AZƏRBAYCAN YAŞILLIĞA
BÜRÜNÜR
Bu xoş məramın əsası ondan ibarətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrimizin qorunması və bərpası ilə yanaşı, yeni meşələrin, yaşıl zolaqların salınması üçün uzunmüddətli proqram-layihələr hazırlanıb həyata keçirir. Aydın məsələdir ki, təkcə bir ölkənin, bir regionun deyil, bütövlükdə planetimizin gələcəyi dünya ekosistemlərinin formalaşmasından, xüsusilə də meşələrin normal mövcudluğundan asılıdır. Elə bu səbəbdən də respublikamızda həmin istiqamətdə çox işlər görülür.
Nazirliyin müavfiq departamenti, rəhbərliyin, elə birbaşa nazir H.Bağırovun göstərişi ilə həmin proqram-layihələrin elmi-praktik şəkildə həyata keçirilməsini yüksək səviyyədə təşkil etməkdədir. Meşəçilik anlayışının bütün istiqamətləri üzrə ən vacib olan tədbirlər davam etdirilir. Bu sahə həm də geniş miqyas almaqdadır. Axı meşələr respublikamızın hər tərəfində bərabər paylaşmışdır. Diqqət, qayğı və nəzarət o həddə çatıbdır ki, əvvəllər adidən də adi bir iş və vəzifə kimi baxılan meşəçilik indi xüsusi yanaşma tələb edən strateji məsələyə çevrilib.
Bu sahədə marifləndirmə məsələsi də gücləndirilir. Ən maraqlı və diqqətçəkən məsələ budur ki, Ekologiya və Təbii Sərvətlər nazirinin özü bütün tədbirlərin həyata keçirilməsi və dinamikasında maraqlıdır. Biz bəzən onu qurumun sadə bir işçisi səviyyəsində münasibət və fəaliyyəti ilə də rastlaşırıq. Əslində belə olmalıdır deyə hörmətli nazirin bu cür sadəliyinə və səmimiyyətinə təəccüblənmirik də.
Bakı-Qazax yolunun hər iki istiqamətində (Şamaxı və Hacıqabul), Bakı-Quba magistralında, eləcə digər respublikadaxili yolların 10-15 il əvvəllərdəki ətraf görüntülərini xatırlayırsınızmı? Təkcə bir faktı göstərmək kifayət edər ki, çəkilən əziyyətin, görülən işlərin qiyməti bilinsin. Bakı-Qazax magistralının Hacıqabul istiqamətlərində yollar yenidən tikildikdən sonra nə qədər rahatlıq yaranmış olsa da, əksər sürücülər yenə də bu yola öyrənə bilmirdilər. Və həm də heç kim inanmırdı ki, onlarla kilometr ərazilərdə başlanılmış yaşıllaşdırma işləri, salınmaqda olan meşə zolaqları bu yerlərin görüntüsünü, ab-havasını dəyişdirə biləcək. Budur, çəkilən zəhmət, qayğı və diqqət, tapşırılan işə vətəndaşlıq mövqeyi ilə yanaşma öz bəhrəsini verməkdədir. İndi bu yolun kiçik meşə zolaqları göz oxşayır, rahatlıq və sevinc bəxş edir.
Təbii, bütövlükdə götürəndə respublikamızda mövcud meşələr ürəyimiz istəyən qədər bol deyil, əksinə hələ ki, azlıq təşkil edir. Bilirsiniz ki, meşələrin özü də respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətlərin - mineral xammalın, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava, torpaq kimi biosferanın çox vacib komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.
Respublikamızda meşələrin əksər sahələri, təxminən 85 faizi Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir. Ancaq bu meşələr həmin bölgələrdə heç də bərabər şəkildə bölünməmişdir. Elə Nazirliyin də məqsədi meşələrin nəinki mövcud regionlarda, bütövlükdə respublika boyu yayılıb inkişaf etməsində mühüm layihələri reallaşdırmaqdır.
Azərbaycan meşələrinin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir. Bu meşələrin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitlərdən də çox asılıdır. Aydındır ki, dağ meşələri düzən meşələrinə nisbətən daha həssas ekosistemdir. Meşələrin ekoloji funksiyası biosferin də daxil olması şərtilə dağ meşələrində daha səmərəli olaraq büruzə verilir.
Onlardan ən əsası susaxlayıcı, suyu nizama salıcı, torpaq qoruyucu, uçurumlardan, sellərdən, mühafizəedici, iqlim nizamlayıcı və sanitar-gigiyenik xüsusiyyətlərdir. Burada eyni zamanda meşələrin repressiyası rolunu da qeyd etməmək olmaz.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövcud qurumları bütün vacib məsələləri intensiv şəkildə həyata keçirmək ənənəsini əxz edərək uğurlar qazanırlar. Meşə Mühafizəsi və Bərpası müəssisələrin fəaliyyətindəki əsaslı dönüşlər də bunu bir daha sübut edir. Qısa vaxt ərzində müşahidə etdiyimiz İsmayıllı, Oğuz, Şəki, Zaqatala, Balakən, Ağdaş, Masallı-Lənkəran, Quba və digər rayonlarda fəaliyyət göstərən müvafiq qurumların nümunəsi qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsinə stimul yaradır. Eləcə, əksər Dövlət qoruqlarındakı ciddi intizam və fəaliyyət göstəriciləri də son dövrlərin xarakterik mənzərəsidir.
Tuncay ƏHMƏDOV
Ədalət.-2014.-21 iyun.-S.4.