"Qələbənin bütün
ağırlığı sıravi əsgərin çiyinlərindədir"
İyunun
26-da Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 96-cı ildönümü tamam olur. Adalet.az AzərTAc-a istinadən bu əlamətdar bayram münasibətilə
Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənovun müsahibəsini təqdim
edir.
- Cənab
nazir, ilk növbədə, Sizi və Milli Ordumuzun şəxsi
heyətini 26 iyun - Silahlı Qüvvələrimizin
yaradılmasının 96-cı ildönümü münasibətilə
ürəkdən təbrik edir, Sizə işinizdə
uğurlar arzulayırıq. Sualımız
Silahlı Qüvvələrimizin hazırkı vəziyyəti,
aparılan islahatlar və əldə olunan nailiyyətlərlə
bağlıdır. Siz, Silahlı Qüvvələrimizin
bugünkü potensialını necə qiymətləndirirsiniz?
- Təbrikinizə
görə minnətdarlığımı bildirirəm. Bu bayram ancaq hərbçilərin deyil, ümumiyyətlə,
bütün Azərbaycan xalqının bayramıdır.
Bu səbəbdən də mən, ilk növbədə,
bütün xalqımızı bu əlamətdar bayram
münasibətilə təbrik edirəm.
Silahlı Qüvvələrimizin hazırkı vəziyyətinə
gəlincə, o tam döyüş qabiliyyətlidir. İstənilən
döyüş tapşırığını yerinə
yetirməyə hazırdır. Orduda
aparılan islahatlar onun əməliyyat, döyüş və
mənəvi-psixoloji hazırlığının yüksəlməsinə
yeni şərait yaratmışdır.
Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi,
müstəqil dövlətin güclü ordusu
olmalıdır. Güclü ordu müstəqil və
suveren dövlətin dayağı və əsasıdır,
onun onurğa sütunudur. Ulu Öndər
xüsusi olaraq qeyd edirdi ki, Azərbaycan Silahlı Qüvvələri
1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun
varisidir.
Məhz
ümummilli lider Heydər Əliyevin 1998-ci il
mayın 22-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü
elan edilmişdir. Bu tarixin Silahlı Qüvvələr
Günü elan edilməsi Milli Ordu quruculuğunda varislik ənənələrinin
bərpası və tarixilik baxımından böyük əhəmiyyətə
malikdir. Məlumdur ki, 1918-ci ildə ölkəmiz
müstəqillik əldə etdikdən sonra onun
apardığı ordu quruculuğu prosesi Azərbaycana
qarşı torpaq iddiaları ilə çıxış edən
işğalçı Ermənistanla müharibə şəraitində
keçmişdir. Azərbaycan 1991-ci ildə
dövlət müstəqilliyini bərpa etdikdən sonra da
tarix təkrar olunmuşdur. Azərbaycan
Silahlı Qüvvələri işğalçı Ermənistanın
ölkəmizə qarşı apardığı elan
olunmamış müharibənin gedişində yaranmağa və
formalaşmağa başlamışdır.
Lakin təəssüflə qeyd edilməlidir ki,
1993-cü ilin iyun ayınadək nizami Silahlı Qüvvələrimiz
tam yaradılmamışdır. Bu, yalnız
ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə
gəlməsindən sonra mümkün olmuşdur.
Bu gün biz bu tarixi həqiqəti bir daha etiraf etməliyik
ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə
qayıdışı Azərbaycan Silahlı Qüvvələri
quruculuğunun və eyni zamanda, hərbi təhsil müəssisələrinin
yenidən yaradılmasının başlanğıcı
olmuşdur.
Möhtərəm
Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev digər sahələrdə
olduğu kimi, ordu quruculuğunda da ulu öndər Heydər
Əliyevin siyasətini uğurla davam etdirir.
Silahlı Qüvvələrin potensialının
artırılmasının əsasında dövlətimizin və
onun rəhbərliyinin göstərdiyi diqqət və
qayğı dayanır. Hərbi büdcəmiz ildən-ilə
artır, hərbi qulluqçuların sosial-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində
müvafiq tədbirlər həyata keçirilir. Qısa zamanda hərbi büdcəmiz 20 dəfədən
çox artmışdır.
Bu
baxımdan 2014-cü il üçün
dövlət büdcəsində baş vermiş dəyişikliklərə
diqqət yetirmək kifayətdir. Ölkəmizin 2014-cü ilə
nəzərdə tutulan hərbi xərcləri 2013-cü ilə
nisbətən 7,1 faiz artırılıb.
Ermənistanın hərbi xərcləri isə Azərbaycanın
2014-cü ildə dövlət büdcəsində müdafiə
xərcləri bölməsi üzrə nəzərdə tutduğu
vəsaitdən 5,3 dəfə azdır.
Son on il ərzində əldə edilmiş
silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan
arasında hərbi sahədəki pariteti bizim xeyrimizə əhəmiyyətli
dərəcədə dəyişmişdir. Eyni
zamanda, Azərbaycanda hərbi sənaye kompleksinə aid onlarla
müəssisə fəaliyyətə
başlamışdır.
Bundan əlavə, dövlətimiz Silahlı Qüvvələrimizin
əsaslı surətdə gücləndirilməsi,
qoşunların maddi-texniki təminatının keyfiyyətinin
hərtərəfli və fasiləsiz yüksəldilməsi məqsədilə
yeni silahların, texnikaların, trenajorların alınması,
hərbi hissələrə verilməsi istiqamətində
işlər aparır.
Biz zirehli texnikaların, aviasiya vasitələrinin,
döyüş imkanlarına malik digər texnikaların
keyfiyyət baxımından əsaslı təmirini və
modernləşdirilməsini yerinə yetirir, müəyyən
olunmuş inkişaf proqramı üzrə fəaliyyətləri
həyata keçiririk.
Son
dövrdə ən müasir "Smerç” yaylım atəşli
reaktiv sistemləri, "Toçka-U” taktiki raket kompleksləri,
"BUK-1MB” zenit-raket kompleksləri, "T-90S” tankları,
"TOS-1A” ağır odatan sistemləri, "MSTA-S”
özüyeriyən artilleriya haubitsaları, özüyeriyən
"Pion” topları, o cümlədən ölkəmizdə
istehsal olunan "Şahin” və "Qaranquş” pilotsuz
uçuş aparatları silahlanmaya qəbul edilmişdir.
Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin
adı dünyanın güclü, müasir standartlara
uyğun yenidən qurulan və təchiz edilən orduları
sırasında çəkilir.
-
Aydındır ki, Ordunun vəziyyəti təkcə müasir
döyüş texnikası, silah-sursatla deyil, həm də
ondan bacarıqla istifadə edən şəxsi heyətin
hazırlığı, peşəkarlığı ilə səciyyələndirilir.
Bu baxımdan Silahlı Qüvvələrimizin
kadr siyasəti istənilən səviyyədədirmi?
-
Silahlı Qüvvələrin kadr siyasəti Azərbaycan
Respublikasının hərbi qanunvericilik aktlarının tələblərinə,
Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanının göstəriş və sərəncamları,
müdafiə nazirinin əmr və direktivlərinə
uyğun olaraq yerinə yetirilir.
Bəli, savadlı, bacarıqlı və müasir
döyüş üsullarının icrasına yiyələnmiş,
eyni zamanda, milli adət-ənənələr, vətənpərvərlik
ruhunda tərbiyə olunmuş və yüksək
döyüş əzminə malik kadrların yetişdirilməsi
Silahlı Qüvvələrin rəhbərliyinin diqqət mərkəzindədir.
Silahlı Qüvvələrin döyüş
hazırlığının səviyyəsi kadrların
düzgün seçilməsi, yerləşdirilməsi və
planlı surətdə təlimlərin keçirilməsindən
çox asılıdır. Silahlı Qüvvələrdə
müasir dövrün tələblərinə uyğun olaraq
aparılan kadr siyasətinin əsas məqsədi
qoşunların yüksək hərbi hazırlığa malik
zabit, gizir, miçman və müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsindən
ibarətdir.
Ölkənin müdafiə qabiliyyətinin
artırılmasının əsas istiqamətlərindən
biri hərbi kadrların təhsili, onların intellektinin
inkişafı məsələsidir. Bu gün Silahlı
Qüvvələrimizdə güclü potensiala malik xüsusi
təyinatlı tədris müəssisələrimiz
mövcuddur və orada müasir standartlara uyğun şəkildə
zabit kadrları hazırlanır.
Azərbaycan Silahlı Qüvvələri şəxsi
heyətinin döyüş ruhu və mənəvi-psixoloji
hazırlığı yüksək səviyyədədir. Çünki bu işlər
vahid komandanlıq və müəyyən olunmuş plan əsasında
həyata keçirilir.
Silahlı Qüvvələrimiz üçün milli
zabit kadrlarının hazırlanmasında hərbi təhsil
müəssisələrinin işinin yenidən qurulması zəruridir. Elə bu məqsədlə
də 1997-ci ildən başlayaraq, Silahlı Qüvvələrimizin
təhsil sistemində müasir standartlara uyğun yeni
proqramın tətbiq edilməsi Azərbaycan Silahlı Qüvvələri
üçün daha bacarıqlı, peşəkar və
ümumi hazırlığı yüksək olan zabit
kadrlarının yetişdirilməsinə şərait
yaratmışdır.
Milli zabit
kadrları hazırlanmasının əsası isə 1971-ci
ildə ümummilli lider Heydər Əliyev tərəfindən
Cəmşid Naxçıvanski adına Hərbi
Liseyin yaradılması ilə qoyulmuşdur. Bu
gün məhz bu Liseyin məzunları Silahlı Qüvvələrimizin
zabit heyətinin əsas hissəsini təşkil edir.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında
magistr təhsil pilləsi üzrə qəbul həyata
keçirilmişdir. Hərbi Akademiyanın Simulyasiya Mərkəzində
komanda-qərargah təlimlərini yüksək səviyyədə
keçirmək məqsədilə yeni kompyuter proqramı tətbiq
edilmişdir.
Təhsil müəssisələrinin professor və
müəllim heyəti ABŞ-ın, Türkiyənin,
Litvanın, İordaniyanın, Pakistanın, o cümlədən
NATO-nun hərbi-təhsil müəssisələrinin nümayəndələri
ilə planauyğun şəkildə qarşılıqlı
təcrübə mübadiləsi aparır.
Azərbaycan
Silahlı Qüvvələrinin hazırda xaricdə təhsil alan hərbi qulluqçularının sayı
253 nəfər, Azərbaycanda təhsil alan xarici ölkələrin
(Qazaxıstan, Qırğızıstan, Tacikistan) hərbi
qulluqçularının sayı 37 nəfərdir.
Silahlı Qüvvələrimizin tələbatını
nəzərə alaraq, Azərbaycan-NATO əlaqələri və
ikitərəfli əməkdaşlığa əsasən digər
dövlətlərin hərbi təhsil müəssisələrində
müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclərimiz
təhsil alırlar.
Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət
Planına müvafiq olaraq Silahlı Qüvvələrin tədris
müəssisələrinin tədris proqramlarının təkmilləşdirilməsi
məqsədilə Hərbi Akademiyada "Müdafiə strategiyası
və planlaşdırılması” adlı yeni fənn tədris
proqramına əlavə edilmişdir.
- Cənab
nazir, bayram ərəfəsində Silahlı Qüvvələrin
şəxsi heyətinin indiki mənəvi-psixoloji durumu, qələbə
əzmi və qələbəyə inamı sizi qane edirmi?
-
Bütün zamanlarda dünyanın bütün ordularında
hərbi xidmətin və qələbənin bütün
ağırlığı sıravi əsgərin çiyinlərindədir.
Azərbaycan Ordusunda da şəxsi heyətin qələbə
əzminin və qələbəyə inamının gücləndirilməsi
istiqamətində təsdiq edilmiş plan əsasında
gündəlik iş aparılır. Bu, əsasən
Müdafiə Nazirliyinin yeni yaradılmış Mənəvi-Psixoloji
Hazırlıq və İctimaiyyətlə Əlaqələr
İdarəsi tərəfindən həyata keçirilir.
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə
hərbi psixoloq sisteminin fəaliyyətinə yenidən
baxılmışdır. Bu vəzifələrdə
xidmət edən zabitlər şəxsi heyətin mənəvi-psixoloji
hazırlığı, əsgərlərlə fərdi
işin aparılması, psixoloji testlərin, anonim
sorğuların keçirilməsi və digər fəaliyyətləri
yerinə yetirirlər.
Bunlardan əlavə,
Silahlı Qüvvələrin şəxsi heyəti ilə
xalqımızın tarixi qəhrəmanlarının,
İkinci Dünya müharibəsində Vətənimizin qəhrəman
övladlarının, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsində igidlik göstərmiş
Milli qəhrəmanların həyat və fəaliyyətlərinin
öyrənilməsinə dair dərslər keçirir. Bu məşğələlərdə Ermənistanın
işğalçı siyasətinin mahiyyəti
açılır. Azərbaycan əsgərinin
isə yenilməzliyi, onun iradəsinin gücü və
düşmənə qarşı nifrətinin hədsiz
olması konkret misallarla göstərilir. Bu
istiqamətdə Milli Qəhrəman Mübariz İbrahimovun
göstərdiyi hünər və şücaətin
misilsizliyi və bənzərsizliyi dönə-dönə əsgərlərimizin
diqqətinə çatdırılır.
Yuxarıda qeyd etdiyim kimi, Ordumuzun döyüş ruhu,
hazırlığı düşmənə cavab verməyə,
ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin
mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi
də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti
istənilən döyüş
tapşırığını yerinə yetirməyə
hazırdır, qadirdir və bunun üçün
bütün imkanlara malikdir.
-
Müdafiə naziri vəzifəsində olduğunuz qısa
dövrdə görülən işlər barəsində
oxucularımıza məlumat verməyinizi xahiş edirəm.
- Ötən
müddətdə görülən işlərin ən əsası
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin 2013-cü
ilin dekabrında imzaladığı Fərmana əsasən Azərbaycan
Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamə,
nazirliyin ştat strukturu və say tərkibinin təsdiq edilməsi
olmuşdur.
Müdafiə Nazirliyi rəhbərliyinin döyüş
bölgəsinə səfərləri və
görülmüş tədbirlər nəticəsində
düşmənlə təmas xətti boyu yerləşən
hərbi hissələrin ehtiyat imkanları artırılaraq
döyüş qabiliyyəti möhkəmləndirilmişdir. Nazirliyin tabeliyində olan bəzi
hərbi hissələrin təşkilat-ştat strukturunun
optimallaşdırılması həyata keçirilmişdir və
bu proses indi də davam etməkdədir.
Cəbhə bölgəsində yerləşən birləşmələrin
müasir döyüş texnikası ilə
silahlandırılması hərbi hissələrin atəş
gücünü və manevr qabiliyyətini
artırmışdır. Silahların yenilənməsi
məqsədilə qoşunlara daha müasir minaatan, tank əleyhinə
idarə olunan raket, daşınan zenit-raket kompleksləri və
müxtəlif markalı qumbaraatanlar verilmişdir.
Hərbi Hava Qüvvələrinin aviasiya parkının
və hava hücumundan müdafiə sistemlərinin, o cümlədən
Hərbi Dəniz Qüvvələri gəmilərinin
döyüş hazırlığının
artırılması ilə əlaqədar
tapşırıqlar yerinə yetirilmişdir.
Təyyarəçilərin uçuş
hazırlığının təkmilləşdirilməsi məqsədilə
uçuşların və praktiki atışların sayı
artırılmışdır. Naxçıvan Muxtar
Respublikasının hava hücumundan müdafiəsini təkmilləşdirmək,
qoşunların nəqliyyat və tibbi evakuasiya
ehtiyaclarını təmin etmək məqsədilə
Əlahiddə Ümumqoşun Ordusuna aviasiya texnikası
çatdırılmışdır.
Döyüş mövqelərində yerləşən
tibbi məntəqələrdə hərbi
qulluqçuların müayinələrinin
aparılmasını təmin etmək üçün səyyar
diaqnostik laboratoriya, dağlıq şəraitdə hərbi
qulluqçulara tibbi yardımın göstərilməsi
üçün tırtıllı zirehli reanimobillər
alınmışdır. Ağır yaralı və xəstələrə
təcili tibbi yardım göstərilməsini təmin etmək
üçün iki sanitar helikopter tam komplektləşdirilmiş
və iki komplekt mobil hərbi hospital
açılmışdır.
Müdafiə nazirinin tələbinə əsasən
müasir ümumqoşun döyüşünün
aparılması şəraiti nəzərə alınmaqla
xidmətlərə dair müvafiq rəhbəredici sənədlərin
işlənilməsi və təkmilləşdirilməsi
prosesinə başlanılmışdır. Aparıcı
dövlətlərin Silahlı Qüvvələrinin,
xüsusilə NATO ölkələrinin bu sahədə təcrübəsindən
istifadə olunaraq Silahlı Qüvvələrdə yeni tələblər
və standartlar müəyyən edilmiş, qoşunların
döyüş tapşırıqları dəqiqləşdirilmiş
və korrektə edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində
müqavilə əsasında gizir və müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi
xidmət etmək arzusunda olan vətəndaşlarımız
hərbi hissələrin komandanlıqlarına müraciət
etmək imkanı yaradılmışdır.
Ordu ona aid olmayan əlavə funksiyalardan - müxtəlif
təsərrüfat, mühafizə və qulluqetmə
tapşırıqlarından mərhələlərlə azad
edilir. Şəxsi heyətin sırf döyüş
hazırlığı məsələlərinin həllində
tam iştirakı təmin edilir. Bir
sıra xidmət, qulluqetmə vəzifələrinin
icrasına mülki şəxslərin cəlb olunması həyata
keçirilmişdir və gələcəkdə də bu məsələlərin
mərhələlərlə həlli
planlaşdırılır. Qısa
müddətdə xeyli sayda mülki şəxs Silahlı
Qüvvələrə qulluğa qəbul olunmuşdur.
Bu məsələləri həll etməklə biz şəxsi
heyətin diqqətini sırf döyüş
hazırlığı məsələlərinə yönəldirik. Bununla da biz hərbi
intizamın yüksəlməsinə, qarşılıqlı
münasibətlərin saflaşmasına, sosial ədalət
prinsipinin təmin olunmasına, eyni zamanda,
davranışların nizamnamələr çərçivəsində
həyata keçirilməsinə nail oluruq.
Keyfiyyətsiz ərzaq məhsullarının qəbul
olunmasının qarşısının alınması məqsədilə
ərzaqların müəssisələr tərəfindən
birbaşa hərbi hissələrə təhvil verilməsi
qadağan edilmişdir. Hazırda müəssisələr tərəfindən
təhvil verilən ərzaq məhsullarının keyfiyyəti
Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası tərəfindən
yoxlanıldıqdan sonra mərkəzi ərzaq anbarına qəbul
olunur və şəxsi heyətin təminatı
üçün mərkəzləşdirilmiş qaydada hərbi
hissələrə paylanılır.
Ərzaq məhsullarının keyfiyyətinin yüksək
səviyyədə yoxlanılması məqsədilə yeni
laboratoriya binasının inşa edilməsi və müasir
avadanlığın alınması nəzərdə
tutulmuşdur.
Hərbi hissələrdə şəxsi heyətə
keyfiyyətli, dadlı yeməklərin hazırlanması
üçün peşəkar mülki aşpazların işə
qəbul edilməsi həyata keçirilmiş və yeni
müasir yeməkxana avadanlığının alınması
üzrə işlər görülmüşdür. Həmçinin
hərbi hissələrdə şəxsi heyətin
qidalanmasının keyfiyyətinin
yaxşılaşdırılması üçün
müvafiq göstəriş verilmişdir.
Tərəfimizdən hazırlanan Strateji Müdafiə
İcmalı prosesinin Yekun İcra Sənədinin layihəsi
Xarici İşlər Nazirliyinə, Silahlı Qüvvələrin
İnkişafı üzrə Dövlət Proqramının
layihəsi isə Nazirlər Kabinetinə təqdim
olunmuşdur.
"Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının həyata
keçirilməsi çərçivəsində Silahlı
Qüvvələrin İnkişaf Strategiyasının ilkin
layihəsi də hazırlanmış və bu sənədin də
Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə
tutulmuşdur.
Hərbi qulluqçuların, əsasən də əsgər,
çavuş heyətinin əşya təminatının
yaxşılaşdırılması üçün təchizat
normalarında, geyim formalarının daşınması
qaydalarında və təsvirlərində bəzi əlavələr
və dəyişikliklər edilərək Nazirlər Kabinetinə
təqdim olunmuşdur.
Silahlı Qüvvələrin silah-sursatla təminatı,
hərbi nizam-intizamın yüksəldilməsi,
döyüş qabiliyyətinin artırılması və digər
tədbirlər də prioritet istiqamət kimi
qarşımızda duran məsələlər
sırasındadır.
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə
xidmətə çağırılan gənclərin
sağlamlıq vəziyyətinin təkrarən
yoxlanışı daha ciddi şəkildə həyata
keçirilir.
Xidməti zərurətdən irəli gələn
bu addımın atılmasında məqsəd, ilk növbədə,
hərbi qulluqçuların sağlamlığına diqqətin
artırılmasıdır. Nazirliyin
tabeliyində olan hərbi hissələrin əksəriyyəti
çətin iqlim şəraitində, relyefi müxtəlif və
mürəkkəb olan ərazilərdə - həm yüksək
dağlıq, həm düzənlik-ovalıq şəraitində,
düşmənlə təmas xəttində, daim səngərdə
yerləşir. Bu səbəbdən də
ordu sıralarına gələn gənclərin sağlam, mənəvi-psixoloji
və fiziki cəhətdən möhkəm, o cümlədən
hərbi xidmətin çətinliklərinə
dözümlü olmaları vacibdir.
Hərbi xidmətə yararlı hesab edilən
çağırışçılar üç ay müddətində
yeni gəlmiş heyətin döyüş
hazırlığı proqramına əsasən gənc əsgərin
hazırlığı kurslarında təlim keçməyə
başlayır. Kursu bitirdikdən sonra yaradılan
komissiyalar tərəfindən xüsusi kompyuter proqramı vasitəsilə
bölgü əsasında gənc əsgərlər yiyələndikləri
ixtisaslara uyğun olaraq xidmət yerlərinə göndərilirlər.
Gənc əsgərlərin döyüş
hazırlığı prosesində səhra şəraitində
nümunəvi dərslərin və döyüş
atışları ilə təlimlərin keçirilməsi
üzrə yeni proqram hazırlanmış və qoşunlarda
tətbiq edilməyə başlanılmışdır.
Döyüş hazırlığı planına əsasən,
Silahlı Qüvvələrin cəbhə bölgəsində
yerləşən birlik və birləşmələrində,
Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə
Ümumqoşun Ordusunda genişmiqyaslı hərbi təlimlər
keçirilmişdir.
Təlimlərdə
hərbi hissələrin döyüş
hazırlığının səviyyəsi
yoxlanılmış, döyüş texnikalarının, həmçinin
müasir silahların tətbiqi imkanları öyrənilmiş,
tapşırıqların daha operativ və səmərəli
yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların
hazırlanması, qarşılıqlı fəaliyyətin və
təminatın təşkili, eyni zamanda, döyüş əməliyyatlarının
müxtəlif mərhələlərində qarşıya
qoyulan tapşırıqların icra olunması səviyyəsinə
xüsusi diqqət yetirilmişdir.
Təlimlər
zamanı tank, piyadaların döyüş
maşınları, raket, artilleriya, minaatan qurğulardan və
atıcı silahlardan döyüş sursatları ilə
praktiki atışlar icra edilmiş, aviasiya, hava hücumundan
müdafiə sistemləri, xüsusi təyinatlı bölmələr
isə birbaşa təyinatları üzrə qarşıya
qoyulmuş tapşırıqları praktiki olaraq yerinə
yetirmişlər.
Müxtəlif səviyyələrdə keçirilən
bu təlimlərdə iştirak edən qüvvələrin
döyüş hazırlığı və səhra
bacarıqları yoxlanılır, Müdafiə Nazirliyinin rəhbərliyi
tərəfindən onların əldə etdiyi nailiyyətlər
qiymətləndirilir.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi
ilə Müdafiə Nazirliyinin, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd
Xidmətinin birləşmə və hissələrinin
yaxın günlərdə irimiqyaslı birgə əməliyyat-taktiki
təlimlərinin keçirilməsi
planlaşdırılır.
- Cənab
nazir, Silahlı Qüvvələrimizin beynəlxalq hərbi əməkdaşlığının
vəziyyəti də bizi maraqlandıran sahələrdən
biridir. Bunu necə qiymətləndirirsiniz?
- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq
əlaqələri ildən-ilə genişləndirilir. Bu əlaqələr
həm ikitərəfli, həm də beynəlxalq qurumlar
çərçivəsində həyata keçirilir.
Hazırda Azərbaycan Respublikası dünyanın 57
ölkəsi ilə ikitərəfli hərbi əməkdaşlıq
edir, onlardan 34-ü ilə hərbi əlaqələrin normativ-hüquqi
bazasını təşkil edən saziş və memorandumlar
imzalamışdır.
İkitərəfli
hərbi əməkdaşlıq üzrə il
ərzində Azərbaycanda və xarici ölkələrdə
orta hesabla 400-dək müxtəlif tədbirlər
keçirilir. Bu tədbirlərdə Silahlı
Qüvvələrin 1500-dək nümayəndəsi iştirak
edir.
Bunu da qeyd etməliyəm ki, hazırda 24 dövlətdə
Silahlı Qüvvələrimizin hərbi attaşelik
aparatı və hərbi nümayəndəliyi təsis
edilmiş və fəaliyyət göstərir.
NATO-nun yeddi regional qərargahında Silahlı Qüvvələrimizin
zabitləri xidmət edirlər. İlin sonunadək bu
qərargahların sayı 10-a çatdırılacaqdır.
Müdafiə
Nazirliyi Müstəqil Dövlətlər Birliyi
iştirakçı dövlətlərinin Müdafiə
Nazirləri Şurasının iclaslarında iştirak edir,
NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat
Planı, o cümlədən Planlaşdırma və Analiz
Prosesi çərçivəsində əməkdaşlığını
uğurla davam etdirir.
2014-cü ilin fevralında Türkiyə
Respublikasının Qars vilayətində Azərbaycan-Türkiyə
birgə səhra təlimləri keçirilmişdir ki, bu da
iki qardaş dövlət arasında hərbi əməkdaşlığın
gücləndirilməsinin bariz nümunəsidir. Bu formatda təlimin
2015-ci ildə də keçirilməsi planlaşdırılan
fəaliyyətlər sırasındadır.
Cari il aprelin 8-də Müstəqil Dövlətlər
Birliyinin üzvü olan ölkələrin Silahlı Qüvvələrinin
Qərargah Rəisləri Komitəsinin Bakıda növbəti
iclası keçirilmişdir.
Bu ilin mayında isə Bakıda NATO-nun Əməliyyat
İmkanları Konsepsiyası Proqramı çərçivəsində
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi
üzrə səhra təlimi keçirilmişdir. Qaraheybət Təlim
Mərkəzində keçirilən təlimlərə 900-ə
yaxın şəxsi heyət, 100-dək hərbi texnika və
dörd helikopter cəlb olunmuşdur. Şəxsi
heyətin hazırlığı, bilik və
bacarığı təlimə rəhbərlik edən NATO
generalları və beynəlxalq müşahidəçilər
tərəfindən yüksək qiymətləndirilmişdir.
Mən iyunun əvvəlində Brüsseldə Şimali
Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin
Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin
əməliyyatına töhfə verən qeyri-NATO ölkələri
ilə müdafiə nazirləri səviyyəsində
keçirilən görüşdə iştirak etmişəm.
NATO
Baş Qərargahına səfərim çərçivəsində
ABŞ-ın müdafiə katibi Çak Heygel ilə ikitərəfli,
Türkiyə və Gürcüstanın müdafiə nazirləri
ilə üçtərəfli formatda və NATO-nun Avropadakı
Müttəfiq Qüvvələri Komandanı general Filip
Bridlav ilə görüşlər keçirmişəm. Görüşlərdə dövlətlərimiz
arasında hərbi əlaqələrin və əməkdaşlığın
inkişaf perspektivləri müzakirə edilmişdir.
Bundan əlavə, Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 90 hərbi qulluqçusu, iki hərbi həkimi
və mühəndis-istehkam ixtisası üzrə iki zabiti
hazırda Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələrinin (İSAF) tərkibində beynəlxalq
sülhyaratma missiyasında iştirak edirlər.
Azərbaycan Respublikası adi silahlara nəzarət
üzrə digər müqavilələrlə yanaşı,
Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqaviləyə
və Vyana Sənədinə qoşulmuşdur. Bu çərçivədə
müxtəlif üzv dövlətlər tərəfindən
Azərbaycan Respublikası Silahlı Qüvvələrində
ildə səkkiz dəfə inspeksiya keçirilir.
- Son
dövrdə qoşunların təmas xəttində baş
verən insidentlərə münasibətinizi bilmək istərdik?
- Azərbaycan Ermənistan ilə müharibə şəraitindədir. Atəşkəs rejiminin
elan edilməsindən 20 ildən artıq müddət
keçməsinə baxmayaraq, məhz erməni tərəfi
beynəlxalq qanunları pozaraq ərazilərimizi işğal
altında saxlayır, atəşkəs rejimini daim pozur,
müdafiənin ön xəttində yerləşən
mövqelərimizdəki postlara kəşfiyyat-təxribat
basqınları etməyə cəhd göstərir,
düşmən snayperləri hərbi
qulluqçularımızı, dinc sakinləri atəşə
tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb
etməyən mülki obyektlərə, kənd təsərrüfatı
sahələrinə ziyan vurur.
Düşmənlə onun dilində danışmaq
lazımdır və biz bunu edirik. İstəyirəm,
tam əmin olasınız ki, Silahlı Qüvvələrimizin
bölmələri dərhal onlara cavab verir və düşmən
tərəfi itki verərək susdurulur. Əsgər
və zabitlərimiz şəhid olmuş
silahdaşlarının intiqamını dərhal alır və
bundan sonra da alacaqlar.
Qoşunların
təmas xəttində atəşkəs rejiminin mütəmadi
pozulması bir yana, işğalçı
Ermənistanın silahlı qüvvələri Azərbaycanın
həmsərhəd rayonlarını, kənd və qəsəbələrini
atəşə tutur, dinc sakinləri yaralayır və
öldürürlər. Bu, bizi çox narahat
edir. Bu hadisələr əsasən Ermənistanın
İcevan, Noemberyan, Berd və Krasnoselsk rayonları ərazisində
yerləşən mövqelərindən Azərbaycanın
Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən
rayonlarının yaşayış məntəqələrinin
atəşə tutulması ilə həyata keçirilir. Ermənistan tərəfi bu hərəkətləri
ilə işğal zonasını genişləndirmək məqsədi
güdür, öz təcavüzkar simasını dünyaya
nümayiş etdirir. Dünya və beynəlxalq
hüquq təşkilatları isə susurlar.
Biz də Ermənistan kimi hərəkət edə bilərik. Onun ərazisindəki
istənilən hərbi obyekti və yaşayış məntəqəsini
darmadağın edə bilərik. Bunu etmək
üçün bizim bütün imkanlarımız vardır.
Ancaq humanizm prinsipləri və
xalqımızın yüksək insanpərvərlik
duyğuları bizi bunu etməkdən saxlayır. Dinc sakinlərin, uşaqların, qocaların və
qadınların günahı nədir?
Biz bir
daha Avropanın, dünyanın, beynəlxalq hüquq təşkilatlarının,
ATƏT-in, Avropa İttifaqının, Avropa Şurası
Parlament Assambleyasının və BMT Təhlükəsizlik
Şurasının diqqətini bu məsələyə cəlb
edirik. İşğalçı Ermənistanın
özbaşınalığına son qoyulmasını tələb
edirik. Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın işğal olunmuş ərazilərindən
çıxarılmasını tələb edirik.
Son dövrdə cəbhə xəttində hər dəfə
vəziyyətin gərginləşməsi müşahidə
edilən kimi döyüşə getmək arzusunda olan
neçə-neçə vətəndaşımız
Müdafiə Nazirliyinə müraciət edir. Bu,
xalqımızın düşmənə olan nifrətindən,
torpaqlarımızın azad edilməsi hissindən irəli gələn
keyfiyyətdir.
Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissələrində bütün səviyyələrdə müasir döyüş üsullarının istifadəsi ilə genişmiqyaslı təlimlərin keçirilməsi düşmənə bir xəbərdarlıqdır, bizim üçün isə əsgəri həyat normasına çevrilmişdir.
Xalqımızı əmin etmək istəyirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin "Azərbaycan öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir” fikrini rəhbər tutaraq verilən tapşırığın yerinə yetirilməsinə qadirdir və bunun üçün bizim istənilən imkanımız vardır.
- Cənab nazir, kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinə münasibətindən razısınızmı?
- Müdafiə naziri vəzifəsinə təyin olunduqdan sonra mənim mətbuatla bağlı ilk göstərişlərimdən biri münasibətlərin dövlət sirlərinin qorunmasını təmin etməklə qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurulmasından ibarət olmuşdur.
Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin fəaliyyəti haqqında, baş verən hadisələr, ictimaiyyət üçün maraqlı olan məlumatlara aydınlıq gətirilməsi məqsədilə mətbuat xidməti hər gün Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə operativ surətdə informasiyalar yayır.
Biz sağlam tənqidin, düzgün iradın, məsuliyyət və peşəkarlığın tərəfdarıyıq. Ancaq bu məsələlərdə qərəz, ayrı-seçkilik, dəqiqləşdirilməmiş, ictimaiyyət arasında çaşqınlıq yarada biləcək məlumatların yayılmasını yolverilməz hesab edirik.
Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyətin nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək hərbi hissələrin nömrələrinin, təyinatının, dəqiq dislokasiya yerlərinin göstərilməsinin, Silahlı Qüvvələrdə təyin edilmə və xidmət üzrə yerdəyişmə barədə məlumatlarda şəxslərin adının, soyadının, hərbi rütbəsinin, vəzifəsinin və barələrində digər fərdi məlumatların yayılmasının yolverilməzliyini dəfələrlə tövsiyə etməsinə baxmayaraq, vəziyyət bu gün də dəyişməz olaraq qalır.
Bir məsələyə də toxunmaq istərdim. Bəzi kütləvi informasiya vasitələri Ermənistan mediasının Silahlı Qüvvələrimiz haqqında yazdığı qərəzli informasiyaları tərcümə edərək ölkə ictimaiyyətinə çatdırır və Ordumuz haqqında qeyri-obyektiv fikrin formalaşmasına cəhd göstərirlər.
Bir daha diqqətə çatdırıram ki, media nümayəndələri bu cür məsələlərə milli təhlükəsizliyin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etsələr, daha yaxşı olardı.
- Ətraflı müsahibəyə görə minnətdarlığımızı bildirir və bayram münasibətilə sizi bir daha təbrik edirik.
Ədalət.-2014.-26 iyun.-S.4.