ARTIQ BÜTÜN YOLLAR İMARƏTƏ BOYLANIR

(əvvəli ötən saylarımızda)

 

Kənd təsərrüfatı rayon iqtisadiyyatının əsasını təşkil edir

 

Rayonun əsas iqtisadiyyatını təşkil edən kənd təsərrüfatı sahəsində bir sıra işlər görülmüşdür.

- Hal-hazırda rayon kənd təsərrüfatı məhsullarının istehsalı ilə 13 kəndli fermer təsərrüfatı, 200 nəfərə yaxın hüquqi fiziki şəxs, 8900 ailə təsərrüfatı ilə məşğul olur.

Rayonda kənd təsərrüfatı məhsullarının əkilib becərilməsində kənd əməkçilərinin çətinlikləri nəzərə alınaraq "Aqroservis" müəssisəsinin fəaliyyəti xeyli gücləndirilmiş, mövcud texnikalardan səmərəli şəkildə istifadə olunmuşdur. Ötən müddət ərzində müəssisə torpaq mülkiyyətçiləri tərəfindən verilmiş bütün tapşırıqları yerinə yetirərək rayonun ərazisində 190 hektar sahədə mala işi, 185 hektar sahədə gübrə səpini, 135 hektar yonca səpini 22 hektar sahədə isə şum işi aparılmışdır.

Bitki mühafizə mərkəzinin mütəxəssisləri tərəfindən mövcud kənd təsərrüfatı bitkilərində xəstəlik zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması təmin edilmiş bu məqsədlə torpaq mülkiyyətçiləri lazım olan dərman maddələri ilə təmin edilmişdir.

Rayonun ərazisində kənd təsərrüfatı işçiləri tərəfindən 2014-cü ilin 1-ci rübündə 1655 hektar sahədə tərəvəz, 485 hektar sahədə kartof, 1816 hektar sahədə isə təzə yonca səpilmişdir. Son illər heyvandarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir. 2014-cü ilin I rübündə iribunyuzlu mal-qaranın baş sayı 38146 başa çatdırılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2619 baş çoxdur. Ana malın da baş sayı müvafiq dövrlə müqayisədə 832 baş artaraq 17850 başa çatdırılmışdır.

Qoyunların da baş sayı 1621 baş artaraq 105181 başa çatdırılımış, ət istehsalı 111,6 ton artaraq 1000,6 tona, süd istehsalı 480 ton artaraq 8109 tona çatdırılmışdır.

2014-cü ilin I rübündə 253 baş inək düyə süni yolla mayalandırılmış, 237 baş sağlam cins buzov alınmışdır.

 

Qarşıda duran işlərin həcmi böyük olsa da, başçı nikbindir

 

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı R.Məmmədovla söhbətimiz zamanı qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklərini, camaatla əl-ələ verib çox işlər görəcəklərini nikbinliklə vurğuladı:

- Rayonun sosial-iqtisadi inkişafı sahəsində 2014-cü ilin sonuna qədər görüləsi işlərimiz, həlli vacib problemlərimiz çoxdur.

Rayon üçün çox əhəmiyyətə malik problemlərin həlli üçün tədbirlər görməli, tikinti, quruculuq, abadlaşdırma sahəsindəki işlərimizi, əhalinin həyat şəraitinin, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün kəndarası yolların tikintisi və təmiri daim diqqət mərkəzində saxlanılmalı, 17300 nəfər əhalisi olan 1 qəsəbə, 3 kəndi, 3 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd, 21000 nəfər əhalisi olan 1 qəsəbə, 9 kəndi, 4 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli, 6000 nəfər əhalisi olan 8 kəndi birləşdirən Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının yenidən qurulmasının plana salınmasına nail olmalıyıq. Gənclər Mərkəzinin və Şahmat məktəbinin tikintisi üçün tədbirlər görməliyik. Rayon əhalisinin su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 2014-cü ildə suvarma üçün 19 ədəd subartezian quyusunun qazılaraq istifadəyə verilməsi təmin olunmalıdır. 2014-cü ilin mühüm siyasi hadisəsi olan bələdiyyə seçkilərinin rayonda yüksək səviyyədə hazırlanıb həyata keçirilməsini təşkil etməliyik. Rayon əhalisi arasında yüksək əhval-ruhiyyəni təmin etmək, sağlam mühit formalaşdırmaq, vətəndaşların hüquqlarının müdafiə olunması, problemlərinin həllinə qayğı ilə yanaşmaq üçün rayon İcra Hakimiyyətinin qarşısında duran vəzifələri daim yerinə yetirməli, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Respublikamızın, eləcə də rayonumuzun sosial-iqtisadi inkişafının yüksəldilməsi üçün lazım gələn bütün tədbirləri görməliyik.

 

Dolu

 

Bütün bu işgüzarlığı, səmimiyyəti, nikbin əhval-ruhiyyəni görüb yaşadıqdan sonra geriyə qayıdarkən "Dolu" romanının ssenarisi əsasında çəkilmiş həmin o məşhur filmin finalı gözlərim önündə canlanırdı. Özü də hər dəfə o filmi seyr edərkən və o final səhnəsinin unikallığını düşünərkən gözlərim yaşarıb. Ha istəsəm də bacarmamışam, ağlamışam. Nə olsun ki, dost əsəridir, dostların filmidir, mənim filmimdir - hər dəfə təzə və aktualdır. Hətta Böyük Qələbə Günündən sonra da!

Və həm də mənə elə gəlir ki, bu filmin heç sonu da yoxdur, yaşadığımız həyat kimi davam etməkdədir. Qururuq, yaradırıq - yalnız irəli addımlayırıq. Beləcə birləşib, əl-ələ verib, şəhidlərimizin də ruhu ilə birlikdə gedib, gedibvaxtsa Dünyanın Ən Varlı Şəhərinə qovuşacağıq. Bu yolun sonu da, başlanğıcı da eyni məkandır. Əbədiyyət kimidir...

 

Məzahir ƏHMƏDOĞLU

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləövi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2014.-26 iyun.-S.6.