HEÇ UNUDULARMI?

 

(Xalq şairi Hüseyn Arifin bu ay 90 yaşı tamam olur)

 

 Böyüklə, kiçiklə həmsöhbət olan,

Canında tükənməz hərarət olan,

Gücü xalq, dayağı təbiət olan

Bir şair həyatda unudularmı?

 

Bu misraların müəllifi unudulmaz Xalq şairimiz Hüseyn Arifdir. "Gücü xalq, dayağı təbiət... olan şairin. Bütün Azərbaycanın sevdiyi bir şair. Tam qətiyyətlə deyə bilərəm ki, bu gün Hüseyn Arifin öz səsi ədəbi məclislərdən, şeir gecələrindən gəlməsə də, şeirləri ən çox oxunulan, xatırlanan şairlərdən biri də odur. Elə adı çəkiləndə hamının üzündə bir təbəssüm işıqlanır, onun dillər əzbəri olan şeirləri yada düşür. Sağlığında deyirdi ki:

 

Solsa da, tər çiçəklər

Heç vaxt solan deyiləm.

Yorulsa da, küləklər

Mən yorulan deyiləm.

 

Oylağımdır dağ-dərə,

Ötmərəm əbəs yerə,

Qədir bilməyənlərə

Yoldaş olan deyiləm.

 

Fil üzülüb, qalsa da,

Qartal qanad salsa da,

Hər palıd qocalsa da,

Mən qocalan deyiləm.

 

Əlbəttə, palıdlar da qocaldı, Hüseyn Arif də yaşa doldu. Amma qocalıq məfhumunu bu sətirdə bir az məcazi anlayaq. Əsl şair elə öz şeirlərində yaşayır və əbədi ömürdü, şair dünyadan gedir, şeirləri isə onu həmişə cavan saxlayır.

Hüseyn Arif 68 yaşını adlayıb üzü yuxarı-yetmişinə doğru yol gedirdi. Üz-gözündə hamıya tanış olan o məlum təbəssüm, hamının "Hüseyn qağa" deyə müraciət elədiyi zarafatcıl, şirin yumorlu kişi, heç bir böyük vəzifəsi olmayan və bu iddiadan uzaq sadə insan, baməzə, kefcil və öz qəribə hərəkətləri ilə hər kəsi təəccübləndirən, haqqında lətifələr qoşulan bir şəxs... Doğrudan da adamın inanmağı gəlmir-Hüseyn qağa indi aramızda yoxdu. Etiraf edək ki, Hüseyn qağadan sonra ədəbi mühitin havasında da yumor mehi azalıb. O, şirin-şirin dindirərdi bizi, halımızı soruşardı, işimizlə, nə yazdığımızla maraqlanardı. Bu əhval-pürsanlıqdan sonra lap yaxın dostları qağa ilə harasa buyurardılar. Yaşından asılı olmayaraq bütün nəsillərin dostu idi. Ağsaqqal yazıçı kimi hörmət bəslədiyimiz İsmayıl Şıxlıdan tutmuş Zəlimxan Yaquba qədər hamı ona can atırdı. Hətta İsmayıl müəllim Hüseyn Arif haqqında bir lətifələr kitabı da çap etdirmişdi. Ancaq məlumdur ki, bu lətifələr Hüseyn Arif ömrünün duzlu-məzəli səhifələrinin olsa-olsa bir yarpağıdır.

Hüseyn Arif son dərəcə təbii şair idi. Həyatdakı təbiiliyi, şəxsiyyətindəki saflığı poeziyasına da keçmişdi.

Onun sənət müəllimləri kimlər idi? El ədəbiyyatı-dastanlar, qoşmalar, təcnislər, bayatılar, Qurbani, Ələsgər, Dilqəm, canlı klassiklər-S.Vurğun, O.Sarıvəlli. H.Arif bu ustadlardan çox şey görüb-götürdü, lakin kimsəni təqlid eləmədi, ədəbiyyatda özünəməxsus Hüseyn Arif cığırı açdı, bu cığırı yola çevirdi.

Hüseyn Arif neçə əsrlik Azərbaycan xalq poeziyasının klassik qolu ilə müasir qolu arasında canlı bir körpü idi. Klassikaya məxsus poetik incəliklər, müdrik düşüncə tərzi, aşıq-ozan mədəniyyəti, xalq ruhu onun şeirlərində də davam və inkişafda idi. O da ustadları kimi qoşmanın, gəraylının safını, özəlini yaradırdı, şəklini çəkmirdi. O da ustadları kimi elin, obanın təəssübkeşi idi və bu təəssübkeşlik o dərəcəyə çatırdı ki, H.Arifin şeirlərində Xalq bütün mənəvi dünyası ilə baş qəhrəmana çevrilirdi. O, fəxri Xalq şairi adını almamışdan öncə xalqın şairi idi.

Hüseyn Arifdən söz açanda "təbiət şairi" ifadəsini tez-tez işlədirlər. Bəli, o, təbiətin şairi idi. O mənada ki, təbiətə təkcə vurğun deyildi, təbiəti içində yaşadırdı, meşədə, dağda, çöldə, çəməndə, bir çeşmə başında olanda sanki dünyaya təzədən gəlirdi. Təbiəti bəlkə də onun kimi duyan, sevən ikinci bir adam tapmaq çətindi.

 

Gəl çıxaq seyrinə uca dağların,

Çəmən olan yerdə xalça nə lazım.

Gözündən su içək buz bulaqların,

Lilpar olan yerdə dolça nə lazım.

 

Nə kaman götürək, nə tar, nə qaval,

Orda nəğmə də var, nəğməkar da var.

Yarıb buludları dinəndə qartal,

O səsə bərabər bir səs harda var.

 

Torpağın ətrini fikirləşəndə,

İpək tellərinə çiçək taxarsan.

Səhərlər yadına güzgü düşəndə

Maral baxan gölə sən də baxarsan.

 

Titrəmə soyuğa, yanma sazağa,

Üşüsək, otlardan yorğan istərik.

Daş-kəsək toxunsa ələ, ayağa,

Loğman çiçəklərdən dərman istərik.

 

Qətiyyətlə demək olar ki, son 60-70 ilin poeziyasında Səməd Vurğundan sonra Azərbaycan təbiətini sənətin ecazkar dililə gözlərimiz qarşısında canlandıran ünlü şairlər az deyil. Qasım Qasımzadə, Məmməd Araz, Hüseyn Kürdoğlu, Məmməd Aslan, Musa Yaqub kimi şairlər bu mövzuda gözəl poeziya nümunələri yaradıblar. Lakin Hüseyn Arifi bu sırada birinci görürük. Hətta deyə bilərik ki, təbiətdən danışanda Hüseyn Arif, Hüseyn Arifdən danışanda təbiət yada düşür.

 

Torpaq ovulanda, daş yeriyəndə

Bulaqlar gözündən yaralanırlar.

Zirvəni qar tutub, dolu döyəndə,

Pələnglər dizindən yaralanırlar.

 

Son bahar çəmənə son qoyan kimi,

Meşələr qocalıb qarıyan kimi,

Ağaclar kökündən quruyan kimi,

Yarpaqlar üzündən yaralanırlar.

 

Boz qanqal özünü gül sananda,

Tutulur bülbülün nitqi bir anda,

Palıd əvəzinə söyüd yananda,

Ocaqlar gözündən yaralanırlar.

 

Ancaq məlumdur ki, təbiətə məftunluq. Torpağa bağlılıq sadəcə təsvir xarakteri daşıyanda poeziyada bir yeknəsəklik yaranır. Təbiətlə insan bağlılığını, təbiətdə insanı, insanda təbiəti görəndə isə poeziya zənginləşir. H.Arif ağaca, meşəyə, suya, ota, gülə, yarpağa, dağa, dərəyə, zirvəyə-bir sözlə, təbiətin bütün atributlarına insana yanaşan kimi dostcasına, qardaşcasına nəzər yetirirdi. Ona görə də onun şeirlərində ağac da insandır, bulaq da, dağ da, çay da... Hüseyn Arif insanda təbiətə məxsus saflıq, təmizlik arayırdı. Təbiəti insana nümunə göstərirdi ki, onun kimi təbii olsun:

 

Milyon naxış vurur bahar torpağa,

Güvənib hüsnünə: - Baharam, - demir.

Zirvə buz bağlayıb, bürünür ağa,

Donur axşam-sabah: -Donuram!-demir.

 

Palıd sakit qalxıb, səssiz boy atır,

Söyüd dirçəlməmiş özünü dartır,

Gölməçə harayı qulaq batırır,

Ümman dilə gəlib:-Mən varam!-demir.

 

Tufanlar qoynunda sınaqdan çıxan,

Sağında, solunda şimşəklər çaxan,

Başında yüz dəfə tüstülər qalxan

Dağ yanır, bir dəfə: -Yanıram!-demir.

 

Hüseyn Arif poeziyası məhz bu mənada 60-70-ci illərdə-təbiətin korlandığı, meşələrə, dənizə qəsd edildiyi, ekologiya nizamı pozulduğu illərdə əsrdaşlarını təbiəti sevməyə, onunla qovuşmağa çağırırdı.

Ancaq Hüseyn Arif poeziyasını yalnız insan-təbiət dairəsi ilə məhdudlaşdırmaq doğru olmazdı. Xalqın fikir dünyası, ruhu və psixologiyası H.Arifin poetik dünyası ilə qovuşurdu. Hamıya məlumdur ki, Hüseyn Arif aşıq poeziyasının vurğunu idi. Sazı çox sevirdi. Dilqəmə poema həsr etmişdi. Bu sevginin həddi-hüdudu yox idi. H.Arif Ələsgərin ustadı Aşıq Alının şeirlərini toplayırdı. Ömrünün son illərində isə şəxsən öz təşəbbüsü ilə Azərbaycan Aşıqlar Birliyini təsis etmişdi. Çox təəssüflənirdi ki, Azərbaycanda aşıq sənəti get-gedə tənəzzülə gedir, ustad aşıqlar dünyadan köçür, yarımçıqlar meydan sulayır.

Bəli, sözün əsl mənasında Hüseyn Arif elin şairi idi. İndi bu sözü yeri gəldi-gəlmədi çoxlarına aid edirlər. Unutmamalıyıq ki, hələ Azərbaycandan, Xəzərdən, Şahdağından, Göygöldən şeir yazmaq elin şairi olmaq deyil. Belə şeirlərin çoxu ritorikadır, yersiz çığırtı və hay-küydür.

Hüseyn Arif arif şair idi. Hələ Ermənistanda yaşayan soydaşlarımız öz ata-baba yurdlarından qovulmamış, didərgin düşməmiş o, baş verəcək təhlükəni qabaqcadan hiss edərək yazmışdı:

 

Göyçə qədim, Göyçə ulu Göyçədir,

Göyçəlilər, dağılmayın Göyçədən.

Aləm bilir, hər hörmətim sizədir,

Dədə-baba məhəbbətim sizədir,

Mən Arifəm, vəsiyyətim sizədir,

Göyçəlilər, dağılmayın Göyçədən.

 

Bir neçə il keçdi və göyçəliləri Göyçədən didərgin saldılar. Onda Hüseyn Arif kədərlə yazdı ki:

 

Gözünüzə necə baxım, gözünüzdə yaş,

Qəlbinizi necə açım, qəlbinizdə qəm.

 

H.Arif folklorla, xalq poeziyası ilə fitrətən bağlı sənətkar idi. O, təbiəti necə duyurdusa, şeirlərinə gülün, çiçəyin ətrini necə hopdururdusa, xalq poeziyasına da sevgisi eləcə idi. Vaxtilə, 1957-ci ildə Mehdi Hüseyn - bu görkəmli sənətkar Hüseyn Arifin şair portretini belə açıqlamışdı: "Xalq poeziyamızın gözəl ənənələrinə arxalanan müəllifin dili əsl, müasir Azərbaycan dilidir. Hüseyn Hüseynzadə hər bir misranın ahəngdarlığına, hətta vəznin tamlığına ayrıca fikir verir. Lakin yaxşı ənənəyə hörmət eləmək, heç də ənənə qarşısında qul kimi baş əymək demək deyil. Diqqətli oxucu dərhal görə bilər ki, H.Hüseynzadə müasir fikir və ideyaya üstünlük verdiyi üçün onun bədii üslubdakı yeni ünsürlər poemalarına üzvi surətdə daxil olur və oxucunun ürəyinə asanlıqla yol tapır".

Başqa bir görkəmli sənətkarımız-Xalq yazıçısı İsmayıl Şıxlı isə yazırdı: "Hüseyn Arifin şeirlərində sözlərin sıralanması, kəlmələrin tərkibindəki səslərin belə cərgələnməsi o qədər sadə və ürəyə yatımlıdır ki, adam şeir oxuduğunu hiss etmir, elə zənn edir ki, kiminləsə sadəcə söhbət edir. Lakin bu həmsöhbətin elə gözəl, elə incə və elə zəngin poetik düşüncə tərzi, elə obrazlı təfəkkürü var ki, buna heyran qalmaya bilmirsən". Yadımıza salaq şeirimizdə Cənub mövzusunu. Hüseyn Arif bu mövzuda çox şeir yazmayıb, amma az yazdıqları əsl poeziya nümunələridir:

 

Cəmi iki-üç addım,

Bu izdən o izəcən.

Araz uzanıb gedir,

Çeşmədən dənizəcən.

 

Bax çölümə, düzümə,

Özüm həsrət özümə.

Yuxu gəlmir gözümə

Gecədən gündüzəcən.

 

Ərşdə cövlan eylədim,

-Marsa nə var-söylədim.

Necə uzaqmış dedim,

Bakıdan Təbrizəcən.

 

VAQİF YUSİFLİ

Ədalət.-2014.-25 iyun.-S.5.