ARTIQ BÜTÜN YOLLAR İMARƏTƏ
BOYLANIR
Sevgimiz boyda kədər
yaşadıq...
...Ağdamdan söhbət açanda keçmişə qayıtmasam olmaz. Bu məqamda isə heç olmaz. Çünki Dünyanın Ən
Varlı Şəhəri
("Dolu" romanı
Aqil Abbas) təkcə Qarabağımızın
deyil, bütün və bütöv Azərbaycanımızın həm
mistik, həm də real bir yaddaş simvoludur. Necə ki, Şuşanın, Cəbrayılın, Füzulinin,
Kəlbəcərin, Qubadlının,
Laçının... özəllikləri.
Vətən torpağının hər
qarışı doğmadır,
müqəddəsdir. Sevgimiz boyda
kədərsə yaşamağa
məhkum olandan bəri nədənsə hərdən-hərdən yalnız
gəzməyə getdiyim
Dünyanın Ən Varlı Şəhərini
unuda bilmirəm.
Bu şəhər mənə canlı varlıq təsiri bağışlayırdı. Eləcə insan kimi. Həm də güzəranı yaxşı
olan və xeyirli mənada bir az yekəxana görünən,
ancaq qeyri-adi qonaqpərvər, qeyri-adi dostcanlı, qürurlu, şöhrətpərəst bir
insan kimi... Bu varlığı xəyanətlər
labirintinə salıb
necə də yaraladılar, ilahi! Tarix boyu başqalarının qucağına sığınan
mənfur ermənilər
fürsət düşən
kimi bizi yenə də arxadan vurdular. Yaraladılar... İndi yaralarımızı sağaldırıq.
"Yaralı"
giriş qapısı
Mən gözlədiyim
o qələbə gününə
kimi Ağdamdan nə vaxt söhbət
açsam, düşüncələrimi,
arzularımı hər
dəfə mütləq
bu Yaralı Giriş Qapısının
tağları altından
keçirəcəyəm. Oxucularımla birlikdə qarşıdakı
yeni şəhərimizə
- Quzanlıya bu möhtəşəm və
həm də görk olası meydanda bir müddət
dayandıqdan sonra yol alacağam.
...Siz bu ala qapının
"yaralı" tağı
altından keçərkən
varlığınızda illərlə
kök salmış kədərə heç vaxt boyun əyməyin.
Bilirsiniz
ki, bu qapı
yaddaşlarda əbədi
yaşayacaq rəmzi görüntüdür.
Siz kədərə nifrət
edib irəliyə baxın: qarşı meydandakı ən hündür yerdə dalğalanan Azərbaycan Bayrağına, Bütöv
Azərbaycanın nəhəng
xəritəsinə, Vətən
uğrunda canlarından
keçmiş Ağdam
şəhidlərinin xatirə
kompleksinə, bir az aşağıdakı gül-çiçəkli çəmənliyə,
təbiət gözəlliyini
vəsf edən, həyatın davam etdiyini, qələbənin
yaxınlaşdığını bildirən hər nə var, onlara
tərəf boylanın.
Kədərə nifrət edin!
Qisasa və Qələbəyə
köklənək
... Çünki o müqəddəs gün yaxınlaşmaqdadır.
Zəhmətkeş, gözəl
həmvətənlərin, yaralı qəlbi ilə, ağrı-acısını
gizlədib özünü
sındırmayan mərd
qarabağlılarım! Birinci dəfə
deyil ki, xəyanətə, işğala
tuş gəlməyimiz.
Heç keçmişləri
demirəm, son 200 ildə
o boyda Rusiya 2 dəfə Azərbaycanımızı
- Təbrizli, Şirvanlı,
Naxçıvanlı, Qarabağlı...
işğal edib, yaralayıbdır. Hamısı keçmişdə qalmadımı,
müstəqilliyimizi qazanmadıqmı?
İndi də xəyanətkarların
növbəsidir, onlar
da düz... ora qədər qovulacaqlar. (Ağdamdan
yazıram deyin, bəzi ifadələri qarabağlıların danışıq
tərzinə uyğunlaşdırıram).
Gerçək nikbinlik
Xarakterik xüsusiyyətlərindən biri
də budur ki, onlar hər
gün, hər an
"o fürsəti" gözləyirlər. Ali Baş
Komandanın əmriylə...
Elə bu səbəbdən də heç vaxt ruhdan düşmür,
heç kəsin əli işdən soyumur. Hamı düşmən tərəfə nifrət
və qəzəblə
boylanaraq qurub-yaradır,
rayonun ümumi uğurları üçün
öz töhfəsini
verməyə çalışır.
Düşməni müqəddəs Vətən torpağından
təmizləmək arzusu,
döyüş əhval-ruhiyyəsi
bu cəsur insanların hər birini artıq potensial kamikadzeyə çevirmişdir. Dünyanın
Ən Varlı Şəhəri naminə,
bütün Qarabağ
naminə, bütöv
Azərbaycan naminə...
Həm də bu mərd və
qürurlu insanların
gündəlik həyatında
onlara ana südü kimi halal olan bir
tərz və xarakter ömür paylarının leytmotivi olaraq duyulmaqda, səslənməkdədir. Onlar hər yerdə, hər zaman öz hisslərini, duyğu və düşüncələrini məhz
belə bir sevgi və mərhəmətlə
paylaşmağa can atırlar:
"Böyük Ağdamın
bizə əmanəti
olan ağdamlılıq
hər bir kəsin çalışdığı
sahədə Vətənə
vicdanla xidmət etmək, Ağdamı sonsuz məhəbbətlə
sevmək, dövlətə
və dövlətçiliyə
sadiqlik, öz nəfsinə, əxlaqına
və vicdanına
hakim olmaq, özündən
çox həmyerlilərinə,
böyüklərə və
kiçiklərə hörmət
və mərhəmət
göstərmək, dostluğa
və əqidəyə
sadiq olmaq, qonşusuna və ətrafındakı insanlara
öz doğması kimi münasibət bəsləmək, səxavətli
olmaq, kasıblara əl tutmaq, qeybətdən, şərdən,
böhtandan və xəyanətlərdən uzaq
olmaq, kimsənin haqqına göz tikməmək deməkdir...
... Ağdamlılıq mərdlik,
əxlaq, səxavət,
vətənpərvərlik və fədakarlıqdır...
Böyüyən və gözəlləşən
yeni bir şəhər
Məlumdur ki, işğal altında olmayan kənd və qəsəbələri birləşdirərəkən
Ağdam rayonunun rolunu keçmiş Quzanlı kəndi oynayır. Həyatdır, olur də, 15-20 il bundan
əvvəl bu yerlərdən köçüb
başqa şəhərlərdə,
ölkələrdə yaşayanlar
da var. Bəlkə də indiyədək Quzanlıya gəlməyənlər
də. İndi oğul deyərəm
o şəxsə ki, qayıdıb gəlib öz kəndini buralarda tapa bilsin. Sadəcə daha o kənd
yoxdur. Yerində
işıqforlu, gül-çiçəkli
yaraşıqlı küçələri
olan, çoxmərtəbəli
binaları olan, müasir tipli, inzibati, eyni zamanda təhsil, səhiyyə və digər sahələrə
aid olan tikililəri, Olimpiya kompleksi, ticarət və başqa xidmət sahələri olan yaraşıqlı bir şəhər böyüməkdə,
boy atmaqdadır. Dünyanın
Ən Varlı Şəhərinin kiçik
qardaşı olacaq Quzanlı şəhəri!
(ardı
gələn sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-25 iyun.-S.7.