Ləyaqətlə yaşanan ömür
Əsgər RƏSULOV - 60
Qələm adamı ilə tanışlıq yazıdan - mətndən başlayır. Yazılar da adamlar kimidirlər, ya
onunla dost olursan, özünə daha bir həmfikir tapırsan,
ya da daha da uzaqlaşırsan...
Şəxsi
tanışlıq nə qədər vacib olsa da, bəzən
bu peşimançılıq gətirir: tanıyanda
yazıdakı adamı görmürsən, qarşında
tamam başqası - bir cür yazıb, başqa cür
düşünən, lap yumşaq ifadə etsək, ikili
varlıq - durur...
Yazılanlar
şəxsiyyəti tamamlamırsa, səmimi qəbul edilə
bilməz...
***
Ali məktəb
müəllimlərini şərti olaraq iki qrupa bölmək
olar: pedaqoji fəaliyyətlə məşğul olanlar -
mühazirə oxuyub, seminar aparanlar və yaradıcı alimlər
- araşdırmalar, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri,
proqram müəllifləri...
60
yaşı tamam olan görkəmli türkoloq, filologiya elmləri
doktoru, professor Əsgər Rəsulov araşdırmalar aparan,
həm tərcümə nəzəriyyəsi, həm də
praktik tərcümə ilə məşğul olan, üstəlik,
Azərbaycan və dünya ədəbiyyatını müntəzəm
izləyən alimlərimizdəndir...
***
Uzun illərdir
ki, nəinki kitab, hətta məqalə də oxumayan
böyük bir "alimlər" ordusu formalaşıb və
çox təəssüflər olsun ki, indiki dövrdə
onların sayı durmadan artır. Ancaq başqa örnəklər
də var: zamanın çətinliklərinə baxmayaraq həm
klassik, həm müasir, həm də dünya ədəbiyyatını
dərindən bilən alimlər, ziyalılar da
formalaşıb.
Professor
Əsgər Rəsulov o örnəklərdən biridir - Zaman
onu dəyişdirə bilməyib, hansı şəraitdə
olur olsun daim ziyalı missiyasını yerinə yetirməyə
can atıb...
Onun
2004-cü ildə çapdan çıxmış, XV əsrin
ortalarından XXI əsrin əvvəllərinə qədərki
dövrü əhatə edən "Türk sənədli-bədii
nəsri" monoqrafiyasını mənə
yazıçı dostum Əlabbas göndərmişdi. Əsgər Rəsulovla hələ qiyabi də olsa,
yaxın tanışlığım da həmin əsərlə
başladı.
Altı fəsildən ibarət olan sanballı
monoqrafiyanı böyük marala oxudum, desəm, şişirtməyə
yol vermərəm. Tədqiqatçı sənədli ədəbiyyat
anlayışı və terminologiya problemlərı, türk ədəbiyyatı
tarixi və sənədli nəsr, türk ədəbiyyat nəzəriyyələri
və sənədli nəsr, dil-ədəbiyyat, incəsənət
dərgiləri və sənədli nəsr,
"kompozisyon" kitabları və sənədli nəsr,
türk sənədli-bədii nəsrinə toplu baxış,
sənədli ədəbiyyat yaradıcılığın
xüsusi tipi kimi, sənədli-bədii nəsrin sənətkarlıq
xüsusiyyətləri, Təzminat dövrü türk sənədli
bədii nəsri və maarifçilik, xitabət sənəti
və türk məfkurəçiliyi, sənədli nəsr və
Milli istiqlal mücadiləsi, müasir türk sənədli-bədii
nəsrinin janr və formaları məsələlərini o qədər
əhatəli, elmi cəhətdən o qədər yüksək
sənətkarlıqla araşdırıb ki, monoqrafiyada ədəbiyyatın
bütöv bir sahəsi haqqında təsəvvür almaq
olur. Eyni zananda tədqiqatda çağdaş
türk bədii publisistikasında Azərbaycan mövzusunu da
araşdırıb ki, bu da əsərin dəyərini daha da
artırır.
Bu dəyərli, çox çətin və mürəkkəb
dövrü əhatə edən araşdırma yüzlərlə
elmi, bədii, publisistik əsərin, digər mənbələrin
oxunması, ciddi elmi təhlili, ümumiləşdirilməsi,
sistemləşdirilməsi, dövrləşdirilməsi deməkdir. Monoqrafiyanın
sonundakı ədəbiyyat siyahısına baxmaq yetər ki, tədqiqatçının
necə çətin, mürəkkəb və son dərəcə
əhəmiyyətli bir işin öhdəsindən
bacarıqla gəldiyini təsəvvür edək.
Bu
monoqrafiya təkcə professor Əsgər Rəsulovun elmi
bioqrafiyasında deyil, bütövlükdə türkologiya
elmimizdə uğurlu örnəklərdən biridir...
Professor
Əsgər Rəsulovun ətraflı tanış
olduğum və dəyərləndirdiyim "Tərcümə
nəzəriyyəsi müstəvisində Türkiyə
türkçəsi və Azərbaycan dili" (2007)
monoqrafiyası da ciddi araşdırmaların nəticəsidir.
Qohum dillərdən tərcümə nəzəriyyəsi
tərcüməşünaslığın ən yeni sahələrindəndir,
iki doğma dilin - Türkiyə türkcəsi və Azərbaycan
dilinin qarşılıqlı təması tədqiqatçıya
araşdırma üçün sanballı material verir.
Təfərrüata varmadan qeyd edək ki, "Bir millət
- iki dövlət" olsaq da, Türkiyə türkcəsi və
Azərbaycan dili (türkcəsi) tamamilə eyni deyil. Söhbət şifahi nitqdən,
məişət leksikonundan getmir (hərçənd ki, burada
da fərqlər az deyil). Ədəbi
dildə, kütləvi informasiya vasitələrinin dilində
aradakı fərq kəskin şəkildə hiss olunur.
Yüzlərlə
mənbə əsasında yazılmış bu
araşdırmada professor Əsgər Rəsulov dilimizə
çevrilmiş türk ədəbiyyatı örnəklərindən
müvafiq misallar gətirməklə yanaşı,
"Türkcə-Azərbaycanca saxta ekvivalentlərin izahlı
lüğəti"ni - 1500-dən
çox sözün izahını - vermişdir ki, bu da məsələnin
nə qədər ciddi və aktual olduğunu göstərir...
***
Əsgər Rəsulovla şəxsi
tanışlığımız Türkiyədə jurnalist
Qrant Dinkin öldürüldüyü günlərə təsadüf
etmişdi və təbii ki, söhbətimiz əsnasında bu
məsələyə də toxunduq. Həmin məqamda məni bir məsələ
çox heyrətləndirdi, həm də məmnun etdi:
Əsgər müəllim Türkiyədə düzənlənən
mitinqlərə, televiziya kanallarında aparılan müzakirələrə,
mətbuatdakı xəbərlərə həddən artıq
obyektiv, yığcam və dəqiq münasibət bildirdi.
Əlbəttə, burada heyrətlənməli bir cəhət
yoxdur, Əsgər Rəsulov şərqşünas-türkoloqdur,
uzun müddət Türkiyədə yaşayıb, qardaş
ölkəni, necə deyərlər, "içəridən"
tanıyır, Türkiyə ilə bağlı insandır,
orada gedən prosesləri bilməli, izləməlidir. Bu doğrudur.
Amma məni heyrətləndirən Əsgər müəllimin
bütün bunları izləməyə necə vaxt
tapması idi.
Həmin dövrdə özəl şirkətdə məsul vəzifədə
işləyirdi, həm də Bakı Dövlət
Universitetinin şərqşünaslıq fakültəsində
dərs deyir, monoqrafiyalar, elmi və publisistik məqalələr,
dərsliklər, dərs vəsaitləri yazır, eyni zamanda
Azərbaycan ədəbiyyatının dəyərli qələm
adamlarının əsərləri barədə fikirlərini
qələmə alırdı; üstəlik, "Dilmanc"
poetik toplusunda onu başqa çalarda gördüm.
Sonralar
lap yəqin etdim ki, Əsgər Rəsulov çağdaş
Azərbaycan ictimai-siyasi fikrini və ədəbiyyatını
ardıcıl izləyən, araşdıran geniş mütaliəli,
erudisiyalı, çox dəyərli bir ziyalıdır. Çağdaş ədəbi prosesdə onun
gözündən yayınan bir istedadlı müəllif və
yazı tapmaq çətindir. Məni də məhz
bütün bunlara necə vaxt tapmağı heyrətləndirir...
Bəzən
biz böyük amala, məqsədə xidmət etməyən,
ancaq mütləq görülməli olan işlərə də
xeyli vaxt sərf edirik...
***
Professor Əsgər Rəsulovu ədəbi tənqidçi
kimi təqdim etmək fikrində deyilik. Amma bu da bir həqiqətdir
ki, çağdaş ədəbi prosesi onun qədər əhatəli
izləyən, vicdan və ədəbiyyat ölçülərini
gözləyən ziyalılarımız çox azdır...
Nəriman Əbdülrəhmanlının
"Yalqız" romanı barədə vaxtilə mən də
yazmışam. Əsər haqqında Əsgər müəllimin
"Yalqızlıq tablosu və onun assosiasiyası"
adlı dəyərli bir məqaləsi var. Həmin məqalədə
roman çox gözəl təhlil olunmuş, ədəbiyyatımızın
uğuru kimi dəyərləndirilmişdir.
Yaxud
Əsgər Rəsulov 80-ci illər ədəbi nəslinin
başqa bir nümayəndəsi Əlabbasın "Qaraqovaq
çölləri" romanı haqqında qələmə
aldığı "Mənəviyyatımızın
çölləşməsi" məqaləsini götürək.
O yazıda təkcə romana yox, bütövlükdə
Əlabbasın yaradıcılığına nəzər
salınmışdır.
Yüksək
elmi-nəzəri hazırlıq, dərin təhlil, dünya ədəbi
prosesinə bələdlik, əsərin məzmunu ilə səsləşən
dərin mənalandırma, ümumiləşdirmə qabiliyyəti...
Əsgər Rəsulovun ədəbi-tənqidi
yazılarını belə qiymətləndirmək olar...
***
Müxtəlif elm sahələrində
çalışan adamların poeziya və nəsr əsərləri
yazmaları da var və bunun uğurlu örnəkləri də
məlumdur. Ədəbiyyatşünas-tənqidçilərdən
də bədii yaradıçılığa könül verənlər
həmişə olub. Görünür, bu
insanın özünü müxtəlif sahələrdə
tapmaq cəhdi ilə bağlıdır.
"Əsgər Rəsul" poetik imzasına mətbuatda
ara-sıra (ona görə ara-sıra ki, o şeirlərini
tez-tez çap etdirməyə həvəs göstərmir)
rast gəlirdim. Ona görə də 2006-cı ildə
şeirlərdən və poemalardan ibarət "Dilmanc"
toplusu nəşr olunanda qətiyyən təəccüblənmədim.
Sonra ədəbi jurnallarda "Sükutun sui-qəsdi",
"Öldürməyin hikməti poemaları işıq
üzü gördü...
"Dilmanc"
kitabındakı poetik nümunələrin əksəriyyəti
anlamaq dərdini, yalqızlıq ovqatını ifadə edir...
İnsanın doğuluşu və ölümünə
qədərki dövr sanki reklam arasıdır. Və insan
ömrü bu reklamlar arasında ötüb keçir.
Eyni
zamanda "Dilmanc"da Türkiyə tarixinə dair çox
ciddi mətləblərə toxunan poema var:
Türkiyənin
yazılmayan,
Yazılması
unudulan,
Səhv
yozulan
Sual dolu
tarixi var...
Bu sual
dolu tarix:
Hərdənbir
cavab istəyir...
Başa
düşülməsi çətin,
Səhifələri,
ləkələri!..
Türkiyənin və Azərbaycanın ortaq dərdləri
də var. Müəllif poemada həmin dərdlərin
dilmancı olur.
Məncə, "Danışmaq gümüşdürsə,
susmaq qızıldır" deyimi özünü,
sözünü, sözünün yerini, məqamını
bilməyənlər haqqında deyilib.
Ancaq
susmaq həmişə qızıl ola bilməz.
"Başının salamat olmasını istəyirsənsə
sus.." prinsipi isə köləliyi təbliğ
edir. Bu anlamda susmaq sui-qəsddir, susmaq
qorxaqlıqdır. Qorxaq isə şərəf və ləyaqətdən
uzaqdır:
Fərdi
qorxaq olan xalqın, millətin,
Qılınc qurşanacaq beli də olmaz.
Silah tuta
bilən əli olmayan
Millətin
danışan dili də olmaz...
***
Biz "ziyalı" sözünü tez-tez işlədirik. Ziyalılıq özündə mənəviyyat anlayışına daxil olan ən gözəl keyfiyyətləri birləşdirir.
Əsgər Rəsulov şərqşünas-türkoloq, ədəbiyyatşünas-tənqidçi, publisist, pedaqoqdur. Ötən ildən isə mənəviyyatımız üzrə daha bir gərəkli sahədə çalışır - Azərbaycan Milli Arxiv İdarəsi rəisinin müavinidir.
O şəxsiyyətində və yaradıcılığında əxlaq prinsiplərini qoruyub saxlayan nadir ziyalılarımızdandır. Onunla hər bir ünsiyyət insanın qəlbindəki işığı daha da artırır, müsbət emosiyalara kökləyir.
Həssaslıq, səmimilik, diqqətcillik, təkcə qələm dostlarının yox, hər bir istedadlı insanın qələmindən çıxan uğurlu əsərlərə qəlbən sevinmək, təvazökarlıq... kimi keyfiyyətlər Əsgər Rəsulovun ciddi, özünə qarşı çox tələbkar elmi və bədii yaradıcılığını tamamlayır.
Müəyyən yaşdan sonra insanın xarakteri demək olar ki, dəyişmir.
Nəriman Əbdülrəhmanlı Əsgər Rəsulovun portret cizgilərini yaradan yazısında qeyd edir: "Əsgər Rəsul ömrün 60-na ürəyin və ağlın harmoniyasıyla gəlib çatıb, bu da ki, hər adama nəsib olmur..."
Bu dünyada insanın ən böyük kapitalı ləyaqətlə yaşamaqdır. Əsgər Rəsulov ləyaqətlə yaşadığı ömrünü həm də "ürəyin və ağlın harmoniyası ilə" yaşayıb...
Bizə də ancaq təbrik eləmək və uğur diləmək düşür...
Sabir
BƏŞİROV,
Fəlsəfə
doktoru
Ədalət.-2014.-1 mart.-S.18.