Ülkər Atəş,
sən görürsən...
ƏDƏBİ
HƏYAT
Onu Yazıçılar Birliyinin "Natəvan" klubunda, bir tədbirdə gördüm. Qara eynək
taxmışdı və mən o qara eynəyin
arxasındakı bir cüt gözün nə ağını
gördüm, nə qarasını. O danışırdı, hansı
şairinsə (unutmuşam kim idi) şeirlərindən
söz açırdı. Məntiqli, səlis,
intonasiyası öz yerində. Öz
şeirini də oxudu.
Üç gündən sonra mənə onun "Neynir məni
bu dünya?!" şeirlər kitabını gətirdilər. Avtoqrafsız
idi. Bir maraq bürüdü məni,
kitabın arxasında da onun qara eynəkdə şəkli
verilmişdi. Oxudum şeirlərini və mənə
məlum oldu ki, Ülkər Atəş adlı bu şairə
xanım göz işığından məhrumdu. O, Azərbaycan
Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər
Birliyinin üzvüdür, hal-hazırda "Əlillər
dünyası" qəzetinin redaktoru, "Beynəlxalq
Əlillər Cəmiyyəti"nin sədr
müavinidir. "Xatun", "Ozan", "Qızıl
mikrofon", "Qızıl Qələm"
mükafatları laureatı olan Ülkər xanımın
bundan əvvəlki illərdə üç kitabı da
çapdan çıxıb.
Şeirləri oxudum, bu şeirlərdəki
işığı hiss etdim və Ülkər xanımın
qara eynək altındakı o gözləri də mənim
üçün şeirlərindəki kimi işığa
büründü. Dünya işığına həsrət qalan, təbiətin
gözəlliklərini seyr etməkdən məhrum olan bir
insanın şeirlərində saçdığı
işıq mənbəyini ürəkdən alırdı,
düşündüm: "Göz işıqdan məhrum ola bilər, amma ürəyin
işığı gərək sönməsin". Mən "dünya işığından məhrumdur"
cümləsini xoşlamıram (öncə də işlətdim
deyəsən), əksinə, dünyanın
işığı bütün rəngləri,
çalarlarıyla onun şeirlərindədir. Ülkər
Atəş heç bir şeirində demir "mən
görmürəm", əksinə, neçə şeirində
"gördüm" deyir.
Ülkər Atəşin şeirlərindən söz
açanda onun mənən sağlam bir düşüncə
tərzinin şahidi olursan, həyatın, bu həyatdakı təzadların
və gözəlliklərin, onu əhatə edən
insanların, bu insanların yaxşılarının və
pislərinin onun təsəvvüründə necə
canlandığının, əks olunduğunun şahidi
olursan. Hiss
edirsən ki, bir azərbaycanlı xanım səninlə
üz-üzə oturub dünya, insan, həyat, gözəllik,
çirkinlik, reallıqlar barədə söhbət edir və
bu söhbət həm adi, sadə və təbii, həm də
gözlənilməzdir. Və onu da hiss edirsən ki, bu
qadın təkcə yazdığı şeirlərin
havasına yaşamır, onu düşündürən həyati
məsələlər var ki, onları poeziya dili ilə şərh
eləməyə çalışır.
Qaçqın
olur, köçkün olur,
Baş götürüb itən şeirimi.
Eh, sənə
də əzab qalır,
Yar dalınca gedən şeirimi.
Haray
salıb səsləyəcək,
Səbr
eyləyib gözləyəcək,
Kimdən
imdad istəyəcək,
Başı kəsik, bədən şeirimi.
Qəlbimdə
dəstəmaz alır,
Oruc tutub,
namaz qılır,
Bəzən
elə xoşbəxt olur,
Göz yaşıyla bitən şeirimi.
Səngərlərdə
qalacaqdır,
Bir gün zəfər çalacaqdır.
Əsgər
andı olacaqdır,
Torpaq şeirim, Vətən şeirimi.
Hərdən fikirləşirsən ki, Ülkər
xanım həyatdakı, yaşadığı mühitdəki
mənfilikləri, nöqsanları,
çatışmazlıqları necə görür? Bunları görmək
üçün hiss etmək, duymaq kifayət edərmiş.
Üzünü bir nadana tutub deyir ki: "Yerini bil həmişə,
Bu, girdiyin kol deyil. Adam kimi gəl yaşa,
Getdiyin düz yol deyil. Sevincə qəm qatırsan, Haram
yeyib yatırsan, Gah alıb, gah satırsan, Həyat qara pul
deyil" . Necə də sərrast
səslənir.
Hərdən fikirləşirsən ki, təbiəti
duymaq, təbiətdəki ahəngi tutmaq üçün gərək
özün də təbiətin bir parçasına
çevriləsən, yəni Hüseyn Arif olasan, Musa Yaqub
olasan. Ülkərin təbiət şeirlərini oxuyanda da
onun təbiətin bir parçası olduğuna inanırsan.
Yağış haqqında deyir ki: "Damla-damla süzülən
narın dənələrindən göy havası qoxuyur, Mənim
üçün bu səhər yağış nəğmə
oxuyur. Mənim yağış nəğməmin
külək qanadları var, Mənim yağış nəğməmin
leysan inadları var". Şeirdə ənənəvi
mövzuya rəvac verən Bənövşə haqqında deyir
ki: "Baxanlar hüsnünə məst olub uydu, Gözlər
nə əl çəkdi, nə dəki, doydu,
Çoxları adını qızına qoydu, Nə yaman
sevirmiş el bənövşəni. Günahdır
bu yerdə xatırlamasaq, Yüz dənə, min dənə
"Bənövşə" yazaq, Səndən də, məndən
də, hamıdan qabaq, Qurbani vəsf edib, bil, bənövşəni".
Ənənəvi şeirin nümayəndəsidir
Ülviyyə xanım. Hiss olunur ki, hecanı, əruzu yaxşı öyrənib,
klassik ədəbiyyatdan, xalq şeirindən xəbərdardır,
mütaliəsi elə yazdıqlarından bilinir.
Məlumdur ki, dönə-dönə, dəfələrlə
müraciət olunan mövzularda yazmaq çox çətindir. Amma Ülkər
xanım hamısında olmasa da, bəzi mövzularda istəyinə
çata bilir. Onun Dünyaya həsr etdiyi
və bir rubrikada təqdim etdiyi şeirlərin bir çoxu
Ülkər xanımın poetik istedadından xəbər
verir. Doğrudur, bu rubrikada şəxsən məni təmin
etməyən "Girmək olmur qılığına
dünyanın" (bu "qılıq" söhbətinin
dünyayla bir əlaqəsi olmasın gərək),
"Dünya" (bu şeirdə "Məndən betər
kölə dünya" misrası var və bu fikirlə qətiyyən
razılaşmıram ki, dünya "məndən"
beşbetər köləymiş, yaxud "Qan udduran sənsən
bizə" misrası da trafaretdir, çoxları
dünyanı beləcə lənətləyiblər),
"Dünya adamyeyəndir" (bu şeirdə də
Yazıq Dünya böhtanlara, qarğışlara
düçar olur) şeirləri var, amma ümumən rubrikada
olan nümunələr heç də pis deyil.. Məsələn,
"Dünyanı sevgiylə sağaltmaq olar",
"Dünya ölüb deyirlər",
"Dünyanı" şeirləri bir oxucu kimi məni təmin
edir. Yəni Dünyanı söymək
yox, qarğımaq yox, dünyanı sevmək lazımdır.
O pisliklər ki, Ülkər xanım Dünyanın
üstünə yıxır, burada Dünyanın yox,
insanların təqsiri var. Özü yaxşı deyir ki:
Nəfsə
uyub yapışmışıq tamahdan,
Bu
günümüz nigarandır sabahdan,
Yetən-yetəncənnət
umur Allahdan,
Döndərmişik cəhənnəmə
dünyanı.
Nə
torpağı, nə insanı yaşatdıq,
Arzulara,
diləklərə daş atdıq,
Şeytana
yox, mələklərə daş atdıq,
Döndərmişik cəhənnəmə
dünyanı.
Ülkər
Atəşin şeirlərində xalq poeziyasından gələn
motivlər diqqəti cəlb edir: vətəni sevməyin,
odun-ocağın qədrini bilməyin, halallığın,
ismətin, mərdliyin, saf məhəbbətin, abır-həyanın
təbliği. Şeirlərində müəllim
olmaq, kiməsə nəsihət vermək, pedaqoqluq etmək
müasir poeziyanın vəzifəsi və borcu deyil, amma
insanları düzlüyə, həqiqətə səsləmək
həmişə poeziyanın baş mövzularından olub.
"Halal saxla" şeirində Ülkər Atəş
"müəllimlik" edir, nəsihət verir, bu da
lazımdır, amma "Papaq" şeirində o, artıq
müəllim yox, şairdir:
Papaq dəyərsiz
olur alçaldanda onu baş,
Hikmətini papağın anlayaydı hamı kaş.
Bu adi bir
söz deyil, bu cümlə yersiz deyil,
Bizim qədim kişilər başa papaq qoyublar.
Torpağı
da, eli də papaqlılar qoruyub.
Papaq var
ki, qoyanın başından çox bahadır,
Papaq baha olsa da. Başı boş bir kahadır.
Ülkər Atəşin şeirlərində analara,
atalara, qocalara, ümumən qadınlara, ləyaqətli
insanlara, körpələrə bir mehri-məhəbbət var.
Bu insanların həyatında təzadları görüncə,
şairin içindəki üsyan bayrağı
dalğalanır. Deyir ki: "Hər gün səni gözü nəmli
görürəm, Gözəl qadın, niyə xoşbəxt
deyilsən?" Və yaxud, üzünü kişilərə
tutub söyləyir ki: "Ay kişilər,
sözünüzdə mərd olun, Oynamayın
qadınların qəlbi ilə. Könül
qıran zalımlara sərt olun, Oynamayın qadınların qəlbi
ilə". Bir də deyir ki: "Dərdə salsaq,
solacaqdır gül kimi, Batırmayın bataqlarla lil kimi,
Ağlayanda göz yaşı var sel kimi, Ey insanlar,
qadınları qoruyun". Atılmış qocalar
üçün də bir haray var: "Siz ey əziz
övladlar, siz ey əziz balalar, Bir övladlıq borcu var həyatda,
unutmayın, Qocalanda analar, qocalanda atalar, Küçələrə
atmayın, küçələrə atmayın!"
Kitabdakı "Andın mübarək olsun!"
rubrikasında təqdim olunan şeirlər isə əsl vətənpərvərlik
ruhu ilə qələmə alınıb. Doğrudur,
burdakı şeirlərin içində plakat misraları da
haray çəkir, amma ümumilikdə siyasi kəskinlik, vətənpərvərlik
çağırışları üstə köklənib.
"Andın mübarək olsun",
"Əsgər qardaşım", "Qələbə
çalmalıyıq" şeirlərində səfərbərlik
əhval-ruhiyyəsi üstündür. Bu şeirlər
doxsanıncı illərdə də lazım idi, indi də
lazımdır, sabah da lazım olacaq.
Gücüm
sənsən, ayağa qalx, ay oğul,
Bal deməklə
şirin olmur ki noğul,
Qəhrəmansız,
pəzləvansız nə nağıl,
Sözlə
keçmir dəllallara qarğışım,
Dur silahlan, mənim əsgər qardaşım.
"Qalxın,
vətən qızları" şeiri isə Azərbaycanın
döyüş xislətli, kişi qeyrətli
qızlarının himni kimi səslənir:
Qalxın
Vətən qızları, Nigar, Həcər, bizik, biz,
Sədd yaradıb birləşək, qoy sıx olsun cərgəmiz.
Türkün
Oğuz qızları quşdan ayıq olubdur,
Döyüşlərdə ər kimi ərə layiq
olubdur.
Qalxın
Vətən qızları!
Vətən
adı gələndə oğlan nədir, qız nədir,
"Azərbaycan"
söyləyib, hamı səfərbər olsun!
Ülkər Atəşin sevgi şeirlərində
yaşanılan hisslər, duyğular qələmə
alınır və duyursan ki, bu şeirlərin qəhrəmanı
möhkəmcə sevən bir qadındır. Elə sevgi
ki, həyata, təbiətə, dünyaya o sevginin
gözüylə baxır. O sevgidə romantika da var, xəyal
da, küskünlük də, həyatın qəmi də, kədəri
də, gerçəkliyin acılıqları da... Sanki
bütün sevgi şeirlərini bu misralar birləşdirir:
"Eşq dərgahın yoludur. Gedə bilsən, get, ey dost!
Eşq Allahın yoludur!". Bu da sevgi
haqda gözəl bir şeir:
Aşiq
çəkər, yorulmaz,
Naz dili var sevginin.
Gül ətrinə
bənzəyən,
Yaz dili var sevginin.
Qəm
sevincə qarışar,
Gah
küsər, gah barışar,
Xəlvət-xəlvət
danışar,
Öz dili var sevginin.
Eşq əlindən
can xəstə,
Ağlar
könül ahəstə,
Dinər
sarı sim üstə,
Saz dili var sevginin.
Nəhayət, gəlib çatdıq sona. Ülkər
Atəşin Qəzəl dünyasına. Onun
Qəzəl dünyası da özünəməxsusdur.
Məni sevindirən Ülkərin əruza bələdliyidir.
Necə olub bu, deyə bilmərəm.
Olsun ki, klassik poeziyanı yaxşıca mənimsəyib,
onda əruz hissiyyatı, qəzələ məhəbbət də
bəlkə bundan irəli gəlir. Elə sözümü də onun
bir qəzəlindən bu iki beytlə tamamlayır, ona şeir
yollarında uğurlar diləyirəm:
Bu
dünyanı anlamadan köçməyimiz faciədir,
Qanmağa yaş meyar deyil, qırx da olar, yüz də
olar.
Ülkər
Atəş dərk eləyir günah nədir, yanlış nədir,
İnsan axı mələk deyil, səhv də olar,
düz də olar.
Vaqif
YUSİFLİ
Ədalət.-2014.-1 mart.-S.23.