yarısı şüşə qapalı, yarısı da açıq eyvanlı restoranda yeməyi qərarlaşdırırq. İki gündən sonra Cərrah Paşa Tibb Universitetinin klinikasına gedəcəyimizdən və sonralar imkan olmayacağından içki məsələsi də müzakirəsiz qəbul edilir. Bufetlərində bütün növ içkilərdən olmasına baxmayaraq, heç biri xoşuma gəlmir. Paltarlarımın arasında ən bahalı "Beluqa"nın əslini keçirmişəm. Otaqdan gətirib qutudan çıxarana qədər xörəkpaylayan bununolduğunu anlamadı. Qara meşin qutu, çəkic, filan... İcazə vermədi. Eşitmişdim ki, Türkiyədə yazarlara bəzi istisnalar olur, bir sıra məsələlərdə hörmətlə yanaşırlar. Belədə müdriyyəti tələb edirəm. Təbii ki, sakit və mədəni şəkildə. Heç 5 dəqiqə keçməmiş 50-55 yaşlarında gülümsər çöhrəli bir şəxs masamıza yaxınlaşıb ingiliscə salamlaşır. Mənsə ona öz dilimizdə "biz qonağız və sizdə də bu araqdan yoxdur. Odur ki, icazə verin "Beluqa"mızı içək" deyirəm. Hiss edirəm ki, çox mədəni şəkildə buna icazə verilmədiyini deyəcək, tez köhnədənqalma vəsiqəni çıxarıb yazar olduğumu bildirirəm. Bizim vəsiqələrin bir üzü elə əvvəllərdən rus dilində yazılıb axı. Bah, restoranın müdiri "qospadin Axmedov" deyərək rus dilində nə başladı, necə mükəmməl ifadələr işlətdi. Sanki Peterburqda bir rus əsilzadəsi ilə rastlaşmısan. Ayaz da gülməkdən uğunub gedir. Biz Azərbaycan türküyükheçburaya rus dilində danışmağa gəlməmişik.

Müdirlə daha yaxından tanış oluruq, milliyyətcə kürddür, 6 dil bilir - tam bir politoloq. Sonra da deyir ki, bu araqdan Antaliyada görüb, çox baha qiymətə satırlarmış. Və bizə restoranın bütün xidmətlərindən istədiyimiz kimi istifadə etməyə icazə verməklə yanaşı, arağımızı qoymağa buzlu bardaq da gətizdirir.

Soyuq havada "Beluqa"nın yarıdan çoxunu içirik. Mənim xəbərim yoxdur ki, bundan sonra həkimlər mənə hər hansı alkoqollu içkini birdəfəlik qadağan edəcəklər.

Səhər saat 10-a qalmış telefonuma zəng gəlir. Baxıram ki, Aqil Abbasın nömrəsidir. Gözlərimə inana bilmirəm. Baxmayaraq İstanbula gəlməmişdən əvvəl Ankarada olan millət vəkilimizlə danışıb icazə almışdım. Ondan əvvəl İradə xanımın özündən. İndi onlar Ankarada dövlət tədbirlərində iştirak edib, qalan işləri ilə məşğul idilər.

- Gəlmisən? - Aqil Abbas soruşur.

- Dünəndən İstanbuldayam, Ayazla...

- Səhər günortaya yaxın gözlə məni, gəlib zəng vuracam.

- Əziyyət çəkmə, sən Allah, işinizlə məşğul olun...

- Səhər gələjəm dedim...

- ...

Bu danışıqdan sonra həm narahat olmağa başlayıram, həm bütün ağrılarımı unuduram. Heç dəqiq bilmədim ki, Ankaradan, yoxsa Əskişehirdən zəng vurmuşdu. Nəsə deyirdi, mən dəqiq tuta bilmirdim dəqiqləşdirməyə cəhd göstərmirdim. Ancaq az keçməmiş tam başa düşdüm ki, o, mütləq gələcək. Çünki biz 40 ildən çox dostluğun, qardaşlığın ən sınanmış yollarından kədərimizi, sevincimizi birgə duya-duya, yaşaya-yaşaya keçmişik. Bütün bunlar təkcə qarşılıqlı insani xüsusiyyətləri şərtləndirən amillər deyil. Bu, Aqil Abbasın özünütəsdiq missiyasıdır ki, elə bütün həyatı beləcə sərbəstlik dürüstlüklə davam etməkdədir. olsun ki, dostuq, olsun ki, rəhbərimizdir - istəməsəydi, ürəyincə olmasaydı heç əvvəldən zəng vurub aramazdı.

 

***

 

Mayın 11-i saat 12-yə qalıb. Telefonda həmin o doğma nömrə görünür. Mən bu nömrəyə həmişə canlı varlıq kimi baxmışam, görüşəndə özümü yığışdırmışam, ağrıyan vaxtıma düşübsə gizlətməyə çalışmışam, bu nömrənin zənginə həmişə sevinmişəm...

- Hardasan?

- Tramvay yolu olan küçənin yuxarısında aptek var...

- Gəlin "Alman kəhrizi"nin qarşısına...

- Bilmirəm axı o hardadır...

- Olduğun yerdən geriyə, Sultan Əhməd camesinə tərəf qayıt görəcəksən.

Ayazla həmin istiqamətə yön alırıq. Nəhayət, Aqilin telefonla verdiyi istiqamətlərdən sonra üzbəüz gəlirik. Bizi İradə xanımla birlikdə axtarmaqları məni bir az utandırır, xəcalətli edir, həm fərəhləndirir...

Aqil Abbas:

- Niyə yolunu uzaq salırsan ey, başına dönüm. Bax o tindəki çayxananın yanından sola burulursan, Ayasofya qalır arxada, gəlib çıxırsan Sultan Əhməd meydanına. Qaldığınız otelə ən rahat yol elə buradandır, 150-200 metr soldan-sağa...

Elə bil Bakıdadır, getməli olduğumuz yerin ən rahat əlverişli yolunu göstərir.

- Başqan, məni az danla da, qonaq gəlmişəm, sənin kimi İstanbulda yaşamıram ki, hər yeri tanıyam...

 

(Ardı olacaq)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-21 iyul.-S.8-9.