ZAKİR FƏXRİNİN "REKVİYEM"i

 

Bu qəmlər kim, mənim vardır bəirin başına qoysan,

Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar.

(Füzuli)

 

Dahi Füzulinin bu beytinin mənası belədir: "Mənim dərdlərimi dəvənin (bəirin) başına qoysan, yəni dəvəni mənim dərdlərimlə yükləsən, bu qəmlərin ağırlığına dözməyib o qədər incələr ki, iynənin gözündən keçər və əzaba düçar olmuşlar cəhənnəmdən çıxıb sevinib oynayarlar) şərhin müəllifi mərhum Hacı Ələmdar Mahirdir).

Əsrlər boyu Dərd şairlərin həmdəmi, yol yoldaşı olub. Füzuli də, Bayron da, Cavid də, Hadi də...gDünya qəmi, həyatdan, mühitdən, ictimai aləmdən, sevgili insandan gələn bu dərdlər şairlərin könül rübabını zaman-zaman dilləndirib. Bu Dərdin fəlsəfəsi poeziyada Ölümün, Varlığın-Yoxluğun mənasını daha aydın dərk etməyə səsləyir bizi. İnsan ən əziz adamını itirəndə də, ölkəsi işğal olunanda da, torpağı əldən gedəndə də, sevdiyini və sevdiklərini itirəndə bir filosofa çevrilir.

 

Qəbrim yoxdu ki, deyəm;

Üstünə bir gül dər apar.

Ya lap hava qaralanda,

Ya lap səhər-səhər apar.

 

olsun, sağam, diriyəm,

Onsuz da sənsiz ölüyəm,

Ürəyində bir azca qəm,

Boğazında qəhər apar.

 

Elə bilir, oğlu sağdı,

Hələ dünənki uşaqdı.

Ölmüşəm, xəbəri yoxdu,

Anama da xəbər apar.

 

(Ramiz Rövşən)

 

"Elə bilir, oğlu sağdı" - Ramiz Rövşənin bu misrasını mən gözəl şairimiz Zakir Fəxrinin "Rekviyem" kitabına epiqraf seçərdim.

Ədəbi aləmdə öz orijinal yazı tərzi, bir kimsəyə bənzəməyən üslubu ilə seçilən Zakir Fəxri. "Qalmaz belə, qalmaz dünya" şeirinin müəllifi.

 

Könül verməzlər şər vaxtı

Arxamca bir qərib baxtıg

Qara qızın qara baxtı

Qalmaz belə, qalmaz dünya.

 

Başında xoş sevda dəmi,

Ocağında hicran qəmi.

Ağlama, "Yanıq Kərəmi",

Qalmaz belə, qalmaz dünya.

 

"Qarabağsız" şeirinin müəllifi. Ona baxanda itirilmiş torpaqlarımızı xatırlayıram. O itkini bəlkə heç kim Zakir Fəxri kimi içində yaşada bilməz. O, Qarabağın elə bir qarışı olmasın gəzməsin, xalis Qarabağ adət-ənənələri, özünəməxsus danışıq tərzi, düşüncə mədəniyyəti ilə bu adam minillik bir ənənənin daşıyıcısıdır. Amma indi:

 

Ələ qələm aldım, əlim göynədi,

Hər adı gələndə dilim göynədi.

Çiçəyim göynədi, gülüm göynədi,

Bölündüm ortadan tən, Qarabağsız.

 

Sel yox, Saranı gəlib aparsın,

Bu dərdi, bəlanı bölüb aparsın.

Qoymayın süpürüb, silib aparsın,

Qara saçlarıma dən, Qarabağsız.

 

Ünlü yazıçımız Afaq Məsud deyir ki: "İndi-Sadıqdan sonra bizim Zakir tamam ayrı bir Zakirdi. Səbrli, sakit, müdrik".

Əziz oxucu! Zakir Fəxrinin Mirsadıq adında bir oğlu vardı. Ağıllı, gözəl, hamının sevimlisi Sadıq 2007-ci il martın 11-də avtomobil qəzasında həlak oldu. Bircə oğul payı vermişdi Allah ona, o da torpağa qismət oldu. On yeddi yaşı vardı Mirsadığın.

Zakir Fəxri ömründə buna qədər çox müsibətlərlə üzləşib. Dustaqxanada olub bunu gizlətmir . Qardaşı cəbhədə həlak olub. Bunlar az imiş ki, oğul dağı da çəkdi.

Belə dərdi çəkənlər yaxşı bilirlər. İllər keçir Ata üçün bu itki sağalmaz bir dərdə dönsə , yenə barışmır bu ölümlə. Çünki elə xatirələr var ki, onlar ölməyib, diri qalıb:

 

Bəlkə ölməmisən, dirisən bəlkə,

Başqa qiyafədə gəzirsən indi?

Gündə rast gəldiyim birisən bəlkə,

Məni yad baxışla süzürsən indi.

 

Ruhun yuva qurub çiynimdə bəlkə,

Bəlkə xəbərim yox bu boş yuvadan?

Dolaşan fikirsən beynimdə bəlkə

Gəlib çıxart məni bu daş yuvadan.

 

Bu xəstə dünyanın xəstə havası,

Qonub ciyərinə əlac gəzirmişg

Bəlkə sənmişsən, beynimdə bəlkə

Ölüm özünə bir tac gəzirmiş.g

 

 

Xoş gün-güzəranın gözündən itib,

Özgə dərdlərinin dibçəyi oldun.

 

Səni sevənlərin qəlbində bitib,

Solmayan xatirə çiçəyi oldun!

 

Zakir Fəxrinin "Rekviyem" kitabı "Ata dərdi" adlana bilərdi. Amma belə bir ad məhdudluğa aparıb çıxarardı. Birincisi, Zakir Fəxri oğul dərdini təkcə oğul dərdi kimi çəkmir, ölümə qarşı da üsyan eləmir, onu lənətləmir, dərdini sızıltıya da çevirmir. O, dərdin fəlsəfəsini açmağa can atır. Hər bir istedadlı şairin içində bir filosof mürgüləyir şairin həyatının elə bir məqamı gəlir ki, o filosof mürgüdən başını qaldırır, şairin içindən çıxıb onunla üzbəüz dayanır şair bir andaca filosofa çevrilir. "Filosof" deyəndə fəlsəfə alimi deyə, - düşünməyin. Şeirin filosofu şairin həyat, ölüm, varlıq-yoxluq, ölüm, dərd haqqında poetik düşüncələrini fikir zirvəsinə qaldırmaq deməkdir. Zakir Fəxrinin bu oğul itkisinə qədər həzin, kövrək lirik duyğularla ifadə olunan şeirləri bizə tanış idi. Bu şeirlərdə Zakir Fəxri özünəməxsus bir şair hünəriylə Sözlə oyun oynayırdı bu Söz oyunu onun şeirlərinin mükəmməl bədii biçiminə çevrilirdi. Amma Dərd onun şair taleyində bir fırtına yaratdı. Sızıltıya, nostalgiyaya, qəmə bir az başqa çalar artırdı. Ya gərək bu itkiylə razılaşıb ömür boyu sızıldayasan, ya da dərdin, qəmin poeziyasını yaradasan. dərdin poeziyasını poeziyanın dərdinə çevirəsən.

 

Alışdım tək daşımağa,

Çiynimdə yük daşımağa,

Yer yox bir tük daşımağa

Çiynimdə tabut gəzirəm.

 

Dolaşıram dağı-daşı,

zər, yaqut gəzirəm

Düyün-düyün yollarımı

Aça-aça oxuyan, bir

kökdən düşmüş ud gəzirəm

Çiynimdə tabut gəzirəm.

 

Çox göynətdi ürək məni.

Dərdsiz ürəyə qurd düşərg

Silkələmə fələk məni

Çiynimdəki tabut düşər!

 

Zakir Fəxrinin əlli yaşı olanda onun mənim dostum Aqil Abbas yazmışdı ki: "Kamlə (Zakir Fəxrinin şəhid olan qardaşına-V.Y.) anadan igidlik payı düşmüşdü, Zakirə şairlik. Kamil bir igid kimi Vətən yolunda şəhid oldu, Zakir bir şair kimi Vətən millət yolunda hər gün şəhid olur". Doğrudan da, bu gün Qarabağsız qalan hər bu dərdi çəkən şairimizə ŞƏHİD ŞAİR demək olar.

"Rekviyem"də Zakir Fəxri bir ata məhəbbətilə Mirsadığı xatirələr işığında rəsm edir. Təbii ki, onu tanıyanlar hünərli bir türk oğlunun parlaq gələcəyinə inanırdılar. "Mirsadıq uca boylu, yaraşıqlı, əxlaqlı, həm çox mədəni oğlanıydıgMəhəlləmizin yaraşığıydı, öz övladlarımızdan görmədiyimiz isti münasibəti, sevgini ondan görərdik. Adamla elə mehriban görüşərdi ki, elə bil doğması, əzizidi... Hamıyla tay-tuş kimiydi, əksər adamlar atası yerindəydi... Bir-bir əl tutub, hamımızla görüşərdi, imkan verməzdi, kimsə əlini cibinə apara, çay pullarını özü verərdi. O olan yerdə əhval-ruhiyyə çox şən olardı".

"Rekviyem"də başqa ölümlər xatırlanır. Xüsusilə Hacı Mətanət haqqında söylənilənlər bizə bunu təlqin edir ki, dünya gözəl insanlardan xali deyil.

Oğul itkisi Zakir Fəxrinin şair xarakterinə də təsirsiz qalmadı. Onun dini ədəbiyyatla, sufi bilgiləri ilə tanışlığı da yeni bir Zakir Fəxrinin gəlişindən xəbər verir. Əslində, bu yeni Zakir Fəxri bir şair kimi dəyişməyib, poetik istedadı əvvəlki axardadır, amma dəyişilən və yeniləşən odur ki, təsəvvüflə bağlılıq Zakir Fəxrinin dünyanı daha aydın dərk etməsində mühüm rol oynayır. O, yorulmadan Quranı, təsəvvüf ədəbiyyatı incilərini mütaliə edir və poeziyasında da bu mənada poetik düşüncə arealı artır, böyüyür. Biz bu yolda Zakirə, ağır itkilərdən sonra da nikbinliyini qoruyub saxlayan, Dərdə qalib gələn Zakirə uğurlar arzulayırıq. Və sonda Zakir Fəxri şeirlərinin içindən ən çox xoşuma gələn "Rekviyem" adlı şeirdən bu misralarla yazıma nöqtə qoyuram:

 

Bir qərib kədərin içindən keçdim.

Ayağı yalın uşaqtək,

Ayaqları yalın baxtım.

Başım hərdən dəydi daşa,

Heç bilmədim hara baxtım.

-Gördüm

doğma bilib üzümü söykədiyim

xatirələr arasında da yadamg

Doğulduğu evdən,

uşaqlıqdan,

birilk sevgidən başqa

hər şeyi unudar adam.

 

Vaqif YUSİFLİ

Ədalət.-2014.-28 iyun.-S.14.