Qazaxlı Rüstəm

 

Hər dəfə onun işlədiyi küçədən keçərkən qeyri-ixtiyarı olara işlədiyi mağazaya tərəf boylanıran. Bu dəfə maşını yolun kənarına verib saxladım, uzaqdan xeyli tamaşa etdim onun ləngərli vargəlinə, qayğılı, fikirli halına.

Bu boyda şəhər dar bir qəfəs, o isə bu qəfəsə salınmış, qanadları sınmış bir ruh idi sanki. Hərdən qəfəsə salınmış bir aslanı da xatırladır. Mən qəfəsə salınmış aslana xeyli tamaşa etmişəm və bir şeirimdə bunu təsvir etməyə çalışmışam:

 

Ölüm demə son nəfəsə,

Quşlar oxursa səs-səsə.

Düşdüsə aslan qəfəsə,

Başı qatmaqnan barışar...

 

Xeyli tamaşa etdim. O məni görmürdü. Əllərini arxasında çarpazlayaraq var gəl edib başını qatır, darıxır, azad ola bilməyəcəyinə inanıb özüylə barışan aslan misal sanki nərildəmək keçirdi könlündən. İçimdə acı bir qəhər uladı. Mənə elə gəldi ki, ona tək bu şəhər yox, dünyanın özü çax dar, cansıxıcıdi.

Boyu normaldan da ucadı. Arxaya daranmış aq saçları, qarayanız və ciddi siması, saçına bənzəyən lopa bığı və ləngərli addımlarla vargəli bu qərib insanın nələr düşündüyünü səsküylə dolu "Şərq bazarı küçəsinə" açıb danışmaq istəyir bəlkə? Bu səs küydə onun nələr düşündüyünü təkcə mən bilirəm. Xeyli tamaşa edib maşını tərpədərək dodaqaltı pıçıldadım: " Sən də bizdənsən, arkadaş. Buralar bizim yerlər deyil, sıxılır ruhumuz bu boyda şəhərdə, bu boyda dünyada. Amma azad olacağımız günə də bir şey qalmayıb...

Qazaxlı Rüstəm. Elə tələbəlik illərindən götürüb bu təxəllüsü. Bir müddət o da şeir yazmağını hamıdan, xüsusulə Ağamalı Sadiqdən, Nazimdən ... gizli saxladı. Amma cidanı çuvalda gizləmək olmazdı.

 

Lovğalanib,mənəm demə,qisməti Allah verir,

Xoş günləri,qəm-kədəri, möhnəti Allah verir.

Günah etmə,gör nə yazır ciynindəki mələklər,

Yaxşı işə, pis əmələ qiymeti Allah verir.

 

Duz yol ilə gedənləri,öz yolundan əyləmə

Hec bir kəsin arxasınca,hədyan deyib, söyləmə.

Əsir olma var dövlətə,,cox xəsislik eyləmə,

Bu dünyada qalacaqdi,sərvəti Allah verir.

 

Qibləgahdan ayri gəzmə,bir dilində zikr elə,

Yatma qəflət yuxusunda bu dunyani fikr elə,

Az da tapsan,cox da tapsan,Ay Qazaxli, şükr elə,

Yer üzünə zərrə- zərrə,neməti Allah verir.

 

Özü bu boyda divanini harda gizləmək olardı? Onun sirri çox tez açıldı.Elə özü sir saxlayan deyilmiş.

Günlərin birində soruşdum ki, sən nədən bu qədər uzunsan? Atan rəhmətlik Uzun Həmidi ötüb keçmisən. Bunun sirri nədədi, öyrət biz boy otaq bir az. Yanında duranda utanırıq.

Özünə məxsus bığaltı qımışıb demişdi:

-Ayə bu sirri deyəsən tək sənə açası olacam. Həm orta məktəbi on il bir sinifdə oxumuşuq, həm sənə yaman qanım qaynayır. Sir deyəndə ki, erkən yaşımda məktəbdə bir qıza vurulmuşdum. Tənbəllik eləməyib atamdan soruşdum ki, ay qağa, məni havaxt evləndirəcəksən? Cəsarətimdən xoşu gələn atam gülümsəyərək əlini çalağan yuvasına oxşayan qıvrın tellərimə çəkib, olacağımız damın kərənini göstərdi. "Ağrın alem, boyun o kərənə çatanda, Allahqoysa toyunu edəcəm"- deyib ürəyimi ümidlə doldurdu. , qardaş, elə o gündən yüz cür cəhd etdim, gah boğazımı kərənə tərəf uzatdım, kah yuxarı qıfcındım, gah ayağımın altına daş qoydum, xülasə işim-gücüm boğazımı kərənə tərəf uzatmaq oldu. Atalar demiş- "mətləbin hara, mənzilin ora". Günlərin birində çalağan yuvasına bənzəyən qıvrım telləim kərənə dəydi sevindim ki, tezliklə murazıma çatacam...

Olduqca baməzə, şirin ləncəli, maraqlı koloriti olan bir insandı. Poeziyadan söhbət düşəndə istehza ilə məni məzəmmət edirdi ki, Dəmidçoğlu, o şeirlərdi yazırsan, altı hecda, yeddi hecada. Uşaq şeirlərinə oxşayır.

(Onun bir maraqlı deyimini xatırladım. Toy şənliklərində, tədbirlərbə s. yerlərdə çıxış öncəsi özünün uzun-uzadı danışacağını sığortalayar: "Ay camaat, boyuma baxın, vaxtımı təyin edin. Uzunun uzun dərdi, qısanın qısa dərdi olar",- deyib bir neçə şeirini oxuyar, buna baxmayaraq, heç kimi yormaz, əksinə alqşlar qazanar.)

Mən onun iradanına gülümsəyib:

-Altılıq, yeddilik niyə uşaq şeiri olmalıdır ki?- deyib soruşanda: "Ayə nədi. Ay pipiyi qan xoruz... nədi " deyib qımışar, mənim-" bəs onda bu bayatılara, Yunus babamızın şeirlərinə deyirsən?-arqumentimə gülümsəməklə cavab vermişdi. Sonralar isə fikrindən dönüb əksini söyləyərək, " Qardaş, sən doğrudanda şairsən. Ayə bu on birliyin, on dördlüyün, on altılığın meydanı cox genişdi. Fikrini tam söyləmək bu geniş meydanda asandı. Amma altılığın, yeddiliyin meydanı çox dardı. Orada at oynatmaq hər kişinin işi deyil. Birdəki hərə öz boyuna-buxununa binəm şeir yazırar,"-deyərək aşağıdakı nümunəni misal gətirmişdi:

 

İnsafdırmı tək qalasan, nazlı yarın olmaya,

Bir dərd bilən, gözəl gülən havadarın olmaya.

Vay o gündən oğul-uşaq sözlərinə baxmaya,

Qocalasan, heç bir şeyə ixtiyarın olmaya.

 

Bir gün ola bəxt açıla, işin olmaya çətin,

Görəsən yerinə yetib hər bir arzun, niyyətin.

Allah verə, şükür edəsən, Haqdan gələ qismətin,

Var-dövlətin aşıb-daşa, qayğıların olmaya.

 

Ay Qazaxlı, bu dünyada kamın var alasan,

Meylini gözəllərin göyçəyinə salasan.

Sözünlə, söhbətinlə ürəklərdə qalasan,

Gəzəsən, şənlənəsən bir qübarın olmaya

Baməzə olduğu qədər ağırbatman, köhnə kişilərin yerişini yeriyən, ədəb-ərkanını qoruyan barmaqla sayılacaq kişilərdəndi Qazaxlı Rüstəm.

Tez- tez yanına gedib könlünü oylayıram. Torpaq nisgili, yaylaq, oylaq həsrəti dilindən düşmür, arbir atası Uzun Həmidin rəvayətlərindən, köç yollarından, yaylaqlardakı yurd yerlərindən söhbət açıb dərindən köksünü ötürür:

 

Getsən məndən sovqat apar,

De, dağlara gələmmədim.

Çatanda bir haray qopar

De, dağlara gələmmədim.

Qayaların sərt yerinə,

Mərd gələcək mərd yerinə.

Dəysən əgər yurd yerinə

De, dağlara gələmmədim.

 

Əlim çatmadı əlinə

Qırov düşübdü telinə.

Yol gözləyən bir gəlinə

De, dağlara gələmmədim.

 

Duz səpəndə duzdaqlara,

Salam söylə oylaqlara.

O lilparlı bulaqlara

De, dağlara gələmmədim.

 

Çubuq qırıb dəyə tiksən

Çətən düzüb, qarım çəksən.

Bir gənc Rüstəm görəcəksən

De, dağlara gələmmədim.

 

Qazaxlı Rüstəmin şeirlərini təhlil etmək fikrim yoxdu, əsla. Onun öz ləhcəsi öz ləmsi var. Böyük ədəbiyyatda gözü yoxdu. Könlünün nazıyla oynayır, ruhu dillənəndə qələmə əl atır, özünə ləhcəsinə xəyanət etmədən öz duyğularını tərənnüm edir. Bu da bir həqiqətdir ki, onun bir neçə şeiri dillər əzbəridi, aşıqların sevə-sevə el şənliklərində oxuyaraq nəmərlər aldıqları nümunələrdir:

 

Uşaq kimi kövrəlmişəm,

Mən nağılsız yatammerəm.

Səndən ayrı,ay gözəlim

Mən ağılsız yatammerəm.

 

Taleyimlə barışmışam

Bu sevginə qarışmışam

Sənsiz yaman darıxmışam

Daha yalqız yatammerəm.

 

Vurğununam,ay tər çiçək

Ay göylərdən enən mələk

Gəl, Rüstəmin qayğısın çək

Mən qayğısız yatammerəm.

 

İkinci kitabını çapa hazırlayanda mənə zəng etmişdi:

-Dəmirçoğlu, ikinci kitabımı çapa hazırlayıram. Ağlın kəser, istəyirəm səni kitabıma rəssam qoyam. Bir yaxşı portretimi işlə, sənnən yaxşı rəssamımı tapacam. Amma sən canın arxamda uca bir dağ çək, saçlarımıda o dağa qarışdır. Rəfail İncəyurdu da kitaba redaktor qoyacam. Canın üçün yaman savadlı oğlana oxşayır. Hətta nöqtəli vergülün yerini bilir...

Maraqlı təklifinə xeyli güldüm razılıq verdim. Həmin portreti kitabına üzlük etdi. Sonralar isə məni məzəmmət edərək deyirdi ki, a qıvlasız, portretimi elə gözəl işləmisən, heç kitabımı oxuyan yoxdu, hamı eləcə şəklinə baxır. (Bu fikri bir dəfə rəhmətlik Akif Səməd söyləmişdi. Bəsti Əlibəylinin "İncə Günahkarı" kitabının üz qabığında mənim çəkdiyim portreti-Akifin portretini vermişdilər)

Sanballı məclislərin birində bənzərsiz saz ustadımız Aşıq Ədalət Nəsibovun Qazxlı Rüstəmin

 

İndi bildim aşıq qardaş,

Elim, obam gözəliymiş.

Ocağına isindiyim,

Yanar sobam gözəliymiş.

 

Toy-büsatlı İncədənəm,

Ayrı düşdüm, ürəkdə qəm.

O qayğımı çəkən nənəm,

Qoca babam gözəliymiş.

 

Gəzirəm bir yar soraqlı,

Kimdi haqsız, kimdi haqlı.

Bilməyibsən ay Qazaxlı,

Dünya tamam gözəliymiş.

 

bu şeirini oxuyarkən neçə dəfə kövrəldiyini gözlərimlə görmüşəm.

Qeyd etdiyim kimi, özünə məxsus koloriti, ləhcəsi şeirlərinə də yansıyaraq onun daxili enerjisini, sevgi və duyğularını bənzərsiz bir səmimiyyətlə ortaya qoyur, hər misrsda sadəlövh və əlvan çalarlı portreti aydınca görünür.

 

(Ardı gələn şənbə sayımızda)

 

Məmməd Dəmirçioğlunun təqdimatında

Ədalət.-2014.-1 mart.-S.19.