"ŞİMŞƏKLƏR"

 

Yəhya Paşazadənin kitabı barəsində

 

Xeyli vaxtdır ki, dostum Rüstəm Hacıyev mənə bir kitab veribbildirib ki, həmin kitabı ona Ağcabədidə bağışlayıblar. Baxım, vərəqləyəm, məni tutsa, yəni duyğularıma uyğun gəlsə, barəsində düşüncələrimi oxucularla bölüşüm.

Açığını deyiim ki, kitabın müəllifinin imzasını "525-ci qəzet"dən tanıyıram. Daha doğrusu, qəzetin bölgə müxbiri kimi onun Qarabağdan hazırlayıb təqdim etdiyi materiallarla "525-ci qəzet"in səhifələrində tez-tez qarşılaşıram. Özünü isə demək olar ki, heç vaxt görməmişəm. Bu görüş də qismət oldu.

Azərbaycan Yazıçılarının növbəti qurultayında Beyləqanlı şair Elman onu mənə təqdim etdi. Məhz Elmanın bu təqdimatından sonra Yəhya Paşazadə vurğuladı ki, ötən ilin sonlarında "Şimşəklər" adlı kitabı işıq üzü görüb. Mən bu ismarıcı necə deyərlər, göydə tutdum. Bildim ki, söhbət Rüstəmin mən verdiyi kitabdan gedir. İmkan tapıb həmin kitabı vərəqləməyə başladım...

Öncədən deyim ki, kitaba ön söz yazmış AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid vurğulayıb ki, "Yəhya Paşazadə ədəbiyyata öz sözü, öz nəfəsi olan şair kimi gəlib. O, orijinal yaradıcılığı, dəst-xətti, yazı manerası, üslubu ilə diqqəti çəkib". Elə bu ön sözdən onu da öyrənirəm ki, Yəhya Paşazadəyə ədəbiyyat adamları, söz xiridarları - Mir Cəlal, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Bəkir Nəbiyev, Ağa Laçınlı və digərləri xeyir-dua veriblər, oun böyük ədəbiyyata həvəsləndiriblər.

Təbii ki, bu təqdimatdan sonra mənim "Şimşəklər"ə marağım bir az da artdı. 4 bölümdən ibarət olan bu kitabdakı şeirləri bir-bir gözdən keçirdim. Onlarla açıq söhbətə başlayıb şairin dilində özünü, öz sözünü eşidib dinlədim. Gördüm ki, Yəhya Paşazadə oxucusuna üz tutub deyir:

 

Qoymamışam fərq əzəldən,

Bura dağdı, ya arandı.

Təkcə onu bilirəm ki,

Dostlar məndən nigarandı.

 

bunun ardınca da şair daha bir məqama işarə vurur:

 

Dünya təlatümdədi,

Qarışıb bütün aləm.

Deyəsən, taleyilə

Barışıb bütün aləm.

 

Bir yandan sellər, sular,

Alır yeri cənginə.

Meşələr boyanırlar,

Alovların rənginə.g

 

Bəli, həyat gerçəyinin şeir ifadəsi olan bu misraların müəllifi həqiqətən öz düşüncələrini misralara çevirir. həmin misraların ipucunu ələ keçirəndə bəlli olur ki, sən demə, dərdin saçları var. Özü bomboz rəngdə:

 

Necə bozarır, necə soyuqdur,

Rüzgar tək necə sərdi saçların.

Dərdlərin saçıdı sən gəzdirdiyin,

Başdan ayağacan dərddi saçların.

 

Kim çəkər, bilmirəm, çəkdiklərimi,

Üzündə hər ağrın, acın görünür.

Hara boylanıram, hara baxıram,

Ancaq gözlərimə saçın görünür.

 

Doğrudan da, bir orijinal yanaşma, bir özünəməxsus poetik fikir Yəhya Paşazadənin şeir dünyasını rənglərə bələyir. O rəngarənglik oxucunu özünə çəkir, onu mütaliəyə səsləyir. Nə gözlərini yorur, nə də fikirlərini dolaşdırıb incik salmır. Beləcə, şairlə oxucu bir-birini rahatlıqla anlayan həmsöhbətə çevrilir. Burda adamın ağlından gəlib keçir ki, oxucunun da, müəllifin də yaxşı bir gördüyünü bəyan eləsin. Hər kəs hiss etsin ki, bu yaxşı görünən yaxşı bir şeirin poetik ifadəsi, təqdimatıdı.

 

Hardan atılanda daşı görürük,

Arxada gizlənən başı görürükg

Bizə nə edirlər yaxşı görürük,

Yaxşı anlayırıq oyuq deyilik.

 

Təbii ki, bu şeirdəki son ifadə nə qədər ağır olsa da, amma gerçəkliyi etiraf baxımından oxucunu razı salır. Elə həmin razılıq hissi ilə də növbəti vərəqi çevirirəm və oxuyuram:

 

Bu oğlan özünü dəyişib, yoxsa,

Cibindən çıxarıb dollar dəyişir?

Fırlanır bazarın hər tərəfini,

Önündə çox sağlar, sollar dəyişir.

 

yaxud da:

 

Bölübdür Vətəni salıb qürbətə,

Araz tək bir çayı haradan tapaq?

Bu tayı basırıq bərk bağrımıza,

Bəs qalan o tayı haradan tapaq?

 

Cavabsız sualı xatırladan bu poetik fikir əslində sonda digər sualların da bir-birindən qaynaqlandığını, bir-birinin davamı olduğunu oxucuya xatırladır. Oxucu Yahya Paşazadənin şeir dünyasında bir könül rahatlığı ilə gəzib dolaşır. Hər gülün öz ətrini duyduğu kimi, hər şeirin öz məna mahiyyətini anlayıb yaşayır. Bax, bu artıq yaradıcı adamın gerçək uğuru sayıla bilər. Düşünürəm ki, "Şimşəklər" kitabının müəllifi öz şair ömrünü, öz şair taleyini özünün bildiyi gücü, imkanı, ilhamı daxilində ucaltdığı söz sarayanda asudə, həm könlü istəyən kimi yaşayır. Qalır ona yeni-yeni uğurlar arzulamaq. Mən bir oxucu kimi "Şimşək"lərin ildırımlara, yeri, göyü, yəni oxucu dünyasını söz yağışına qərq edəcək bir leysana çevrilməsini arzu edirəm.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-25 iyun.-S.6.