ARTIQ BÜTÜN YOLLAR İMARƏTƏ BOYLANIR

Sevgimiz boyda kədər yaşadıq...

 

...Ağdamdan söhbət açanda keçmişə qayıtmasam olmaz. Bu məqamda isə heç olmaz. Çünki Dünyanın Ən Varlı Şəhəri ("Dolu" romanı Aqil Abbas) təkcə Qarabağımızın deyil, bütün bütöv Azərbaycanımızın həm mistik, həm real bir yaddaş simvoludur. Necə ki, Şuşanın, Cəbrayılın, Füzulinin, Kəlbəcərin, Qubadlının, Laçının... özəllikləri.

Vətən torpağının hər qarışı doğmadır, müqəddəsdir. Sevgimiz boyda kədərsə yaşamağa məhkum olandan bəri nədənsə hərdən-hərdən yalnız gəzməyə getdiyim Dünyanın Ən Varlı Şəhərini unuda bilmirəm. Bu şəhər mənə canlı varlıq təsiri bağışlayırdı. Eləcə insan kimi. Həm güzəranı yaxşı olan xeyirli mənada bir az yekəxana görünən, ancaq qeyri-adi qonaqpərvər, qeyri-adi dostcanlı, qürurlu, şöhrətpərəst bir insan kimi... Bu varlığı xəyanətlər labirintinə salıb necə yaraladılar, ilahi! Tarix boyu başqalarının qucağına sığınan mənfur ermənilər fürsət düşən kimi bizi yenə arxadan vurdular. Yaraladılar... İndi yaralarımızı sağaldırıq.

 

"Yaralı" giriş qapısı

 

Mən gözlədiyim o qələbə gününə kimi Ağdamdan vaxt söhbət açsam, düşüncələrimi, arzularımı hər dəfə mütləq bu Yaralı Giriş Qapısının tağları altından keçirəcəyəm. Oxucularımla birlikdə qarşıdakı yeni şəhərimizə - Quzanlıya bu möhtəşəm həm görk olası meydanda bir müddət dayandıqdan sonra yol alacağam.

...Siz bu ala qapının "yaralı" tağı altından keçərkən varlığınızda illərlə kök salmış kədərə heç vaxt boyun əyməyin. Bilirsiniz ki, bu qapı yaddaşlarda əbədi yaşayacaq rəmzi görüntüdür.

Siz kədərə nifrət edib irəliyə baxın: qarşı meydandakı ən hündür yerdə dalğalanan Azərbaycan Bayrağına, Bütöv Azərbaycanın nəhəng xəritəsinə, Vətən uğrunda canlarından keçmiş Ağdam şəhidlərinin xatirə kompleksinə, bir az aşağıdakı gül-çiçəkli çəmənliyə, təbiət gözəlliyini vəsf edən, həyatın davam etdiyini, qələbənin yaxınlaşdığını bildirən hər var, onlara tərəf boylanın.

 

Kədərə nifrət edin!

Qisasa Qələbəyə köklənək

 

... Çünki o müqəddəs gün yaxınlaşmaqdadır. Zəhmətkeş, gözəl həmvətənlərin, yaralı qəlbi ilə, ağrı-acısını gizlədib özünü sındırmayan mərd qarabağlılarım! Birinci dəfə deyil ki, xəyanətə, işğala tuş gəlməyimiz. Heç keçmişləri demirəm, son 200 ildə o boyda Rusiya 2 dəfə Azərbaycanımızı - Təbrizli, Şirvanlı, Naxçıvanlı, Qarabağlı... işğal edib, yaralayıbdır. Hamısı keçmişdə qalmadımı, müstəqilliyimizi qazanmadıqmı? İndi xəyanətkarların növbəsidir, onlar da düz... ora qədər qovulacaqlar. (Ağdamdan yazıram deyin, bəzi ifadələri qarabağlıların danışıq tərzinə uyğunlaşdırıram).

 

Gerçək nikbinlik

 

Xarakterik xüsusiyyətlərindən biri budur ki, onlar hər gün, hər an "o fürsəti" gözləyirlər. Ali Baş Komandanın əmriylə... Elə bu səbəbdən heç vaxt ruhdan düşmür, heç kəsin əli işdən soyumur. Hamı düşmən tərəfə nifrət qəzəblə boylanaraq qurub-yaradır, rayonun ümumi uğurları üçün öz töhfəsini verməyə çalışır. Düşməni müqəddəs Vətən torpağından təmizləmək arzusu, döyüş əhval-ruhiyyəsi bu cəsur insanların hər birini artıq potensial kamikadzeyə çevirmişdir. Dünyanın Ən Varlı Şəhəri naminə, bütün Qarabağ naminə, bütöv Azərbaycan naminə...

Həm bu mərd qürurlu insanların gündəlik həyatında onlara ana südü kimi halal olan bir tərz xarakter ömür paylarının leytmotivi olaraq duyulmaqda, səslənməkdədir. Onlar hər yerdə, hər zaman öz hisslərini, duyğu düşüncələrini məhz belə bir sevgi mərhəmətlə paylaşmağa can atırlar: "Böyük Ağdamın bizə əmanəti olan ağdamlılıq hər bir kəsin çalışdığı sahədə Vətənə vicdanla xidmət etmək, Ağdamı sonsuz məhəbbətlə sevmək, dövlətə dövlətçiliyə sadiqlik, öz nəfsinə, əxlaqına vicdanına hakim olmaq, özündən çox həmyerlilərinə, böyüklərə kiçiklərə hörmət mərhəmət göstərmək, dostluğa əqidəyə sadiq olmaq, qonşusuna ətrafındakı insanlara öz doğması kimi münasibət bəsləmək, səxavətli olmaq, kasıblara əl tutmaq, qeybətdən, şərdən, böhtandan xəyanətlərdən uzaq olmaq, kimsənin haqqına göz tikməmək deməkdir...

... Ağdamlılıq mərdlik, əxlaq, səxavət, vətənpərvərlik fədakarlıqdır...

 

Böyüyən gözəlləşən yeni bir şəhər

 

Məlumdur ki, işğal altında olmayan kənd qəsəbələri birləşdirərəkən Ağdam rayonunun rolunu keçmiş Quzanlı kəndi oynayır. Həyatdır, olur , 15-20 il bundan əvvəl bu yerlərdən köçüb başqa şəhərlərdə, ölkələrdə yaşayanlar da var. Bəlkə indiyədək Quzanlıya gəlməyənlər . İndi oğul deyərəm o şəxsə ki, qayıdıb gəlib öz kəndini buralarda tapa bilsin. Sadəcə daha o kənd yoxdur. Yerində işıqforlu, gül-çiçəkli yaraşıqlı küçələri olan, çoxmərtəbəli binaları olan, müasir tipli, inzibati, eyni zamanda təhsil, səhiyyə digər sahələrə aid olan tikililəri, Olimpiya kompleksi, ticarət başqa xidmət sahələri olan yaraşıqlı bir şəhər böyüməkdə, boy atmaqdadır. Dünyanın Ən Varlı Şəhərinin kiçik qardaşı olacaq Quzanlı şəhəri!

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-24 iyun.-S.7